· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"İnnovativ müəllimlər"  müsabiqəsi keçirilir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda "İnnovativ müəllimlər" müsabiqəsini elan edib. Müsabiqə Təhsil Nazirliyinin həmin korporasiya ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir.

Müsabiqədə məqsəd orta məktəblərdə ən yaxşı innovasiya üsulları tətbiq edən müəllimləri seçməkdir. Müsabiqə "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda innovasiyalar" olmaqla iki nominasiya üzrə təşkil olunub.

"Məzmunda innovasiyalar" nominasiyası innovasiya yanaşmaları və informasiya texnologiyalarının yardımı ilə fənn proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənmişdir.

"Tərəfdaşlıqda innovasiyalar" nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək.

Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin iki nominasiyası üzrə qaliblər həm pedaqoqlardan, həm də valideynlərdən ibarət münsiflər tərəfindən müəyyənləşdiriləcək. Layihələrin qəbulu yanvarın 31-də başa çatacaq. Müsabiqədə iştirak etmək üçün www.itn-az.spaces.live.com saytındakı  anketi    layihə planını doldurmaq və itn-az@live.com  ünvanına göndərmək lazımdır.

"Təhsildə əməkdaşlıq" proqramı üzrə "Microsoft Azərbaycan" şirkətinin meneceri Emin Axundovun sözlərinə görə, müsabiqənin mütləq şərti təqdim olunan layihənin artıq tətbiq olunmasından ibarətdir. Layihənin yararlığının təsdiqi onun tədris prosesində uğurla istifadə olunmasıdır. Ona görə də müsabiqə şərtlərindən biri də həmin layihədə şagird əməyinin olması və şagirdlərin ora cəlb olunmasıdır. E.Axundov qeyd etdi ki, qalibləri müəyyən edən zaman mütəxəssislərin rəyi ilə yanaşı, həmçinin valideyn münsiflərin mövqeyi də nəzərə alınacaq. Bu layihənin nəinki metodik və innovasiya tərəflərini, həmçinin onun şagirdlərin təhsilində vacibliyini valideynlərin gözü ilə qiymətləndirməyə imkan verəcək.

Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.