|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
20
Yanvar ümumxalq hüzn günüdür Faciənin dəhşətləri faktlar və rəqəmlərdə Qanlı
Yanvar gecəsi Bakı şəhərində 131
nəfər həlak olmuş, ümumi nəticəyə görə
isə bu hadisələrdə yaralananların sayı 800,
həbs olunanların və itkin düşənlərin sayı
isə 1000 nəfəri keçmişdir. Eyni zamanda 200 ev və mənzil talan
edilərək yandırıldı, 80 avtomaşın, külli
miqdarda şəxsi və dövlət əmlakı məhv
edildi. Faciə SSRİ Daxili İşlər və Müdafiə
nazirliklərinin və Dövlət Təhlükəsizlik
Komitəsinin təşkilatçılığı ilə müdafiə
naziri Yazovun komandanlığı altında törədildi. 20 Yanvar şəhidləri arasında şagirdlər, tələbələr, elm adamları da var idi Onları ziyarət edəndə bir an fikirləşirik: Görəsən yağı düşmən gülləsinə tuş gələn - 134 nömrəli orta məktəbin VII sinif şagirdi, 13 yaşlı Larisa Məmmədovanın, 167 nömrəli məktəbin şagirdi, 13 yaşlı İlqar İbrahimovun, 42 nömrəli məktəbin VIII sinif şagirdi, 14 yaşlı Nəriman Hüseynovun, 158 nömrəli məktəbin XI sinif şagirdi, 16 yaşlı Vera Bessantinanın, tələbələr -ülvi Bünyadzadə, Teymur Alməmmədov, Andrey Nişşenkonun, elm sahəsində fəaliyyət göstərən kimya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının üzvü, professor İsmayıl Mursaqulovun, professor Svetlana Məmmədovanın, kimya elmləri doktoru, şöbə müdiri İbrahim İbrahimovun günahı nə idi?
Şagirdlər faciə ilə bağlı nə bilirlər? 20 Yanvar faciəsindən, xalqımızın
başına gətirilən o müsibətlərdən
ondoqquz il keçir. Şübhəsiz,
həmin günü hər bir azərbaycanlı bilməli və
unutmamalıdır. Bəs,
gələcəyimiz sayılan uşaqlar bu günlə bağlı
nə bilirlər? Onlara
20 Yanvar faciəsi haqqında müəllimləri və
valideynləri tərəfindən ətraflı məlumat
verilibmi? Bunları öyrənmək
məqsədilə Bakıda yerləşən bir neçə
orta ümumtəhsil məktəbində, o cümlədən 20
Yanvar şəhidi İlqar
İbrahimovun adını daşıyan 167 nömrəli orta
ümumtəhsil məktəbində olduq.
Məktəbin foyesinə
daxil olarkən gördük ki, İlqarın şəklinin
ətrafı qərənfil dəstələri
ilə əhatə olunub. Sonra məktəbin direktoru
Qələndər Qələndərovla birlikdə
IX "V" sinfinə getdik.
Sinifdə şagirdlərə
20 Yanvar faciəsinin kimlər tərəfindən törədilməsi,
həmin gün haqqında nə bildiklərininə aid
bir neçə sual verdik. Suallara
ətraflı və dolğun cavablar verildi.
Şagirdlərdən Pərvanə Əliyeva və
Nurlanə Teymurovanın cavabları diqqəti daha çox
cəlb etdi. Həm də burada aşağı sinif şagirdlərinin
faciə haqqında fikirləri də eşidildi.
III "B" sinfində oxuyan şagirdlərlə
söhbətdən isə məlum oldu ki, məktəbin adını
daşıyan İlqar İbrahimov qanlı yanvar
günündə "Azadlıq"
meydanında olan insanlara odun apararkən düşmən gülləsinə
tuş gəlmişdir. Həmçinin Beynəlxalq Təhsil Kompleksinin
direktoru Sara Xanlarova ilə birlikdə
20 Yanvar faciəsində şəhid olan Larisa
Məmmədovanın oxuduğu sinifdə
də olduq. Sinifdə
Larisanın oturduğu qara partanın üstündə onun şəkli
və qərənfil vardı və şam yanırdı.
Bu vaxt IX "B" sinfi dərs keçirdi. Onlarla 20
Yanvar faciəsində xalqımıza qarşı törədilən
vəhşiliklərdən söhbət açdıq və
şagirdlərə bir
neçə sual verdik. Müseyib, Şəlalə, Orxan, Nərmin,
Sevil və Vəfa digər sinif yoldaşlarından
fərqlənərək, 20 Yanvarda baş verən
hadisələri ardıcıllığı ilə
diqqətimizə çatdırdılar. Bakının 111 nömrəli orta ümumtəhsil
məktəbinin foyesində də 20 Yanvar
faciəsindən çəkilən şəkillər və
qərənfillər var idi. Məktəbin direktoru Jalə
Hacıyeva ilə birlikdə XI "C" və II
"C" siniflərində
olduq. Bu məktəbin şagirdləri
də həmyaşıdları kimi
20 Yanvar faciəsi barəsində
ürəkyanğısı ilə danışdılar.
