|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu
İyunun 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ümummilli lider Heydər Əliyevin uşaqları çox sevdiyini, daim onların problemlərini önə çəkdiyini bildirdilər. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev hər zaman uşaqlara dövlət səviyyəsində qayğını diqqətdə saxlayırdı. Əsası ümummilli liderimiz tərəfindən qoyulan dövlət uşaq siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Respublika Prezidentinin müvafiq sərəncamı ilə 2009-cu ilin ölkədə "Uşaq ili" elan edilməsi də uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. çıxış edənlər ölkəmizdə uşaqların sağlam böyümələri, hüquqlarının qorunması, yüksək biliyə malik olmaları, istedad və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm dövlət proqramlarının qəbul olunduğunu, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlərin aparıldığını dedilər. "Uşaq ili" ilə əlaqədar silsilə tədbirlərin həyata keçirildiyini bildirən çıxışçılar görülən işlərdən söz açdılar, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər. Sonda bütün uşaqları, onların valideynlərini, müəllimlərini Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik etdilər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırdı. Fondun gündəlik fəaliyyətində uşaqlarla bağlı məsələlərin hər zaman diqqətdə saxlanıldığını bildirən icraçı direktor həyata keçirilən tədbirlər barədə danışdı. çıxışının sonunda bir daha uşaqları bayram munasibəti ilə təbrik edərək onlara uğurlar arzuladı. Sonra "Uşaq ili" çərçivəsində adları qeyd olunan dövlət qurumları tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırıldı. Mükafat alanlar arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş rəsm və fotomüsabiqələrinin qalibləri də var idi. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan edilməsi haqqında 22 dekabr 2008-ci il tarixli, 103 nömrəli sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və fotomüsabiqələri keçirilmişdir. Müsabiqənin respublika mərhələsinə 400-ə yaxın rəsm və fotoşəkillər təqdim edilmişdir. 4 yaş qrupu üzrə keçirilən müsabiqədə 24 nəfər I-II-III yerlərə layiq görülüb. Qalibləri təhsil nazirinin müavini Elmar Qasımov təbrik edərək onlara Təhsil Nazirliyinin diplomlarını və xüsusi hədiyyələr təqdim etdi. Tədbir incəsənət ustalarının və uşaq bədii kollektivlərinin maraqlı konsert proqramı ilə davam etdirildi.
Samirə KƏRİMOVA
|