· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

 

Oktyabrın 6-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı işə başlamışdı.

 

Tədbirdə görkəmli alimin həyat yoldaşı, Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri iştirak edirdilər.

Konfrans iştirakçıları Aida İmanquliyevanın əsərlərindən ibarət sərgiyə, onun həyat və fəaliyyətini əks etdirən videogörüntülərə maraqla baxmışlar.

Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. Məlumat vermişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 132 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vurub, 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, ilk azərbaycanlı qadın şərqşünas elmlər doktoru idi. Aida xanım uzun illər Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur.

Natiq diqqətə çatdırmışdır ki, iki gün davam edəcək konfrans öz işini dörd bölmə iclasında davam etdirəcəkdir. Bu iclaslarda 100-dən çox maraqlı məruzə dinləniləcəkdir.

Akademik Vasim Məmmədəliyev "Görkəmli alim, bacarıqlı təşkilatçı, zərif qadın" mövzusunda məruzə etmişdir. Məruzəçi demişdir ki, bu günlər anadan olmasının 70 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Aida İmanquliyeva görkəmli ərəbşünas alim idi. Aida xanım aspiranturaya daxil oldu və Moskvaya ezam edildi. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirmiş, ərəb dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığının banisi professor Ələsgər Məmmədovdan öyrənmiş azərbaycanlı qızı Moskvaya mükəmməl elmi hazırlıqla getmişdi. Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız professor Rüstəm Əliyev idi. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti olaraq ərəb məhcər ədəbiyyatını seçdi. Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiyyatı, xüsusilə 1920-ci ildə təsis edilmiş "Qələmlər birliyi" ərəb ədəbiyyatı tarixində xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etdi, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirdi. O, öz istedadı və əməksevərliyi sayəsində qısa müddətdə keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrildi.

Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər.

Aida xanım haqlı olaraq göstərir ki, C.X.Cübran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onların dəyərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.

A.İmanquliyevanın fikrincə, yeni ərəb ədəbiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin yazıçıları öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həmçinin Şərq ölkələrinin milli ədəbiyyatlarında da davamçıları üçün yol açmışlar.

Akademik V.Məmmədəliyev vurğulamışdır ki, Aida İmanquliyevanın bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Aida İmanquliyeva həm də keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Bu gün 20-dən artıq ərəb ölkəsində yaranmış zəngin ədəbiyyatı araşdırıb onu ümumi bir tədqiqat məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya ərəbşünaslığı qarşısında duran ən çətin, ən ümdə problemlərdəndir. Mübaliğəsiz demək olar ki, Aida xanım bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, ən mötəbər elmi vəsaitlərdəndir.

Aida xanımın bir sıra görkəmli ərəb yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcüməsi sahəsində də xidmətləri çoxdur.

Professor Aida İmanquliyeva çox az kimsəyə nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. Aida xanım 20 ildən artıq bir müddətdə BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından Azərbaycan və rus dillərində mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun yüksək səviyyəli bir lektor olduğunu qeyd edirlər. Aida xanımı həyatda görməyən indiki tələbələr isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən istifadə edib bəhrələnirlər.

Məruzəçi diqqətə çatdırmışdır ki, Aida xanım bütün bunların fövqündə gözəl bir həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah Taala Aidanı xoş saatında yaratmışdı. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, zəhmətkeşlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirindil, əliaçıqlıq, yüksək əxlaq bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçımızın, alimimizin və pedaqoqumuzun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli bir alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi.

Konfransda AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva "Böyük ziyalı, görkəmli alim, unudulmaz müəllim Aida İmanquliyeva" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqinə həsr edilmiş sanballı əsərlərin müəllifi, Qərb və rus ədəbiyyatının dərin bilicisi olduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, professor Aida İmanquliyeva elmi-ədəbi fəaliyyəti ilə Şərqi və Qərbi birləşdirən görkəmli alimlərdən biri olmuşdur. Onun əsərləri təkcə Azərbaycan və keçmiş Sovet İttifaqının deyil, bütövlükdə Qərb və dünya şərqşünaslığının qazandığı uğurlar səviyyəsində duran və indi də elmi əhəmiyyətini itirməyən araşdırmalardır. Aida xanımın tədqiq etdiyi Suriya-Amerika ədəbi məktəbi də məhz Şərq ilə Qərb ədəbi fikrinin sintezindən ibarət hadisədir. Qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, ölkə şərqşünaslığının elmi təşkilinə həsr etmiş, üç sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi olan Aida xanım müxtəlif nüfuzlu beynəlxalq konfranslarda şərqşünaslıq elmimizi ləyaqətlə təmsil etmişdir.

Natiq elmi yaradıcılığının çiçəkləndiyi bir zamanda həyatdan vaxtsız getmiş Aida xanımın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi zaman gördüyü işlərdən, təşkilatçılıq qabiliyyətindən danışmış, onun parlaq bir şəxsiyyət, tanınmış alim olduğunu bir daha diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Aida xanım İmanquliyevanı tanıyanlar, dərs dediyi tələbələr onun dərin biliyinin, mənəvi gözəlliyinin vurğunu idilər. Onun davranışı və rəftarı, mühazirələri tələbələrini heyran edirdi. Hər hərəkətində kübarlıq, nəciblik vardı. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Zahiri görünüş, ağıl, alicənablıq, nəciblik, özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz məhəbbət Aida xanım İmanquliyevanın insani keyfiyyətlərini səciyyələndirən əsas cəhətlər idi.

