Müasir dərs koqnitivlik və kreativlik sərhəddində


III məqalə

 

XX əsrin 60-cı illərindən etibarən təhsil konsepsiyası şagirdlərdə təfəkkürün inkişaf etdirilməsinə istiqamətlənmişdirsə, XXI əsrin astanasında kreativlik önəmli yaradıcılıq problemi kimi formalaşdı. Əbdül Əlizadənin fikrincə, bu şəraitdə təhsil konsepsiyasında yeni bir mərhələ - təxəyyül mərhələsi əmələ gəldi. Nəticədə, müasir dərsin məzmununda koqnitiv proseslərlə bahəm, kreativ proseslər, yaradıcılıq prosesləri yarandı.

 

Klassik psixologiyada koqnitiv proses kimi xarakterizə edilən  təfəkkür  müasir psixologiyada həm də kreativ proses kimi qiymətləndirilir. B.Blumun taksonomiyası yaradıcı təfəkkürün inkişafına və formalaşmasına istiqamətlənmişdir. Lakin unutmaq olmaz ki, kreativlik sərhədlərində təfəkkür təxəyyüllə qarşılıqlı əlaqədədir.

 

Təxəyyül bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Ancaq bir cəhət dəqiq məlumdur: təxəyyülü güclü olduqca insanlar başqa insanları, təbiət və cəmiyyət hadisələrini daha yaxşı anlayırlar. Məsələnin belə qoyuluşu, şagird təxəyyülünün inkişafı və tərbiyəsini müasir dərsin başlıca problemlərindən birinə çevirir.

Təxəyyül bir psixi proses kimi hansı məziyyətlərlə seçilir? Uzun illər psixologiyada təxəyyülün məziyyətlərini açıqlayanda onu yeni obrazların yaradılması kimi səciyyələndiriblər.   Müasir psixologiyada  isə Əbdül Əlizadənin təbirincə desək, təxəyyülün mahiyyətini araşdırmaq üçün böyük elmi dəyərə malik olan yeni konsepsiyalar əmələ gəlib. Bu konsepsiyalara görə, təxəyyül psixi proses  kimi:

 

1. Tamı hissədən əvvəl görməyi nəzərdə tutur;

2. Funksiyanı bir əşyadan başqasına keçirməyi nəzərdə tutur.

 

Klassik psixologiyada yeni obrazların yaradılması təxəyyül prosesi kimi qiymətləndirilirdi. Həmin dövrdə yaradıcı təfəkkür fenomeni bəlli deyildi. Yaradıcı təfəkkür fenomeni kəşf olunanda, təxəyyül psixologiyasında da yeni istiqamət əmələ gəldi. Problemin mübahisəli məsələləri özünəməxsus psixoloji müstəvidə - təxəyyül və təfəkkür müstəvisində  açıqlanmağa başlandı.   Əbdül Əlizadənin fikrincə, bu yeni istiqamətdir. Təxəyyül obrazlarının əmələ gəlməsinin özünəməxsus psixoloji məkanı var: bu məkan hissi obrazla fikri obrazın mürəkkəb və çoxcəhətli sahəsindədir. Təxəyyül ancaq bu sahədə, hissi obrazla fikri obrazın  dialektik ölçülərlə qovuşduğu sahədə yaranır. Hissi obrazla fikri obrazın qarşılıqlı əlaqəsi ikitərəflidir.

 

1. Fikrin konkretdən (hissi obrazdan) mücərrədə (fikri obraza) yüksəlməsi;

2. Fikrin mücərəddən (fikri obrazdan) konkretə (hissi obraza) yüksəlməsi.

 

Fikri obrazdan hissi obraza gedən yol yaradıcı təxəyyül forması kimi qiymətləndirilir.

 

Təxəyyülün inkişafında təfəkkürün rolu şəksizdir və psixologiyada nisbətən geniş öyrənilib. Təfəkkürün inkişafında da təxəyyülün rolu önəmlidir. Əbdül Əlizadənin fikrincə, yaradıcı təfəkkür təxəyyül toxumasında əmələ gəlir.  Bu məsələ hələ qədərincə öyrənilməsə də, elm korifeylərinin elmi bioqrafiyasında onu açıqlayan tutarlı sübutlar var.

 

Haşiyə: A.Eynşteyn çox vaxt özünün mürəkkəb məsələləri həll etmək qabiliyyətinin ona məlum olan sirlərini açıqlayanda həmişə təxəyyülün köməyindən bəhrələndiyini etiraf edirdi. 

