· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Elektron məktəb" layihəsinin tətbiq olunması barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş  Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin  icrası  məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. "Elektron məktəb"in nümunəvi modeli təsdiq edilsin.

2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):

2.1. Təhsil müəssisəsinin vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan "Elektron məktəb" modelinin strukturunun, iştirakçılarının, proqram-texniki təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən edilməsi və pilot olaraq seçilmiş təhsil müəssisələrində "Elektron məktəb" layihəsinin tətbiq edilməsini  təmin etsin.

2.2. Müvafiq təhsil şöbələri ilə birgə "Elektron məktəb" sisteminə qoşulan təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılması və idarəedilməsinə nəzarət üzrə məsul şəxslərin təyin edilməsini təmin etsin.

2.3. "Elektron məktəb" sisteminə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk, proyektor, interaktiv lövhə və s.)  və proqram təminatı ilə təchiz olunmasını təmin etsin.

2.4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə "Elektron məktəb" sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının  artırılması üçün tədbirlər görsün və  əlavə  kursların  təşkil  olunmasını   təmin etsin.

2.5. "Elektron məktəb" sisteminə qoşulan pilot məktəblərdə yüksəksürətli fiberoptik İnternet və İntranet bağlantılarını təmin etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Elektron məktəb" layihəsini tətbiq etmək üçün seçilmiş 20 pilot məktəbin siyahısı təsdiq edilsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Sumqayıt Şəhər Təhsil Şöbəsinə tapşırılsın ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında "Elektron məktəb" layihəsinə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi kömək göstərilməsi və şərait yaradılması, bu təhsil müəssisələrində çalışan kadrların (pedaqoji, inzibati,  texniki və s.) layihədə fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsini  təmin etsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri" məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

5 oktyabr 2009-cu il

 

 

 

 

 

 

"Təbiət bizim sərvətimizdir" məktəblilərin

respublika müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. 2009-2010-cu tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Təbiət bizim sərvətimizdir" mövzusunda respublika rəsm və fotomüsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müsabiqənin yerlərdə lazımi səviyyədə keçirilməsini, qaliblərin yaradıcılıq işlərini vaxtında Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (Ş. Əliyev) müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1000 (min) manat vəsait ayrılmasını təmin etsin.

6. ümumi şöbə (İ.Mirzəyev) müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

6 oktyabr 2009-cu il

 

 

 

 

 

 

Peşə  təhsili  müəssisələri  üçün  tədris 

planlarının  təsdiq  edilməsi  haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Peşə  təhsili  müəssisələri  üçün  tədris  planlarının  təsdiq  edilməsi  haqqında "Azərbaycan  Respublikasında peşə  məktəbi  və  peşə  liseylərinin  5 günlük  iş  həftəsinə  keçməsi,  imtahanların  təşkili və  keçirilməsi qaydaları  haqqında təlimatın  və  nümunəvi  tədris  planlarının  təsdiq  edilməsi  barədə"  Təhsil  Nazirliyinin  01  iyul  2008-ci  il  tarixli,  840  nömrəli  əmrinin  icrasını  təmin  etmək  məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Peşə  təhsili  müəssisələrində   kadrların  hazırlanması   üçün  ixtisaslar  üzrə  tədris  planları  təsdiq  edilsin.

2. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov)  və  Təhsil  Problemləri İnstitutu  (A.Mehrabov):

2.1. Tədris planlarının peşə təhsili müəssisələrinə çatdırılması məsələsini həll  etsinlər.

2.2.  Tədris  planlarının  tətbiqi  ilə  əlaqədar  peşə   təhsili  müəssisələrinə  əməli  kömək  göstərsinlər.

3. Respublikanın  peşə  təhsili  müəssisələrinin  direktorları rəhbərlik etdikləri təhsil müəssisələrində  yeni  tədris  planlarının tətbiqini təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)  əmrin  "Azərbaycan  müəllimi" qəzetində, "Sənətkar"  jurnalında  və  "Təhsil  xəbərləri"  məcmuəsində  dərc  olunmasını  təmin  etsin.

5. ümumi  şöbə  (İ.Mirzəyev)  əmrin peşə  təhsili  müəssisələrinə  çatdırılmasını  təmin etsin.

6. Əmrin  icrasına  nəzarət  nazir  müavini  İ.İsgəndərova  həvalə  edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

6 oktyabr 2009-cu il