|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev və Azərbaycan təhsili
Ordubad Rayon Təhsil Şöbəsində "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirilmişdir. Şöbənin müdiri İ.Həsənov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti boyu təhsilə böyük əhəmiyyət vermişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə azərbaycanlı gənclər SSRİ-nin müxtəlif şəhərlərində nüfuzlu ali məktəblərə qəbul olunmuş, yüksək səviyyəli mütəxəssislər kimi Azərbaycana qayıtmışlar. ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev bu işi uğurla davam etdirir. Təkcə bir faktı qeyd edək ki, son illər ərzində Naxçıvan Muxtar Respublikasında 150 məktəb binası tikilmiş və yaxud əsaslı şəkildə təmir olunaraq məktəblilərin istifadəsinə verilmişdir. 2008-2009-cu tədris ilində muxtar respublikanın orta məktəblərinin 4390 nəfər məzunundan 3230 nəfəri ali məktəblərə sənəd vermiş, 1348 nəfəri tələbə adını qazanmışdır. 232 nəfər 500-700 arası bal toplamışdır. Digər çıxış edənlər də təhsildəki uğurlardan danışmışlar.
"Elektron məktəb" layihəsi milli təhsil modelinin formalaşdırılmasına xidmət edəcək
Dövlət Proqramı çərçivəsində "Elektron məktəb" pilot layihəsi həyata keçirilir. Layihənin məqsədi 20 məktəb nümunəsində informasiya-kommunikasiya texnologiyalarının orta təhsil sistemində sistemli tətbiqini həyata keçirməkdir. Bu layihənin reallaşdırılması sayəsində əldə edilmiş nəticələr informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin qiymətləndirilməsinə kömək edəcəkdir. Tam əminliklə demək olar ki, "Elektron məktəb" layihəsi ölkəmizdə milli təhsil modelinin formalaşdırılmasına xidmət edəcəkdir. "Elektron məktəb" layihəsində Bakı şəhərinin Heydər Əliyev adına liseyi, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi, Avropa liseyi, "Ankara məktəbi" məktəb-liseyi, "Elitar" gimnaziya, "Zəngi" liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Tərəqqi" texniki-humanitar liseyi, 220 nömrəli məktəb-lisey, 6, 7, 8, 20, 23, 60, 134, 160, 245 nömrəli orta məktəbləri iştirak edir. Bu layihəyə Sumqayıt şəhərinin Təbiət Elmləri Təmayüllü Gimnaziyası və 31 nömrəli orta məktəbi də qoşulmuşdur. "Elektron məktəb" layihəsi çərçivəsində kompüterlər nəinki informatika dərslərində, həmçinin fənn dərslərində geniş istifadə ediləcəkdir. Fənn müəllimlərinin informasiya texnologiyaları sahəsində ixtisasının artırılması təhsilin səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda pilot layihədə iştirak edən bir neçə məktəbdə artıq müəllimlər üçün treninqlər keçirilmişdir. İnformasiya texnologiyaları müəllimə dərsdə istifadə edilən təlim vəsaitlərini müxtəlifləşdirmək imkanı verir: təqdimatlar, testlər, interaktiv tapşırıqlar və s. Nəticədə hər bir dərs daha maraqlı, məzmunlu və cəlbedici olur. İnformasiya texnologiyalarının təhsil prosesində tətbiqi şagirdlərin bilik səviyyəsinə nəzarəti daha keyfiyyətli etmək imkanı yaradır.
Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək
Sabirabad rayonunun Bala Haşimxanlı kəndində dövlət vəsaiti hesabına 360 şagird yerlik yeni məktəb binası tikilmişdir. Təhsil müəssisəsi 18 sinif otağından, kitabxanadan, idman zalından, kompüter kabinetindən və s. ibarətdir. Məktəb binasının yeni dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. *** Yeni dərs ilinin əvvəlindən İmişli rayonunda 1 yeni məktəb və 1 tədris korpusu istifadəyə veriləcəkdir. Rayonun Sarıxanlı kəndində 220 yerlik məktəb binası, Muradallı kəndində 120 yerlik 6 əlavə sinif otağından ibarət tədris korpusu artıq yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açacaqdır. Dövlət vəsaiti ilə başa gəlmiş hər iki təhsil ocağı yeni avadanlıqla təmin edilmişdir. *** Bu il Şəmkir rayonunda 6 kəndin pedaqoji kollektivi və şagirdləri yeni dərs ilini tikintisi yenicə başa çatmış müasir tədris ocaqlarında qarşılayacaqlar. Şəmkir Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, bu məktəblərin ikisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə, üçü Təhsil Nazirliyinin vəsaiti, biri isə fonddankənar hesaba inşa edilmişdir. Artıq İrmaşlı kəndində inşa edilən 360 şagird yerlik, çinarlı qəsəbəsində 460 yerlik, Aşağı Seyfəli kəndində 459 yerlik, Hacıalılar kəndində isə 400 yerlik məktəb binaları yeni dərs ilinə tam hazırdır. Digər iki məktəbdə isə son tamamlama işləri görülür. Yeni məktəb binaları istilik sistemi ilə də təchiz edilmişdir. *** Yeni dərs ilində Quba rayonunda daha 4 yeni məktəb binası istifadəyə veriləcəkdir. Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaiti ilə rayonun Xənagah kəndində inşa olunan 100 şagird yerlik məktəb binası istifadəyə tam hazırdır. Məktəb yeni inventar və avadanlıqla təmin olunmuş, həyətində abadlıq işləri aparılmışdır. Dövlət vəsaiti hesabına rayonun Güləzi kəndində 220, Təngəaltı kəndində 300, Susay kəndində 200 şagird yerlik binaların tikintisi də artıq başa çatdırılmışdır. Bu məktəblər də Təhsil Nazirliyi tərəfindən yeni inventar və avadanlıqla təchiz olunmuşdur. "Bilik günü"ndə şagirdlər müasir, işıqlı sinif otaqlarında dərsə başlayacaqlar. Bundan əlavə, rayon icra hakimiyyətinin köməyi ilə daxili imkanlar hesabına Qəcər-Zeyid kəndində 60 şagird yerlik 3 əlavə sinif otağı tikilmiş, bir sıra məktəblərdə təmir işləri aparılmışdır.
AzərTAc
|