· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə Azərbaycanda İKT-nin təhsil sisteminə inteqrasiyası ilə əlaqədar mövzunu davam etdirərək təhsilin informasiyalaşdırılması üzrə qarşıda duran vəzifələri diqqətinizə çatdırmaq istəyirəm.

Dövlət Proqramı çərçivəsində yaradılmış Məlumat və Resurs Mərkəzinin (Data Mərkəz) yaradılmasında "ULTRA" şirkəti və AZEDUNET təşkilatı iştirak etmişdir. "İntel", "HP", "Microsoft", "Cisco" şirkətlərinin Azərbaycanda rəsmi tərəfdaşı olan "ULTRA" şirkəti tərəfindən mərkəzdə avadanlıqlar qurulmuş, təhlükəsizlik sistemi yaradılmışdır. Mərkəzdə Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir İntel platformalı dörd nüvəli serverlər quraşdırılmışdır. Məlumat və Resurs Mərkəzində quraşdırılmış serverlər eyni anda milyonlarla əməliyyatları həyata keçirmək gücünə malikdir. Bundan əlavə, mərkəzdə Azərbaycanda yeni olan fiziki təhlükəsizlik sistemləri quraşdırılmışdır ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaqdır.

Quraşdırılmış avadanlıqlar bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı məktəblərdəki kompüterlərdə avtomatik olaraq yeniləşdiriləcəkdir. Məktəblərdəki bütün kompüterlər birbaşa mərkəzdən idarə olunacaq ki, bu da kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək. Bu texnologiya mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün müəssisələrə, eyni zamanda mühazirələr və ya "açıq dərs"lər keçirməyə imkan yaradacaqdır.

Mərkəzdə həmçinin elektron tədris resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini yüksəltməyə imkan verəcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi yerləşdirilmişdir. İnternet vasitəsiə ictimaiyyət üçün açıq olan bu resurs vasitəsilə məktəblər haqqında bütün zəruri məlumatları əldə etmək mümkündür.

Məlumat və Resurs Mərkəzində Şəbəkə İdarəetmə Mərkəzi və Kompüter Şəbəkələrinin Təhlükəsizlik Mərkəzi (CERT/CSIRT) də fəaliyyət göstərir. Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycan təhsil şəbəkəsinin idarəolunmasını təmin edir. CERT-in əsas vəzifəsi həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyi ilə bağlı təhlükələrin qarşısının alınmasıdır. Bununla belə, burada söhbət yalnız məqsədli müdaxilə və icazəsiz giriş cəhdlərindən deyil, həmçinin nasazlıqlar, avadanlıq və proqram təminatının istifadə qaydalarına riayət olunmaması ilə bağlı hallardan, həmçinin zərərverici virusların yayılmasından gedir. Mərkəz belə hallarla bağlı məlumatların toplanılmasını və təhlil olunmasını təmin etməklə yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinin istifadəçilərinə kompüter şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə məsləhətçi və texniki dəstək də göstərir. Operativ cavabvermə üçün müasir monitorinq və kompüter şəbəkələrinin fəaliyyətində qeyri-adiliklərin aşkarlanması alətləri istifadə olunur. Mərkəz mümkün hadisələrin qarşısının alınması məqsədilə təhsil müəssisələrində profilaktik və önləyici işlər həyata keçirməklə yanaşı, fəal təhlükəsizlik işləri ilə də məşğul olur.

Hazırda AZEDUNET təşkilatı tərəfindən vahid Call-mərkəzi də yaradılmaqdadır. Burada təşkil edilən "Qaynar xətt" təhsilin informasiyalaşdırılması üzrə bütün suallar üzrə məlumatlandırmaya və yaranmış  problemlərin  operativ həllinə imkan yaradacaqdır.

