|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəb və pedaqoji fikir tariximizdən səhifələr
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər
VIII məqalə
özfəaliyyət axşamları və səhərciklərə aid sənədlərdən aydın olur ki, seminariyada müəllim və tələbələrin gücü ilə əyləncə gecələrinin və səhərciklərin keçirilməsinə xeyli əhəmiyyət verilirdi. Keçirilmiş əyləncə gecələri və səhərciklərin məzmunu geniş və çoxcəhətlidir. Burada həm ədəbi-bədii gecələr, həm də tarixi günlərə, elm və tədris məsələlərinə, rus klassiklərinin, görkəmli pedaqoq və alimlərin xatirəsinə, dini bayramlara, bir çox əlamətdar hadisələrə həsr olunmuş gecə və səhərciklər keçirilirdi. Bu gecə və səhərciklər tələbələrin, müəllimlərin və onların ailə üzvlərinin bədii özfəaliyyət çıxışları ilə yekunlaşırdı. Məsələn, Qoqolun xatirəsinə həsr edilmiş gecələrin birinin təsvirində deyilir: "Gecə yarım saatlıq fasilə ilə saat 1-dən 11-ə kimi davam etdi. Mahnı və musiqi nömrələrini nəzərə almasaq proqramın yerinə yetirilməsində seminariyanın ümumi tələbələrinin 35 faizi iştirak edirdi. Bunların hamısı öz nömrələrini böyük ruh yüksəkliyi ilə ifa edirdilər. Görünür ki, onlar nəinki bu çıxışları yaxşı hazırlamışlar, hətta Qoqolun əsərlərindəki incəlikləri dərin hiss edə bilmiş və oradakı gözəlliyə möhkəm həvəs göstərmişlər. İştirak edənlərin hamısı bu gecədən ən xoş təəssürat aldılar. Burada öz musiqi əsərlərindən bir neçəsini ifa edərək, təkmilləşmiş ifaçılıq texnikası ilə bütün tamaşaçıları heyrətləndirən musiqi müəllimi M.L.Pekkerin çıxışları xüsusi ləzzət verdi". Tələbələrin təşkil etdikləri gecələr haqqında belə bir həyəcanlı rəyi seminariya direktorunun Qafqaz tədris dairəsinin rəhbərinə yazdığı 14 mart 1907-ci il tarixli məktubunda da oxuyuruq. Məktubda deyilir ki, keçən həftədə seminariyada iki gecə keçirilmişdir. Gecədə seminariyanın müəllimləri və onların arvadları fəal iştirak etmişlər. Müəllimlərin arvadlarının bəziləri qadın rollarını çox gözəl oynayır, bu rollar üçün paltarlar hazırlayır və bu paltarları çıxış edən tələbələrə geyindirirdilər. Tamaşa tam müvəffəqiyyətlə keçdi və tamaşaçılara çox gözəl təsir bağışladı. Tamaşaçılar ifaçıları sürəkli alqışlarla qarşıladılar. Oynayan tələbələrdən hər hansı birini xüsusi qeyd etmək çətindir, hər kəsin öz yeri var idi, hər kəs öz rolunu çox gözəl ifa edirdi. Martın 3-də ədəbi vokal gecəsi oldu. Burada öz tələbələrinin tamaşaya hazırlaşması üzərində böyük əmək sərf edən seminariyanın nəzarətçi müəllimi S.P.Qoqliçidzenin rəhbərliyi ilə seminariya nəzdindəki ibtidai məktəbin tələbələri çıxış edirdilər. Onun əməyi tam müvəffəqiyyətlə nəticələndi, tələbələr S.P.Qoqliçidzeyə onun xüsusi zəhməti müqabilində konfet qutusu bağışladılar. Martın 2-də iri yaşlı uşaqlarla keçirilən gecədə olduğu kimi, martın 3-də xırda yaşlı uşaqlarla gecədə çay, meyvə, tort, piroq, pirojki, peçenye, konfet, buterbrod və armud suyundan ibarət qonaqlıq verildi. Fasilədə seminariyanın nəfəsli orkestri çalırdı. Məktubun