Uşaqlarınızın kiçik yaşlarından sahibkar ruhunda böyüməsini arzulayırsınızmı?


Övladının lap kiçik yaşlarından etibarən gələcəkdə uğurlu sahibkar və ya iş adamı olacağını düşünən var? Bunun mütləq reallaşacağına təminat verən necə? “Forbes” yazır ki, bu, mümkündür, uşaqlarımızda biznes adamı dünyagörüşünü formalaşdırmaq öz əlimizdədir. Müasir dünyada uğurlu insan anlayışı onun bacarıqlarından asılıdır. Bu bacarıqları isə uşağa kiçik yaşlarından valideynləri aşılamalıdırlar.

 

Sahibkarlıq bacarıqları

 

Əgər uşaqlarımızı iddialı və məqsədyönlü böyütmək istəyiriksə, anlamalıyıq ki, bu keyfiyyətlərə nail olmaq üçün onları müəyyən prinsiplərə alışdırmalıyıq. Valideyn nümunəsi övlad üçün ən effektiv dərslikdir. Uğurlu ata və ana uşaq üçün əvəzolunmaz bənzətmə mənbəyidir. Hər bir uşaq valideyninə oxşamaq istəyir. Proses həm də qarşılıqlıdır. Valideynlərin həyatında hansısa boşluq varsa, onu doldurmaq üçün ən yaxşı vasitə də övladdır. Valideyn çalışsa, qabaqcıl düşüncəli və harmonik tərbiyəli övlad yetişdirmək elə də çətin deyil. Siz uğurlu olmaqla elə bil “bir gülləylə iki dovşan” vurursunuz: bir tərəfdən həyat səviyyənizi yaxşılaşdırırsınız, digər tərəfdən isə övladınızın gələcəyi naminə bünövrəni qoyursunuz.

 

Əgər uşağın ən kiçik yaşlarından etibarən inkişaf trayektoriyası uğurlu çəkilərsə, bu, özünü artıq yeniyetmə yaşlarında büruzə verməyə başlayacaq. Düzgün tərbiyə yollarının müəyyən olunması heç də hər valideyn üçün asan başa gəlmir. Əgər siz qarşınıza uşaqda hansısa bacarıqları inkişaf etdirmək məqsədi qoymusunuzsa, belə bir rasional suala cavab verməlisiniz: bunun üçün hansı hərəkəti etməliyəm? Məsələn, heç bir rəhbər qərar vermək bacarığı olmadan idarə edə bilməz. Bu, o deməkdir ki, biz də övladlarımıza ən kiçik yaşlarından bu keyfiyyəti aşılamağı bacarmalıyıq. Qoy özləri qərar qəbul etsinlər və nəticəni gözləsinlər. Uşağın yaşı artdıqca, qərar qəbuletmə bacarıqları da güclənəcək. Əsas odur çərçivələrə salınmasın, hədsiz himayə görməsin, lazım olarsa, kömək hiss etsin və diqqətli olsun.

 

Bu, zəncirvari prosesdir. Əgər insan qərar qəbul edirsə, onun məsuliyyətini də dərk etməlidir. Valideyn isə uşağa baş verənin səbəb-nəticə rabitəsini izah edə bilər. Məsələn: “Dostunla şəhərə getmək istəyirsən? Pis seçim deyil. Ancaq unutma ki, bazar günü evdə olmayacaqsan deyə, gələn həftə dərslərini hər gün axşamlar təkrarlamalı olacaqsan. Hansıları ki, sən bazar günü təkrarlamalı idin”.

 

Belə yanaşma uşaqda məsuliyyət və öz imkanlarını analiz etmək bacarığı formalaşdıra bilər. Uşaq anlamalıdır ki, dondurmanın bu günə olan payı ilə sabahkını da yeyirsə, deməli, bir gün sonra yeməyə heç nə olmayacaq. Əgər bu gün dərs etməyə entuziazmı yoxdursa, bunu istənilən halda sabah, ya da birigün edəcək. Çatdırmasa, məktəbdə çətin vəziyyətə düşəcək. Uşaq məsuliyyət anlayışını nə qədər tez dərk edərsə, qərar qəbuletmə bacarığını da bir o qədər erkən vaxtlarından əldə etmiş olar. Onun kiçik yaşlarında qazandığı təcrübə böyük həyata qədəm qoya bilməsi üçün mühüm şərtdir. Yetkin, özünü dərk edə bilən şəxsiyyəti tərbiyə edərkən bilmək lazımdır ki, ona hər işdə kömək etmək və həyatını nəzarətdə saxlamaq optimal yol deyil.