Təhsil Portalı - EDU.az. Dövlət Proqramı çərçivəsində təhsil portalının yaradılması üzrə işlərin birinci mərhələsi başa çatmışdır. Bu işlər "ULTRA" şirkəti tərəfindən aparılmışdır. Təhsil Portalının hazır funksionalları artıq Təhsil Nazirliyi tərəfindən testləşdirilmişdir. Portalın funksionallarından dörd istifadəçi qrupu yararlanacaqdır: müəllimlər, şagirdlər, tələbələr və valideynlər. Hər bir istifadəçi qrupu üçün xüsusi interfeys və funksionallar nəzərdə tutulmuşdur. Bu onlara rahat və operativ olaraq məhz konkret qrup üçün nəzərdə tutulmuş məlumatlardan və xidmətlərdən istifadə etməyə imkan yaradacaqdır. Portalda həmçinin müxtəlif elektron tədris resursları yerləşdiriləcək. Bu tədris resursları həm mərkəzləşdirilmiş formada Təhsil Nazirliyi tərəfindən, həm də müəllimlər və metodistlər tərəfindən yerləşdiriləcəkdir.

"ULTRA" şirkətinin və şirkətin avropalı tərəfdaşlarının İT-qrupu tərəfindən dünyanın qabaqcıl texnologiyaları əsasında yaradılan Təhsil Portalı öz funksionallığına görə dünyanın analoji aparıcı elektron təhsil platformalarına tam uyğundur. Bütün işlər başa çatdıqdan sonra Azərbaycanın təhsil sisteminin ayrılmaz hissəsinə çevriləcək bu Portal ölkədə təhsil siyasətinin reallaşdırılması istiqamətində mühüm alət olacaqdır.

Bəzi məktəblərdə Portalın tədrisə maneçilik törədəcəyi, müəllimlərdən daha artıq zəhmət tələb olunacağı haqqında müzakirələr aparılır. Qeyd edim ki, bütün bu müzakirələr yalnız məlumatsızlıqdan irəli gəlir. Təhsil Portalı və onun funksionalları az bir zamanda hər bir müəllimin yaxın köməkçisinə çevriləcək. Portal vasitəsilə ucqar bir kəndin müəllimi Bakının hər hansı bir aparıcı müəlliminin elektron tədris resurslarından yararlana biləcək. Portal ümumiyyətlə tədris prosesininin tamamilə yeni səviyyədə qurulmasına xidmət edəcək. Azərbaycan Təhsil Şəbəkəsi və Məlumat Resurs Mərkəzi təhsilin informasiyalaşdırılmasında vacib, lakin görünməz komponentlər olduğu halda, Təhsil Portalı müəllimlərin, şagirdlərin, tələbələrin və valideynlərin bu prosesdən yararlana biləcəyi bir müstəvidir. Həm bu qruplar arasında kommunikasiyalar qurmaq üçün, həm də tədrisdə informasiyalaşdırmanın nailiyyətlərindən tam istifadə etmək üçün real və praktik vasitədir. Əsas məqsədlərimizdən biri də pedoqoji təcrübələri üzə çıxarmaq və ölkə daxilində fəal təcrübə mubadiləsinə nail olmaqdır. Bu isə yalnız Təhsil Portalı vasitəsilə mümkündür.

Müəllimlər və İKT. Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında əsas məsuliyyət müəllimin üzərinə düşür. Biz bu gün bütün məktəbləri kompüterlərlə təmin edə bilərik, təhsil şəbəkəsi, ən müasir elektron tədris vəsaitləri yarada bilərik, lakin bütün bu alətlərdən istifadə edə bilən müəllimlərimiz olmasa, təhsilin informasiyalaşdırılmasının səmərəsi də olmaz. Buna görə İKT-ni tətbiq etməyi bacaran müəllimi təhsil sisteminin informasiyalaşdırılmasının "ürəyi" hesab etmək olar. Əlbəttə, müəllimin təhsildə əhəmiyyəti, onsuz da, olduqca mühümdür. çünki məhz bu peşənin sahibləri yetişən nəsilə bilik verməklə xalqımızın savadlılığının artırılması üzrə gündəlik vəzifələrini yerinə yetirirlər. Məqsədimiz müəllimlərə bu vəzifələrini daha səmərəli yerinə yetirmək üçün effektiv vasitə təqdim etməkdir. İnformasiya texnologiyaları isə məhz həmin effektiv alətdir. Yeni texnologiyalar vasitəsilə müəllimlərimiz tədris metodlarını daha da təkmilləşdirmək imkanı əldə etməklə Azərbaycan üçün "XXI əsr bacarıqları"na malik yeni nəsil yetişdirə bilərlər.

