Pedaqoji kadr hazırlığında müəllim-tələbə münasibətlərinin rolu
“...Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müasir cəmiyyətin inkisafı təhsilin qarşısında yeni tələblər qoyur. Məqsəd yetisməkdə olan nəslin təbii imkanlarını inkisaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun səxsiyyətini formalasdirmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı səxsiyyətin yetisdirilməsinə xidmət etmək, süurlu olaraq peşə seçməyə hazır olan və Azərbaycanın inkisafi naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. Müasir pedaqoji təhsilin əsas məqsədlərindən biri həm də informasiya, innovasiya cəmiyyətinin tələblərinə uyğun yeni formatlı müəllim kadrları hazırlamaqdır. Müəllim-tələbə münasibətləri və müəllim obrazının cəmiyyətdəki şəkli bizi yenidən düşündürür: Necə bir şəxsiyyət formalaşdırmalı?
Müəllim təkcə bilik ötürməklə, hazır resepti yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməməli, tələbələrə düşünməyi öyrənməsi məqsədilə bağlı bilik aşılamalıdır! Elə situasiyalar vardır ki, orada konkret bilik və hazır düstur köməyə çatmayacaq. Bu zaman situasiyanın təsiri altında tələbə həmin anda ən doğru qərarı vermək bacarığında olmalıdır.
Dərs mövzusu yox, onun çatdırılma üsulu daha önəmlidir. Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodlarla ötürülmə keyfiyyəti mühüm rol oynayır. Dərsin tələbələr üçün darıxdırıcı təsirli olmaması üçün onların müzakirələrdə fəal iştirakının təmin edilməsi çox vacibdir. Bunun üçün müəllimin yüksək erudisiyası və yaradıcı keyfiyyətlərinin olması vacibdir.
Optimist ovqat, enerjili davranış
Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istəyirlər. Müəllim rastlaşdığı neqativ hadisələrin təsirində olmamalı, sosial-psixoloji problemlərin doğurduğu gərginliyi auditoriyalara daşımamalıdır. Pessimizmi yayan fikirlər tələbələrdə neqativ ovqat yaradır. Auditoriyaya daxil olanda optimist ovqat və enerjili davranış dərsin gedişini müəyyənləşdirən əsas amilə çevrilməlidir.
Müəllimin pedaqoji ustalığı imkan verməlidir ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin: məhz bərabərhüquqlu və fərqli imkanlara məxsus şəxsiyyət kimi. Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışır.
Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Pedaqoji fəaliyyətdə əsas simalardan olan müəllim əgər ünsiyyətin yaradılması mexanizminə yiyələnməyi bacarıbsa, onda o, tələbələrdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail ola biləcəkdir. Ona görə ki, pedaqoji fəaliyyət tələbatdan yaranır, tələbatların ödənilməsi ilə təşəkkül tapır. Məhz bu zaman pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır. Burada pedaqoji fəaliyyət dedikdə ali məktəblərdə tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət başa düşülür.
Ali məktəb auditoriyalarının kürsüsündən mühazirə oxuyan müəllimlər tədris etdiyi fənnin ali səviyyədə mənimsədilməsinə bilavasitə məsuldur. Buna görə də belə müəllimlər öz ixtisaslarını mükəmməl bilməklə yanaşı, onun mənimsədilməsi mexanizmini də peşə qabiliyyətinə çevirməyi bacarmalıdırlar. Çünki cəmiyyətimizin gələcəyi ali məktəblərdə dərs deyən müəllimlərin pedaqoji ustalığının nəticəsindən asılıdır. Müəllim peşəsi təkcə öyrətmək və tərbiyə etməklə məhdudlaşmır. Müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etməkdir. Yəni, ali məktəbdə tələbələrdə müasir dünyagörüşü formalaşdırmaq və onu inkişaf etdirmək, öyrədilən peşə üzrə sərbəst təhlil və müşahidə aparmaq bacarığı aşılamaq təlim prosesinin əsas amillərindəndir. Müəllim həmçinin təlim prosesinə rəhbərlik edir və onu birbaşa məqsədə doğru istiqamətləndirir, yəni verilən biliyin ağılda inikasını təmin edir. Belə olduqda tələbə yaradıcı insan kimi yetişir və nəticədə, savadlı, bacarıqlı kadr hazırlığı prosesi uğurla başa çatmış olur. Təsadüfi deyil ki, yunan filosofu Sokrat peşəkar pedaqoqları “əqlin törədiciləri” adlandırmışdır.