 

İnsanın dünyaya yaradıcı münasibəti bilavasitə təxəyyüllə şərtlənir. Təfəkkürün yaradıcılıq potensialı ancaq bu sahədədir. Məsələnin belə qoyuluşu müasir məktəbdə təfəkkür - təxəyyül fenomenlərini şagirdlərdə qarşılıqlı əlaqədə inkişaf etdirməyi tələb edir. Bu müstəvidə dərsin öz möcüzələrini koqnitivlik və kreativlik sərhəddində reallaşdırılması üçün perspektivlər açılır.

 

Ənənəvi və müasir dərsdə tapşırıqlar

 

Dərsdə təxəyyülü inkişaf etdirmək üçün özünəməxsus tapşırıqlar müəyyən edilib. Bu tapşırıqlardan artıq uzun müddətdir ki, istifadə olunur. Hətta qabaqcıl müəllimlər 70-ci illərdən etibarən belə tapşırıqlardan məharətlə yararlanmışlar. Həmin illərin təxəyyül tapşırıqları aşağıdakı kimi olub. Onlardan bəzilərini xatırlayaq:

 

1. Şagirdlərə tamamlanmamış hekayə təklif olunurdu. “Hava qaralırdı. Yağış yağırdı. Qarşıdakı ağacın qənşərində  iki qız şirin söhbət edirdi. Birdən...”. Şagirdlərə hekayəni tamamlamaq təklif olunurdu.

2. Şagirdə sözlər təklif olunur: açar, şlyapa, qayıq, gözətçi, yol, yağış. Bu kontekstdə hekayə yazmaq təklif olunurdu.

 

Şagirdə hekayəni tamamlamaq üçün 10 dəqiqə vaxt verilirdi.

 

Şagirdlərin yazdığı “hekayə” aşağıdakı meyarlarla qiymətləndirilirdi: hekayənin tamamlanması, obrazların orijinallaşması, süjetin inkişafı və s. 

 

Bu tapşırıqların başqa variantları da tətbiq edilirdi. Məsələn, müəllim şagirdlərin təxəyyülünü inkişaf etdirmək üçün onlara təklif edirdi ki, başqa planetə səfərə gedərkən özləri ilə götürəcəkləri əşyaların adlarını desinlər və başqalarının gözü ilə dünyanın mənzərəsini görməyə çalışsınlar. Müxtəlif cavablar alınırdı. Müəllim “beyin həmləsi” metodu ilə şagirdlərin təxəyyülünü canlandırır, irəli sürülmüş ehtimalları təhlil etmək üçün zəruri olan meyarların araşdırılmasında və təsvir olunan situasiyaların qiymətləndirilməsində onlara kömək edirdi.

 

Bu tapşırıqlar, şübhəsiz ki, səmərəlidir və təsadüfi deyil ki, müxtəlif variantlarda tətbiq olunurdu, bu gün də bəzi müəllimlər öz pedaqoji təcrübələrində bu tapşırıqlardan məharətlə istifadə edirlər. Təlim prosesində belə tapşırıqlar təxəyyülün inkişafına xidmət edir. 

 

Lakin müasir Amerika məktəblərində bu daha kreativ tapşırıqlar formasında həyata keçirilir. Bu tapşırıqlardan biri kimi   “Balaca bir oğlanın olayları” testini misal göstərmək olar. Bu oğlanın obrazı təxəyyül üsulu kimi məşhur olan hiperbolizasiya üsulu ilə yaradılıb.

 

“Balaca bir oğlanın olayları” testi:

 

Bir dəfə balaca bir oğlan məktəbdən evə gedirdi. Yola çıxanda qarışqaları tapdalamamaq üçün diqqətlə ayaqlarının altına baxırdı. O, çox xeyirxah bir oğlan idi. Heç kəsə, heç nəyə xətər yetirmək istəmirdi. O, gözlənilmədən dayandı. Onun lap ayaqlarının altında günəş şüalarında işıldayan qəribə bir dəmir pul vardı.

 

“Gör nə qəşəngdir!” - oğlan heyrətlə pula baxdı və onu götürdü. “Bu gün nə yaxşı gündür?!” - oğlan öz-özünə fikirləşdi. Pul isə doğrudan da çox qəşəng idi. Onun bir üzündə ağac, o biri üzündə isə qeyri-adi bir quş təsvir olunmuşdu. Əslində isə bu pul sehirli pul idi. Oğlan isə, əlbəttə, bunu bilmirdi. Pulu cibinə qoyan kimi o, nə isə çox qəribə bir şey hiss etməyə başladı. Ona elə gəldi ki, boyu öz-özünə kiçilir. Boyu 2 dyüm olan cırtdan adama çevrilənə qədər bu hiss onu tərk etmədi.