Müəllimlərlə aparılan təlimlərin əsas məqsədi onlara texnologiyalardan səmərəli istifadə etməklə müasir təlim metodlarına yiyələnmək və bu metodları öz dərslərində tətbiq etməkdir. Müəllimlər üçün təlimlərin ilkin mərhələsində bu sahədə təcrübəsi olan ölkələrdən təcrübəli mütəxəssislər Azərbaycana dəvət olunmuş, təlimlərin keçirilməsi üçün təlimçi heyətinin hazırlanmasında iştirak etmişlər. İlkin təlim mərhələsindən keçmiş təlimçi heyəti daha çox təlimçi hazırlanmasına nail olmuşdur. Hazırda respublikada İKT sahəsində 200-ə yaxın təlimçi hazırlanmışdır.

Proqram çərçivəsində keçirilən treninqlərin əsas məqsədi gündəlik pedaqoji fəaliyyətdə kompüterdən, proqram təminatından, müxtəlif multimedia avadanlıqlarından istifadə etməklə tədrisi daha effektiv qurmaqdır. Onu da qeyd edim ki, keçirilən treninqlərdə müəllimlərin əldə etdiyi bacarıqlar beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən innovativ müəllimlərin Avropa forumunda ilk dəfə iştirak edən Azərbaycan müəllimlərinin layihələri 60 layihə arasında ilk onluğa daxil olmuşdur. Həmin forumda əldə edilmiş razılığa əsasən, 2009-2010-cu tədris ilində Azərbaycan layihələri Bolqarıstan və Xorvatiyanın ümumtəhsil məktəblərində istifadə olunacaqdır.

Hazırda Dövlət Proqramı çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbin bütün müəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha təkmil biliklərə yiyələnirlər. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin müəllimləri də xüsusi treninqlərdən keçəcəklər.

Proqramın əsas məqsədlərindən biri də təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və müəllim kollektivinə həmin alətlərdən gündəlik istifadə üçün biliklər verməkdir. Yalnız informasiya- kommunikasiya texnologiyalarından alət kimi istifadə etməyi bacaran müəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün isə müəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər.

Etiraf edim ki, treninqlərdən keçmiş müəllimlər yeni bacarıqları heç də eyni səviyyədə qavramırlar. Treninqlərdən sonra təşkil olunan monitorinqlər müəllimlərin öyrəndiklərini müəyyən etməyə imkan verir. Monitorinqlər onu da göstərir ki, yaşlı müəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə bilikləri qavramaqda çətinlik çəkirlər, gənc müəllimlər isə yeni bilikləri daha effektiv mənimsəyirlər. Lakin önəmli bir haldır ki, ümumilikdə müəllimlər İKT sahəsində bacarıqlarını artırmağa çalışırlar. çünki müasir dövrdə istisnasız olaraq bütün müəllimlərin həmin bacarıqlara yiyələnməsi tələb olunur.

Onu da qeyd edim ki, İKT üzrə treninqlərə daha geniş müəllim kütləsinin cəlb olunmasından sonra bir sıra problemlər müşahidə olunur. Belə ki, Dövlət Proqramı çərçivəsində indiyədək təlim keçmiş müəllimlərin əsas hissəsi ilkin kompüter bacarıqlarına malik idi və onlarla keçirilən treninqlərdən sonra irəliləyiş hiss olunurdu. Hazırda treninqlərə daha çox regionlardakı məktəblərin müəllimləri cəlb edilir və onların ümumi kompüter hazırlığı olmadığından treninqlərin effektivlik səviyyəsi aşağı olur.

Buna görə də hazırda ümumi kompüter savadlılığı az olan müəllimlərə əlavə treninqlərin keçirilməsini məqsədəuyğun saymışıq. Kompüter bacarıqlarına görə müəllimlərin iki qrupa bölünməsi və bu istiqamətdə bilikləri az olanlara əlavə olaraq ilkin biliklərin verilməsi barədə qərar qəbul olunmuşdur.