“Gənc qəlblər üçün məhsuldar Günəş şüaları”
Ali məktəb müəlliminin vəzifələrindən biri də ali tərbiyə prosesini həyata keçirməkdir. Bu, o deməkdir ki, müəllim auditoriyada təhsilin məzmunu ilə təlimin forma və metodlarını vəhdətdə təşkil etməyi bacarmalıdır. Başqa sözlə, müəllim keçilən mövzuya uyğun forma və metodlardan düzgün istifadə etməklə tələbələri həmin mövzunu ətraflı öyrənməyə təşviq etməlidir. Rus pedaqoqu K.D.Uşinski belə müəllimləri “gənc qəlblər üçün məhsuldar Günəş şüaları”na bənzətmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadənin geniş yayıldığı müasir dövrümüzdə ali məktəb müəllimi keyfiyyətli tədrisə nail olmaq üçün mühazirə və seminarlarını bu texnologiyaların imkanlarından istifadə etməklə aparmalıdır. Müasir dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli ali məktəbin pedaqoji heyəti qarşısında yeni tələb və vəzifələr qoyur.
Təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali məktəblərdə bu prosesdə müəllim və tələbələr arasında qarşılıqlı münasibət düzgün qurulmalı, onların bir-birləri ilə informasiya mübadiləsi təşkil etmələri üçün sağlam mühit formalaşdırılmalıdır. Belə olan halda pedaqoji münasibət yaranmış olur ki, bu münasibətin müvəffəqiyyətlə qurulması pedaqoji ünsiyyətdən çox asılıdır. Ona görə ki, pedaqoji ünsiyyət, yəni verilən biliyin müəllim və tələbələr arasında sərbəst müzakirəsi olmadan heç bir müəllim tələbələrlə birgə fəaliyyətə nail ola bilməz. Məhz birgə fəaliyyət sayəsində müəllim və tələbələr bir-birlərini daha çevik başa düşür, müəllim öz bilik və təsəvvürlərini, mühazirələrini, rəy və münasibətlərini tələbəyə daha asan çatdıra bilir. Bu ünsiyyət tələbələrin hərtərəfli inkişafına, formalaşmasına, onlar arasında sosial mühitin yaradılmasına və qrupdakı sosial-psixoloji prosesləri idarə etməyə imkan verir. Pedaqoji ünsiyyət mədəniyyəti isə müəllimin ünsiyyətin üsul və texnikasına dərindən yiyələnməsinin, pedaqoji ustalığının və yaradıcılığının nəticəsidir.
Müəllimin məsuliyyəti
Ali məktəbin auditoriya və laboratoriyalarında müəllimin tələbəyə müraciət tərzinə görə ünsiyyəti bir neçə növə bölmək mümkündür:
- * təşkiledici;
- * qiymətləndirici;
- * intizamyaradıcı.
Ali məktəbdə müəllimlə tələbə arasındakı münasibətin səmərəli olması ünsiyyətin motivlərindən də asılıdır. Bu motivin düzgün dərk edilməsi pedaqoji ünsiyyəti səmərəliləşdirir. Həmçinin müəllim və tələbə arasındakı münasibətlər xarici və daxili şərtlərlə də bağlı ola bilir. Ona görə ki, ünsiyyətin qurulduğu mühit və vəziyyət onun ən vacib şərtlərindən biridir. Unutmamalıyıq ki, müəllim-tələbə münasibəti o zaman yüksək nəticələrə səbəb olur ki, onun əsasında qarşılıqlı hörmət və humanist münasibət dayanır.
18-21 yaş dövrü yetkinlik dövrü adlanır. Bu məqamda muəllim tələbənin psixologiyasını bilməli və ona uyğun rəftar etməlidir. Bu yaş dövründə gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənc tələbələrin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillər xüsusi yer tutur. Psixoloji baxımdan tələbələr artıq öz şəxsiyyətlərini dərk edirlər. Müəllim tələbələrin hamısına eyni gözlə baxmalıdır. Dərs müddətində tələbələr qarşısında ayrı-seçkilik etmək qətiyyən olmaz. Bu, digər tələbələrin hüququnun pozulması, onlara qarşı edilən haqsızlıqdır.
Tələbə müəllimdə daşlaşmış stereotipləri deyil, ondakı dinamik təfəkkürü qiymətləndirir. Tələbə ilk operativ reaksiyanı, ilk mesajını müəllimindən almaq istəyir. Tələbələrin bu ehtiyaclarının doğru anlaşılması və sürətlə dəyişən tələblərə elastik adaptasiya müasir dövrün əsas tələblərindən biridir.
Tələbələr tərəfindən sevilmək üçün ilk olaraq onları sevmək və xoş rəftarın olması vacibdir. Onlara öz övladımız, doğmalarımız kimi yanaşmamız lazımdır. Bəzən onları xoşagəlməz davranışlardan çəkindirmək üçün ötkəm müəllim sözünə də ehtiyac var.
