· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Dünya universitetləri

Prinston Universiteti

 

Yerləşir                 Prinston şəhəri, Nyu-Cersi ştatı,   ABŞ

Yaranma tarixi      1746

Tipi                      özəl

Prezidenti             Şirli M. Tilqman

İşçi heyəti             1103 nəfər

Tələbələrin sayı    7334 nəfər

Aspirantların sayı   2416 nəfər

Rəsmi saytı           www.princeton.edu

 

 

Prinston Universiteti (Princeton University) ABŞ-ın ən qədim və tanınmış universitetlərindən biridir. Prinston şəhərində, Nyu-Cersi ştatında yerləşən və məşhur Sarmaşıq liqasının səkkiz ali məktəbindən biri olan bu universitet 2001-2008-ci illərdə "News and World Report" (USNWR) jurnalı tərəfindən aparılan araşdırmalara əsasən ABŞ-ın ən yaxşı universiteti seçilib. Prinston Universitetinin tələbəsi olmaq dünyanın müxtəlif ölkələrinin gənclərinin ən böyük arzusudur.

 

Tarixi

 

Prinston Universitetinin tarixi 22 oktyabr 1746-cı ildə Britaniya müstəmləkəsinin Qanunverici Şurası tərəfindən kral II Heorqun adından bir qrup pastora (protestant keşişi) kollec yaratmaları üçün icazə kağızı verilməsi ilə başlayıb. Nyu-Cersi Kolleci adı ilə fəaliyyətə başlayan təhsil ocağı Harvarddan, William və Marry, Yel kolleclərindən sonra Şimali Amerikada yaranmış dördüncü kollecdir. Kollec protestantlar tərəfindən yaradılmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri təhsil ala bilirdilər. Həmin dövrdəki təhsil ocaqları üçün bu cür dinə dözümlülük  fenomenal hal hesab olunurdu. Lakin burada dini istiqamət daha güclü idi. Bu, kollecin şüarında da öz əksini tapırdı: "Allahın izni ilə çiçəklənir".

İlk vaxtlar kollec Elizabet şəhərində Conatan Dikkinsonun evində yerləşirdi və burada cəmi doqquz tələbə təhsil alırdı. 1747-ci ildə kollec Nyuark şəhərində pastor Aaron Berrin himayəsinə keçdi və Berr kollecin prezidenti oldu. 1756-cı ildə o, təhsil müəssisəsinin Prinston şəhərinə köçürülməsinə nail oldu. Böyük Britaniyadan yığılan ianə hesabına tələbə və müəllimlər üçün xüsusi bina tikildi, binaya Nossau-Holl adı verildi. Hazırda bu tikili memarlıq abidəsinə çevrilib.

Prinston Amerika inqilabında böyük rol oynayıb. Amerikanın müstəqillik haqqında Deklarasiyasının altında onun rektoru Con Uizerspunun imzası durur. Konstitusiya konventi iştirakçılarının əksəriyyəti Prinstonun məzunları olub və onlar 1799-cu ildə yekdilliklə ABŞ-ın yeni Konstitusiyasının yaranmasına səs veriblər.

 1783-cü ildə Prinstonda tələbələrin təntənəli qəbulu mərasimində Corc Vaşinqton daxil olmaqla, bütün konqres üzvləri iştirak ediblər. Konqres üzvlərinin çoxu bu universitetin məzunları olub.

İdman Amerika tələbələrinin həyatında böyük rol oynadığından Prinstonda da həmin ənənə davam edir. Burada ilk idman zalı 1859-cu ildə tikilib. XIX əsrin 60-cı illərindən başlayaraq kollecin tələbələri narıncı rəngdə (kral III Uilyamın  mənsub olduğu Nossau-Oran sülaləsinin rəngi)  idman formaları geyindilər, köynəklərindəki nömrələr isə qara rəngdə idi. Bu ənənə indiyədək davam edir. Beləliklə, 1896-cı ildə narıncı və qara rənglər Prinston Universitetinin rəsmi rəngi seçildi.

Narıncı-qara rənglərin qarışığı pələng dərisini xatırladır.  Elə bu səbəbdən də Prinstonun idman komandalarının adı "Pələnglər"dir. 1882-ci ildən universitetin yuxarı kurs tələbələri "The Princeton Tiger" ("Prinstonun pələngləri") adlı yumoristik jurnal dərc etməyə başlayıblar.

XIX əsrin 70-ci illərində Prinstonun hərtərəfli uğurları onu Harvard və Yel universitetləri ilə bir səviyyəyə qaldırdı. 1877-ci ildə burada magistratura yaradıldı, 1896-cı ildə isə Prinstona universitet statusu verildi.

