“Qalib qayıdacağıma söz vermişdim”

Musiqiyə həvəs insanın qanında olmalıdır, deyirlər. Kimsə musiqini dinləməkdən xüsusi zövq alır, kimi isə musiqiçi olmaqdan. Musiqiçi olmaq üçünsə  gərək  fitri istedad sahibi olasan, bir də  zövqün olsun. Onda  çəkilən  zəhmət  də hədər getməz  və uğurların  da bir-birini əvəz edər. Bugünkü həmsöhbətim də  elə bu ecazkar  sənətin ilk pillələrində  artıq kifayət qədər uğurlara imza atan  yeniyetmə   nəfəs alətləri ifaçısı  Səid Rəsulovdur. Onun özü haqqında danışdıqları mənim üçün maraqlı olduğu qədər  sizin üçün də maraqlı olacaq. Odur ki,  gəlin, istedadlı yeniyetmə dostumuzu birlikdə dinləyək və ona gələcək  yaradıcılıq fəaliyyətində bol-bol  nailiyyətlər qazanmağı arzulayaq.

 

13 yaşım olanda laureat adını qazandım

 

17 may 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. Paytaxtdakı  14 nömrəli tam orta məktəbin 8-ci sinfində oxuyuram. İngilis dili fənninə  marağım  çox böyükdür.   Asudə vaxtlarımda  hətta o dildə   bədii ədəbiyyatlar  oxumağı  da xoşlayıram. Uşaqlıq illərindən musiqiyə çox böyük həvəs göstərmişəm. Televiziyada  və radioda səslənən  bütün mahnıları  həmişə xüsusi sevgi ilə dinləyirdim. 2010-cu ildə  nəfəs alətlərində ifa etmək həvəsimi nəzərə alaraq valideynlərim məni Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinin truba ixtisası üzrə birinci sinfinə qoydular. İlk gündən müəllimlərin diqqətini cəlb etdim, çalışqanlığım çox xoşlarına gəldi. Çox keçmədi ki,  bu musiqi alətinə alışdım və yavaş-yavaş mahnılar ifa etməyə başladım. Yeri gəlmişkən deyim ki,  ansambl tərkibində ifa etmək daha çətindir, çünki kiçik bir səhv dərhal  hiss olunur və ifa olunan mahnının ahənginə  xələl gətirir. Musiqi dilində  belə səhvlərə xaric ifa da deyirlər. Kollektivlə birgə məşqlərim çox böyük effekt verdi və  çox keçmədi ki, truba ifaçılığı sahəsində uğurlara imza atmağa başladım.   13 yaşım olanda isə  mən  artıq istedad və bacarığıma   güvənərək  ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən  beynəlxalq müsabiqələrə  qatılırdım və hər dəfə də  qalib  olaraq  laureat adını qazanırdım. 

 

Gənc truba  ifaçıları üzrə IX beynəlxalq müsabiqəsində I yer

 

6-10 noyabr 2017-ci il tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən Gənc truba ifaçılarının   IX beynəlxalq müsabiqəsinə  qatıldım və  I yerə layiq görüldüm. Münsiflər  heyəti I yeri qazandın, deyəndə  zalı alqış sədaları bürüdü. Müəllimim Vladislav Kuznetsov, konsertmeyster  Viktoriya Zülfüqarzadə çox sevinirdilər.  Anam Sevinc isə  qalib olduğumu  biləndə az qala qanad açıb uçacaqdı. O, öz sevinc hisslərini   müəllimlərimlə bölüşdü. Onlara təşəkkür edərək  qalib  adını qazanmağımda   əməklərinin  yüksək olduğunu  dilə gətirdi.  Təvazökarlıqdan kənar olsa da qeyd edim ki,  müsabiqəyə qatılmazdan öncə  özümə  çox güvənirdim, bilirdim ki, I yerin sahibi olacağam. Belə də oldu və birincilik qazandım.