Tələbə müəllimin onlarla birgə müzakirə olunaraq qəbul etdiklərini sevər. Müəllimin tələbəyə çatdırmaq istədikləri daşlaşmış həqiqət olsa da belə o, həmin müəllimin məhsuludur. Tələbələrdə özünəməxsusluq aşılanmalı, onlar gedilməyən cığırların açılmasına həvəsləndirilməlidir.
Müəllim yalnız əvvəlcədən yazdığı mühazirə mətnləri əsasında dərs keçməyi özü üçün meyar hesab etməməlidir. Hər gün dərsdən bir neçə saat əvvəl artıq ölkədə və dünyada baş verən proseslərlə bağlı yeni informasiyalarla tanış olmalı, bu işi isə illərin vərdişinə çevirməlidir. Çünki müəllimlər tələbələrinin əldə etmək istədiyi informasiyada ilk mənbə olmalıdır.
Müəllimlik bir peşə olaraq sabit nöqtədə durmanı və keçmişin yükü ilə yaşamağı inkar edir. Daim çalışqanlıq və davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillər sayıla bilər.
Müəllim böyük bir qüvvədir. Hər bir ziyalı insanın həyatında müəllimlərin böyük rolu və əməli var. Hazırda müəllimlik peşəsinə sahiblənənlər çoxdur. Müəllimlik peşəsi çətin olmaqla yanaşı, həm də şərəfli və xeyirxah peşədir. Bu peşə fəaliyyəti prosesində müəllim tələbələrə bilik, bacarıq, tərbiyə, elmlərin əsasını öyrədir. Müəllim şəxsiyyəti lazım olduğu qədər formalaşmazsa, cəmiyyətin onun qarşısına qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Çünki müəllim gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Pedaqoji səriştəsi yüksək olan müəllim pedaqoji fəaliyyətində müxtəlif xarakterli tələbələrlə qarşılaşacağını əvvəlcədən müəyyənləşdirərək onların heç birini diqqətdən kənarda saxlamamağa çalışır, hər birinin fərdi xüsusiyyətinə dərindən bələd olmağı gələcək dərslərinin yüksək səviyyədə təşkilinin əsas arqumenti hesab edir. Bu isə müəllimdən səbr, təmkin, pedaqoji ünsiyyətin qayda-qanunlarına bələd olmaq, bacarıq və ali mədəniyyət tələb edir. Bu mənada ali məktəb müəllimi mərhəməti, dözümlülüyü, vicdanı, məsuliyyəti, vətənpərvərliyi, eləcə də mehriban və yüksək mədəniyyətə malik olmaq kimi insani keyfiyyətləri ilə səciyyələnir.
Müəllimin təvazökarlığı, özünə qarşı tələbkarlığı
Tələbə şəxsiyyətinin formalaşmasında müəllimin təvazökarlığı və özünə qarşı tələbkarlığı da mühüm rol oynayır. Bu isə əsl müəllim üçün xarakterik haldır. Həmçinin müəllim tədris ili müddətində tələbənin fəaliyyətinə tələbkar olmalı, eyni zamanda onun fikirlərinə hörmətlə yanaşmalı, bir şəxsiyyət kimi inkişafına kömək etməli və bu münasibətləri hər zaman eyni səviyyədə aparmağı bacarmalıdır.
Burada S.Makarenkonun bir fikrini qeyd etmək yerinə düşər: “Pedaqoji ustalıq peşədir və onu öyrənmək lazımdır. Ustalığın mahiyyəti isə müəllimin təşkilatçılıq qabiliyyətindədir”.
Əsl tədqiqatçılığı öyrədən bələdçi
Ali məktəblər tələbələrə yalnız informasiyanın ötürüldüyü tədris müəssisələri deyildir, həm də onlara biliklərin müstəqil qazanılması üçün istiqamətlərin verildiyi ali təhsil ocaqlarıdır. Tələbələrə ən vacib təlim materialını öyrətməklə müəllim həm də dərs prosesində tələbəyə qanunauyğunluqları üzə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı, nəticə çıxara bilməyi və əsl tədqiqatçı olmağı öyrətmək yolunda bələdçi olmalıdır.
Ali məktəbdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq mövqeyinə üstünlük verməli, rəftarında, səmimiyyətində ideal müəllim səviyyəsini qorumalıdırlar. Ümumiyyətlə, öz işinin ustası olan müəllim tələbəni təlim fəaliyyətinə cəlb etməyi bacarmalı, ona tədris etdiyi fənni sevdirməklə öyrənməyə sövq etməyin səmərəli yollarının axtarışında olmalıdır.
Vaqif MAHMUDOV,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim,
Zenfira SEYİDOVA,
ADPU-nun Elmi-təşkilati şöbəsinin mütəxəssisi