Müasir təhsilin əsas məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq və hərtərəfli şəxsiyyət yetişdirməkdir
Müasir təhsilin əsas məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini maksimum artırmaq, gələcəkdə doğma vətənimizi inkişaf etdirə bilən, müstəqilliyimizi qoruyub saxlayan, onun elmi, iqtisadi, hərbi, mədəni potensialını qüdrətləndirən, müstəqil düşünən, tədris fənlərini dərindən mənimsəyən və onu tətbiq edən, həyat hadisələrini obyektiv qiymətləndirməyi, hər cür çətinlikdən çıxış yolu axtarmağı bacaran yeni şəxsiyyətlər yetişdirməkdən ibarətdir. Bu isə təhsil sistemində əsaslı dəyişiklik etməyi, dünya təhsil sisteminin mütərəqqi təlim metodlarından yaradıcı şəkildə bəhrələnməyi tələb edir. Bu səbəbdən Azərbaycan təhsil sisteminin beynəlxaq təhsil sisteminə inteqrasiya edilməsi sahəsində islahatlar həyata keçirilir.
Təhsil sahəsində islahatın həyata keçirilməsində əsas götürülən 6 prinsipdən biri diferensiallaşdırmadır.
Təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur. Diferensiya - tamın müxtəlif hissə, forma, təbəqə ilə dərəcələrə ayrılması mənasında başa düşülür. Demək, diferensiya hər hansı bütövün hissələridir, onu təşkil edən parçaları, ünsürləridir.
Təhsilin diferensiallaşdırılması anlayışı isə hər hansı tamı təşkil edən hissələrin tamda cəmlənməsi anlayışından daha genişdir. Çünki tamı təşkil edən ünsür və ya hissələr mütləqdir.
Məsələn, “Turşular” tamdır, oksigenli və oksigensiz turşular isə tamı təşkil edən hissələrdir.
Yaxud dərs 45 dəqiqəlik həyata keçirilən bir prosesdir. Dərsin mərhələləri (sinfin təşkili, motivasiya probleminin qoyuluşu, onun həlli təqdimatı, şagirdlərin müstəqil işləri, müxtəlif məqsədli müsahibələr, didaktik oyunların təşkili və s.) isə onun ayrılmaz tərkib hissəsidir və bu, bütövlükdə bir tam dərsi təşkil edir.
Ənənəvi təlim üsulları ilə işləyən müəllimlər də bu üsuldan səmərəli şəkildə bəhrələnirlər. Söhbət bu vaxta qədər metodik ədəbiyyatda xatırlanmayan əlaqələrin üzə çıxarılmasından və tədris olunan mövzu ilə əlaqələndirilməsindən gedir. Demək, müəlllim bir mövzunun tədrisi zamanı başqa bir elmi əsəri, yeniliyi, məlumatlar toplusunu da həmin mövzunun komponentinə, tərkib hissəsinə çevirir və bununla da həm əvvəl keçilmiş mövzular haqqında şagirdlərin bilikləri genişləndirilir və möhkəmləndirilir, həm də yeni mövzunun asan mənimsənilməsinə şərait yaradılır.
Müasir dövrdə təhsil islahatının əsas prinsiplərindən olan təhsilin fərdiləşdirilməsi şagirdlərin yeni maraq və tələbatlarının nəzərə alınmasıdır.
Yeni təlim metodlarını ənənəvi təlim metodlarından da təcrid etmək olmaz. Ənənəvi təlimdə də fərdi yanaşma üsulundan geniş istifadə olunur. Çünki sinif kollektivini ayrı-ayrı fərdlər-şagirdlər təşkil edir.
Əgər bu vaxta qədər müəlllim-şagird münasibətlərində müəlllim aparıcı, istiqamətverici tərəf idisə, indi müəllim şagirdə fərd, şəxsiyyət kimi baxır, onunla əməkdaşlıq edir. Məşğələlərin cütlər, qruplar və ya kollektiv halında keçirilməsindən asılı olmayaraq, bu tarazlıq pozulmamalıdır. Söhbət hər bir şagirdə metodiki və psixoloji cəhətdən səviyyəsinə uyğun fərdi yanaşmadan gedir.
