Üzərində müqəddəslik, gözəllik,  QARABAĞIN ZİNƏTİ, GÖVHƏRİ  titulunu daşıyan itirilmiş CƏNNƏTİMİZ ! Gözümüzdən düz 28 ildir iraq qalan, könlümüzdə isə yeri heç zaman əskilməyən şəhərlər şəhəri ŞUŞA!  

 

Nə azman dağları unuduldu, nə buz kimi çeşmələri, nə vüqarlı duruşu, nə qənirsiz gözəlliyi-getməsək də, görməsək də!  Təbiəti ilə öyündük; mədəniyyət xəzinəsinə bəxş etdiyi ecazkar səslərlə, saysız-hesabsız istedadlarla qürurlandıq; qonaqsevər, saf insanı ilə huzur tapdıq...   

 

Sərt siyasi rüzgarların, xain baxışların, yırtıcı niyyətlərin, qara planların, idbar oyunların qurbanı olmaq onu uzunmüddətli ƏSİR etdi; BİR OVUC YADIN əhatəsində TƏNHA ŞƏHƏRƏ çevirdi. Öz sahiblərindən qoparıb aldı. Amma yandırıb kül edə bilmədi. Xarabazara çevirə bilmədi. Çünki üzərində xain gözlər qalan bu müqəddəs şəhərin MEMARI insan yox, BÖYÜK YARADANDIR; Əzəmət də, füsünkarlıq da ONUN LÜTFÜDÜR! Düşmən əzər, tapdalayar, dağıdar, əlimiz çatmaz, ünümüz yetməz, qoruya bilməsək də, İLAHİ QÜVVƏ bu gözəlliyin  düşmənin əlində solub getməsinə rüsxət verməz.

 

Amma O, bizim NİSGİLİMİZDİR! O, bizim  XİFFƏTİMİZDİR! Köksümüzə çəkilən DAĞDIR! Onun düşmənin hökmü altında olmasından QƏDDAR HƏQİQƏT yoxdur!  Mühakimə ediləcək o qədər DÜŞMƏNLƏRİ var ki! Bir gün mütləq o MÜHAKİMƏ olacaq! Ədalət tərəzisinin gözü mütləq QALXACAQ! Dünyanın BƏSİRƏT GÖZÜ mütləq açılacaq...

 

Əlimiz hər gün YARALI YURDUMUZA sarı uzanır! Onu geri qaytarmaq üçün. O cənnəti  nəfəsimizlə, ayaq səslərimizlə yenidən YURD halına gətirmək üçün. O gün uzaqda deyil. Dövlətimizin qüdrəti, xalqımızın mübarizə əzmi ilə qələbə mütləq bizim olacaq!       

 

VƏFA