|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Şagirdlərin təfəkkürünün inkişafında yeni dərsliklərin əhəmiyyəti böyükdür
Psixoloqların fikrincə uşaqlarda erkən yaşlarında təfəkkürün inkişafı daha fəal olur. Ona görə də ibtidai siniflərdə uşaqlarla daha ciddi məşğul olmaq və onların qabiliyyətlərini üzə çıxarmaq vacib məsələdir. Bütün bunları həyata keçirmək üçün müəllimin öz peşəsini əla bilməsi və dünyagörüşünün geniş olması kifayət etmir. Bunun üçün dərsliklər, iş dəftərləri, metodik vəsaitlər mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nda təhsilimizin qarşısına qoyulan əsas məqsədlərdən biri də yeni dərsliklərin şagird təfəkkürünü inkişaf etdirə biləcək məzmun və formada nəşr olunmasıdır. Mən dərsin gedişində tədqiqatın aparılması mərhələsində məntiqi, yaradıcı və tənqidi təfəkkürün formalaşması və inkişafı üçün geniş iş aparıram. Ana dili dərslərində şagirdlərə səs, hərf, heca, söz və cümlə qurmağı öyrətməklə kifayətlənmirəm. İlk gündən şagirdlərə yeni sözləri öyrətməklə yanaşı, onların hansı nitq hissəsinə aid olduğunu da aydınlaşdırıram. Dərsdə şagirdlərin təfəkkürünün inkişafına xidmət edən müxtəlif işçi vərəqlərindən istifadə edirəm. Şagirdlərin kiçik qruplarda, cütlərdə işləyib birlikdə fikir mübadiləsi aparmalarına şərait yaradıram. Onlar yeni rast gəldikləri sözü cümlədə işlətməklə yanaşı, onun mahiyyətini, əhəmiyyətini də öyrənərək öz təfəkkürlərində analiz və sintez edirlər. Sözləri fonematik təhlil edərkən heca, səs və hərf haqqında geniş məlumata malik olurlar. Mən tədqiqatın aparılması mərhələsində iş vərəqləri hazırlayarkən çalışıram ki, burada qoyulmuş məsələlər problem və onların nəticələrini əks etdirsin. Suallar şagirdin yaş səviyyəsinə uyğun olmaqla yanaşı, məzmun və qiymətləndirmə standartlarına da cavab verə bilsin. Şagirdlər öyrəndiklərini və bildiklərini danışır, müzakirə edir və nəticə çıxarır, daha nələri öyrənmək istədikləri haqqında fikirlərini söyləyirlər. Mən təlim prosesində şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün beyin həmləsi, venn diaqramı, şaxələndirmə (klaster), esse və s. metodlardan istifadə edirəm. Məsələn, Venn diaqramından istifadə edərək onlar oxşar və fərqli cəhətlərin nümayişi yolu ilə öyrəndikləri mövzular haqqında dərin biliklərə yiyələnirlər. Beyin həmləsində "Tərkibində "u" səsi olan sözlər tapın", "Onları cümlədə işlədin", "u" səsinin yerini təyin edin" və s. tapşırıqlar verməklə onların təfəkkür qabiliyyətini inkişaf etdirmək mümkündür. Bütün bunları həyata keçirmək üçün "Ana dili" dərsliyi çox geniş imkanlara malikdir. Şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında riyaziyyatın müstəsna rolu və əhəmiyyəti vardır. "Riyaziyyat" dərsliyində davamlı olaraq "Məntiqi düşüncə", "Problemin həlli", "Dinləmə qabiliyyəti", "Əlaqələndirmə" və s. adı altında müxtəlif düşündürücü tapşırıqlar verilmişdir. Bu tapşırıqlar sırf məntiqi təfəkkürün inkişafına xidmət edir. Dərslikdə vaxtın həyatla əlaqələndirilərək hesablanması, pul vahidləri və ondan istifadə qaydaları, ədədlər ailəsi və s. haqqında şagirdlərin yaş səviyyəsinə uyğun, qısa, konkret şəkildə məlumat verilmişdir. Bu mövzuların şagirdlərə aydın başa salınmasında iş dəftərlərinin böyük rolu vardır. Şagirdlər dərslikdən aldıqları bilikləri iş dəftərləri ilə əlaqəli şəkildə icra edərək zənginləşdirirlər. Dərslikdə toplama və çıxma mövzusu təkcə mexaniki hesablama vərdişlərinə deyil, dərk etməyə və geniş riyazi təfəkkürü formalaşdırmağa da kömək edir. Şagird toplamaya əşyalar qrupunun çoxalması, çıxmaya isə azalması kimi baxır. Toplamanı irəliyə sayma, çıxmanı isə geriyə sayma kimi dərk edirlər. Yeni "Riyaziyyat" dərsliyində toplama və çıxmanı müqayisəli şəkildə başa düşməyə imkan verən çoxlu sayda çalışmalar, oyun və məşğələlər verilmişdir. Mən riyaziyyat dərslərində hər mövzuya uyğun olaraq şagirdlərin təfəkkürünü inkişaf etdirən əlavə iş vərəqləri hazırlayıram. Şagirdləri kiçik qruplarda və cütlərdə mövzuların daha dərindən mənimsənilməsinə xidmət edən çalışmalar üzərində işlədirəm. Kurikuluma daxil edilən həyat bilgisi fənni şagirdlərin təfəkkürünün inkişafında müstəsna əhəmiyyətə malikdir. Dərslikdə verilmiş rəngarəng şəkillər mövzularla sıx əlaqələndirilmişdir. Həyat bilgisi fənnində canlılar aləmini keçərkən şagirdlərə belə sualla müraciət edirəm: "Canlıların yaşaması üçün nələr lazımdır?". Şagirdlərin müxtəlif fərziyyələri dinlənildikdən sonra, onları kiçik qruplara bölür və iş vərəqləri paylayıram. İş vərəqlərində aşağıdakı kimi suallar üzərində işləmələrini təklif edirəm. 1. Günəş şəkli çəkin və onun canlılara xeyirindən danışın. 2. Verilmiş torpaq şəklinə əsasən onun xeyirindən və əhəmiyyətindən, bitkilərin həyatında rolundan danışın. 3. Suyun əhəmiyyətini və canlıların həyatında nə kimi rolu olduğunu izah edin. 4. Canlıların yaşaması üçün daha nələr vacibdir? Şagirdlər tədqiqat işindən sonra informasiya mübadiləsi apararaq, əldə etdikləri məlumatları müzakirə edib nəticə çıxarırlar. Bu da şagirdlərdə təfəkkürü formalaşdırır. Dərslikdə ana dili, musiqi, texnologiya, təsviri incəsənət fənlərinə inteqrasiya etmək, əlaqələndirmək təlimin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Məhsəti RƏHİMOVA, Bakıdakı 17 nömrəli məktəbin ibtidai sinif müəllimi
|