· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"Açıq qapı - İnstitut günü" keçirildi

Azərbaycan Respublikası təhsil nazirinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" müvafiq əmrindən irəli gələn məsələlərin həllinə dair yanvarın 13-də Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında "Açıq qapı - İnstitut günü" keçirilmişdir. Filialın direktoru, professor Orucəli Rzayev tədbirin məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, bu gün Azərbaycan təhsil sistemində aparılan islahatlar uğurla davam edir və ali təhsilimizin Boloniya prosesinə qoşulması tələbələrimizin Avropanın müxtəlif ali məktəblərində təhsil almasına imkan yaradır. "Açıq qapı - İnstitut günü"nün keçirilməsi filialla ictimaiyyət arasında əlaqələrin daha yaxşı qurulmasına kömək edəcək və bizim əsas məqsədimiz ondan ibarətdir ki, imtahanların şəffaf, obyektiv keçirilməsinə nail olaq. Təhsil prosesində yarana biləcək neqativ halların qarşısını almaq üçün valideyn - ali məktəb əməkdaşlığının mühüm rol oynadığını bildirən O.Rzayev bütün valideynləri bu prosesə qoşulmağa səslədi. Valideynlərdən ç.Bağırov, F.Abdullayeva və başqaları çıxışlarında bu cür tədbirin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirərək qeyd etdilər ki, bu, bizdə imtahanların obyektiv aparılması haqqında əyani təsəvvür yaradır. Görüşdə valideynlərdən ibarət 9 nəfərlik "İnstitutla ictimai əlaqə qrupu" yaradıldı. Sonra valideynlər imtahanların gedişi ilə əyani surətdə tanış oldular.

 

ü.ZEYNALOV,

AMİ MF-in Tələbə-Gənclər

Təşkilatının sədri

 

 

 

 

 BSU-da beynəlxalq layihələr gerçəkləşir

Yanvarın 12-də Bakı Slavyan Universitetində beynəlxalq layihənin təşkilati məsələləri ilə bağlı "dəyirmi masa"  keçirildi. Yığıncağı BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayev açaraq toplantının məqsədi haqqında məlumat verdi. Rektor qeyd etdi ki, Almaniyanın məşhur Mayns Universiteti ilə BSU arasında olan müqaviləyə əsasən "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" eposları müqayisəli şəkildə tədqiqat obyektinə çevriləcək. Layihə beş il üçün nəzərdə tutulub. Ardıcıl olaraq hər iki eposun dil xüsusiyyətləri, ədəbi xüsusiyyətləri, kulturoloji məsələlər, öyrənilmə tarixinə həsr ediləcək konfranslardan sonra yekun konfrans olacaq. Beş il müddətində müxtəlif sahələr üzrə elmi işlərin yekununa həsr olunmuş beş elmi məcmuə nəşr ediləcək. Konfranslar növbə ilə Bakıda və Almaniyada təşkil ediləcək. Bu qəbildən olan ilk konfrans bu ilin sentyabrında BSU-da həyata keçəcək. İlk konfransa qədər müxtəlif mədəni-elmi tədbirlər, müzakirələr və müşavirələr, tələbələr üçün viktorinalar, olimpiadalar keçiriləcək. Universitetdə fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi" tələbə radio qovşağında "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" eposları ilə bağlı məlumatlar səslənəcək, tamaşa-dərslər, tələbə-şagird konfransları təşkil olunacaq. Tələbə konfranslarında 190 nömrəli orta məktəbin və BSU tələbələrinin pedaqoji təcrübə keçdikləri qaçqın şəhərciklərində yerləşən məktəblərin şagirdləri də iştirak edəcək.

Sonra ulu öndər Heydər Əliyevin "Kitabi-Dədə Qorqud"un heç vaxt unudulmamasını tövsiyə etdiyini söyləyən AMEA-nın müxbir üzvü, professor T.Hacıyev konfransın iki mühüm istiqamətindən söhbət açdı. Bunlardan biri qədim eposun öyrənilməsi, ikincisi isə siyasi-mədəni əhəmiyyət kəsb etməsidir. Tədbir iştirakçıları bu layihəni iki dövlət arasında əlaqələrin təbliğinə xidmət kimi qiymətləndirdilər.

"Dəyirmi masa"da müxtəlif maraqlı təkliflər irəli sürüldü və müzakirələr aparıldı.

 

Şakir CƏFƏROV

 

 

 

 

 

NDU-nun Elmi Kitabxanasının yubileyi qeyd edildi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının 40 illik yubileyi qeyd olundu. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, muxtar respublikadakı kitabxanaların əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri ilk öncə kitabxana ilə tanış oldular. Universitet elmi-ədəbi mühitini əks etdirən, kitabxana əməkdaşlarının əsərlərindən ibarət sərgilər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Yubiley iştirakçıları slayd vasitəsi ilə bu elm məbədgahının qırxillik tarixinə qısa ekskurs etdilər, kitabxananın inkişaf yolu ilə əyani tanış oldular.

Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli kitabxananın universitetin əsas struktur bölmələrindən biri kimi bilik, intellekt və informasiya mərkəzi, fundamental elmi-tədqiqat bazası olduğunu vurğuladı.  Natiq ölkə başçısının və muxtar respublika rəhbərliyinin kitabxanaların inkişafı istiqamətində gördüyü işlərdən, belə yubileylərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. İsa Həbibbəyli 40 yaşlı kitabxananın universitetin çoxsaylı professor- müəllim heyətinə, tələbələrə universal xidmət göstərdiyini, Azərbaycanda elmin, təhsilin, ictimai fikrin inkişafında özünəməxsus rol oynadığını qeyd etdi.

Kitabxananın direktoru, filologiya elmləri namizədi Aypara Behbudova "Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının inkişaf yolu və qarşıda duran vəzifələr" mövzusunda məruzəsində kitabxananın 40 illik fəaliyyəti, struktur bölmələri, zəngin fondu və oxucu kontingenti, komplektləşməsi, beynəlxalq əlaqələri, keçirilən tədbirlər barədə məlumat verdi.

NDU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov kitabxananın elektron kataloq sistemindən, WWW.ndu.edu.az/kitab saytının fəaliyyətindən, gələcəkdə universitet əməkdaşlarının əsərlərinin elektron versiyalarından ibarət ayrıca fondun yaradılmasının əhəmiyyətindən danışdı.

Türkiyənin Ulduz Texniki Universitetinin professoru Adil Allahverdiyev Naxçıvanda dünya standartlarına cavab verən müasir tipli belə bir ali təhsil kitabxanasının olmasından iftixar hissi ilə danışdı, gələcək əməkdaşlıq üçün təkliflər verdi.

Türkiyədə çıxan "Hüryurt" qəzetinin yazı işləri müdiri Erbil Hüryurt, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, filologiya elmləri doktoru Yusif Səfərov, AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasının direktoru Nuridə Kəngərli və tarix-filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya ixtisasının I kurs tələbəsi Leyla Zeynalova yubiley təbriklərinə qoşuldu, kitabxanaçıların fədakar əməyindən və peşəsinə olan sonsuz marağından danışdılar.

 

Mehriban SULTAN,

NDU-nun mətbuat

xidmətinin rəhbəri