Səid Rəsulov: “Özümə çox güvənirdim ki, I yerin sahibi olacağam”
Musiqiyə həvəs insanın qanında olmalıdır, deyirlər. Kimsə musiqini dinləməkdən xüsusi zövq alır, kimi isə musiqiçi olmaqdan. Musiqiçi olmaq üçünsə gərək fitri istedad sahibi olasan, bir də zövqün olsun. Onda çəkilən zəhmət də hədər getməz və uğurların da bir-birini əvəz edər. Bugünkü həmsöhbətim də elə bu ecazkar sənətin ilk pillələrində artıq kifayət qədər uğurlara imza atan yeniyetmə nəfəs alətləri ifaçısı Səid Rəsulovdur. Onun özü haqqında danışdıqları mənim üçün maraqlı olduğu qədər sizin üçün də maraqlı olacaq. Odur ki, gəlin, istedadlı yeniyetmə dostumuzu birlikdə dinləyək və ona gələcək yaradıcılıq fəaliyyətində bol-bol nailiyyətlər qazanmağı arzulayaq.
13 yaşım olanda laureat adını qazandım
17 may 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. Paytaxtdakı 14 nömrəli tam orta məktəbin 8-ci sinfində oxuyuram. İngilis dili fənninə marağım çox böyükdür. Asudə vaxtlarımda hətta o dildə bədii ədəbiyyatlar oxumağı da xoşlayıram. Uşaqlıq illərindən musiqiyə çox böyük həvəs göstərmişəm. Televiziyada və radioda səslənən bütün mahnıları həmişə xüsusi sevgi ilə dinləyirdim. 2010-cu ildə nəfəs alətlərində ifa etmək həvəsimi nəzərə alaraq valideynlərim məni Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinin truba ixtisası üzrə birinci sinfinə qoydular. İlk gündən müəllimlərin diqqətini cəlb etdim, çalışqanlığım çox xoşlarına gəldi. Çox keçmədi ki, bu musiqi alətinə alışdım və yavaş-yavaş mahnılar ifa etməyə başladım. Yeri gəlmişkən deyim ki, ansambl tərkibində ifa etmək daha çətindir, çünki kiçik bir səhv dərhal hiss olunur və ifa olunan mahnının ahənginə xələl gətirir. Musiqi dilində belə səhvlərə xaric ifa da deyirlər. Kollektivlə birgə məşqlərim çox böyük effekt verdi və çox keçmədi ki, truba ifaçılığı sahəsində uğurlara imza atmağa başladım. 13 yaşım olanda isə mən artıq istedad və bacarığıma güvənərək ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrə qatılırdım və hər dəfə də qalib olaraq laureat adını qazanırdım.
Gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqəsində I yer
6-10 noyabr 2017-ci il tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən Gənc truba ifaçılarının IX beynəlxalq müsabiqəsinə qatıldım və I yerə layiq görüldüm. Münsiflər heyəti I yeri qazandın, deyəndə zalı alqış sədaları bürüdü. Müəllimim Vladislav Kuznetsov, konsertmeyster Viktoriya Zülfüqarzadə çox sevinirdilər. Anam Sevinc isə qalib olduğumu biləndə az qala qanad açıb uçacaqdı. O, öz sevinc hisslərini müəllimlərimlə bölüşdü. Onlara təşəkkür edərək qalib adını qazanmağımda əməklərinin yüksək olduğunu dilə gətirdi. Təvazökarlıqdan kənar olsa da qeyd edim ki, müsabiqəyə qatılmazdan öncə özümə çox güvənirdim, bilirdim ki, I yerin sahibi olacağam. Belə də oldu və birincilik qazandım.
Çalışıram ki, mükafatlarım çox olsun
Etiraf edim ki, mən gözümü açandan evdə truba və trambon nəfəs musiqi alətlərinin səsini eşitmişəm. Qardaşım Sabir və İsrafil də mən təhsil aldığım musiqi məktəbinin məzunları olublar. İsrafil qardaşım beynəlxalq müsabiqələr laureatı, qızıl medal, Qran-pri mükafatları sahibidir. Hər iki qardaşım Prezident təqaüdü alıb və musiqi sahəsində çalışır. İkisi də mənə evdə çox kömək edir. Fəxr edirəm ki, mənim savadlı, elmli, bacarıqlı qardaşlarım var. Bəzən evdə fikir mübadiləsi aparırıq. Hiss edirəm ki, onlara çatmaq üçün hələ çox çalışmalıyam. Onların sayəsində musiqi ilə bağlı çox şeyləri öyrənmişəm. Çalışacağam mənim də onlar kimi mükafatlarım çox olsun.
Beynəlxalq müsabiqələr qalibi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Respublika müsabiqəsində I, V Beynəlxalq Gələcək Ulduzlar müsabiqəsində III, Estoniyanın Narva şəhərində keçirilən Gənc truba ifaçıları üzrə beynəlxalq müsabiqədə I yerə layiq görülmüşəm. Dostlarım artıq məni beynəlxalq müsabiqələr qalibi adlandırırlar. Mən də bundan ruhlanır, beynəlxalq müsabiqələrə böyük sevgi ilə qatılıram və inanıram ki, qazandığım hər bir uğur gələcək sənət yollarıma işıq salacaq.
O rəqiblərim çox güclü idilər
Bolqarıstanda keçirilən gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqəyə mən də qatılmışdım. Çox həyəcanlı idim, çünki o müsabiqədə ABŞ, Rusiya, Belarus, Bolqarıstan, Almaniya, Malta, Makedoniya, Macarıstan, Moldova, Rumıniya, Serbiya, Çexiya, Azərbaycan, Türkiyə, Ukrayna və Xorvatiyadan ifaçılar iştirak edirdilər. Çox güclü musiqiçilər idilər. Mən də mükəmməl hazırlaşmışdım. Amma yenə də uğur qazanmayacağımdan qorxurdum. Bədii rəhbər Penço Pençev idi. Münsiflər heyəti tərkibinə isə Kanada truba ifaçısı Ronald Romm, Rusiya Böyük Teatrının solisti Andrey İkov, Polşa truba məktəbinin banisi İqor Cexoxo və başqaları daxil idilər. İki ildən bir keçirilən bu müsabiqə beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Müəllimlərimə, uğurlarıma daim sevinən dostlarıma və valideynlərimə bu yarışmadan da qalib qayıdacağıma söz vermişdim, qayıtdım da.
Sevincimiz yerə-göyə sığmırdı
Bu günlərdə növbəti müsabiqədən də qalib qayıtmışam. 1-5 aprel 2018-ci il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilən “Yevgeni Mikeladze adına III beynəlxalq gənc ifaçılar müsabiqəsi”ndə iştirak etdim və I yerə layiq görüldüm. Müəllimim Vladislav Kuznetsovun sevinci yerə-göyə sığmırdı. Qeyd edim ki “Yevgeni Mikeladze adına beynəlxalq gənc ifaçılar müsabiqəsi” üç ildir ki, qonşu Gürcüstanda keçirilir. Müsabiqənin münsiflər heyəti tərkibinə S.Tkabladze, A.Lomtadze, L.Guldedava və başqaları daxildirlər. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Qarayusiflidir.
Hazırda xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrində çalışıram. Arzum isə Bakı Musiqi Akademiyasına qəbul olmaqdır. Qardaşlarım kimi mən də musiqi ilə nəfəs alıram. Ona bağlandığım bu illər ərzində əmin oldum ki, musiqi insan həyatında güclü mənəvi təsirə malikdir və o, estetik zövqün, insan mənəviyyatının ən ali mənbələrindəndir.
Sifai SƏFƏROVA