 

Ancaq iş bununla da bitmir. Uşaq azadlıqla tanış olduqca çətinliklərlə də qarşılaşır. Əgər bu proses yavaş-yavaş, mərhələ-mərhələ, məsuliyyət zonalarını və müstəqilliyi dərk edə-edə baş verəcəksə, qarşılaşacağı problemlər də kiçikdən böyük və mürəkkəbə doğru olacaq. Bu yolla uşaq da onların həllinə alışacaq. Heç bir sahibkar və ya biznesmen bu maneələri dəf etmədən uğurlu ola bilməz. Ancaq burada bir incə məqam da var: uşaq problemlərlə üz-üzə və tənha qalmamalıdır. O, hər an hiss etməlidir ki, yanında valideyn çiyni var, çətin anda tək olmayacaq. Uşağa bu prosesi təqribən belə izah etmək lazımdır: hər bir şəxs öz həyatının ssenari müəllifidir. Ona görə anlamalıdır ki, bu gün edəcəyinin cavabını sabah mütləq verməlidir.

 

Kim bacarırsa, indidən uşaqlarının taym-menecment, yaxud vaxtı necə idarə etmək bacarığına da əmək sərf etsin. Erkən siniflərdən uşaq üçün aydın olmalıdır ki, dərs etməyin öz vaxtı var, velosiped sürməyin öz. Dəxli yoxdur bir günə nə qədər iş aşırmağı bacarırsan. Əsas odur planın olsun, öz imkan və bacarıqlarına uyğun vaxt bölgüsünü tərtib edə biləsən.

 

Bəs yaxşı, əgər uşağın heç bir məqsədi yoxdursa necə? Qorxmayın, bu, normal haldır. Müəllimlik rolunu üzərinizə götürün və ona etdiklərinin məqsəd, məram və nəticələrini izah etməyə çalışın. Məqsədyönlülük iş adamları və sahibkarlar üçün ən vacib keyfiyyətdir. Onsuz nə uğurlu layihəyə start verə bilərsiniz, nə də şirkət idarə edə. Şübhə yoxdur ki, bəzi insanlarda bu keyfiyyət anadangəlmə mövcuddur. Ancaq digərlərində yoxdursa, bu, o demək deyil ki, əl-qolumuzu yanımıza salıb təslim olmalıyıq. Çıxılmaz durum o vaxt ola bilər ki, bu keyfiyyəti aşılamaq və qazanmaq üçün lazımi alətlər olmasın.

Uşağın fəaliyyətini planlaşdırması, qarşıya məqsədlər qoyub onların sistemli şəkildə həllinə nail olması, məqsədyönlülük keyfiyyətlərini qazana bilməsi çox vacibdir. Bu prosesin stimullaşdırılması isə sizlərdən asılıdır. Məsələn, belə bir təlim keysi təşkil edə bilərsiniz: ticarət mərkəzində övladınıza pul verirsiniz və o, gəzib-dolaşıb alış-verişini özü edir.

 

Kim milyonçu olmaq istəyir?

 

Olduqca maraqlı məqama çatdıq. Maliyyə savadının uşaq yaşlarından aşılanması çox vacib amildir. Siz aya 50 min manat qazana bilərsiniz, ancaq bu məbləği düzgün istifadə edə bilmirsinizsə, əməkhaqqı alanadək dostunuzdan borc etmək məcburiyyətində qalarsınız. Övladınıza nəsə hədiyyə etmək istəyirsinizsə, ona gələcəkdə ən lazım olanı verin: pulu idarə etmək bacarığını. Hara baxırsan, sizə kredit verə biləcək bankların reklamlarını görürsən. Evi təmir etmək istəyirsən? Gəl, pul verək. Maşını dəyişmək istəyirsən? Güzəştli lizinqimiz var. Bu şirnikləndirici təkliflər öz yerində, ancaq bunlara razılaşmaqla biz özümüzü uğurlu saya bilərikmi? Uğurlu o kəsdir ki, borcu və krediti yoxdur, yatanda rahat yatır, səhər yuxudan oyananda isə həyatdan qorxmur. Bax, bu məqamı uşağa ən kiçik yaşlarından anlada bilməyi bacarmalıyıq. Belə bir məntiqdən çıxış etmiş olsaq, valideynin uşağı tərbiyə prosesindəki baza strategiyasını aşağıdakı hissələrə bölə bilərik:

 

- Reallığı adekvat dərk etmək üçün övladlarımıza yardım etməliyik. Valideynlər çox vaxt belə bir səhvə yol verirlər: dünyada ən yaxşı nə varsa, balama qurban! Ən maraqlı oyuncaqlarla uşaq otağını doldura bilərsiniz. Ancaq sabaha çörək pulu qalmadısa, bu, uşaq üçün nümayiş etdirilən pis nümunədir. Çalışın övladınıza həyatın real mənzərəsini göstərə bilin. Axı bu gün oyuncaq tələbi sabah yeni qadcet, planşet, smartfon istəyi ilə əvəzlənəcək. Pulunuz olacaq?

