|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dünya universitetləri Yel Universiteti
İngiliscə Yale University Yaradılıb 1701-ci ildə Tip özəl Rektor Riçard Levin Yerləşir ABŞ, Konnektikut ştatı, Nyu-Heyven şəhəri Ərazisi 110 ha Tələbələrin sayı 5300 Aspirantların sayı 6100 Müəllimlərin sayı 2 300 Rəsmi saytı www.yale.edu
Universitet ABŞ-ın ən məşhur universitetlərindən biridir. Amerikanın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Nyu-Heyven 125 min əhalisi olan liman şəhəridir, Nyu-Yorkdan 120 kilometr şimal-şərqdə və Bostondan 200 kilometr cənub-qərbdədir. Yel 1701-ci ildə yaradılıb, bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yel Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspirantura. Universitetin təməli olan Yel Kollecinin proqramı genişliyi və dərinliyi ilə seçilir. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Ənənəyə uyğun olaraq universitetin professor-müəllim heyəti tələbələrin təhsilinə xüsusi diqqət yetirir. Giriş fənlərinin çoxu əməkdar alimlər və professorlar tərəfindən aparılır.
Universitetin tarixi
1640-cı ildə müstəmləkəçi keşişlər Nyu-Heyven kollecinin yaradılması məqsədilə fəaliyyətə başlayıblar. Onlar orta əsrlər Avropa universitetləri, eləcə də qədim Yunanıstan və Roma akademiyalarında olduğu kimi, liberal təhsil (latın dilində liber - azad vətəndaş) prinsiplərini tətbiq etmək niyyətində idilər. Bu cür təhsil tələbədə ümumi intellektual bacarığı, ləyaqət və şərəf hissini intensiv inkişaf etdirməyə yönəldilib. Qədim Roma imperiyası dövründə bu prinsip yeddi sahə - qrammatika, ritorika, məntiq, arifmetika, astronomiya, həndəsə və musiqi sahələri üzrə həyata keçirilirdi. Universitetin yaradıcıları olan keşişlər sonralar ABŞ-ın ali təhsilinin inkişafında böyük rol oynayan kollegiallıq prinsipini əsas götürdülər. Həmin vaxtlar Avropanın və Şotlandiyanın kollecləri tələbələrin onların ərazilərində yaşamalarını nəzərdə tutmurdular, Yelin yaradıcıları isə tələbələrin bir yerdə qalaraq bir- birlərindən öyrənməsi üçün kollec-yataqxana yaratmaq istəyirdilər. Bu ideyanı ingilislər Oksford və Kembric kolleclərində tətbiq etməyə başlamışdılar. Burada tələbələr müəllimləri ilə bir yerdə qalır, öyrənir və kilsəyə gedirdilər. Bu cür təhsil sistemində müəyyən bir ixtisasa yiyələnməklə bərabər, tələbə böyük təcrübə toplamış olurdu. İngilislərlə bərabər, oxşar ideyalar Harvardda da həyata keçirilirdi, lakin sonralar müəllim və professorların çoxu universitetin uğuruna şübhə ilə yanaşmağa başladılar. 1703-cü ildə kollecin bazar günü ibadətlərinin birində çıxışı zamanı müqəddəs Solomon Stoddard söyləmişdi: "Harvard Düşmənçilik, Xudpərəstlik və İsrafçılıq məskəninə çevrilib...". 1700-cü ildə on keşiş Brenfordda toplaşaraq Harvardın buraxdığı səhvləri təkrarlamayan bir kollecin yaradılmasını təklif etdilər. Onların əksəriyyəti Harvarddakı təhsildən məyus qalan məzunlar idi. 1701-ci ildə onlar Müstəmləkə General Assambleyasından xartiya alaraq Kollegial Məktəb yaratmağa başladılar. 1717-ci ildə Yelin yaradıcıları o vaxtlar 1000 nəfər əhalisi olan Nyu-Heyven adlı balaca şəhərdə torpaq sahəsi aldılar və 1718-ci ildə burada kollecin binasını ucaltdılar. Elə həmin il universitetə satdığı doqquz tay maldan qalan gəliri, 417 kitab və kral I Georqun portretini bağışlayan Uels taciri Eliaxu Yelin şərəfinə Yel Kolleci adı verildi. Tezliklə bu ərazidə bu gün Yelin ən qədim binalarından hesab edilən kollegial kilsə və Konnektikut Holl tikildi. Həmin dövrdə kollecin hər kursunda 25-30 nəfər oxuyurdu, ümumilikdə kollecdə 100-ə yaxın tələbə təhsil alırdı. Yalnız oğlanların təhsil almaq hüququ var idi, qəbul şifahi imtahan yolu ilə aparılırdı və imtahanı kollecin prezidentinin özü götürürdü. Latın və yunan dilləri, məntiq, ritorika və arifmetika bilgiləri xüsusi yoxlanılırdı. Bundan əlavə, bütün dərslər latın dilində keçilirdi, tələbələr dərsdən sonra da bir-birləri ilə bu dildə ünsiyyət qurmalı idilər. İngilis dilinin istifadəsi kollecin qaydalarına görə qadağan olunmuşdu. Bu tələb uzun müddət qüvvədə qaldı. 1920-ci ildə müəllimlər bundan imtina etməyi təklif etdilər, ancaq Yel Universitetinin məzunu və Yel Korporasiyasının üzvü olan ABŞ-ın 27-ci prezidenti Uilyam Horvard Taft əsrlərlə qoyulan ənənədən əl çəkməyə imkan vermədi. Müəllimlər bu dəyişikliyə yalnız 1931-ci ildə nail oldular. Yel və Harvardda tədris olunan fənlər Kembric, Oksford, eləcə də antik akademiyaların: yeddi "liberal incəsənət", klassik ədəbiyyat, "üç fəlsəfə" - təbiətşünaslıq fəlsəfəsi, etika və metafizika proqramlarına əsaslanırdı. Puritanlar bu proqramı Amerikada xaçpərəstlik ideallarının möhkəmlənməsi üçün bünövrə hesab edirdilər.
