· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Beynəlxalq Müəllim Günü qeyd olundu

 

Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirildi.  Tədbirdən öncə Təhsil Nazirliyinin, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi.

 

Tədbiri açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov peşə bayramı münasibətilə müəllimləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər, bu çətin və şərəfli işdə böyük uğurlar arzuladı.

Son illər ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirən nazir bunun əsasının təhsilə və təhsil sahəsində çalışanlara daim xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, onun məktəb, müəllim, dərslik, kitab və s. haqqında dediyi fikirlərin indi xalqımızın dilində aforizmə çevrildiyini qeyd etdi.

Misir Mərdanov ulu öndərimizin müdrik siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyərək bu mərasimdə iştirak edən təhsil işçilərinin təltif olunması haqqındakı son sərəncamları da məhz müvafiq sahəyə yetirilən xüsusi diqqətin növbəti təzahürü kimi dəyərləndirdi.

Təhsil naziri diqqətə çatdırdı ki, dövlət  başçısının sərəncamları ilə son illər pedaqoji fəaliyyət göstərən 1300-dək müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə, fəxri ad və mükafatlara layiq görülüb. Təkcə  2008-2009-cu dərs ilində 247 təhsil işçisi bu şərəfə nail olub.

ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hazırda ölkəmizdə təhsilin bütün sahələrinin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayan nazir Misir Mərdanov təhsil sistemində əsaslı infrastruktur dəyişikliklərinin baş verdiyini, inkişafyönümlü proqram və layihələrin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələlər üzrə çox böyük işlərin görüldüyünü bildirdi. Qeyd olundu ki, təhsil sahəsində islahatların ən mühüm istiqamətlərindən biri olan yeni məktəb tikintisi geniş vüsət almış, 2008-2009-cu illərdə Dövlət Proqramı çərçivəsində 44176 yerlik 152 yeni məktəb binası tikilmiş, 36 məktəbdə 14600 şagird yerlik əlavə korpus inşa edilmişdir. Bu işlər kənd yerlərində də çox böyük uğurla davam etdirilmiş və müasir tipli məktəb binaları tikilərək uşaqların istifadəsinə verilmişdir.

Nazir məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun xüsusi rolundan, Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən söz açdı. Son illər Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbinin tikilib istifadəyə verildiyi, əsaslı təmir və bərpa olunduğu, müasir avadanlıqlarla təchiz edildiyi, təkcə 2009-cu ildə Fondun dəstəyi ilə 600 şagird yerlik 6 yeni məktəb binasının inşa olunduğu bildirildi.

Azərbaycan təhsilinin inkişafı naminə görülən bu işlərin gələcəkdə də böyük uğurla davam edəcəyinə əminliyini ifadə edən Misir Mərdanov bildirdi ki, əldə olunan nailiyyətlərə baxmayaraq, arxayınlaşmağa heç kəsin haqqı yoxdur, çünki qarşıda daha çətin və məsul vəzifələr durur. Təhsilin hər bir sahəsində görülən işlərdən daha artıq problemlər mövcuddur. Bu, çox təbii haldır. Dünyanın elə bir ölkəsi yoxdur ki, onun təhsil sistemində müəyyən nöqsanlar  olmasın. Lakin bu ölkələrin heç birində həmin problemlərin aradan qaldırılması təkcə dövlətin öhdəsinə düşmür və digər qurumların vasitəsilə qanuni yolla həll edilir. İndi respublikamızın ümumtəhsil məktəblərində dünya ölkələrinin təcrübəsi əsasında Valideyn-Müəllim assosiasiyalarının yaradıldığını deyən nazir bu işdə obyektivlik və şəffaflığın gözlənilməsinin zəruri olduğunu vurğuladı.

çıxışına davam edən təhsil naziri məlumat verdi ki, 5 oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən 72 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi", 2 nəfər "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adlarına, 58 nəfər isə "Tərəqqi" medalına layiq görülüb.

Təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkənin bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirən Misir Mərdanov bu mükafatların, ümumiyyətlə Azərbaycan təhsilinə və Azərbaycan müəllimlərinin fədakar əməyinə verilən qiymət olduğunu dedi. Təhsil işçilərinə möhtərəm Prezidentimizin etimadını doğruldaraq öz işlərinə daha məsuliyyətlə yanaşmağı, pedaqoji fəaliyyətlərində daha böyük uğurlar qazanmağı arzuladı.

Mərasimin sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsil işçilərinə verilən fəxri adların və medalların təqdimatı oldu. Təltif olunanlar təhsil naziri Misir Mərdanovla xatirə şəkli çəkdirdilər.

 

Hicran ƏKBƏROVA