 

- Ağıllı istehlak. Uşaqları xərclərə rasional yanaşmağı öyrətmək mümkündür. Necə? Bazarlıq siyahısı və yazılanların hamısını almağa güc-bəla ilə çatacaq qədər pul verib marketə yollayın. Gedib əlindəki büdcə ilə qarşısına qoyulmuş məqsədi icra etməyə çalışsın;

-  Cib xərci. Uşaqları əllərində olan vəsaiti necə optimal şəkildə xərcləməyə öyrədən ən yaxşı vasitə. Ailədə xərclərə dair səhih plan olmalıdır. Uşaq anlamalıdır ki, ona bu büdcədən nə qədər düşür. Yaxud, cib xərcində “artım” prosesi hansı dinamika ilə baş verir. Dövlət sizin əməkhaqqınızı və ya müavinətinizi necə artırır? Siz də təqribən belə bir mexanizm qura bilərsiniz;

- Büdcənin idarə olunması. Uşaqda “gəlirlər” və “xərclər”ə dair ətraflı təsəvvür olmalıdır. Siz bu işdə ona yol göstərə bilərsiniz: ya gündəlik tərtib etsin, ya da kompüterdə xüsusi büdcə proqramları var, onların vasitəsilə prosesi idarə etsin;

- Kapitalın yaranması. Kreditinizi ödəmək üçün əməkhaqqı alan kimi kənara müəyyən məbləğ qoyursunuz. Bu bacarığı uşaqlara da öyrədə bilərsiniz. Ona pul verilirsə, bu, heç də o demək deyil ki, bir günə “dibinə daş ata bilər”. O puldan müəyyən hissəni hər gün qənaət etməklə özünə sabah yeni velosiped ala bilər, gələcəkdə isə ev və avtomobil.

 

Biz anlamalıyıq ki, uşaqlar üçün yeni smartfon hədiyyə etməkdənsə, onlara pul necə qazanılır, necə saxlanılır və artırılır prosesini izah etsək yaxşı olar. Həyatın istənilən sferasında lazım olan müstəqilliyə maliyyə məsələlərində ikiqat ehtiyac duyulur.

 

Nə oxumalı?

 

Uşaqlarda maliyyə savadını artırmaq üçün onlara müəyyən kitabları oxumağı tövsiyə edə bilərsiniz. “Money” adlı köpək” 6-11 yaşlı uşaqlar üçün əla ədəbiyyatdır. “Money” maliyyə üzrə əsl mütəxəssisdir. O, sahibi ilə pulu necə idarə etməyi və artırmağı yaxşı bacarır. Uşaqlar üçün çox maraqlı ola bilər. Rus yazıçıları Tatyana Popova və Anastasiya Bulavkinanın yazdıqları “Sehirli bankomat” kitabı isə azyaşlı oxucuları bank sistemi ilə tanış edir.

 

Yeniyetmələr üçün Robert Kiyosakinin “Varlı ata, kasıb ata” kitabı məsləhət görülür. Kitabda təklif olunan sistem və tapşırıqlar vasitəsilə övladlarınızın maliyyə savadının artırılmasına nail ola bilərsiniz. Corc Kleysonun “Babilin ən varlı adamı” kitabı isə pulları necə idarə etməyi öyrədir. Lo Felisiya və Cerri Beylin “Sənin pulların”, “Pullarını artmağa məcbur et”, “Pulu necə ağılla xərcləməli” kitabları yeniyetmələrə iqtisadiyyatın əsaslarını aşılayır. Şəxsi biznesini necə açmalı, borca necə girməməli, düzgün yatırımı necə etməli kimi mövzulardan baş çıxarmaq üçün bu kitablardan ideal ədəbiyyat tapa bilməzsiniz.

 

Sizi heç kim uşağınızı gələcək biznesmen ruhunda böyütməyə məcbur etmir. Bəlkə o, böyüdükcə bütün bu informasiyanı daha yaxından dərk edib özünə başqa yol seçdi. Sadəcə olaraq hər birimiz dərk etməliyik ki, istənilən fövqəladə hadisəyə həssas olmağa başlayan dünyamızda maliyyə savadı hər birimizə lazımdır. Menecment, layihələrin idarə olunması, maliyyə və kommunikasiyalar haqqında bilikləri yaxşı qavramaq üçün ən ideal vaxt uşaqlıqdan başlayır.

 

Rüstəm QARAXANLI