“Airbus” şirkəti Sinqapurda yerləşən aviasalonda “gələcəyin təyyarəsi”nin yeni modelini təqdim edib. “Maveric” adlandırılan model yanacaq istehlakını və atmosferə düşən karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmağa yardım edəcək. Bu problemi iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində bütün nəhəng aviaşirkətlər həll etməyə çalışırlar.
www.belta.by saytının məlumatında bildirilir ki, “Airbus” konstruktorları korpus və qanadların vahid hamar formaya uyğunlaşdırılması yolu ilə uçuş zamanı müqaviməti minimuma endirməyi nəzərdə tutublar ki, bu da yanacaq sərfiyyatını 20 faiz azaltmağa kömək edəcək. Lakin hələ ki, iki məqam qaranlıq qalır: təyyarədə pəncərələr olacaqmı (nümayiş etdirilən modeldə pəncərələr yoxdur) və sərnişin kresloları necə yerləşdiriləcək?
2019-cu ilin iyun ayında yeni modelin uçuş sınaqları Fransada uğurla həyata keçirilib və 2020-ci ilin ortalarına qədər Tuluza şəhəri yaxınlığında yerləşən təlim meydanında davam etdiriləcək.
Samirə KƏRİMOVA