 

Bu məqamda uşaqlardan soruşulur: “Əgər siz bu balaca oğlanın yerinə olsaydınız, dərhal nə barədə fikirləşərdiniz?”.

 

Şagirdlərin, onlara verilən sual əsasında fikirlərini dinlədikdən sonra, söhbəti aşağıdakı kimi davam etdirmək məqsədəuyğundur:

 

“Siz çox maraqlı ehtimallar irəli sürdünüz, mən isə indi sizə bu balaca oğlanın nə barədə fikirləşdiyini danışacağam. Oğlan, hər şeydən əvvəl, indi evə necə gedəcəyi haqqında fikirləşdi... Bu əhvalatda oğlanın evə getmək üçün nə etməsi haqqında heç nə deyilmir. Siz öz fərziyyələrinizi irəli sürə bilərsiniz. Gəlin fikirləşək: oğlan evlərinə necə gedib çıxdı? Yadda saxlayın ki, onun boyu cəmisi 2 dyümdü”.

- Bu məqamda bambalaca bir oğlanın yolda hansı çətinliklərlə rastlaşa biləcəyinə aid suallar verilir. Uşaqları maraqlandırmağa və onlardan mümkün qədər çoxlu cavablar almağa çəhd edilir. Aşağıdakı suallardan istifadə edilir (bu suallar nümunəvi xarakter daşıyır):

 

a) Oğlan evə girəndə, görəsən, ailə üzvləri onu necə qarşıladılar? Valideynləri nə fikirləşdilər? Bacı və qardaşları, eləcə də onun iti və pişiyi nə etdilər?

b) O, yemək yeməyə başlayanda hansı hadisələr baş verə bilər?

c) Gecə və səhər yuxudan oyananda oğlan bir fərq hiss etdi?

 

Uşaqların verdiyi cavabların bir qismi mənasız görünsə də, buna əhəmiyyət verilmir, bütün cavablar qəbul edilir. Hər bir şagirdin bir neçə dəfə cavab verməsinə şərait yaradılır.

 

Sonra şagirdlərə “Siz kifayət qədər maraqlı əhvalatlar fikirləşdiniz. Gəlin, indi də bu oğlanın məktəbdə işlərinin necə getməsi barəsində fikirləşək”. Hər bir uşağa öz fikirlərini söyləmək üçün iki dəfə imkan verilir və onların hər biri ən azı iki fərziyyə söyləyə bilər.

 

Uşaqlara danışılan əhvalatın məzmununu xatırladıb onlara belə deyilir: - Bu gün biz oğlanın macəralarını axıra qədər aydınlaşdıracağıq. Uşaq cırtdana çevriləndən sonra bir gün keçdi. O isə yenə də əvvəlki boyda olmağı qərara aldı.

 

Söhbət bir anlığa kəsilir və uşaqlardan oğlanın buna necə nail ola biləcəyini söyləmək xahiş edilir. Şagirdlər olduqca müxtəlif ehtimallar söyləməyə həvəsləndirilir.

Bundan sonra müəllim əhvalatın ardını söyləyir: “Oğlan boy atmaq və əvvəlki kimi olmaq arzusuyla sehrli pulu qaytarıb səkiyə atmaq qərarına gəldi. O, pulu ağac təsvir olunmuş hissəsi yuxarıda qalmaqla yerə qoydu. Pul torpağa toxunan kimi oğlan hiss etdi ki, boyu durmadan artır... Böyüdü, böyüdü, boyu 10 futa gəlib çatdı, bu otağın tavanından da hündür oldu”.

Boyu 10 fut olan adamın hansı problemlərlə rastlaşa biləcəyini sadalamaq uşaqlardan xahiş edilir. Elə edilir ki, cavablar mümkün qədər çox olsun.

Cavablardan sonra müəllim deyir: “Aydın məsələdir ki, oğlan cırtdan-adam olmaq istəmədiyi kimi,  yekə-adam da olmaq istəmirdi. O, ancaq əvvəlki böyüklükdə olmaq  istəyirdi”.

