|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bərdədə daha bir məktəb binası istifadəyə verildi
Bərdə rayonundakı Kətəlparaq kəndində dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binası tikilib istifadəyə verildi. Müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş 3 mərtəbədən ibarət bu təhsil ocağı 640 şagird üçün nəzərdə tutulub. Açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov, rayonun idarə və müəssisə rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları və qabaqcıl müəllimlər iştirak edirdilər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İ.Ağayev bütün təhsil işçilərini və tədbir iştirakçılarını yeni məktəbin açılışı münasibətilə təbrik edərək, son illər ölkəmizdə təhsilin inkişafını və yeni məktəblərin tikintisinin geniş vüsət aldığını təqdirəlayiq hal kimi qiymətləndirdi. ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açan natiq bu sahədə qazanılan uğurların gündən-günə artdığını söylədi. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini E.Qasımov kənd ictimaiyyətinin sevincinə şərik olduğunu bildirərək, görülən bütün bu işlərin təhsilimizin inkişafına böyük təkan verəcəyini vurğuladı. Mərasimin sonunda çıxış edən məktəbin direktoru F.İsmayılov qonaqları salamlayaraq belə bir şəraitin yaradılmasına görə dövlət başçısına kollektiv adından xüsusi minnətdarlığını bildirdi.
Niyazi RƏHİMOV
Yeni məktəblərimiz
Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda təhsil müəssisələrinin tikintisi və əsaslı yenidənqurma işləri uğurla davam etdirilir. Növbəti yeni məktəb Abşeron rayonunun Masazır kəndində istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilmiş Masazır kənd 3 nömrəli orta məktəbi yeni dərs ilindən fəaliyyətə başlayıb. Təhsil ocağının rəhbəri Aida Almuradova bildirdi ki, ikimərtəbəli məktəb 500 şagird yerlikdir. Hazırda burada 400-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur. Əsasən gənclərdən ibarət müəllimlərin işə qəbulu seçim üsulu ilə aparılıb. Təhsilin keyfiyyətli təşkili üçün lazımi şəraitin yaradıldığı məktəbdə 31 sinif otağı, kimya, fizika, biologiya və informatika üzrə fənn kabinetləri, laboratoriyalar, akt zalı, 20 ədəd kompüter, kitabxana, bufet, idman meydançaları şagirdlərin ixtiyarına verilib. Məktəbin ərazisində abadlıq işləri aparılıb, oturacaqlar qoyulub, kölgəliklər tikilib və fəvvarə qurulub. Həyətyanı sahədə ümummilli lider Heydər Əliyevə həsr edilmiş xatirə kompleksi xüsusi zövqlə inşa edilib. Ərazidə müasir tipli üzgüçülük hovuzu və istilik sistemi yaradılır, həmçinin uşaq bağçası və musiqi məktəbinin bünövrəsi qoyulur. Heydər Əliyev Fondunun hesabına məktəbə elektron dərsliklər, ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablar və digər vəsaitlər, Təhsil Nazirliyi tərəfindən isə inventar və müxtəlif ləvazimatlar təqdim edilib. Məktəbin pedaqoji kollektivi göstərilən dövlət qayğısına görə ölkə rəhbəri İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, təhsil naziri Misir Mərdanova və xeyriyyəçi Hacı Məhərrəm Novruzova xüsusi minnətdarlığını bildirir.
Fazil İDRİSOĞLU, foto müəllifindir
|