Bildirdilər ki, onlar bu gün bizim aramızda olmasalar da,
qəlbimizdə daim yaşayacaqlar. Rəşad ZİYADOV Şəhidlərin xatirəsi yad edilir 20 Yanvar faciəsinin ondoqquzuncu ildönümünün
qeyd edilməsi ilə əlaqədar Bakıdakı 91 nömrəli
məktəbdə tədbirlər planı hazırlanıb.
Məktəbin direktoru Svetlana Zülfüqarova bildirdi ki, artıq
20 Yanvara aid pedaqoji kollektivin iştirakı ilə
"dəyirmi masa" keçirilib. Təlim-tərbiyə işləri
üzrə direktor müavini Leyla Rzayevanın və ibtidai
siniflər üzrə metodbirləşmənin sədri
Məsmayə Rəhimovanın birgə təşkilatçılığı
ilə bu tədbir əvvəl ibtidai siniflərdə,
sonra isə V-XI
siniflərdə davam edir. Sinif rəhbərlərinin
keçirdikləri təşkilat saatlarının mövzusu 20
Yanvara həsr edilib. Məktəbin
şagirdləri və müəllimləri şəhildlərin
xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gedir və onların məzarları
önünə gül dəstələri qoyurlar. Eyni zamanda yanvarın 19-da məktəb üzrə
valideynlərin, digər qonaqların iştirakı ilə
ümumi iclasın keçirilməsi və bütün siniflərdə
dərslərin ilk saatının "20 Yanvar şəhidləri"
mövzusuna həsr olunması da nəzərdə tutulub. Şakir CƏFƏROV İki faciənin şahidi olan stansiya İnana
bilmirəm 19 il keçir o müdhiş gecədən - 1990-cı
ilin 20 Yanvarından. O gecə təpədən-dırnağadək
silahlanmış sovet qoşunları gecəyarı neçə
tərəfdən Bakının üzərinə
şığıdı. Qarşısına çıxan
əliyalın insanları sonsuz amansızlıqla qırdı.
Azadlıq, tərəqqi yolunu müstəqillikdə görmək
istəyən Azərbaycan xalqı sovet ordusunun
(bilərəkdən kiçik hərflə yazıram) güllələri
ilə qarşılaşdı. Lakin bu amansız düşmən
güllələrindən qorxub çəkinmədi
igidlərimiz. Onlar azadlıq uğrunda öz mübarizələrini
davam etdirdilər. Azadlığımız, müstəqilliymiz
uğrunda mübarizədə həmin gün 131 nəfər canını
qurban verərək ana torpağımızda şəhidlik
zirvəsinə qovuşdu. Bu günlərdə yolumu yenidən
metronun 20 Yanvar stansiyasından salmışdım... Bütün
dünyanı sarsıdan dərdin, kədərin lal bir sükuta
döndüyü yerə... Qismətinə, taleyinə iki
faciənin şahidliyi yazılan bir stansiyaya... Qəlbimdə ümman boyda qəm,
kədər stansiyanın hər iki girəcəyini
nəzərdən keçirirəm. Bir tərəfdəki qara
mərmər lövhədə 20 Yanvar gecəsi bu
ərazidə şəhid olmuş qəhrəman övladlarımızın
adlarını oxuyuram: - Zahid, Tariyel, Ramiz, Fəridə,
Namiq, Bayram, Rüstəm... cəmi 45 nəfər. O biri
tərəfdə isə 19 Mart terrorunun 35 günahsız
qurbanının adı yazılıb... Rəhmətlik Alı
Mustafayevin sözlərini xatırlayıram: "Dəli bir ağlamaq
keçir könlümdən". Sonra da astaca pıçıldayıram:
Allah sizə rəhmət eləsin, şəhidlər! çiyinlərimə çökən ağır
qəm yükünü yenidən özümlə qatarların dayanacaq
meydançasına doğru aparıram... Stansiyanın tavanı
başdan-başa gur işığa qərq olub. Burada iri
hərflərlə "Azərbaycan xalqı 20 Yanvar şəhidlərini
heç vaxt unutmayacaq!" sözləri yazılıb. Bu
kəlmələr, bir də hər iki
girəcəkdəki qara mərmər lövhələrdə
yazılmış şəhidlərin adları stansiyaya
gələn hər kəsin diqqətinə hakim
kəsilərək belə pıçıldayır ürəklərə
burada: Allah sizə rəhmət eləsin, qəbriniz nurla
dolsun, şəhidlər! Ədalət DAŞDƏMİRLİ "İkiyə bölünmüş ürək" Elə həmin gün 20 Yanvar metro stansiyasından
çıxıb bir qədər aralıda yerləşən
A.Şaiq adına 54 nömrəli orta məktəbə
yollandım. Məktəbin həyətində bu tədris
ocağının özünün yanvar şəhidlərinə
birinci olaraq ucaltdığı dərddən və
qeyrətdən ikiyə bölünmüş ürək təsvir
olunmuş abidə qarşısında ayaq saxladım. Bu abidənin üzərində məktəbin
beş məzununun - İlham və Fərizə
Allahverdiyevlər, Fuad Babayev, Xəlqan Əliyev və
Məmməd Məmmədovun adları həkk olunmuşdur.
