· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Rəngarəng və düşündürən dərslik

 

Son illər  ölkəmizdə aparılan təhsil islahatı təhsilin məzmununun yeniləşdirilməsi, onun dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemlərinə inteqrasiyası, milli təhsilimizin inkişafı baxımından çox  təqdirəlayiqdir.

 Yeni fənn kurrikulumlarının meydana gəlməsi, təlim strategiyalarının təkmilləşdirilməsi, müasir qiymətləndirmə mexanizmlərinin yaradılması təhsilin keyfiyyətinin artmasında böyük rol oynayır.

Bir ibtidai sinif müəllimi kimi təhsil sahəsində gedən bu dəyişiklikləri, yenilikləri diqqətlə izləyir, işimdə tətbiq edir və müsbət nəticələr alıram.

 Sevindirici haldır ki, yeni kurrikulumların tələblərinə uyğun olaraq resursların hazırlanması prosesinə də başlanılmışdır.

Təhsil islahatının mühüm istiqamətlərindən biri də yeni dərslik vəsaitlərinin hazırlanmasıdır. Yeni fənn kurrikulumları əsasında yazılmış , I sinif  müəllimlərinin və şagirdlərinin istifadəsinə verilmiş  "Riyaziyyat" dərslik komplekti xeyli müddət gözlədiyimiz və arzu etdiyimiz bir şəkildə hazırlanmışdır.

İşlədiyim müddət ərzində daim yeniliklər axtarışında olmuşam və dərslərdə hər zaman yaradıcı  olmağa çalışmışam. Hazırda II sinifdə dərs deyirəm. Keçən il I sinifdə işlədiyim zaman dərslik mənə və eləcə də şagirdlərə yetərsiz gəldiyi üçün alternativ dərs vəsaitlərindən, hazırladıgım məntiqi testlərdən və çalışmalardan istifadə edirdim.

 Ona görə də öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki,  əvvəlki dərsliklərlə müqayisədə yeni dərslik komplekti tamamilə müasir üslubda olub bizi qane edir və müəllimin işini xeyli asanlaşdırır.

 çox yaxşı bilirik ki, təlim prosesi zamanı uşağı məcbur etməklə deyil, onda dərsə maraq oyatmaqla asan öyrətmək olur. Bu marağı yeni hazırlanmış dərsliyin çox uğurlu bir şəkildə yaratdığını düşünürəm.

 Dərsliyin rəngarəngliyi bunun birinci səbəbidir. Yəqin ki, şagirdlərə hər hansı bir rəngləmə işinin icrasını tapşırdığımız zaman onların necə sevindiklərinin və həvəslə işlədiklərinin hamımız şahidi olmuşuq. "Riyaziyyat-1" dərsliyində rəqəmlərin öyrədilməsi üçün verilmiş tapşırıqlar və onlara aid şəkillər uşaqları maraqlandırır və onların öyrəndikləri biliklərin mükəmməl olmasına kömək edir.

 Dərsliyin düşündürücü olması şagirdlərdə seçmək, fərqləndirmək, müqayisə etmək kimi bacarıqları formalaşdırır.

Yeni dərslikdə bir çox mövzuların öyrədilməsinin məqsədi dəyişmişdir. Məsələn, toplama və çıxma mövzusunun  öyrədilməsində məqsəd yalnız mexaniki hesablama vərdişlərini qazandırmaq deyil, həm də hesab əməllərini dərk etməklə yanaşı, geniş məntiqi düşüncə yaratmaqdır. Toplama və çıxmanın qarşılıqlı əlaqəsinin öyrədilməsi metodu da başqadır. Əvvəlki dərsliklərdə bu mövzu toplamanın çıxma ilə yoxlanılması şəklində  verilirdi. Yeni dərslikdə isə toplama və çıxmanı müqayisəli şəkildə başa düşməyə imkan verən çoxlu çalışmalar var.

Dərslikdə təlimlə oyun inteqrasiya olunur. Verilən oyunlar uşaqların bacarıqlarını, nitqini yaxşı inkişaf etdirir, onları müstəqil, sərbəst fikir söyləməyə alışdırır.  Eyni zamanda şagirdlərin öyrəndikləri bilikləri tətbiq etmək bacarığını aşılayır.

 Burada  həm qrup şəklində müzakirə üçün, həm də cütlərlə işə dair çoxlu oyun şəklində çalışmalar verilmişdir.

 Müsbət hallardan diri də odur ki, bu dərslik komplektində həndəsi elementlərin öyrədilməsinə geniş yer verilir. Lakin əvvəllər işlədiyimiz dərsliklərdə bu mövzunun üzərində səthi dayanıldığının, verilən tapşırıqların isə şagird tərəfindən çətin qavranıldığını bilirik.

Dərslikdə məsələ həllinin öyrədilməsinə hazırlıq üçün verilən çalışmalar şagirdin daha sonralar  müxtəlif tipli məsələlər həll edərkən çətinlik çəkməməsi üçün zəmin yaradır.

Dərslikdəki materiallar sadədən mürəkkəbə doğru düşünülmüşdür. Onlar şagirdlərdə praktik bacarıqların formalaşması istiqamətində yönəldilmişdir. Deməli, dərslik hazırlanarkən şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınıb. Bu isə metodik cəhətdən vacib faktordur.

Müxtəlif yaş psixologiyasına,  təfəkkürə, qavrama qabiliyyətinə, xasiyyətlərə malik olan şagirdlərə  biliyi ən əlverişli üsul və vəsaitlərlə verməyə çalışırıq. "Riyaziyyat-1" dərsliyi bu baxımdan müəllim üçün yaxşı köməkçidir.

Yeni fənn kurrikulumlarına uyğun hazırlanan dərsliklər biz müəllimləri işə yaradıcı münasibət göstərməyə, tədris prosesində yalnız fəal təlim metodlarından istifadə etməyə, eləcə də daim yeniliklər axtarışında olmağa sövq edir.

 

Almaz BAYRAMOVA,

Bakıdakı 5 nömrəli orta

məktəbin ibtidai sinif müəllimi