|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Beynəlxalq əlaqələr genişlənir
Bu yaxınlarda Ukrayna Respublikasında (Kiyev vilayəti, Belaya çerkov şəhəri) adıçəkilən ölkənin, Azərbaycan, Belarus və Rusiyanın müvafiq ali məktəbləri ilə birgə təşkil etdikləri "Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər" mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbiri Kiyev Vilayət Diplomdansonrakı Təhsil İnstitutu, Ukrayna Pedaqoji Elmlər Akademiyasının Təhsil Menecerləri Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Belarus Respublikası Təhsil Nazirliyinin Milli Təhsil İnstitutu, Minsk Vilayət Təhsilin İnkişafı İnstitutu, Qomel Vilayət Təhsilin İnkişafı İnstitutu, Moskva Vilayət Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası təşkil etmişdilər. Azərbaycan tərəfdən konfransın təşkilat komitəsinin rəhbəri - Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ZAMANOV əməkdaşımızla söhbətində demşdir:
- Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa görə əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olaraq hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Məqsəd insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsidir. Hesab edirəm ki, təhsilin bu sahəsinin məntiqə söykənərək elmi əsaslarla inkişaf etdirilməsi üçün xarici ölkələrin yüksək səviyyəli mütəxəssisləri ilə problemlərin birgə müzakirəsinə və həlli yollarının müəyyənləşdirilməsinə böyük ehtiyac var. Bunun vasitələrindən biri beynəlxalq elmi konfransların keçirilməsidir. Belə tədbirlərin təşkili üçün ölkəmizin rəhbərliyi tərəfindən böyük imkanlar yaradılır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir. Beynəlxalq konfransın təşkili və keçirilməsi də həmin uğurlu siyasətin nəticələrindən biridir. Konfransda hazırkı dəyişikliklər şəraitində diplomdansonrakı pedaqoji təhsil sisteminin modernləşdirilməsi, təhsil sistemində ixtisasartırmanın perspektivləri, ixtisasartırma institutlarının pedaqoqların professional inkişafında rolu, müasir informasiya məkanında (mühitində) təhsil prosesinin optimallaşdırılması, təhsil sisteminin psixoloji xidmət fəaliyyətinin təşkilati - idarəetmə modeli, qloballaşma prosesinin müasir diplomdansonrakı pedaqoji təhsilin məzmununa və metodologiyasına təsiri, informasiya-kommunikasiya texnologiyalarının pedaqoji kadrların professional inkişafında rolu və digər vacib məsələlərə dair həm plenar iclaslarda, həm də bölmə iclaslarında geniş məruzələr dinlənildi, müzakirələr aparıldı. Hesab edirəm ki, təşkilatçı ali məktəblərin rektorlarının, prorektorlarının, alim və mütəxəssislərinin sanballı məruzələri konfrans iştirakçılarını tam razı saldı. Ukraynanın Elm və Təhsil Nazirliyinin, Kiyev Vilayətinin rəhbərlərinin, adıçəkilən ölkələrin, o cümlədən Azərbaycan səfirliklərinin rəsmi şəxslərinin konfransda iştirakı bu beynəlxalq tədbiri daha da mənalandırırdı. Konfrans ərəfəsində biz Moskva Vilayət Diplomdansonrakı Təhsil Akademiyası, Rusiya Federasiyası İvanovsk Vilayət Təhsilin İnkişafı İnstitutu, Belarusun Qomel Vilayət Təhsilin İnkişafı İnstitutu ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilələrin də layihələrini razılaşdırdıq. Yaxın vaxtlarda həmin müqavilələrin imzalanma mərasimi keçiriləcəkdir. Biz, konfrans iştirakçıları Kiyev vilayətinin bir neçə ümumtəhsil məktəbində tədris prosesinin gedişi, həmçinin məktəblərin maddi-texniki bazası ilə yaxından tanış olduq. Qeyd edim ki, ukraynalı həmkarlarım Kiyev vilayətində yenicə tikilib istifadəyə verilmiş məktəbi böyük məmnuniyyətlə bizə təqdim etdikdə mən həmkarlarımı son altı ildə Azərbaycanda müasir tələblərə cavab verən 1800-ə qədər yeni məktəbin tikilib istifadəyə verilməsi ilə məlumatlandırdım. Onlar bu işə çox yüksək qiymət versələr də, təəccüblərini gizlədə bilmədilər. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Yeri gəlmişkən qeyd edim ki, diplomdansonrakı təhsilin problemlərinə həsr edilmiş ilk beynəlxalq konfransı bizim institut adıçəkilən ölkələrin müvafiq institutları ilə 2008-ci ilin noyabrında Bakı şəhərində təşkil etdik və yüksək səviyyədə keçirdik. Bəli, diplomdansonrakı təhsilin, o cümlədən ixtisasartırmanın problemləri barədə elmi müzakirələr aparılması məsələnin həlli yollarının tapılması, təhislin keyfiyyətinin yüksəlməsi üçün əhəmiyyətli rol oynaya bilər. 2008-ci ildən yeni strukturla fəaliyyət göstərən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kadr potensialının, xüsusilə də elmi-pedaqoji kadr potensialının formalaşması üçün bütün imkanlardan istifadə edirik. Əminəm ki, kafedraların, məqsədli aspiranturanın fəaliyyət göstərməsi, həmçinin alimlərin keyfiyyət tərkibinin yüksəlməsi, beynəlxalq əlaqələrin daha da genişlənməsi institutumuzun elm, təhsil və mədəniyyət mərkəzinə çevrilməsində əvəzsiz rol oynayacaqdır.
Ə.DAŞDƏMİRLİ
|