1874-cü ildə Prinstonun məzunu olmuş və ABŞ-ın gələcək prezidenti Tomas Vudro Vilson 1902-ci ildə universitetə rektor seçildi. O, universitet üçün  yeni şüar tərtib  etdi: "Prinston - dövlətə xidmət üçün, kilsəyə yox!". Vilson, eyni zamanda tədris proqramlarını  ümumi təhsil (ilk 2 il ərzində) və ixtisaslaşdırılmış  (əlavə 2 il) hissələrə bölərək təkmilləşdirdi. Onun rəhbərliyi zamanı (1902-1910-cu illər) magistrantların  hazırlığı üçün yeni kollec tikildi, fakültələrin sayı artırıldı, humanitar istiqamətli kafedralar yaradıldı və əlavə yataqxanalar tikildi. Lakin Vilson aspirantların təhsilini axıra qədər təşkil edə bilmədi, bu işi onun yerinə başqaları həyata keçirdilər. Rektor əvvəlcə ştatın qubernatoru, sonradan isə ölkənin prezidenti seçkilərində öz namizədliyini irəli sürmək üçün universiteti tərk etdi. 1969-cu ildə ilk dəfə olaraq  universitetə qızlar qəbul olundular. Hazırda qadın tələbələrin kişi tələbələrlə nisbəti 52:40-dır.

 

Universitet bu gün

 

Yarım əsr bir binada fəaliyyət göstərdikdən sonra Prinston Universitetində sürətlə tikinti işləri aparılaraq ərazisi genişlənməyə başlayıb. Hazırda universitetin kampusunda və oradan  kənarda 160-dan çox müxtəlif tikililər - tədris korpusları, elmi-tədqiqat  laboratoriyaları, kitabxanalar, çoxsaylı yataqxanalar,  muzeylər,  idman zalları,  stadionlar,  kilsə və s. mövcuddur.  Universitetin strukturları Benjamin Latrob, Ralf Adams Kram, McKim, Med və Uayt, Robert Venturi və Nik Yeger kimi məşhur memarlar tərəfindən hazırlanıb.

Prinstonun tərkibinə texniki və tətbiqi elmlər məktəbləri, inşaat və şəhərqurma, ictimai və beynəlxalq əlaqələr, astrofizika elmləri bölmələri, biologiya, kimya, iqtisadiyyat, fəlsəfə, siyasət, sosiologiya, psixologiya, ilahiyyat, roman dilləri və ədəbiyyatı, german dilləri və ədəbiyyatı, bədən tərbiyəsi və digər fakültələr, eləcə də C. Forretstol adına elmi-tədqiqat mərkəzi (aeronavtika, kosmik tədqiqatlar, texniki elmlər, plazma fizikası laboratoriyaları bölmələri mövcuddur) daxildir. Aparıcı yerli Makkarter Teatrı, bədii təsvir və təbii tarix muzeyləri də universitetin strukturuna daxildir. Universitetin kitabxanalarında 6 milyon cilddən çox kitab var. Ən böyük kitabxana 4 milyondan çox kitabı olan Firestone kitabxanasıdır. 2007-ci ilin fevralından Prinston Universiteti Google beynəlxalq axtarış şəbəkə sisteminə qoşulub. Prinston həmçinin super kompüter sisteminə malikdir. "Orangena" adlı bu EHM (IBM)  kompüter sistemi 2005-ci ildə dünyanın ən sürətli 79 super kompüter sistemi seçilib.          

Prinston Universitetinin pedaqoji heyəti yüksək səviyyədə ixtisaslaşıb. Bütün müəllimlər tədqiqat işi ilə məşğuldur və bura çoxsaylı tələbə cəlb edilir.

Amerikanın özəl təhsil sistemi öz məqsədlərinə nail olmağına görə unikaldır, belə ki, ictimai və özəl resursların kombinasiyasından ibarətdir. On milyon dollar təşkil edən çoxsaylı  donor  yatırımları universitetin  maliyyə müstəqilliyini təmin edir, sərbəst tədris proqramlarının, kadr potensialının seçiminə yardım göstərir, tikinti məsələlərinin həllində kömək edir. Hazırda Prinston Universitetinin kapitalı 3 milyard dollar təşkil edir, bu da ABŞ-da Harvard və Texas  Universitetlərindən sonra 3-cü yerə sahib olmaq deməkdir.

 

Tədris prosesi

 

Prinstona qəbul çox çətindir, abituriyentdən yüksək bilik tələb olunur. Universitet  üçün ideal namizəd dərin baza hazırlığına, yüksək nəticələr əldə etmək məqsədilə marağa, bacarığa və s. keyfiyyətlərə malik olmalı, ən azı bir xarici dil bilməlidir.  Universitetdə  dərslər sentyabrda başlayır və iyunda bitir. Təhsil müddəti 4 il, 8 semestrdən ibarətdir. Təhsil müddətində tələbə bir semestr ərzində keçilən 30 fənni mənimsəməlidir. Təhsilin 1-ci və 2-ci illərində  tələbələr  baza bilikləri əldə edir, 3-cü və 4-cü illərində isə intensiv ixtisas proqramlarını öyrənirlər. Tədris planı hər bir tələbənin maraq və həvəsini, universitetin tələblərini nəzərə alaraq fərdi  formada təşkil olunur. Prinston Universitetinin tədris prosesində "preseptorial" və ya rəhbərlik prinsipi əsas yer tutur, xüsusilə  bu forma humanitar və sosial elmlərin öyrədilməsində istifadə olunur və mühazirə dərslərilə tamamlanır. Belə tədris kiçik qruplarda nizamnamə dərslərini xatırladır. Tədris prosesi universitetdə individual fənn planları və elmi-tədqiqat işləri ilə bərabər təşkil olunub.