sonunda direktor yazır: "İstər bu, istərsə də o biri gecələr həm tələbələrə, həm də çağırılmış qonaqlara estetik ləzzət verirdi. Bu iki gecə bizim Qori şəhərindəki sönük həyatımıza çoxlu müxtəliflik bəxş edərək, onu bir qədər görkəmli etdi". Gecələr haqqında seminariya direktorunun 1895-ci ildə yazdığı hesabatının "Xüsusi qeydlər" bölməsində deyilirdi: Hesabat ilinin 4 fevralından seminariyanın salonunda ədəbi vokal səhərciyi keçirilirdi. Burada seminariya nəzdindəki ibtidai məktəblərin tələbələrinin bədii oxu və mahnıları ifa olunurdu. Səhərciyə şəhər nümayəndələrinin bir hissəsi, şagirdlərin valideynləri və Qori şəhərinin başqa məktəblərinin pedaqoji kollektivlərinin nümayəndələri dəvət olunmuşdur. Dörd şöbənin (rus, gürcü, Azərbaycan və erməni) hər birinə onların fərdi xüsusiyyətlərinə müvafiq səhərciyin proqramında olan nömrələri ifa etmək üçün yer ayrılmışdır. İbtidai məktəbdəki qeyri-rus mənşəli şagirdlər öz ana dillərində mahnılar ifa edirdilər (gürcü, Azərbaycan, erməni - F.S.). Təcrübə kimi seminariyadakı rus tələbələrinin də yerli dillərdə bədii qiraətinə baxışın təşkilini əlverişli hesab etdik (2 rus tələbəsi gürcü dilində, 2 rus tələbəsi Azərbaycan dilində, 2 rus tələbəsi erməni dilində çıxış etdi). Bu tədbirlər pedaqoji məqsəd güdməklə, həm də rus tələbələrinin yerli dili öyrənmək üçün həvəs göstərmələri və həmin dilə hüsnrəğbət bəsləmələri məqsədilə edilirdi". Bir səhərciyin qısa təsvirindən görünür ki, Qori Seminariyasının qabaqcıl təcrübəsində maraqlı və müsbət cəhətlər çoxdur. Əvvəla, gələcək xalq müəllimlərinin ən yaxşı peşə hazırlığı üçün təkcə sinif məşğələləri deyil, sinifdənxaric tədbirlər də əsas vasitədir. Seminariyanın səyləri boşa çıxmadı, məzunların çoxu sonralar görkəmli ictimai və mədəniyyət xadimləri, xalqın xoşbəxtliyi uğrunda yorulmaq bilməyən mübariz, mərd müdafiəçilər olub xalq mənafeyinə axıra qədər sadiq qaldılar. Bunlara misal olaraq Azərbaycan xalqının sevimli oğulları Nəriman Nərimanovu, Yusif Qasımovu, Əlicabbar İsmayılovu, İsmayıl Mustafayevi, T.Hüseynovu, Pənah Qasımovu, Əli Hüseynovu və başqalarını göstərmək olar. Seminariyada birgə keçirilən təntənəli gecə və səhərciklərdən əlavə, təkcə azərbaycanlı şagirdlərin qüvvəsilə də belə gecələr və səhərciklər təşkil edilirdi. Tələbələrlə aparılan sinifdənkənar tədbirlərin siyahısında qeyd edilir ki, martın 10-da (yeni tarixlə 22-də) müsəlmanların "Novruz bayramı" günündə Azərbaycan şöbəsində ədəbi-bədii gecə keçirilmişdir. Bu gecədə Azərbaycan tələbələri rus ədəbi əsərlərindən parçalar və şeirlər oxumuşlar. Rus mahnılarından ibarət bir neçə nömrə ifa etmişlər və eləcə də skripkada çalmışlar. Təntənəli gecədə seminariyanın pedaqoji heyəti öz ailə üzvləri və bütün tələbələr iştirak etmişlər. Keçirilən təntənəli gecə və səhərciklərin tərbiyəvi əhəmiyyətindən başqa, təhsili əhəmiyyəti də az deyildi. Belə gecələrə hazırlaşarkən tələbələr çoxlu oxumalı, bu və ya başqa şeirləri əzbərləməli, inşa və referatlar