|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yeni dərsliklər yüksək keyfiyyətilə seçilir
Müsahibimiz Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır.
- Faiq müəllim, 2009-2010-cu dərs ilində ölkədə neçə adda və nə qədər dərslik buraxılacaq? - Növbəti tədris ilinə respublikanın ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün (təlim Azərbaycan dili və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılmışdır. Bu, II siniflər üçün kurikulum əsasında 40 adda 1.122.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik deməkdir. II siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender prosesi başa çatmışdır. Dərslik komplektləri prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayanlar təsdiq olunmuş, onların çapı üzrə 7 nəşriyyat-poliqrafiya müəssisəsi ilə müvafiq satınalma müqavilələri bağlanmış və dərslik komplektləri çapa təsdiq edilərək nəşriyyatlara təhvil verilmişdir. Hazırda həmin dərslik komplektlərinin çap prosesi davam edir və yeni dərs ilinə onlar ümumtəhsil məktəblərinə çatdırılacaqdır. ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün 47 adda dərsliyin çapı üzrə mövcud qanunvericiliyə uyğun olaraq 7 nəşriyyat-poliqrafiya müəssisələri ilə satınalma müqavilələri bağlanmışdır. Bu dərsliklərin çapı artıq başa çatdırılaraq yerlərə göndərilmişdir. Dərsliklər "çaşıoğlu", "Təhsil", "Aspoliqraf", "Altun-kitab", "XXI yeni Nəşrlər Evi", "Xəzər-etiket", "Bakı" nəşriyyatlarında yüksək keyfiyyətlə çap olunmuş və olunmaqdadır. - ötən illərdən fərqli olaraq bu dərsliklərdə nə kimi düzəlişlər, habelə poliqrafik, gigiyenik dəyişikliklər var? - Hər il olduğu kimi, bu il də nəşri nəzərdə tutulan dərsliklər üzərində respublikanın orta ümumtəhsil məktəblərinin qabaqcıl və praktik müəllimlərindən ibarət yaradılmış işçi qrupları işləmiş, onların rəy və təklifləri əsasında müvafiq düzəlişlər aparılmışdır. Dərsliklərin poliqrafik icra keyfiyyəti də xeyli yüksəlmişdir. Sanitar-gigiyenik qaydalar gözlənilmiş, yüksək poliqrafik boyalardan istifadə edilmiş, şagirdlərin zövqünə və yaşına uyğun tərtibat verilmişdir. Şriftlər və çap qarniturları tələb olunan səviyyədə olmuşdur. - Respublika ərazisində yaşayan milli azlıqların və xaricdə yaşayan soydaşlarımızın dərsliklərlə təmin olunması vəziyyəti necədir? - Respublika ərazisində yaşayan milli azlıqların - ləzgi, avar, saxur, talış və udi dillərində dərsliklər və bundan əlavə, "Dilimizi öyrənək" adlı dərslik çap edilərək yerlərə çatdırılmışdır. Təlim gürcü dilində olan məktəblərin II sinifləri üçün "Azərbaycan dili" dərsliyi də çap olunaraq yerlərə göndərilmişdir. Hazırda təlim gürcü dilində olan məktəblərin VI-IX sinifləri üçün "Azərbaycan tarixi" dərsliyi də nəşrə hazırlanır. II siniflər üçün "Ana dili" dərsliyi udi dilində çap olunmaq üçün nəşriyyata verilmişdir. Təhsil Nazirliyi hər il respublikadan kənarda Azərbaycan dilində təhsil alan soydaşlarımızın dərsliklərlə təminatına da ciddi diqqət yetirir. MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya və ABŞ-dakı təlim Azərbaycan dilində olan Bazar günü məktəblərinin müraciətləri əsasında onlara dərsliklər verilir. Gürcüstanda və Dağıstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün hər il Rusiya Təhsil Nazirliyi və Gürcüstanın Elm və Təhsil Nazirliyinin sifarişlərinə əsasən onlara dərslik və vəsaitlər göndərilir. Təkcə bu faktı göstərmək kifayətdir ki, ötən 10 il ərzində Gürcüstandakı Azərbaycan məktəblərinin I-XI sinif şagirdləri üçün 457.128 ədəd dərslik və dərs vəsaiti Təhsil Nazirliyinin nümayəndələri tərəfindən Gürcüstana aparılmış və orada yerlərə təhvil verilmişdir. Dağıstana isə 65 min nüsxədən yuxarı dərslik göndərilmişdir. Təhsil Nazirliyi, eyni zamanda Azərbaycan Respublikasının Xaricdə Yaşayan Soydaşlarımızla İş üzrə Dövlət Komitəsinin xətti ilə də xarici ölkələrə xeyli dərslik göndərir. - Artıq 2-ci ildir ki, müstəqil qurum kimi fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası dərsliklərin keyfiyyətinə nə dərəcədə təsir göstərir? - 2008-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin I siniflərində Milli Kurikulum əsasında hazırlanmış dərslik komplektlərindən istifadə olunur. Bu dərslik komplektlərinin hazırlanması və çapı tender yolu ilə həyata keçirilib. Tender yolunun ilkin mərhələsində dərslik komplektlərinin qiymətləndirilməsi müstəqil qurum kimi fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən aparılır. Bu şura 12 nəfərdən ibarətdir. Şuranın tərkibinə respublikanın tanınmış alimləri, pedaqoqları, müəllimləri, psixoloq və rəssamları daxil edilmişdir. Bundan başqa, ayrı-ayrı fənlər üzrə ekspertlər də qiymətləndirmə işinə cəlb edilmişlər. Dərsliklərin qiymətləndirilməsi təsdiq edilmiş Dərsliklərin Qiymətləndirilməsi Meyarları əsasında müəyyənləşdirilmişdir. Məhz elə buna görə də indi dərsliklərin məzmunu, dil və yazı üslubu, dizayn və tərtibatı işi xeyli yaxşılaşdırılmışdır.
Müsahibəni apardı: Malik NOVRUZOV
|