Ümumtəhsil məktəblərində aparılan müşahidələr göstərir ki, bəzi məktəb direktorları təlim prosesində fərdiləşməni siniflərin fərdiləşməsi kimi başa düşürlər. Onlar “yaxşı”, “orta” və “zəif” oxuyan şagirdləri ayrı-ayrı siniflərdə toplayırlar. Əslində paralel siniflərdə siniflərin bu cür komplektləşdirilməsi, şagirdlərin bu qaydada fərqləndirilməsi, müəllimlərin savad və təcrübələrinin nəzərə alınmaması təlim-tərbiyə prosesinə vurulan zərbə kimi qiymətləndirilməlidir.
Həyatda qavrama, dərketmə, yaddasaxlama, şəxsi keyfiyyətlərə və s. xüsusiyyətlərinə görə fərqlənməyən iki şagirdə rast gəlmək çətindir. Bu baxımdan bütün dövrlərdə çox aktual olan şagirdlərə fərdi yanaşma indi də əhəmiyyətini itirməyib. Qeyd olunan üsul interaktiv təlim metodlarından istifadə zamanı da aktual olaraq qalır. Müəllim şagirdlərə fərdi yanaşıb onların müsbət keyfiyyətlərini nəzərə almaqla zəif oxuyanları orta, orta oxuyanları isə yaxşı oxuyanlara çatdırmağa səy göstərməlidir. Yaxşı oxuyanlara fərdi yanaşmaqla əlavə materialların köməyi ilə onların bilik və qabiliyyətlərin daha da inkişaf etdirməyə çalışmalıdır. Metodist, tədqiqatçı alimlər yazırlar: “Təhsilin fərdiləşməsi, bu çətinliyin aradan qaldırılmasında ən müsbət yol kimi görünür. Bu zaman müəllim şagirdə ən faydalı tədris üsulunu seçib tətbiq edə bilər. Əsas olan, üz-üzə gələn problemləri həll edəcək lazımi tədris üsullarının seçilməsidir. Mövzunun mikro və makro hissələrinin bir-birindən ayrılmasına ehtiyac var. Mikro ölçüdə müəllim sinifdə olan şagirdlərin bilik səviyyəsini tədqiq edəcək lazımi tədris üsullarından istifadə etməsinə qərar verə bilər. Seçilən üsul dərsə, mühitə görə dəyişə bilər. Bu mövzuda təcrübənin böyük əhəmiyyəti vardır. Ancaq makro ölçüdə daha fərqli bir vəziyyət yaranır”.
Təlim prosesində fərdiləşmə prinsiplərindən istifadənin qarşısında duran mühüm problemlərdən biri də biliyin tətbiq edilməsidir. Qazanılan biliklərin təcrübəyə tətbiq edilməsi, məlumdur ki, texnologiya adlanır. Şagirdlərin təlim prosesində yiyələndikləri bilik və bacarıqlarının qısa bir vaxtda tətbiq edilməsinin genişləndirilməsi, bu yolla möhkəmləndirilməsi, vərdişə çevrilməsinin əvəzolunmaz faydası vardır. Bir sözlə, elmin çox hissəsi nəzəriyyə ilə deyil, praktikada öyrənilir.
Məlumdur ki, ənənəvi təlim metodlarından istifadə zamanı şagirdlərə əvvəl bilik verilir, sonra isə o biliklər tətbiq edilir. Yeni təlim metodlarından istifadə zamanı isə biliklərin verilməsi ilə onun tətbiqi arasında fasilə daha da qısaldılmış olur. Hətta bəzən təcrübəli müəllim bu prosesə tətbiqdən başlamaqla yeni bilikləri təcrübədən çıxarılan nəticələr əsasında öyrənməyə nail olur.
Təhsil islahatlarında istinad edilən prinsiplərdən biri də humanistləşdirmədir. Təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişməsini,o cümlədən:
- yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlu şəxsiyyətin formalaşdırılması;
- əqli və fiziki imkanlarından, öyrətmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hörmətlə yanaşmanı;
- şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitin yaradılmasını nəzərdə tutur.
“Təhsilin humanistləşdirilməsi” də yeni termin və ideya deyildir. Onu “humanizm”dən ayrı təsəvvür etmək olmaz. Çünki təhsilin humanistləşdirilməsinin əsasında yuxarıda humanizmlə bağlı sadalanan keyfiyyətlərdən əlavə, heysiyyətinə toxunmadan şagirdlərin daha sağlam, daha savadlı və tərbiyəli yetişdirilməsi, istedadlarının, bilik və qabiliyyətlərinin üzə çıxarılıb inkişaf etdirilməsi durur.