yazmalı, albomlar, xəritələr, diaqramlar və sxemlər düzəltməli, sərgilər təşkil etməli idilər. Bunlar ciddi hazırlıq, əməli bilik və bacarıq, zəngin təcrübə tələb edirdi. Seminaristlər dəvət olunmuş qonaqları mehriban qarşılamağı, onlara hörmət etməyi, yola salmağı öyrənir, kiçiklər üçün nümunə olmağa, böyüklərin hörmətini qazanmağa cəhd göstərirdilər. Belə gecələr və səhərciklər tələbələrin istedad və məharətlərini aşkara çıxarırdı. Onlarda teatr, aktyorluq sənətinə qarşı həvəsin, marağın oyanmasına imkan verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli bəstəkarlarından üzeyir Hacıbəyov, Müslüm Maqomayev, aktyor Ə.Terequlov ilk yaradıcılıq fəaliyyətlərinə məhz Qori Seminariyasında başlamışlar. Belə bir sual meydana çıxır ki, necə olmuşdur ki, Qori Müəllimlər Seminariyası tamamilə dövlət tədris planları çərçivəsi içərisində olduğu halda, öz bilik dairələrinin genişliyi ilə fərqlənən, böyük əməli həyati təşkilatçılığa, bacarıq və vərdişlərə malik adamları yetişdirə bilmişdir? Onlarda əhatə olunduqları mühitə qarşı belə fəal münasibət, əməli fəaliyyətdə müstəqillik və təşəbbüskarlıq, əməyə sevgi, möhkəm iradə, tükənməz enerji, öz əməyini xalq üçün faydalı etmək hissi haradan meydana gəlmişdir? Əlbəttə, burada Zaqafqaziyanın xüsusi şəraitindən doğan bir sıra iqtisadi və siyasi söhbətləri, seminariyanın müəllim-tərbiyəçi heyətinin əksəriyyətini demokratik fikirli müəllimlər təşkil etməsini və s. səbəbləri qeyd etməliyik. Bu, xüsusən Qori Seminariyasının rəhbərləri D.D.Semyonovun və A.O.çernyayevskinin fəaliyyəti dövrünə aiddir. İstər D.D.Semyonov, istərsə A.O.çernyayevski K.D.Uşinskinin prinsipləri ilə hərəkət edirdilər. Onların fikrincə, müəllimi çinovnik deyil, xalqın nümayəndələri hesab edirdilər, Məqsədləri tələbələrdən həqiqi xalq müəllimləri hazırlamaq idi. Bu istəklə seminariyada gözəl və səmimi pedaqoji kollektiv yaradılmışdı. Azərbaycan şöbəsinin inspektoru A.O.çernyayevskinin hesabat məruzəsindən məlum olur ki, 1885-ci ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan şöbəsi yanında meteoroloji müşahidə məntəqəsi təşkil edilmişdir, orada hər iki şöbənin (xristian və Azərbaycan) tələbələri inspektorun rəhbərliyi altında müntəzəm olaraq meteoroloji müşahidə aparmışlar. Müşahidələri III sinfin (buraxılış sinfin), qismən də II sinfin (buraxılışdan qabaqkı sinfin) tələbələri aparmışlar. Bu, sinifdənxaric məşğələlərin əhəmiyyətlisindən biri idi. Meteoroloji məntəqədə keçirilən təlim, meteoroloji hadisələr və müşahidə üçün olan alətlərin tanışlığı ilə başlanırdı. Bəzən meteorologiya haqqında mühazirələr də oxunurdu. Sonra tələbələr qeydlər aparmağa başlayırdılar. Müəllimlər işin texnikasını və mahiyyətini mənimsətdiklərinə tamamilə əmin olduqda, tələbələrin həftəlik növbətçiliyini təşkil edirdilər. Hər ay orta nəticələri hesablamaqla cədvəllər tərtib edilirdi, bu cədvəllər Peterburqdakı baş fiziki rəsədxanaya göndərilirdi və oranın "Letopislərində" çap olunurdu.
(Ardı var)
Fikrət SEYİDOV, professor |