 

Çalışıram ki, mükafatlarım çox olsun

 

Etiraf edim ki, mən  gözümü açandan evdə truba və trambon nəfəs musiqi alətlərinin səsini eşitmişəm. Qardaşım  Sabir və  İsrafil də   mən təhsil aldığım musiqi məktəbinin məzunları  olublar. İsrafil qardaşım beynəlxalq müsabiqələr laureatı, qızıl medal, Qran-pri mükafatları sahibidir. Hər iki qardaşım Prezident təqaüdü alıb və musiqi sahəsində çalışır. İkisi  də mənə evdə çox  kömək edir. Fəxr edirəm ki, mənim savadlı, elmli, bacarıqlı qardaşlarım var. Bəzən evdə fikir mübadiləsi aparırıq. Hiss edirəm ki, onlara çatmaq üçün hələ çox çalışmalıyam. Onların sayəsində musiqi ilə bağlı çox şeyləri öyrənmişəm. Çalışacağam mənim də onlar kimi  mükafatlarım çox olsun.

 

Beynəlxalq müsabiqələr qalibi

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Respublika müsabiqəsində I, V Beynəlxalq Gələcək Ulduzlar müsabiqəsində III, Estoniyanın Narva şəhərində keçirilən Gənc truba ifaçıları üzrə beynəlxalq müsabiqədə I yerə layiq  görülmüşəm. Dostlarım  artıq məni   beynəlxalq müsabiqələr qalibi adlandırırlar. Mən də  bundan ruhlanır, beynəlxalq müsabiqələrə böyük sevgi ilə  qatılıram və inanıram ki, qazandığım  hər bir uğur  gələcək sənət yollarıma işıq salacaq.

 

O rəqiblərim çox güclü idilər

 

Bolqarıstanda   keçirilən  gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqəyə mən də qatılmışdım. Çox həyəcanlı idim, çünki o müsabiqədə  ABŞ, Rusiya, Belarus, Bolqarıstan, Almaniya, Malta, Makedoniya, Macarıstan, Moldova, Rumıniya, Serbiya, Çexiya, Azərbaycan, Türkiyə, Ukrayna və Xorvatiyadan ifaçılar iştirak edirdilər.  Çox güclü  musiqiçilər idilər.  Mən də mükəmməl hazırlaşmışdım. Amma yenə də  uğur qazanmayacağımdan qorxurdum.     Bədii rəhbər  Penço Pençev idi. Münsiflər heyəti tərkibinə isə Kanada truba ifaçısı Ronald Romm, Rusiya Böyük Teatrının solisti Andrey İkov, Polşa truba məktəbinin banisi İqor Cexoxo və başqaları daxil idilər. İki ildən bir keçirilən  bu müsabiqə beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Müəllimlərimə, uğurlarıma daim sevinən dostlarıma və valideynlərimə bu yarışmadan da qalib qayıdacağıma söz vermişdim, qayıtdım da.

 

Sevincimiz yerə-göyə sığmırdı

 

Bu günlərdə növbəti müsabiqədən də qalib qayıtmışam. 1-5 aprel 2018-ci il tarixlərdə Gürcüstanın Tbilisi  şəhərində keçirilən “Yevgeni Mikeladze adına III beynəlxalq gənc ifaçılar müsabiqəsi”ndə iştirak etdim və I yerə layiq görüldüm.  Müəllimim Vladislav Kuznetsovun sevinci yerə-göyə   sığmırdı.  Qeyd edim ki  “Yevgeni Mikeladze adına beynəlxalq gənc ifaçılar müsabiqəsi” üç ildir ki, qonşu Gürcüstanda keçirilir. Müsabiqənin münsiflər heyəti tərkibinə S.Tkabladze, A.Lomtadze, L.Guldedava və başqaları daxildirlər. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Qarayusiflidir.

 

Hazırda  xalq artisti  Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrində çalışıram. Arzum  isə Bakı Musiqi Akademiyasına qəbul olmaqdır.  Qardaşlarım kimi  mən də musiqi ilə nəfəs alıram. Ona bağlandığım bu illər ərzində əmin oldum ki, musiqi  insan həyatında   güclü mənəvi təsirə malikdir və o,  estetik zövqün, insan  mənəviyyatının ən ali mənbələrindəndir.

 

Sifai SƏFƏROVA



18.05.2018 | 17:48