Universitetin inkişafı
1776-1781-ci ildə Amerikanın azadlığı uğrunda aparılan müharibə Yelə toxunmadı. XIX-XX-ci əsrlərdə aspirantura və professional fakültələr-institutlar yaradıldı, bu da Yeli əsl universitetə çevirdi. 1810-cu ildə burada rəsmən tibb, 1822-ci ildə ilahiyyat, 1824-cü ildə isə hüquq fakültələri təsis edildi. 1847-ci ildən dəqiq, təbii və humanitar elmlər üzrə aspirantura fəaliyyətə başladı, 1861-ci ildə ABŞ-da ilk dəfə olaraq Yel aspiranturasında elmlər doktoru dərəcəsi təltif edildi. 1869-cu ildə incəsənət, 1894-cü ildə musiqişünaslıq, 1900-cü ildə meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi, 1923-cü ildə orta tibbi personalın hazırlığı, 1955-ci ildə teatr, 1972-ci ildə memarlıq, 1974-cü ildə idarəetmə fakültələri yaradılıb. 1879-cu ildən başlayaraq Yel Universitetinin aspiranturasında qadınlar təhsil alır, 1969-cu ildən isə qız tələbələr 4-illik bakalavr pilləsinə qəbul olunurlar.
Yataqxana-kolleclər
1930-cu ildə Oksford və Kembric universitetlərinə uyğun olaraq Yelin bütün tələbələri hər biri 450 nəfərdən ibarət olan 12 yataqxana-kolleclərə bölündülər. Hər bir yataqxana-kollec geniş, dördkünc, kölgəli ağacları, hovuzları, rahat oturacaqları olan həyətə malik bir neçə binadan ibarətdir. Kitabxanası, yeməkxanası, idman, oxu və tədbir keçirmək üçün zalları olan bu yataqxana-kollec bütöv bir şəhər kvartalını əhatə edir və tələbə həyatının təkrarolunmaz atmosferini yaradır. Hər bir kolleci tələbələrlə bir yerdə qalan master idarə edir. Həmçinin hər kollecin tələbələrin həyatında fəal iştirak edən dekanı və müəllim-rezidentləri mövcuddur. Universitetin 12 kolleci var. (Berkeley, Branford, Calhoun, Davenport, Timothy Dwight, Jonathan Edwards, Morse, Pierson, Saybrook, Silliman, Ezra Stiles, Trumbull)
Universitet bu gün
Hazırda Yel dünyanın ən yaxşı universitetlərindən birinə çevrilib. 2000 nəfərdən çox olan professor-müəllim heyəti yüksək səviyyədə ixtisaslaşmaları ilə seçilir. 225 Yel binası zəmanələrinin ən məşhur memarları tərəfindən inşa edilib. Binaların memarlıq üslubu müxtəlifdir: Yeni - ingilis müstəmləkə dövründən başlayaraq viktorian qotikasına, mavritan üslubundan tutmuş ultramüasir binalaradək. Yelin binaları, qüllələri, hovuz-fontanları, bağları, parkları ümumi təkrarolunmaz bir tamamlıq yaradır. Buna görə də Yeli "Amerikanın ən gözəl universitet şəhərciyi" adlandırırlar. Universitetə əlavə 243 hektarlıq ərazi məxsusdur ki, burada da müxtəlif idman kompleksləri və meşə-park massivləri yerləşir. Hazırda universitetdə əlavə korpusların, laboratoriyaların, yataqxanaların tikintisi davam etdirilir.