Bundan əlavə, treninq keçmiş müəllimlərin xüsusi imtahandan keçərək sertifikatlaşdırılması məsələsini də müzakirə edirik. Düşünürəm ki, praktik iş əsasında qurulacaq imtahan treninq keçmiş hər bir müəllimin bacarıqlarını yoxlamağa imkan yarada bilər. Bununla əlaqədar təlimlərdə iştirak edən müəllimlərə arayışların verilməsi, müvəffəqiyyətlə bitirənlərə isə sertifikatların verilməsi hazırda nəzərdən keçirilir. Məqsədimiz "təlim naminə təlim" yox, "tədris naminə təlim" prinsipini reallaşdırmaqdır. Təlimlər müəllimlərə kompüteri yandırıb söndürməyi deyil, elektron tədris materialı yaratmaq və onun vasitəsilə şagirdlərə proqram çərçivəsində bilik verməyi öyrədir. Buna görə də real şəraitə uyğun olaraq hərəkət edirik və təlim prosesinin effektivliyini daim yüksəltmək istiqamətində iş aparırıq.

Dövlət Proqramına müvafiq olaraq müəllimlərin təlimi prosesinə məktəb direktorlarının da cəlb olunması çox mühüm amildir. Yeniliklərə daha həssas yanaşan məktəb direktorları məktəbin bütün müəllim heyətinin hazırlanması üçün müraciətlər edirlər. Lakin bəzi hallarda direktorlar bu məsələyə bir növ etinasız yanaşırlar. Ona görə də Təhsil Nazirliyi müəllimlər üçün treninqlərin keçirilməsilə yanaşı, məktəb direktorları və rayon təhsil şöbələrinin əməkdaşları üçün də nəzərdə tutulmuş xüsusi treninqlərin keçirilməsinə başlamışdır.

İKT-nin kütləvi tətbiqinin uğurla həyata keçiriləcəyini düşünməyə imkan verən əhəmiyyətli bir amili də qeyd etmək istəyirəm. Təcrübə göstərir ki, əgər məktəbdə 2-3 müəllim tədrisdə informasiya texnologiyalarının tətbiqinə başlayırlarsa, bu zaman həmin məktəbin digər müəllimləri də müvafiq bilikləri əldə etməyə çalışırlar. Bəzən valideynlər "texnologiya ilə" və "texnologiyasız" tədrisin fərqini aşkarladıqda "geridə qalan" müəllimlərdən İKT-nin imkanlarından istifadə etməyi tələb edirlər. Nəticədə fayda əldə edən məktəb və məktəblilərdir, çunki informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edən müəllimlərin sayı artır.

Qeyd etməliyəm ki, proqram çərçivəsində ali təhsil ocaqlarında da müəyyən işlər görülür. Burada gələcək müəllimlər üçün təhsildə İKT-nin tətbiqi üzrə tədris proqramları tətbiq olunur. Bu cür yanaşma texnologiyalarla işləmək qabiliyyətinə malik olan məzunları birbaşa işə cəlb etməyə imkan verir. Biz başa düşürük ki, pedaqoji peşələr üzrə təhsil alan tələbələrə İKT-nin təhsildə tətbiqi üzrə hazırlığı ali məktəbdə başa çatdırmaq lazımdır. Bu təlimləri keçmiş gələcək müəllimlər artıq məktəbə müvafiq bacarıqlara malik olaraq gələcək və əlbəttə ki, belə yanaşma tədrisin keyfiyyətini artıracaqdır.

Qeyd etmək lazımdır ki, proqram çərçivəsində təhsil sistemində ilk dəfə olaraq müəllimlərin motivasiyası kimi əhəmiyyətli bir məsələyə xüsusi diqqət yetirilir. Müəllimin marağı olmadan təhsildə İKT-nin uğurlu tətbiqi haqqında danışmaq çətindir. Ona görə də hazırda müəllimlərin motivasiyası üzrə göstəricilər sisteminin yaradılması sahəsində işlər aparılır. İlk növbədə, müəllimlərin müxtəlif müsabiqələrdə iştirakına şərait yaradırıq. Belə ki, 204 nömrəli məktəbin müəllimi Almaz Həsrət "İntel" şirkətinin "Gələcək üçün təhsil" beynəlxalq müsabiqəsi çərçivəsində 300 müəllim arasında birinci yerə layiq görülmüşdür. "Microsoft" şirkəti ilə birgə "İnnovativ müəllimlər" müsabiqəsinin qalibləri ölkəmizi Avropa finalında ilk dəfə təmsil etmiş və yaxşı nəticələr göstərmişlər. Hazırda "İnnovativ müəllimlər" müsabiqəsinin yeni mərhələsi başlanmışdır. Bu müsabiqənin qalibləri Azərbaycanı Braziliyada cari ilin noyabrında keçiriləcək Dünya İnnovativ Müəllimlər Forumunda təmsil edəcəklər. Əminəm ki, Azərbaycan müəllimləri öz təcrübələrini həmin forumda müvəffəqiyyətlə nümayiş etdirəcəklər.