Tədbirdə öz şirin, unudulmaz xatirələrini bölüşən AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, filologiya elmləri namizədi Şərəf Cəlilli, BDU-nun 4-cü kurs tələbəsi, Aida İmanquliyeva adına təqaüdün sahibi İradə Əliyeva, professor Şulan Şirəliyev bildirmişlər ki, Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu xanımın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım öz yaradıcılığı ilə Şərqi Qərbə, Qərbi Şərqə qarşı qoymur, bu iki böyük region arasında ümumi cəhətlər tapmağa, onların yaxınlaşmasına yardımçı olmağa çalışırdı. Onun bu yöndəki fəaliyyəti xüsusən indiki qloballaşma, müxtəlif mədəniyyətlərin yaxınlaşması və inteqrasiyası əsrində yenidən aktuallıq kəsb etməyə başlamışdır. Hamıda xoş təəssürat oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə, xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə onu sevənlərin qəlbində özünə abidə qurmuşdur. Bu gün o, övladlarının, nəvələrinin ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində yaşayır.

Konfransın təşkilatçılarına ailələri adından təşəkkürünü bildirən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva demişdir ki, belə bir tədbirin keçirilməsi, ümumilikdə, Azərbaycan elminə verilən qiymətin göstəricisidir. N.Paşayeva diqqətə çatdırmışdır ki, gənc tələbələrimiz Aida İmanquliyevanı görə bilməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı Aida İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər.

Şərq ədəbiyyatı ilə məşğul olmaq insandan böyük duyum, hissiyyat tələb edir. Şərq elminin sirlərinə bələd olmaq istəyən hər bir alimdə, tədqiqatçıda həssas ürək olmalıdır. Aidə xanım da belə bir ürək sahibi idi. O, Şərqin böyük mütəfəkkirlərini bir alim kimi təkcə tədqiq etmirdi, həm də onları yaxından duyurdu. Aida xanım İmanquliyevanın 70 illik yubileyi ərəfəsində onun monoqrafiyaları, məqalələri bir çox dillərə tərcümə olunaraq çap edilmişdir. Eyni zamanda onun tədqiqata çəkdiyi Şərq alimlərinin əsərləri də Azərbaycan dilinə tərcümə olunaraq çap edilmişdir. Alimin 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda oktyabrın 9-dan 11-dək Bakıda keçiriləcək Beynəlxalq İbn Ərəbi simpoziumunda ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa ölkələrin aparıcı elm mərkəzlərindən dünyada tanınmış alimlərin iştirakı Şərq və Qərb sivilizasiyalarının dialoqu, qarşılıqlı təsiri və əlaqələri sahəsində Azərbaycan aliminin apardığı tədqiqatlara, göstərdiyi xidmətlərə, bütövlükdə zəngin irsinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycanda belə bir simpoziumun keçirilməsi şərqşünaslıq elmimizin inkişafına verəcəyi töhfələr və açacağı yeni imkanlar baxımından da çox əhəmiyyətlidir.

Günün ikinci yarısında konfrans işini bölmə iclaslarında davam etdirmişdir. İclaslarda "XX əsrin sonunda fars poeziyasının bəzi xüsusiyyətləri haqqında", "XX əsrin əvvəllərində fars dilindən bədii tərcümələr", "Əlif Şəfəqin roman yaradıcılığı", "Mövlanada ney", "Nəcəf Fazil Qısakürəyin səhnə əsərləri haqqında" və digər mövzularda məruzələr dinlənilmişdir.

***

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransı oktyabrın 7-də başa çatmışdır.

Bölmə iclaslarında davam edən konfransın ikinci günündə Azərbaycan alimlərinin "Müasir türk ədəbi dilində perifrastik fel formaları", "İslamın elmə və öyrənməyə verdiyi dəyər", "Azərbaycan şərqşünaslığında Aida İmanquliyevanın rolu", "Azərbaycan ərəbşünaslarının xilafət tarixinə dair tədqiqatları", "Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ulduzudur" və digər mövzularda məruzələri dinlənilmişdir.

Məruzələrdə vurğulanmışdır ki, Azərbaycan ərəbşünaslığının, ərəb ədəbiyyatının tədqiqi ilə bağlı öyrənilən mühüm sahələrdən biri də yeni dövr ərəb ədəbiyyatının araşdırılması məsələsi olmuşdur. Bu sahədə yazılmış dəyərli tədqiqat əsərləri arasında görkəmli ərəbşünas alim Aida İmanquliyevanın monoqrafiyaları, elmi-nəzəri məqalələri mühüm yer tutur. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını öz məqalələri, tədqiqat əsərləri ilə zənginləşdirmiş, ona elmi işıq və böyük töhfə vermişdir. Onun əsərləri həm ölkə daxilində, həm keçmiş SSRİ məkanında, həm də xaricdə çap olunan beynəlxalq jurnallarda nəşr edilmişdir.

Qeyd edək ki, iki gün davam edən konfrans çərçivəsində 100-dən çox maraqlı elmi məruzə dinlənilmişdir.

 

 AzərTAc