Tələbələr 4 sahəyə aid olan iki fənni öyrənməlidirlər: dəqiq elmlər, ictimai elmlər, incəsənət və ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat. 1-ci kursun proqramı tələbələrdə savadın yüksəldilməsi və sərbəst düşüncə bacarığının inkişaf etdirilməsi üçün "İnşa"  fənninin öyrədilməsini nəzərdə tutur.  Təhsil planı elmi təhlil elementinə malik işlərin və diplom işinin yazılmasını nəzərdə tutur. Hazırlığın keyfiyyəti test və imtahanların köməyi ilə yoxlanılır. Maraqlıdır ki, Prinston Universitetində bütün yazılı imtahanlar "vicdan sistemi" ilə aparılır: tələbələr vicdanla imtahan verməyə söz verirlər, bunun üçün də müəllim imtahanın gedişinə nəzarət etmir. O, sadəcə imtahan vərəqlərini paylayır, suallara cavablar verir və auditoriyanı tərk edir, sonda isə vərəqləri toplamaq üçün qayıdır. Hər bir tələbə işini imzalayarkən yazır: "Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam".

İncəsənət bakalavr dərəcəsini aldıqdan sonra məzun müəyyən departamentdə doktoranturada (aspiranturada) qala bilər. 4-5 illik təhsildən sonra fəlsəfə doktoru dərəcəsi verilir. İlk 2 ildə aspirantlar diplomdan sonra 3-4 kurs təhsil alır və ümumi imtahan verirlər, sonda onlar magistr dərəcəsi alırlar. Əlavə 2-3 il dissertasiya hazırlığına həsr olunur. Bunun üçün  xüsusi komitənin razılığı olmalıdır, yalnız belə olan halda namizəd fəlsəfə doktoru dərəcəsi almaq üçün  müdafiəyə buraxılır. 

 

Prinston Universitetinin məşhur məzunları

 

Mübaliğəsiz demək olar ki, Prinston Universiteti Amerikanın milli fəxridir. Cek Qourmanın "Milli təhsil standartları" adlı müstəqil reytinqinə əsasən Prinston Universiteti mühəndislik  fizikası, riyaziyyatı, fəlsəfəsi və s. istiqamətləri üzrə ABŞ-ın ən yaxşı universiteti olub. Bu universitetin məzunları arasında  Amerikanın bir neçə prezidenti  və 30 Nobel mükafatı laureatı var: fizika üzrə Nobel mükafatçısı  Albert Eynşteyn burada işləyib və mühazirələr oxuyub. ABŞ-ın iki prezidenti - Ceyms Medison (1771) və Vudro Vilson (1874), hazırkı prezident Barak Obamanın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Mişel Obama, keçmiş dövlət katibləri Corc Şuls və Ceyms Beyker, sabiq müdafiə naziri Donald Ramsfeld, yüzdən artıq senator, konqresmen, 44 qubernator, X-effektlilik konsepsiyasının təməlini qoymuş  Amerika iqtisadçısı Harvi Leybenstayn, Fildsov mükafatı laureatı olmuş Amerika riyaziyyatçısı Con Milnor, iqtisadiyyat üzrə Nobel  mükafatçısı  Con Neş, diaqramın yaranması, elementar hissəciklərin çevrilməsinin təsvirinə görə fizika üzrə Nobel  mükafatı  laureatı Riçard Feynman, Hollun kəsr kvant effektinin ixtirasına görə fizika üzrə Nobel  mükafatçısı Daniel Sui,  süni intellekt sahəsində uğurlarına görə Tyurinq  mükafatçısı olmuş amerikalı alim Con McKarti, aktyor Uentuort Miller, Böyük Ferm nəzəriyyəsinin ixtiraçısı Endryu Uayls, "Kompton effektinin" yaradıcısı Artur Kompton, filosof, yazıçı, mədəniyyətşünas Kvame Entoni Appia, Stalin haqqında kitab yazmış Robert Taker və Buxarin haqqında siyasi bioqrafiyanın müəllifi Stiven Koen, yazıçı Nina  Nikolayevna Berberova Prinston Universitetinin məşhur məzunlarındandırlar. Con Markoninin, Aleksandr Bellin, Enriko Ferminin, Robert Oppenqeymerin adları bu təhsil ocağı ilə bağlıdır.

XX əsrin ikinci yarısından Prinston Universitetinin Vilson tərəfindən tərtib edilmiş qeyri-rəsmi şüarı dəyişdirilərək belə səslənir:  "öz xalqımıza  və bütün xalqlara xidmət üçün!". Prinston  Universiteti bu sözləri öz fəaliyyəti ilə təsdiqləyərək bütün dünyanın ən böyük və nüfuzlu beynəlxalq tədris mərkəzlərindən birinə çevrilib.

 

 Hazırladılar:

Lamiyə ƏLİYEVA,

Dilruba BAYRAMOVA