Yenə də söhbəti bir neçə anlığa kəsib və oğlanın istəyinə necə nail ola biləcəyi haqqında öz fərziyyələrini söyləmək uşaqlardan xahiş edilir:

“Bizim əhvalatda oğlan yenə sehrli pulu tapdığı yerə qoymağı qərara aldı. Bu dəfə o, pulu torpağa o biri üzü üstə qoydu - pulun sehrli quş təsvir olunan üzü yuxarıda qaldı. Pulu yerə qoyan kimi, oğlan hiss etdi ki, boyu sürətlə kiçilir... Birdən elə bir an gəlib çatdı ki, onun boyu qaydasına düşdü. O, özünə göz gəzdirəndə gördü ki, əvvəlki kimi normal oğlan olub”.

 

Məşğələnin sonunda növbə ilə hər bir uşaqdan soruşulur ki, bu əhvalatı necə qurtarmaq daha yaxşı olardı...

 

Psixoloqlar uşaq təxəyyülünü inkişaf etdirmək üçün “Yarımçıq hekayələr” üsulundan istifadə etməyi həmişə məsləhət görüblər. Hər bir yaş dövründə bu üsuldan uğurla istifadə etmək olar. Amerika məktəblərinin tanış olduğumuz iş təcrübəsində yarımçıq hekayə üsulu üçün səciyyəvi olan bəzi xüsusiyyətlərə rast gəlirik. Lakin onlar mahiyyətcə bir-birlərindən fərqlənirlər.       

 

İkinci misalda şagird  hekayənin süjetini sadəcə olaraq inkişaf etdirmir, əvvəldən axıra qədər süjetin inkişafı üçün zəruri olan fərziyyələr irəli sürür. Əhvalatın özünün quruluşuna diqqət yetirin! Onun süjeti məntiqi ölçülərlə seçilir, ancaq mahiyyəti nağıl poetikasına söykənir, qeyri-adi və emosionaldır, elə bu xüsusiyyətlərlə də uşaq təxəyyülünün alovlanması üçün adekvatdır!

 

Şagirdlərin yaradıcı təxəyyülü təkcə inşa yazanda və rəsm çəkəndə özünü göstərmir. Hər bir dərsdə özünəməxsus boyalarla, çalarlarla təzahür edir. Təcrübəli müəllim onları vaxtında görür, ayırd edir və qiymətləndirir.

 

Dünya tarixində sənaye inqilabları

 

Keçən əsrin sonlarında dünya tarixində üç sənaye inqilabını fərqləndirirdilər.

 

- XIII əsrin II yarısında buxar maşınının kəşfi ilə istehsala mexaniki vasitələrin tətbiqi I Sənaye inqilabının başlanğıc dövrü hesab edilir. Bu sənaye inqilabı buxar maşınının gəmilərə, lokomotivlərə tətbiqi, telefonun kəşfi, kənd təsərrüfatının inkişafı və s. ilə əlamətdar oldu.

 

- II Sənaye inqilabı da öz tarixi uğurları ilə əzəmətlidir. Elektrik enerjisinin kütləvi istehsalı nəticəsində sənayeləşmənin genişlənməsi ilə xarakterizə edilən II Sənaye inqilabı 1870-ci illərə təsadüf etmişdir. Bu sənaye inqilabı yüksək keyfiyyətli polad istehsalı, dəmir yollarının inşası, elektrik və kimyəvi maddələrin paylanması ilə yaddaşlara həkk olmuşdur. İkinci sənaye inqilabı dövründə iqtisadiyyatın inkişafı elmi nailiyyətlərə əsaslanmağa başladı.

 

- Üçüncü sənaye inqilabının tərcümeyi-halı XX əsrin təxminən 60-70-ci illərindən başlayır. Elvin Toffler kompüter inqilabını mədəniyyət tarixində üçüncü dalğa kimi mənalandırdı. Bu inqilab informasiya və elektronikanın inkişafı, informasiya texnologiyalarının yaranması və yayılması və bunlardan istifadə ilə avtomatlaşdırılmış istehsal dövrünün yaranması kimi xarakrerizə olunur.