Təhsilin humanistləşdirilməsində direktor-müəllim, müəllim-müəlllim, müəllim-şagird, şagird-şagird, məktəb-ailə, məktəb-ictimai mühit və s. kimi münasibətlər mühüm rol oynayır. Bu münasibətlərin bəziləri haqda söz açmağı lazım bilirik.
Xalqın düşünən beyni olan müəllim təbiətin möcüzəsi-şah əsəri olan insanı tarix boyu kamilliyə doğru inkişaf etdirmiş və bu proses indi də davam edir. Buna görə də müəlllimlik həmişə ən müqəddəs və şərəfli sənət hesab edilir.
Tətqiqatçı alimlər yazır ki: “Məktəbdə təlim-tərbiyə işi elə qurulmalıdır ki, hər bir şagird özünü bu təlim-tərbiyənin mərkəzində hiss edə bilsin. O, öz interaktiv fəaliyyəti ilə həmişə diqqəti cəlb etsin, ön planda görünsün. Bunun üçün, birinci olaraq müəllim şagird münasibətləri dəyişilməlidir. Sinifdə müəllimlə şagirdlər arasında qarşılıqlı ünsiyyət əlaqələri formalaşmalıdır. Müəllim mövzu, problemlə bağlı dərsin hər hansı bir mərhələsində şagirdlərin fəallığına, kollektiv şəkildə işləmələrinə istiqamət verməli, şərait yaratmalıdır. Özü isə mediator (vasitəçi) rolunda çıxış etməldiir, təbii ki, aktiv şəkildə” .
Təhsilin humanistləşdirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində iş üsulunun təkmilləşdirilməsi, həm məktəblilərin, həm də müəllimlərin fəallığının artırılması, məktəb rəhbərliyi və müəllimlərin dünyagörüşündə, əqidəsində, dərs dediyi şagirdlərə münasibətində müsbət cəhətdən müəyyən dəyişiklik yaratmaqdan ibarətdir.
Ümumtəhsil məktəblərində aparılan müşahidələr zamanı bəlli olur ki, bəzi müəllimlər ev tapşırıqlarını yazmayan, dərslərə yaxşı hazırlaşmayan, intizama riayət etməyən şagirdlərə “humanizm” xatirinə heç nə demirlər. Əslində isə bu, humanistlik yox, müəllimlik sənətinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Müəllimlər bu cür şagirdlərlə daha çox maraqlanmalı, nöqsanların yaranma səbəblərini daha dərindən öyrənməli, lazım gələrsə, valideynlərlə görüşməli, nəyin bahasına olursa-olsun həmin şagirdlərin fəallaşdırılmasına nail olmalıdır. Yalnız belə halda müəllim əsl humanistlik etmiş olar. Bir sözlə, humanistlik hər şeyə göz yummaq deyil, problemi pozitiv yollarla aradan qaldırmaqdır.
Humanizmi vətənpərvərlikdən təcrid etmək olmaz. Humanist olmayan müəllim humanist vətəndaş yetişdirə bilməz.
Məlumdur ki, təlim prosesinin əsas iştirakçısı müəllim və şagirddir. Müəlllim və şagirdlər arasında olan münasibətin, psixoloji mühitin dəyişdirilməsi təlim metodlarının tətbiq edilməsinin əsas şərtidir. Şagirdə hörmətlə yanaşma, etibar etmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən kənarlaşma şagirddə müəllimə qarşı hörmət, özünə inam hissi yaratmalı, “uğursuzluğun” olmasına dair qorxunu aradan götürməlidir.
Təhsilin humanistləşdirilməsində məktəb rəhbərliyi və məktəb-müəllim münasibətləri də həlledici rol oynayır.
Təhsil islahatının həyata keçirilməsində, ilk növbədə direktor və onun müavinləri bütün pedaqoji kollektivə nümunə göstərməlidirlər. Belə ki, müəllim bütün sahələrdə şagirdlərə qayğı ilə yanaşmağı direktor və direktor müavinlərinin ona bəslədiyi qayğıdan öyrənməlidir. Təbii ki, müəllimin bu xoş sözə həmişə ehtiyacı vardır.
Elşən MƏMMƏDOV,
Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbinin kimya müəllimi