Təsadüf... ədəb-ərkan və yazı qəhrəmanım... | |
İşdən çıxıb metronun Elmlər Akademiyası stansiyasının qarşısında 6 nömrəli qırmızı rəngdə olan avtobusa mindim. Axşamüstü olduğu üçün avtobusda çoxlu sərnişin vardı. Tərpənmək mümkün deyildi. Elə bu vaxt bir yeniyetmə oğlan oturacaqdan qalxaraq ədəb-ərkanla mənə öz yerini göstərib, əyləşin, - dedi. Onun həmsöhbət olduğu bir yaşlı qadının da nənəsi olduğunu zənn etdim. Mənə yer göstərən yeniyetmənin yüksək əxlaqından razı qaldığımı həmin yaşlı xanıma da bildirməyi özümə borc bildim. O da öz növbəsində razılıq əlaməti olaraq təşəkkürünü ifadə etdi və bu minvalla biz həmsöhbət olduq. Adı Ziba xanım idi. Dedi ki, nəvəsini üzgüçülüklə məşğul olduğu üçün hər gün dərsdən sonra Bakı Su İdman Sarayına aparır.
Çox istedadlı uşaqdır, - dedi. Nəvəm olduğu üçün demirəm, 13 yaşı var Səidin. 20 nömrəli məktəb-liseyin 7-ci sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur, musiqini sevir, eyni zamanda milli və dünya rəqslərini ifa etməyi də çox xoşlayır. Uşaq Dövlət Filarmoniyasında milli rəqs qrupunda dəfələrlə məharətli çıxışları ilə elə tamaşaçıları da, bizi də sevindirib. Bu xanımla qeyri-adi məkanda həmsöhbət olduğumun özü də təbii, eyni zamanda maraqlı idi. Nənənin hədsiz sevinc hissi ilə söylədiklərini çətinliklə olsa da yaddaşıma köçürməyə çalışdım. Bu cür məzmunlu söhbəti geniş oxucu auditoriyasına təqdim etməmək jurnalist üçün insafsızlıq olardı. Odur ki, nənənin söylədiyi bütün məqamları əl çantamdakı diktafonu işə salmadan yaddaşıma köçürmək elə də çətin olmadı.
Beynəlxalq yarışlarda I yer
Öyrəndim ki, Səid Zairov dəfələrlə “Space” telekanalında “Mən böyümüşəm” verilişinin iştirakçısı olub. Məşhur yumorist Vado Korovinin “Mən bilmək istəyirəm” saytının reklamının videoçarxında iştirak edib. Bakı Su İdman Sarayında üzgüçülüklə məşğul olmağa başlayandan bir il sonra Səidi qazandığı nəticələrə görə üzgüçülük üzrə baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında fəaliyyət göstərən xüsusi qrupa keçiriblər. Əsas məşqçiləri isə Nurəli Məmmədov və Elvin Hüseynovdur. Hazırda Səid bu qrupun tərkibində üzür, müxtəlif beynəlxalq yarışlara qatılır və ölkəmizi yarışlarda layiqincə təmsil edir. 2018-ci ilin martı onun üçün çox uğurlu olub. Belə ki, Gürcüstanın Tbilisi şəhərində keçirilən yarışlarda I yerə layiq görülüb və qələbə ilə vətənə qayıdıb. 10 noyabr 2018-ci il tarixdə Bakıda keçirilən “Şən Delfin” Payız Açıq Birinciliyində 100 m. batterfly növü üzrə yarışda I yerə çıxıb. Bundan başqa Xaçmazda, Göygöldə, Bolqarıstanın Kranevo şəhərində keçirilən kamplarda iştirak edərək I yerin qalibi olub.
...Söhbətin şirin yerində oturacağa yaxın dayanan Səidin özünü də sorğu-sual etməyə başladım. Onsuz da o, nənəsi ilə aramızda baş tutan bütün söhbəti eşidir, nə Ziba nənəsi, nə də nənəsinin sevimli nəvəsi Səid bilmirdilər ki, mən jurnalistəm və bu maraqlı söhbəti nə vaxtsa çalışdığım mətbu orqanda geniş oxucu auditoriyasına çatdırmağa çalışacağam. Odur ki, Səid də üzgüçülük haqqında fikirlərini belə ifadə etdi.
Üzgüçülük uşaqlar üçün faydalıdır
- Üzgüçülük idmanın ən gözəl növüdür və uşaqlar üçün çox faydalıdır.Üzgüçülüklə məşğul olmaq ilk növbədə sağlamlığı təmin etməkdir. Hər bir insan üzməyi bacarmalıdır. Məşqlərə və yarışlara 11-12 yaşlarından başlamaq daha yaxşıdır. Üzgüçülüklə məşğul olanlar üçün çoxlu maraqlı yarışlar keçirilir. Mən də həmin yarışlara qatılır və təbii olaraq qalib oluram.
...Avtobusun Su İdman Sarayına çatmağına artıq az qaldığına görə Ziba xanım nəvəsinin sözünə qüvvət kimi bu sözləri deməyi də unutmadı. Sanki o, hiss edirdi ki, mən bütün bu eşitdiklərimi qələmə alacağam. - Nəvəmin çoxlu sayda diplom və fəxri fərmanları var, - dedi. Çox mehriban, dostsevər bir uşaqdır. Məktəbdə də bütün müəllimləri onu sevir. Riyaziyyata, biologiyaya, alqoritmikaya marağı daha çoxdur. İngilis, fransız dillərini gözəl bilir. Arzusu isə gələcəkdə bank işçisi olmaqdır. Nəvəm dünya səyahətinə çıxmaq arzusu ilə yaşayır, ancaq bir şərtlə ki, mən və anası da gərək yanında olsun.
...Vaxtın nə zaman ötdüyünü hiss etməsək də birdən qırmızı aerobusun mikrofonundan növbəti dayanacaq Su İdman Sarayı olacaq elanı eşidildi. Nə yaxşı ki, onlar yerə düşməmiş mən imkan tapıb Ziba xanımdan mobil nömrəsini ala bildim. Məqsədim yazı dərc olunandan bir gün sonra zəng edib nənəyə və nəvəyə xəbər verib deyim ki , “Azərbaycan müəllimi” qəzetində Səid haqqında qələmə aldığım məqaləmi oxuyun.
Sifai SƏFƏROVA |
|
13.03.2020 | 13:45 | |
|
|
|