Səid Zairov: “Üzgüçülüklə məşğul olmaq ilk növbədə sağlamlığı təmin etməkdir”


İşdən çıxıb metronun Elmlər Akademiyası stansiyasının qarşısında 6 nömrəli  qırmızı rəngdə olan avtobusa mindim. Axşamüstü olduğu üçün avtobusda çoxlu sərnişin vardı. Tərpənmək mümkün deyildi. Elə bu vaxt bir yeniyetmə oğlan  oturacaqdan qalxaraq ədəb-ərkanla mənə  öz yerini göstərib, əyləşin, - dedi. Onun   həmsöhbət olduğu bir yaşlı qadının  da nənəsi olduğunu zənn etdim. Mənə yer göstərən yeniyetmənin yüksək əxlaqından razı qaldığımı  həmin yaşlı  xanıma da bildirməyi özümə borc bildim. O da öz növbəsində razılıq əlaməti  olaraq  təşəkkürünü ifadə etdi  və bu minvalla biz həmsöhbət olduq. Adı Ziba xanım idi. Dedi  ki, nəvəsini  üzgüçülüklə məşğul olduğu üçün  hər gün dərsdən sonra Bakı Su İdman Sarayına aparır.

 

Çox istedadlı uşaqdır, - dedi.  Nəvəm olduğu üçün demirəm,  13 yaşı var  Səidin.  20 nömrəli məktəb-liseyin  7-ci sinfində  təhsil alır. Dərslərini  yaxşı oxuyur, musiqini  sevir, eyni zamanda milli və dünya rəqslərini ifa etməyi  də çox xoşlayır. Uşaq Dövlət Filarmoniyasında milli rəqs qrupunda dəfələrlə məharətli çıxışları ilə  elə tamaşaçıları da, bizi də sevindirib. Bu xanımla  qeyri-adi məkanda həmsöhbət olduğumun   özü də  təbii, eyni zamanda  maraqlı idi. Nənənin hədsiz sevinc hissi ilə  söylədiklərini  çətinliklə olsa da yaddaşıma köçürməyə çalışdım. Bu cür məzmunlu söhbəti geniş oxucu auditoriyasına təqdim etməmək    jurnalist  üçün insafsızlıq olardı. Odur ki, nənənin söylədiyi bütün məqamları əl çantamdakı diktafonu işə salmadan yaddaşıma köçürmək elə də çətin olmadı.

 

Beynəlxalq yarışlarda I yer

 

Öyrəndim ki,  Səid Zairov  dəfələrlə “Space” telekanalında “Mən böyümüşəm” verilişinin iştirakçısı olub. Məşhur yumorist Vado Korovinin “Mən bilmək istəyirəm” saytının reklamının videoçarxında iştirak edib. Bakı Su İdman Sarayında üzgüçülüklə məşğul olmağa başlayandan  bir il sonra  Səidi qazandığı  nəticələrə görə üzgüçülük  üzrə baş məşqçi  Rəşad  Əbdürəhmanovun rəhbərliyi altında  fəaliyyət göstərən xüsusi qrupa keçiriblər.  Əsas məşqçiləri  isə Nurəli Məmmədov və Elvin Hüseynovdur. Hazırda  Səid bu qrupun tərkibində  üzür, müxtəlif beynəlxalq yarışlara qatılır və ölkəmizi yarışlarda layiqincə təmsil edir. 2018-ci ilin martı onun üçün  çox uğurlu olub. Belə ki, Gürcüstanın Tbilisi şəhərində keçirilən yarışlarda I yerə layiq görülüb və qələbə ilə vətənə qayıdıb. 10 noyabr  2018-ci il tarixdə Bakıda keçirilən “Şən Delfin” Payız Açıq Birinciliyində 100 m. batterfly növü üzrə yarışda  I yerə çıxıb. Bundan başqa Xaçmazda,  Göygöldə,  Bolqarıstanın  Kranevo şəhərində  keçirilən kamplarda iştirak edərək I  yerin  qalibi  olub.

 

...Söhbətin şirin yerində oturacağa yaxın dayanan Səidin özünü də sorğu-sual  etməyə başladım. Onsuz da o,  nənəsi ilə aramızda baş tutan  bütün söhbəti eşidir,  nə Ziba nənəsi, nə də  nənəsinin sevimli nəvəsi Səid bilmirdilər ki, mən jurnalistəm və bu maraqlı söhbəti  nə vaxtsa  çalışdığım mətbu orqanda geniş oxucu auditoriyasına çatdırmağa çalışacağam. Odur ki, Səid də üzgüçülük haqqında fikirlərini belə ifadə etdi.

 

Üzgüçülük uşaqlar üçün faydalıdır

 

- Üzgüçülük idmanın ən gözəl növüdür və  uşaqlar üçün çox faydalıdır.Üzgüçülüklə məşğul olmaq ilk növbədə  sağlamlığı təmin etməkdir. Hər bir insan üzməyi bacarmalıdır.   Məşqlərə və yarışlara  11-12 yaşlarından başlamaq daha yaxşıdır. Üzgüçülüklə məşğul olanlar  üçün   çoxlu maraqlı yarışlar keçirilir. Mən də həmin yarışlara qatılır  və  təbii olaraq qalib oluram.

 

...Avtobusun  Su İdman Sarayına  çatmağına  artıq az qaldığına görə Ziba xanım  nəvəsinin sözünə qüvvət kimi   bu sözləri deməyi də unutmadı. Sanki o, hiss edirdi ki, mən bütün bu eşitdiklərimi qələmə alacağam.  - Nəvəmin  çoxlu sayda diplom və fəxri fərmanları var, - dedi.  Çox mehriban,  dostsevər bir uşaqdır. Məktəbdə  də bütün müəllimləri onu  sevir. Riyaziyyata, biologiyaya, alqoritmikaya   marağı daha çoxdur.  İngilis, fransız dillərini gözəl bilir. Arzusu isə  gələcəkdə bank işçisi olmaqdır.  Nəvəm dünya səyahətinə çıxmaq arzusu ilə yaşayır, ancaq bir şərtlə  ki, mən və anası da gərək yanında olsun.

 

...Vaxtın nə zaman ötdüyünü  hiss etməsək  də  birdən qırmızı aerobusun mikrofonundan  növbəti dayanacaq   Su İdman Sarayı olacaq  elanı  eşidildi. Nə yaxşı ki, onlar yerə düşməmiş mən imkan tapıb Ziba xanımdan  mobil nömrəsini ala bildim. Məqsədim yazı dərc olunandan bir gün sonra   zəng edib  nənəyə və nəvəyə  xəbər verib deyim ki , “Azərbaycan müəllimi” qəzetində  Səid haqqında  qələmə aldığım məqaləmi oxuyun.

 

Sifai SƏFƏROVA