Eyni zamanda ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçıları arasında informatika müəllimləri üstünlük təşkil edir, qaliblər sırasında da onların adlarına tez-tez rast gəlmək olur. 

Dünya təcrübəsi göstərir ki, müəyyən treninqlərdə iştirak etmiş və informasiya texnologiyalarını uğurla tətbiq edən müəllimlər öz əməyi müqabilində daha yüksək məvacib alırlar. Ona görə də gələcəkdə belə müəllimlər üçün maliyyə motivasiyasının da tətbiq olunması istisna olunmur.

ümumiyyətlə, müəllimləri informasiya texnologiyalarına daha da yaxın etmək üçün digər layihələr də həyata keçirilməkdədir. Bunlar sırasında Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "HP" və "Microsoft" şirkətlərinin birgə həyata keçirdiyi "Xalq kompüteri" layihəsi mərkəzi yer tutur. Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:

* Əqli əməyin təşviqi;

* Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;

* İKT yönümlü kadrların hazırlanmasının stimullaşdırılması;

* E-hökumətin inkişaf etdirilməsi;

* İntellektual mülkiyyətin qorunması;

* Kompüter vərdişlərinin təşviqi;

* Aztəminatlı sosial qrupların dəstəklənməsi;

* Əhalinin kompüterlərlə təminatına şərait yaradılması;

* Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırılması.

Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunacaqdır. Bütün bu avadanlıqlarda "Microsoft" şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Təhsil Nazirliyi və "Microsoft" şirkəti arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.

Müəllimlərə bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Kompüter alan bütün müəllimlər əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, "Aztelekom" İstehsalat Birliyi və BTRİB tərəfindən 100 saatlıq İnternet kartı ilə təmin edilir. Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən həyata keçiriləcəkdir. Pilot layihə "Azərpoçt" Dövlət Müəssisəsi, "HP" və "Microsoft"-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

Layihə müəllimlərin müasir kompüterlərlə və lisenziyalı proqramlarla təchiz edilməsinə, bölgələrdə İKT-nin tətbiqinin genişləndirilməsinə, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinin dəstəklənməsinə yönəlmişdir.

Artıq 1500-ə yaxın müəllim "Xalq kompüteri" layihəsi çərçivəsində kompüter almışdır. 5 min müəllim isə müraciət etmişdir. Hesab edirəm ki, yaxın üç il ərzində minlərlə müəllim kompüterlərə sahib olacaqdır. Bu layihənin təhsil sistemi üçün əhəmiyyəti olduqca böyükdür. çünki müəllim artıq evdə də kompüterdən istifadə etmək vərdişlərinə yiyələnir. Praktika göstərir ki, iş yerində və evdə kompüterdən istifadə edən insan texnologiyalara daha dərindən yiyələnir. Bizim də bu layihəni dəstəkləməyimizin əsas məsqədi müəllimləri texnologiyalara daha da yaxın etməkdir. Əminəm ki, təhsilin informasiyalaşdırılmasına belə çoxtərəfli yanaşma bizə texnologiyaları bilən və onları tədrisdə real tətbiq etmək istəyən pedaqoji kadrlar yetişdirməyə imkan verəcəkdir.

Qeyd etməliyəm ki, "Microsoft" və "İntel" Azərbaycan məktəblərində kompüterlərin sayının artırılması məqsədilə 1000 noutbuku töhfə vermək niyyətindədir. Bu töhfə Azərbaycanda "1:1" kimi tanınan "bir şagirdə bir kompüter" konsepsiyasının reallaşdırılması naminə ediləcəkdir. İlkin mərhələdə 400 noutbukun verilməsi gözlənilir. 2009-2010-cu illərdə isə "Microsoft" və "İntel" şirkətləri tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən 3000 olmaqla ümumilikdə 4000 şagirdə noutbukların verilməsi nəzərdə tutulmuşdur.

