· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bakının 132 və 134 nömrəli məktəblərində aparılan əsaslı təmir, yenidənqurma işləri tarixiliyi və müasirliyi özündə birləşdirəcək

 

Son illərdə ölkəmizdə geniş vüsət almış məktəb tikintisi, təhsil ocaqlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və müasir avadanlıqlarla təchizat işinin yüksək səviyyədə aparılması təbii ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanmaqdadır. Bu gün istər paytaxtımızda, istərsə də respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblərimiz yeniləşir, təhsil sahəsində yüksək keyfiyyət göstəricilərinə nail olmağa səy göstərir.

Bakıdakı H.Cavid adına 132 nömrəli orta məktəb və Beynəlxalq Təhsil Kompleksi (T.Hüseynov adına 134 nömrəli orta məktəb) də artıq uzun illərdir ki,  özünəməxsus təhsil ənənələri ilə respublikamızın məşhur təhsil ocaqlarından  sayılırlar. Hər iki məktəbi digərlərindən fərqləndirən cəhətlərdən biri də onların tarixi binada fəaliyyət göstərməsidir. Paytaxtın mərkəzi küçələrindən birində yerləşən bu tarixi bina öz qədimliyi və gözəl  arxitekturası ilə onun yanından keçənlərin, həmçinin ölkəmizdə olan xarici qonaqların hər zaman diqqətini çəkir. Qeyd edək ki, "İstiqlaliyyət" küçəsində yerləşən həmin tarixi binanın tikintisinin başa çatması üçün vaxtilə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda   bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər. 1859-cu ildə Bakıda ilk dəfə yaradılan qız pansionu - "Müqəddəs Nina" gimnaziyası da 1886-cı ildə bu  binaya köçərək uzun müddət fəaliyyət göstərib. Azərbaycan Demokratik Respublikası dövründə - 1918-1920-ci illərdə binada Hərbi Akademiya olub.

1933-1937-ci illərdə əvvəllər bir beynəlmiləl təhsil ocağı olan, sonradan isə 132 nömrəli (Azərbaycan) və 134 nömrəli (rus) məktəblər "Müqəddəs Nina" gimnaziyasının sanki davamı oldu. 2011-ci ildə şəhərin mərkəzində yerləşən bu binanın "Müqəddəs Nina" ilk qızlar gimnaziyası kimi 150, məktəb binası kimi 125 yaşı tamam olacaq.

Uzunillik tarixə malik olan bu məşhur binada fəaliyyət göstərən 132 və 134 nömrəli orta  məktəblərin müəllim və şagird kollektivlərinin bir arzusu var idi: onların binası da digər məktəblər kimi təmir olunaraq ən müasir avadanlıqlarla təchiz olunsun. Artıq həmin  arzu reallaşıb. Belə ki, bu ilin  iyunundan hər iki təhsil ocağının fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.Görülən işlərlə bağlı  daha ətraflı məlumat almaq üçün həmin təhsil ocaqlarının direktorları, respublikanın əməkdar müəllimləri Aliyə Təhmasib və Sara Xanlarova ilə görüşdük.

Aliyə Təhmasib rəhbərlik etdiyi 132 nömrəli orta məktəbdə aparılan əsaslı təmir işlərinin məktəbin müəllim və şagird kollektivi tərəfindən razılıq, sevinc hissi ilə qarşılandığını söylədi. Bildirdi ki, paytaxtın mərkəzində, gediş-gəlişin gur olduğu yerdə yerləşən bu binanın əsaslı təmir olunmasına ciddi ehtiyac var idi. Direktor belə bir yüksək səviyyədə təmir və yenidənqurma işlərinin aparıldığına görə ölkə başçısı cənab İlham Əliyevə rəhbərlik etdiyi müəllim, şagird kollektivi və valideynlər adından dərin minnətdarlığını bildirdi.

Aliyə xanım qeyd etdi ki, məktəbdə təmir işləri olduqca keyfiyyətlə aparılır. Binanın təməli və bütün divarları möhkəmləndirilir. 3 mərtəbədən ibarət binanın  mansardasının tikilməsi nəzərdə tutulur. Tarixiliyini saxlamaqla, özündə müasirliyi ehtiva edəcək bina tamamilə yeni görkəm alacaqdır. Tikiləcək mansardada  16 yeni sinif otağının olması nəzərdə tutulur ki, bu da məktəbin 1 növbəliyə və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin  yaradılmasına imkan verəcək. Bundan əlavə, məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya laboratoriyalarının təşkili nəzərdə tutulur. Daha sonra təhsil ocağında bütün standartlara cavab verən idman və akt zalları tikiləcək. Direktor onu da qeyd etdi ki, binada əsaslı təmir və yenidənqurma işlərinin 1 il müddətində başa çatdırılması nəzərdə tutulduğundan  üzümüzə gələn yeni dərs ilindən məktəbin ibtidai  siniflərinin şagirdləri  Bakının Nəsimi rayonundakı 8 nömrəli orta  məktəbdə, V-XI siniflərdə təhsil alanlar isə həmin rayondakı 16 nömrəli məktəbdə oxuyacaqlar.

