Psixoloq pandemiya şəraitində stresə düşməməyin yollarını göstərir
Azərbaycanda koronaviruslu ilk xəstə aşkarlandıqdan sonra, xüsusilə saxta WhatsApp, Facebook və digər sosial mediadakı yazılar səbəbindən vətəndaşlar arasında əsassız qorxu və həyəcan yarandı. Koronavirusun yayılması fövqəladə tədbirlərin görülməsinə səbəb olur ki, bu müddətdə evdə oturmaq həyat qurtaran bir tədbirdir. Koronavirusun psixoloji və fiziki təsirlərindən qorunmaq üçün aşağıdakı qaydalara əməl etməklə, psixoloji sağlamlığınızı tarazlıqda saxlaya bilərsiniz.
Əvvəlcə təhlükə və təhdid qarşısında özümüzü qorumaq və yaşamağa çalışmaq üçün sağlamlığımızı və varlığımızı təhdid edən hər cür xarici amillərin bizim üçün stress mənbəyi olduğunu dərk etməliyik.
Doğru, epidemiyalar insanların həyəcan keçirməsinə səbəb olan əsas amillərdən biridir və stress qarşısında meydana gələn üç reaksiya var: mübarizə, qaçış və ya donmaq (kilidlənmək). Hər kəsin bədən quruluşuna, xasiyyətinə və həyati inkişaf dinamikasına görə stresə cavab reaksiyaları fərqli ola bilər. Bu xəstəlik epidemiyası qarşısında bəzi insanların qorxuları daha sıxdır, təhlükəsizlik tədbirləri maksimum səviyyədədir, məsələ ilə bağlı zehni narahatlıqları həddindən artıqdır, bəzi insanlar riski ciddiyə almamağa, gerçəklikdən qaçmağa, hətta rədd etməyə, görməməzliyə vurur. Bəzi insanlar demək olar ki, qorxu və narahatlıqdan iflic olur; sağlam qala bilmir və hərəkətsiz vəziyyətə düşürlər.
Qeyd etmək lazımdır ki, son zamanlar insanların stress səviyyələrini artıran ən vacib amillərdən biri də koronavirus epidemiyasının bu yaxınlarda yaşadığımız bir çox travmatik təcrübəyə əlavə olunmasıdır. Ən yaxın tariximiz, xüsusən də son illərimiz təbii fəlakətlər, qəzalar, böhran və sosial travma ilə dolu idi. Zəlzələlər, müharibə, terror, təyyarə qəzası, uçqun fəlakəti, qadınlara qarşı zorakılıq, uşaq istismarı, intiharlar, qlobal istiləşmə, iqlim böhranı, havanın çirklənməsi, işsizlik və indi də koronavirus epidemiyası. Bu şəraitdə yaşamaq istəyərkən, həqiqətən yaxşı olmaq, yaxşı qalmaq çox çətin olur. Belə dövrlərdə qorxu, narahatlıq, çaxnaşma, qəzəb, günah, ümidsizlik kimi hisslər yaşamağımız normaldır. Bədənimiz hadisələr qarşısında müxtəlif "anormal bir vəziyyətə normal cavab" reaksiyaları göstərir. Müşahidələr göstərir ki, epidemiya xəbərləri, xəstə və xəstəxana görüntüləri, ölümlə əlaqəli məlumatlar insanların normal yaşam tərzinə mənfi təsir göstərərək pis yuxular və kabuslar görməsinə səbəb olur ki, bu da onlarda daha çox stress və narahatlığa yol açır.
Bu dövrlərdə ən çox stress və narahatlığı artıran digər bir faktor da qeyri-müəyyənlik mühitidir. "Bəs bir-iki həftədən sonra nə olacaq?" Xəstəliyə yoluxsaq, müalicə ala bilərikmi, məktəblərdə təhsil davam edəcəkmi, marketlərdən qida tapa biləcəyikmi, iqtisadi sistem nə olacaq, apteklərdən dərman, maska, spirt ala biləcəyikmi, sosial həyatımız nə zaman qaydasına düşəcək?- deyə hamı düşünərək narahatlıq yaşayır. Belə bir narahatlıq içində həssaslıq, şübhə, dözümsüzlük, qəzəb arta bilər. Yuxu və iştahsızlıq mümkündür. Laqeydlik, həvəssizlik arta, diqqət və konsentrasiyada çətinliklər yarana, bütün bunlarsa insanın gündəlik həyatını poza bilər.
Sağlamlıq və təhlükəsizlik tədbirləri ilə əlaqədar diqqət etməli olduğumuz sosial məsafə insanlar arasında münasibətlərin zəifləməsinə səbəb ola bilər. Ailənizin və yaxın münasibətdə olduğunuz dostlarınızın, yaxınlarınızın etibarlı, ünsiyyətçil olması və problem həlletmə bacarıqları nə qədər çevikdirsə, həyatınıza məna verən iş və hədəflərinizin mövcudluğu nə qədər güclü və çoxdursa, bu cür stress və travmatik hadisələr sizə az təsir edəcək. Bunu unutmayın!
Aydın dərk etməliyik ki, epidemiya nəzarət altına alındıqdan və normal həyatımıza qayıtdıqdan sonra heç birimiz daxili və xarici transformasiyanın bizdə hansı davranışlar yaradacağını dəqiq bilmirik, birlikdə yaşayaraq görəcəyik. Yaşadıqlarımızın qalıcı təsirləri və izləri yalnız bizimlə məhdudlaşmayacaq, yəqin ki, sonrakı nəsillərə ötürüləcək. Ancaq həmişə düşünməli olduğumuz meyar bu təsirlərin gündəlik həyat keyfiyyətimizdə və işləməyimizdə yaradacağı dəyşikliklərdir.
Yəni, epidemiya bitdikdən sonra bütün səylərə baxmayaraq, gündəlik həyatınızı pozan təsirləri yaşayırsınızsa, yuxu və yemək rejiminizdəki problemlər həftələr ərzində normala dönmürsə, təkrarlanan düşüncələr sizi çox yorursa, dayandırılması mümkün olmayan təmizləmə və nəzarət vərdişləri gündəlik həyatınıza təsirini davam etdirirsə, yuxu problemi, həddindən artıq narahatlıq, qorxu və yerində qala bilməmək, həyat üçün sıx bir istəksizlik və enerji çatışmazlığı yaşayırsınızsa, bu faktorları ciddi qəbul etmək və mütəxəssislərdən kömək istəmək faydalıdır.
Psixoloji sağlamlığımızı necə qoruya bilərik?
Bir-birimizə qayğı göstərərək həm fiziki sağlamlığımıza, həm də psixoloji vəziyyətimizə və dözümlülüyümüzə diqqət yetirməyin vaxtıdır.
1) Yemək və yuxu qaydalarınıza diqqət göstərməyə çalışın, mütəmadi sağlam və balanslı bir pəhrizlə qidalanın və kifayət qədər yuxu aldığınızdan əmin olun.
2) Unutmayın ki, uşaq bağçalarında, məktəblərdə, universitetlərdə akademik fasilə elan etmək, konqreslər, simpoziumlar, görüşlər, konsertlər etmək sağlamlıq və təhlükəsizlik tədbiridir. Gündəlik həyatınızı yaxşılaşdıra bilməyiniz üçün yeni planlar təşkil etməyə çalışın və səhər mümkün qədər erkən durun. Bu sahədə mütəxəssislərin təklif etdiyi elmi məlumatları və təklifləri nəzərdən keçirin.
3) Sosial qarşılıqlı əlaqə, yaxın insan münasibətləri və sosial paylaşma, əlbəttə ki həmişə güc və şəfa mənbəyimizdən biridir; lakin belə bir dövr mütləq müəyyən sosial şəbəkələrdən asıllığa səbəb olacaqdır. Bəli, çölə çıxa bilməyəcəksiniz, bəli, planlarınız və cədvəliniz pozula bilər, ancaq bu prosesi evinizdə yaxşı vaxt keçirməyin yeni və yaradıcı yollarını tapmaq üçün bir fürsət olduğunu da görə bilərsiniz. Kitab oxumaq, film izləmək, ev təsərrüfatları ilə məşqul olmaq, oyun oynamaq, yeni və sağlam qidalanmaq qaydalarını öyrənmək üçün araşqırmalar etmək, uzun müddət sərf etmədiyiniz hobbilərinizə vaxt ayırmaq, yoqa və meditasiya etmək, özünüzə dönmək, yəni ailəniz, dostlarınız, qonşularınızla söhbət etmək, paylaşmaq və s. həmrəylik belə bir prosesi uğurla keçməyinizə kömək edəcəkdir.
Unutmayın ki, stres və travma yalnız zehni proseslər deyil, həm də bədəndə baş verən bir təcrübədir. Buna görə bu, vücudunuzun verdiyi siqnalları tanıyaraq və hisslərinizi izləyərək, özünüzü və ehtiyaclarınızı anlamağa özünüzü sakitləşdirməyin yollarını tapmağa kömək edəcəkdir.
4) Gün ərzində ağıllı cihazlardan, internetdən xəbər izləmə və sosial mediadan istifadə ilə əlaqədar özünüzə fasilə verin. Unutmayın ki, belə dövrlərdə məlumatların çoxluğu qorxu, narahatlıq hisslərini daha da artırır.
Özünüzü əsassız xəbərlərə hədsiz dərəcədə yönəltsəniz, bu stress reaksiyalarınızı daha da artıracaq və sizi yorğun, enerjisiz olmağa təhrik edəcək.
5) Hobbilərinizə və özünüzü yaxşı hiss edə biləcəyiniz işlərinizə vaxt ayırmağa çalışın. Düşünün, sınayın və kəşf edin; Sizin üçün nə yaxşıdır, nə yenidir, nə sakitləşdirir, yenidən motivasiyanızı və enerjinizi artırmağa nə kömək edir, həyatınızı mənalı edən nədir- bunların cavablarını tapın.
6) Musiqi, ritm və rəqs ilə məşqul olmağa çalışın. Unutmayın ki, mahnı oxumaq və rəqs etmək sinir sisteminə sakitləşdirici təsir göstərir.
Gülmək gücündən yararlanın
7) Yumor da şəfa mənbəyidir, müdafiə mexanizmidir. Gülərkən insan rahatlayır, narahatlıq və gərginlik belə azalır. Belə dövrlərdə mövzu ilə əlaqəli cizgi filmləri, zarafatlar və yumoristik sosial mediada paylaşımlar həm ehtiyac, həm də bizi tükənməkdən və ümidsizlikdən qoruyan və gücləndirən bir enerji mənbəyidir.
8) Peşə, iş və siyasi gündəmdən kənar bir şey oxumağa vaxt ayırın. Ağlınızın və üfüqünüzün açıldığını görəcəksiniz. Çeviklik və müxtəliflik həyatın stresinin və peşənin ağır yükünün öhdəsindən gəlməyə kömək edir.
9) Alkoqol istifadə etməyin. Siqaret çəksəniz də, heç olmasa belə bir dövrdə azaltmağa çalışın. Stress, yorğunluq və yuxusuzluq immunitet sisteminizi və müqavimətinizi aşağı salır; alkoqol və hər cür narkotik maddələr vücudunuzun müqavimətinin azalmasına və ehtiyatlarınızın daha tez tükənməsinə səbəb olur.
Sözdə insan çox güclü varlıqdır, yaşamaq üçün motivasiya, mübarizə və uyğunlaşma qabiliyyəti çox güclüdür. Tarix boyu bəşəriyyət bir çox oxşar xəstəlik yayılmaları, böhranlar, müharibələr, soyqırımları və fəlakətlərdən canını qurtara bilmiş və bu günə qədər yaşamışdır. Həyat həmişə özü üçün bir yol tapacaq. Sənət həmişə bu həyat enerjisinin, müqavimətin və aktivliyin ən qiymətli vasitələrindən biri olub. Xoşbəxtlikdən sənət də var! Və xoşbəxtlikdən yumor var! Əhval-ruhiyyəmizi yüksək tutaq! Sağ qalmaq yaşamaq üçün vacibdir. Bu çətin günləri dövlətimizin müəyyənləşdirdiyi qaydalara birlikdə əməl edərək mütləq arxada qoyacağıq. Biz hamımız birlikdə güclüyük!
Ruslan Kamilov
İsmayıllı şəhər 6 saylı tam orta məktəbin psixoloqu