Şagirdlər və İKT. Azərbaycan məktəbliləri arasında informasiya texnologiyalarına marağı artırmaq və bu istiqamətdə kadr potensialını gücləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır. İnformasiya texnologiyalarının təhsil prosesinə tətbiqini genişləndirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək naminə müxtəlif müsabiqələrin keçirilməsi təcrübəsindən istifadə edilir.

Qeyd etməliyəm ki, ümumiyyətlə müasir dövrdə uşaqlar informasiya texnologiyalarına daha həssasdır və əvvəlki nəsillərdən fərqli olaraq texnoloji mühitdə böyüyürlər. Buna görə də tez-tez şagirdlərin texnologiyalar üzrə biliklərlə hətta müəllimləri belə qabaqlamasının şahidi oluruq. Lakin bu marağı daha da artırmaq və texnologiyaları yetişən nəslin həyatında və karyerasında effektiv inkişaf alətinə çevirmək üçün müxtəlif stimullaşdırıcı metodlardan istifadə etmək lazımdır. Bu metodlar sırasında yarış elementlərini özündə birləşdirən informasiya texnologiyaları üzrə müsabiqələr xüsusi yer tutur. Artıq bu gün Azərbaycanda şagirdlərin iştirakı ilə müxtəlif müsabiqələr keçirilməkdədir. Onların sırasında Sumqayıt şəhər məktəblərində ənənəvi olaraq keçirilən "Gənc informatiklər" və Təhsil Nazirliyinin təşəbbüsçüsü olduğu "Gənc kompüter istedadları" I Respublika müsabiqəsini misal gətirmək olar. Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin iştirakçısı olan 70 layihədən 42 ən yaxşı iş final mərhələsinə buraxılmışdı. Müsabiqə "Təqdimat", "Veb-sayt", "Kompüter proqramları", "Animasiya" nominasiyaları üzrə keçirilmişdir. Əlavə olaraq "Ən orijinal layihə" və "Ən gənc iştirakçı" nominasiyaları da müəyyənləşdirilmişdi. Final mərhələsinin bütün iştirakçıları müvafiq sertifikatla, I - III yerlərin qalibləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Xüsusi olaraq "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinə təqdim olunmuş layihələrin keyfiyyəti üzərində dayanmaq istərdim. Bu müsabiqədə iştirak edən layihələrə nəzər yetirəndə yetişən nəsilin doğrudan da istedadlı olmasını müşahidə etmək olar. Bir sıra layihələr müsabiqədə iştirak naminə deyil, istifadə üçün tam yararlı hazırlanmışdı. Bu isə kadr potensialının formalaşması istiqamətində düzgün yol seçməyimizdən xəbər verir. Lakin həmin maraqlı layihələr təqdim etmiş şagirdlərin əksəriyyəti Bakının aparıcı məktəblərində oxuyur. Həmin məktəblərdə hələlik informasiya texnologiyalarının tədrisdə tətbiqi digər məktəbləri üstələyir. Əminəm ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərdən sonra Azərbaycanın hətta ucqar kənd məktəblərinin şagirdləri də bizi öz maraqlı layihələri ilə sevindirəcəklər.

Şagirdlər üçün stimullaşdırıcı fəaliyyətlərdən biri də ilk dəfə olaraq akademik Zərifə Əliyeva adına məktəbdə "Yay kompüter düşərgəsi"nin təşkil edilməsidir. "Yay kompüter düşərgəsi" Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Microsoft" şirkəti və İNFOMAS qeyri-hökumət təşkilatının birgə fəaliyyəti nəticəsində təşkil olunmuşdur. "HP", "ULTRA", PCMagazine & Mina Group, "British Council" düşərgəyə təşkilati dəstək göstərir. Düşərgənin rəhbəri İKT sahəsində tanınmış alim və müəllim Ramin Mahmudzadə olmuşdur.