Beynəlxalq Təhsil Kompleksinin (134 nömrəli orta məktəb) direktoru Sara Xanlarova Avropa və Şərq memarlığının sintezi əsasında tikilmiş belə tarixi binaların Bakının  təkrarolunmaz görkəmə malik müasir şəhərə çevrilməsində mühüm rol oynadığını söyləyərək, bu binada aparılan əsaslı təmir və yenidənqurma işlərinə son dərəcə  həssaslıqla, ciddi yanaşılmasının bir təhsil işçisi kimi onu sevindirdiyini bildirdi.

Uzun illər hər iki məktəbin  tarixi binada uğurla fəaliyyət göstərdiyini və özünəməxsus təhsil ənənələrinə malik olduğunu deyən Sara xanım rəhbərlik etdiyi Beynəlxalq Təhsil Kompleksinin bu gün də həmin ənənələri layiqincə davam etdirdiyini söylədi. Direktor təhsil ocağının məhz belə bir tarixi binada yerləşməsindən fəxr duyduğunu bildirdi. Aparılan əsaslı təmir işlərinin yüksək keyfiyyətlə həyata keçirildiyini deyən direktor, hər iki məktəbin fasadlarının yenidənqurulması üçün hazırlanmış layihə ilə bizi tanış etdi. Rəhbərlik etdiyi məktəbin eskizlərini göstərən Sara Xanlarova hər bir mərtəbə üzrə görüləcək işlər haqqında ətraflı məlumat verdi.

Ən böyük yenilik isə 3 mərtəbədən ibarət olan bu məktəbin də mansardasının tikilməsinin nəzərdə tutulmasıdır. Həmin tikiləcək  mansardada 9 yeni sinif otağının, müasir tələblərə cavab verən geniş kitabxananın, qiraət, idman zallarının, kompüter siniflərinin, art studiya, lokal telestudiyanın olması, həmçinin debat otağının , informasiya və resurs mərkəzinn yerləşdirilməsi nəzərdə tutulub. Onu da əlavə etdi ki, Beynəlxalq Təhsil Kompleksinin nəzdində olan "Ana məktəb" məktəbəqədər təlim-tərbiyə müəssisəsi üçün də  məktəbin həyətində yeni bir bina  tikiləcəkdir.

Azərbaycan təhsilinə, müəlliminə hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığına görə dövlət başçısı cənab İlham Əliyevə rəhbərlik etdiyi təhsil ocağının müəllim və şagirdləri adından öz dərin minnətdarlığını bildirən Sara Xanlarova bütün bunların bir təhsil işçisi kimi onu daha da ruhlandırdığını dedi. O,  həmçinin Təhsil Nazirliyi tərəfindən ölkədə həyata keçirilən tədbirləri, görülən işləri də yüksək qiymətləndirdi.

Direktor bildirdi ki, Beynəlxalq Təhsil Kompleksində təhsil alan şagirdlər öz təhsillərini paytaxtın Nəsimi rayonundakı 28 nömrəli orta məktəbdə davam etdirəcəklər.

Sara xanım binada təmir və yenidənqurma işləri başa çatdıqdan sonra burada onun tarixiliyini və qədimliyini əks etdirən bir muzeyin yaradılmasının və bunun gələcək nəsillərə öz keçmişini, tarixini bilmək baxımından zəruri  olduğunu xüsusi qeyd etdi.

Bəli, hər iki məktəbin görəcəyi, həyata keçirilməsini  nəzərdə tutduğu işlər çoxdur. Hələlik isə bu təhsil ocaqlarının yerləşdiyi binada əsaslı təmir və yenidənqurma işləri gedir. öz təhsillərini müvəqqəti olaraq başqa məktəblərdə davam etdirəcək  şagirdlər düz bir ildən sonra-növbəti tədris ilində öz tarixiliyini , möhtəşəmliyini saxlamaqla, paytaxtın gözəl binalarından birinə çevriləcək və  ən müasir avadanlıqlarla təchiz olunacaq  doğma məktəblərində oxuyacaqlar.

ümid edirik ki, hər iki təhsil ocağı tarixiliyi və müasirliyi özündə birləşdirəcək bu binada  təhsil ənənələrinə sadiq qalaraq fəaliyyətini layiqincə davam etdirəcəkdir. Burada çalışan istər müəllimlər, təhsil alan şagirdlər, istərsə də məktəblərə daxil olan şəxslər özlərini sanki muzeydə hiss edəcəklər.Hər bir kəs binanın qədimliyindən, gözəl arxitekturasından zövq almaqla yanaşı, həmçinin 132 nömrəli orta məktəbdə və Beynəlxalq Təhsil Kompleksində aparılan yüksək təlim-tərbiyə prosesinin uğurlu nəticələrinin şahidi olacaqdır.

 

Samirə KƏRİMOVA