Kitabxana
Yel kitabxanası çox zəngindir. ümumilikdə kitabxananın fondu 11 milyondan artıq kitaba, kolleksiyalara, arxivlərə, musiqi yazılarına, xəritələrə və başqa nadir eksponatlara malikdir. Bu, ABŞ-da üçüncü, dünyada isə ikinci ən böyük universitet kitabxanasıdır. Vahid kompüterləşdirilmiş kataloq 40-dan çox ixtisas kitabxanalarını cəmləşdirir: qeyri-adi gözəlliyə malik olan qotik Sterlinq kitabxanasından başlayaraq 800000-dən çox nadir kitab və sənədlər toplusu olan Bayneke əlyazmalar və nadir kitablar kolleksiyası kitabxanasına qədər.
Dəqiq, tətbiqi və təbiət elmləri
Yel humanitar elmlər sahəsində böyük nailiyyətlər əldə etdiyi üçün çoxları bilmir ki, universitet həmçinin ABŞ-ın ən aparıcı elmi-tədqiqat mərkəzlərindən biridir. Yelin biologiya, kimya, molekulyar biofizika və biokimya, fizika, astronomiya, riyaziyyat, hesablama texnikası, geologiya və geofizika, ətraf mühitin mühafizəsi və s. kafedraları mütəmadi olaraq Amerikanın ən yaxşı proqramları sıralarına daxil olur. öz nailiyyətlərini möhkəmləndirərək və inkişaf etdirərək Yel laboratoriyaların, dəqiq elmlər, mühəndislik profilli fakültələrin auditoriyalarının genişləndirilməsi, təkmilləşdirilməsi üçün 500 milyon dollardan çox vəsait ayırır. Yaxın 10 ildə universitet tibb və biotexnologiya sahəsi üzrə tədqiqatların maddi bazasının inkişafı məqsədilə əlavə 500 milyon dollar ayıracaq.
Beynəlxalq əlaqələr
Yel Universitetinin beynəlxalq əlaqələr ənənəsi XIX-cu əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən professor və müəllimlər xarici ölkələrə elmi səfərlər etməyə başladılar. Yel öz divarlarında xarici tələbə qarşılayan ilk universitetlərdən biridir: ilk Latın amerikalı tələbə buraya 1830-cu, çinli tələbə 1850-ci ildə daxil olmuşdu. Bu gün Yel müxtəlif beynəlxalq proqram və tədqiqatlarda aktiv iştirak edir. Universitetdə 50-dən çox dil öyrədilir, beynəlxalq münasibətlərə aid 600-dən artıq kurs keçilir. 40 il ərzində bu istiqamət üzrə liderliyini saxlayan Yel beynəlxalq tədqiqatlar mərkəzi hazırda bakalavr dərəcəsində 6, magistr dərəcəsində isə 4 ixtisas təklif edir. Tətbiqi linqvistik tədqiqatlar, mərkəzi qloballaşma problemlərinin tədqiqatı və beynəlxalq maliyyə mərkəzləri beynəlxalq proqramlara artan marağı inkişaf etdirir və Yelin ixtisaslaşmış fakültələrinin fəaliyyətini zənginləşdirir. Yel ildən-ilə xarici tələbələrin artımı ilə fəxr edir, universitet tələbələrinin 16%-dən çoxu xarici tələbələrdir. Yeni "Dünya liderləri" proqramı çərçivəsində hər tədris ili bütün dünyada gələcəkdə öz ölkələrinin inkişafı üçün mühüm nailiyyət verə biləcək görkəmli elm xadimləri Yel Universitetinə cəlb olunur; dünyanın 100-dən çox ölkələrindən 1500 alim işləmək və yaşamaq üçün Yelə gəlir. Yel Universitetinin çoxsaylı uğurlu və məşhur məzunları var. 1989-cu ildən başlayaraq ABŞ-ın bütün prezidentləri Yelin məzunları olub. Corc Nerbert Uoiker Buş (ata - Buş), Bill Klinton, eləcə də onun həyat yoldaşı, ABŞ-ın hazırkı Dövlət katibi Nillari Klinton, Corc Uolker Buş (oğul - Buş), onun qızı Barbara Buş, Amerikanın keçmiş vitse-prezidenti Riçard Dik çeyni də üelin məzunlarındandır. Morze əlifbasının ixtiraçısı Samuel Morzeni, məşhur uşaq psixoloqu Benjamin Spoku, yazıçı Sinkler Lyuisi, iqtisadçı Corc Akerlofu, jurnalist və yazıçı Bob Vudvardı, "Pepsi" kamraniyasının prezidenti İndra Krisnamurti Nuyini, CBS telekamraniyasının prezidenti Erik Oberi, "Boinq" kamraniyasının direktorlar şurasının sədri Ceyms Mak Nerni də üel Universitetinin tanınmış məzunlarındandır. Yel Universiteti Amerikanın elit universitetləri qrupuna daxildir.
Hazırladı: Lamiyə ƏLİYEVA
|