 

İlk üç sənaye inqilabı təxminən 100 il fasilə ilə baş vermişdi. Hazırda isə XXI əsrin əvvəllərində dünya artıq dördüncü sənaye inqilabına keçir və ya keçmək ərəfəsindədir. Bu inqilab  biotexnologiya və nanotexnologiyanın tətbiqini, Kvant kompüterlərinin tətbiqi ilə əvvəllər mümkün olmayan həcmdə məlumatların kompüterlərə toplanmasını, süni intellektin inkişafını, robotların tətbiqini, iqtisadiyyatda insan amilinin rolunun minimum həddə qədər aşağı düşməsini, sahibkarların istehsala qoyduqları xərclərin azalmasını, məhsuldarlığın artmasını və s. özündə ehtiva edir. Nəticədə insanların həyat fəaliyyətinin məzmununun tamamilə yenilənməsi bir çox peşə və ixtisasların tamamilə yoxa çıxması, insanların qabiliyyətinin texnologiyanın tətbiqi ilə ölçülməsi, texnoloji qabiliyyətlərin daha önəmli əhəmiyyət kəsb etməsi gözlənilir. 

 

IV sənaye inqilabı müstəvisində dərsin müasirləşməsi tələbi

 

Məsələnin belə qoyuluşu dərsin əhəmiyyətini daha da artırır. Belə ki, sənaye inqilabları təhsil sahəsində  hazırlanmış kadrların kəşflərinin nəticəsində baş vermişdir. Gündəmə yenə təhsil məsələsi gəlir, yenə müdrik müəllimin dərsi aktuallaşır. Təhsilin tarixi əzəmətli müəllimlərin dünyanın inkişafına təsir göstərmiş innovativ təhsil konsepsiyaları ilə əlamətdardır. Bu gün də dünyanın inkişafı müəllimin və onun dərsinin müasir tələblərə cavab verməsindən (oxu: müasirləşməsindən), yəni müasir dövrün tələbinə uyğun, dünyanın inkişafına təsir edə biləcək insanları yetişdirməyə qadir DƏRSİN təşkilindən asılıdır. Dördüncü sənaye inqilabının daha sürətlə baş verməsi dünyanın inkişaf etmiş ölkələrində bütövlükdə təhsilin, konkret götürdükdə dərsin müasir tələblərə uyğun qurulmasının nəticəsidir. Bu reallıqdır, bunu heç kim təkzib edə bilməz.

 

Lakin təhsil yalnız təhsil işçilərinin, dərs yalnız müəllimin fəaliyyəti kimi qiymətləndirilməməlidir, təhsil ümumxalq işidir, ictimaiyyətin bütün üzvləri yeni nəslin təhsilində maraqlı olmalıdır. Burada söhbət təhsilə münasibətdən, təhsil işçilərinin, müəllimlərin, valideynlərin, şagirdlərin və bütün ictimaiyyətin təhsilə münasibətindən gedir. Təhsilə düzgün münasibət cəmiyyətin hər bir üzvünün birmənalı şəkildə təhsili cəmiyyət həyatının inkişafına xidmət etməsinə istiqamətləndirə bilər, dünyanın sürətlə inkişaf edən bir çox ölkələrində olduğu kimi. Belə olduqda nə istedadlı uşaq diqqətdən kənar qalar, nə də ki, cəmiyyətin inkişafına mənfi təsir edən insanlar formalaşar. Unutmayaq ki, hər bir uşaq cəmiyyətin sərvətidir. Yalnız təhsil vasitəsi ilə hər bir uşağın cəmiyyət üçün faydalı olmasını təmin edə bilərik.

 

Bu gün bizim təhsilin qarşısında təfəkkürün, təxəyyülün, intellektin və şəxsiyyətin formalaşması vəzifəsi durursa, onların inkişafı üçün təlim prosesində fikri qabiliyyətlərin və səriştələrin formalaşmasına istiqamətlənmişiksə, sabah bu qabiliyyətlərlə yanaşı, yeni qabiliyyətlərin - texnoloji qabiliyyətlərin formalaşması haqqında düşünməliyik. Buna görə, ilk növbədə, dərsi müasirləşdirməliyik və hər gün onun müasirləşməsi haqqında düşünməliyik. Yalnız belə olduqda zamanla ayaqlaşa bilərik.

 

Epiloq əvəzi

 

Dərs yenə zamanın tənəsi ilə üz-üzədir, dərsi yenə müasirləşdirmək tələb olunur. Onun müasirləşməsi üçün Təhsil Nazirliyi də, təhsil ekspertləri də, pedaqogika və təhsilin psixologiyası istiqamətində çalışan alimlər də çox iş görürlər. Amma dərsin müasirləşməsi, müasir tələblərə cavab verən dərsin təşkili nəticə etibarı ilə müəllimdən asılıdır. Güman edirik ki, Azərbaycan müəllimi bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcək.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, Təhsil Şurasının sədri