"Yay kompüter düşərgəsi"ndə 7-10-cu sinifləri təmsil edən 75 məktəbli iştirak etmişdir. Düşərgənin yaradılmasında əsas məqsəd yetişən nəsilin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi, onlara informatikanın riyazi əsaslarını öyrənmək və informatika sahəsində tədqiqat aparmaq marağının aşılanması, istedadlı gənclərin aşkar olunması və bacarıqlarının inkişafı olmuşdur. Düşərgədə məktəblilər maraqlarından asılı olaraq proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları qrupları üzrə fəaliyyət göstərmişlər. Burada məktəblilərə məşğələləri təcrübəli informatika müəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçmişlər. Bundan əlavə, "British Council" təşkilatının trenerləri məktəblilərə ingilis dilinin öyrənilməsi üzrə məşğələlər keçmişlər.

Dövlət Proqramının icrasından gözlənilən nəticələr. Proqramın başa çatacağı 2012-ci ildə Azərbaycanın təhsil sisteminin tamamilə informasiyalaşacağı və aparıcı ölkələrdən fərqlənməyəcəyini gözləmək bir qədər düzgün olmazdı. Dünyanın aparıcı ölkələrinin on illərlə əldə etdiklərinə qısa müddət ərzində çatmaq çox çətindir. ötən əsrin 90-cı illərinin ortalarından İKT-ni tətbiq edən ölkələrin təcrübələrini müşahidə edərkən görürük ki, hətta Böyük Britaniya, ABŞ və Yaponiya kimi inkişaf etmiş ölkələrdə informasiya texnologiyaları heç də hər məktəbin tədris prosesində geniş istifadə olunmur. Lakin şübhə yoxdur ki, Dövlət Proqramı başa çatdıqdan sonra Azərbaycanın əksər məktəblərində İKT tətbiq olunacaq, gələcəkdə isə bu proses daha da genişlənəcək.

Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

* təhsil müəssisələrinin İKT avadanlığı ilə təminat göstəriciləri köklü şəkildə yaxşılaşdırılacaq, bütün təhsil müəssisələrində hər bir şagirdə düşən kompüter nisbəti ən azı 20:1-ə çatdırılacaq;

* bütün fənlər üzrə elektron tədris və metodiki resurslar yaradılacaq;

* bütün fənlər üzrə tədris planlarında və kurikulumlarda İKT-dən istifadə əks etdiriləcək;

* ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından istifadə imkanları yaranacaq, proqram resurslarından səmərəli istifadə olunacaq;

* yeni təlim formaları (distant təhsil daxil olmaqla) tətbiq və istifadə olunacaq;

* bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və yüksəksürətli İnternet şəbəkəsinə çıxış imkanı təmin ediləcək;

* cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalı yaradılacaq;

* İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası təmin ediləcək, təhsilin idarəolunmasının və monitorinqinin effektivliyi artırılacaq;

* təhsil prosesinin idarəedilməsi üçün təhsil müəssisələri avtomatlaşdırılmış iş yerləri ilə təchiz olunacaq;

* təhsil sisteminin pedaqoji və inzibat

i-idarəetmə kadrlarının İKT üzrə bilik və bacarıqları yüksələcək, yerli ekspert potensialı gucləndiriləcək;

* bütün təhsil pillələri üzrə məzunların sosial, peşə və mədəni həyatında İKT üzrə uzun illər istifadə edəcəyi bilik və bacarıqlar qazanılacaq;

* innovativ və yaradıcı müəllimlər dəstəklənəcək;

* əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunacaq;

* İKT-nin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və standart sənədlərin bazası formalaşacaq.

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modeli formalaşacaq. Məhz müasir tələblərə uyğunlaşan Milli Təhsil Modeli Azərbaycanın davamlı inkişafının əsası olacaq yüksək səviyyəli kadrların yetişdirilməsini təmin edə bilər. Əsrlər boyu olduğu kimi, təhsilin məqsədi çox sadədir - zamanın tələbinə uyğun vətəndaş yetişdirmək. Bu işin öhdəsindən gəlmək üçün ən effektiv alət olan informasiya-kommunikasiya texnologiyaları fəaliyyətimizin strateji əsasını təşkil edir. Hesab edirəm ki, bu məsuliyyətli prosesdə yalnız Təhsil Nazirliyi və onun tərəfdaşları yox, həmçinin yüz minlərlə şagird və tələbə, onların valideynləri də olmaqla bütün cəmiyyət iştirak edəcəkdir.

 

(Ardı var)

 

  

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor