Çalışırıq ki, məktəbimizin cəmiyyət qarşısındakı öhdəliyini yerinə yetirək


“Məktəb üçbucağı” anlayışı pedaqoji ədəbiyyatda və mətbuatda həmişə çox işlənən ifadələrdəndir: məktəb, ailə və cəmiyyət. Bu üçbucağın bütün tərəfləri güclü olanda  məktəb həyatı saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Cəmiyyət də, ailə də, məktəb də, necə deyərlər, rahat nəfəs alır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu üçbucağın özlüyündə bütün tərəflərinin yerində olması zəruridir, ancaq mən deyərdim ki, valideyn-məktəb münasibətləri hazırda daha həssas tərəfdir. Hətta müəyyən mənada, ən vacib tərəfdir, çünki müasir qloballaşma şəraitində, elektron informasiya axınının  insanların həyatına icazəsiz müdaxilə etdiyi bir zamanda bu  münasibətlər daha vacib əhəmiyyət kəsb edir.

 

Kənd məktəblərində valideyn-məktəb münasibətlərinin özünəməxsus asan və əlverişli xüsusiyyətləri vardır. Şagirdlərin tanınması üçün çox uzun vaxt sərf etmək lazım gəlmir, valideynlərin şəxsiyyəti, məşğuliyyəti, məktəbə və təhsilə münasibəti, müəllimlərlə əlaqə üçün vaxt, problem və s. məsələləri yerli şəraitdə daha asanlıqla öyrənmək və həll etmək mümkün olur. Buna görə də şagirdlərin dərsə davamiyyətinə, dərsdən yayınması kimi hallara qarşı daha qısa vaxt sərf etməklə intizamı idarə etmək olur. Yerli məktəbdə müəllimlərin əksəriyyətinin ixtisas və peşə ustalığı haqqında informasiyalar da valideynlərə əvvəlcədən məlumdur, çünki onların əksəriyyəti məhz həmin məktəbdə orta təhsil almışlar və s. Qeyd etdiyim bu və oxşar faktorlar kənd məktəbində müəllimlərin, sinif rəhbərlərinin və digər pedaqoji işçilərin işini asanlaşdıran məsələlərdir. Buna baxmayaraq, valideynlərlə müntəzəm görüşlər, valideyn iclasları keçirilir.

 

Lakin bəzi məsələlər vardır ki, kənd məktəblərində valideyn- müəllim münasibətlərinə ciddi ziyan vurur. Bunlar iki maraqlı tərəfin münasibətlərini mürəkkəbləşdirən məsələlərdir. Məsələn, kənddə mövsümi işlər zamanı ailə bütünlüklə təsərrüfat işinə çıxır, çünki yerlərdə ailələrin iqtisadi təminatı məhz mövsümi təsərrüfat işlərinin səmərəliliyindən asılı olur. Necə deyərlər, “işləməyən dişləməz” və ya “əkməsən, becərməsən, yeyə bilməzsən”. Bu cür tədbirlərə öz övladlarını cəlb edən valideynlərin əlindən övladlarını alıb məktəbə cəlb etmək və onları dərsdə saxlamaq müəyyən vaxtlarda çətinlik yaradır. Lakin biz  bu çətinliyi də maarifçi valideynlərin köməyi ilə aradan qaldırmağa çalışırıq.

 

Son zamanlarda möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə müasir məktəblər tikilib müəllimlərin istifadəsinə verilib. Təbii ki, həmin məktəblərdə bütün tələb olunan təhsil şəraiti və təlim-tərbiyə texnologiyaları müəllimlərin ixtiyarındadır. Bizim məktəbin yeni tədris binası da 2008-ci ildə istifadəyə verilib. Hazırda şagirdlərimizin sayı 388 nəfərdir. Məktəbdə 39 müəllim daimi, 5 nəfər isə  əvəzçiliklə çalışır. Ötən il 15 məzunumuz olub. Onlardan 10 nəfəri ali məktəblərdə, 4 nəfəri isə kolleclərdə təhsil alır. Ən yüksək bal toplayan şagirdimiz Əli Qafarzadə 606 balla Azərbaycan Texniki Universitetinə qəbul olub.  Bu il daha yüksək nəticələr gözləyirik.

 

Hər bir müəllimin arzusudur ki, işlədiyi təhsil müəssisəsi bütün standartlara cavab versin, işlədikləri məktəbdə istilik sistemi, İKT vasitələri və s. yüksək  səviyyədə olsun. Bu mənada məktəbimizin  ölkə rəhbərliyinin  diqqəti və qayğısı sayəsində 2008-ci ildə istismara verilmiş binasında bütün yeni innovasiya imkanlarının tətbiq edilməsi bizim valideynlərin də arzusudur, müəllimlərimiz mövcud imkanlardan bacarıqla istifadə edirlər.

 

Cənub bölgəsinin məktəbləri haqqında cəmiyyətdə belə bir fikir formalaşıb ki, bu bölgədə valideynlər qız uşaqlarının təhsil almasında maraqlı deyil. İbtidai sinifdən sonra qız uşaqlarını məktəbdən çıxarıb evdə saxlayır, təhsildən yayındırırlar. Bu da qeyd etdiyimiz mürəkkəb məsələlərdəndir. Ancaq sevindirici haldır ki, Şahağacı kənd tam orta məktəbində qızlar da oğlanlar qədər təhsilə maraqlıdır. Hər il məktəbimizi bitirib ali məktəbə qəbul olunanların arasında qızlar xeyli yer tutur. Bu da valideynlərlə son illərdə aparılmış məqsədyönlü əməkdaşlıq sayəsində mümkün olmuşdur.

 

Valideynlərlə işimizi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində göstərilən istiqamətdə, uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi əsasında qururuq. Kəndimizdə elə valideynlər var ki, onlar cəmiyyətə xeyirli övladlar yetirməklə böyük nüfuz sahibidirlər. Biz də həmin  nüfuzlu valideynlərdən ibarət səriştəli valideynlər komandasının gücündən, təklif və dəstəyindən təlim-tərbiyə prosesində məktəbin işinin canlandırılması və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında istifadə edirik. Çalışırıq ki, məktəbimizin cəmiyyət qarşısındakı öhdəliyini yerinə yetirək.

 

Sakit MÜRSƏLOV,

Astara rayon Şahağacı kənd orta məktəbinin direktoru