20 Yanvar gecəsinin qurbanı olmuş bu şəhidləri
yad etdikdən sonra məktəbin direktoru Sahibə Abbasova
ilə görüşdüm. Direktor bildirdi ki, hörmətli nazirimiz
Misir Mərdanovun 20 Yanvar faciəsi ilə əlaqədar
verdiyi əmrdən sonra biz də məktəbdə keçirəcəyimiz
tədbirlər üçün plan tərtib etmişik. Əlbəttə,
həmin gün ilk dərsimiz 20 Yanvar faciəsinə həsr
olunacaq. Şagirdlərimizlə birlikdə Şəhidlər
xiyabanını ziyarət edəcəyik. Bu il də
ənənəvi olaraq bütün siniflər 20 Yanvar
hadisələrinə həsr olunmuş divar
qəzetləri hazırlayacaqlar. "20 Yanvar uşaqların
gözü ilə" adlı rəsm sərgisinə isə son
hazırlıq işləri görülür. Məktəbimizin
həyətində şəhidlərə həsr olunmuş
"İkiyə bölünmüş ürək" abidəsi
ətrafında iməcilik keçirəcəyik. Elə bu
abidə önündə şəhidlərin valideynləri
və qohumları ilə görüş olacaq.
Yanvarın 19-da "Şəhidlərin ruhu bizi mübarizəyə
səsləyir" adlı kompozisiyada 1990-cı ilin yanvarında
keçirdiymiz tədbirlərin lent yazıları
səslənəcək və videogörüntülər göstəriləcək.
Eyni zamanda həmin gün məktəbimizdəki abidə önündə
bütün şagirdlərimizin iştirakı ilə mitinq keçiriləcəkdir.
Bu qırğını törədənlərə, başda
M.Qorbaçov olmaqla bütün səbəbkarlara lənətlər
səslənəcək. Bu abidə indi şagirdlərimiz
üçün müqəddəs and yerinə, Vətənə
məhəbbət və dönməzlik rəmzinə çevrilib.
Sonra tərbiyə işləri üzrə
direktor müavini A.Abdullayevlə birlikdə "Azərbaycanın
müstəqilliyi uğrunda şəhid olanlar" adlı
muzeydəki 20 Yanvar şəhidlərinə həsr olunmuş
guşə ilə ətraflı tanış olduq. A.Abdullayev söhbət zamanı onu da bildirdi
ki, yanvarın 19-da axşam sizin əməkdaş,
"Azərbaycan müəllimi" qəzetinin şöbə
müdiri Şamxəlil Məmmədov, bizim məktəbin
fiziki tərbiyə müəllimi Rafiq Həbibov və
mən indiki "20 Yanvar" meydanında birlikdə söhbət
edirdik. O vaxt həmin meydanda olan "qızıl
ordu"ya həsr olunmuş abidənin baş
hissəsinə bir cavan oğlan çıxmışdı.
Bir əlini havada yellədə-yellədə bu işğalçı
ordu barədə nə isə söyləyirdi. Artıq saat
1-ə 20 dəqiqə işləyirdi. Bu ara tankların
səsi eşidildi. Elə o andaca həmin oğlanı rus
əsgərləri avtomatdan açdıqları atəşlə
vurdular. Ara qarışdı.
Bura toplaşan minlərlə insanın hərəsi bir
tərəfə qaçdı. Biz də Şamxəlil müəllimdən
ayrı düşdük. Səhəri gün bir-birimizdən
xəbər tutduq. Salamat qaldığımıza
sevinsək də, həlak olanların həyatı bizi
sarsırtdı. Bax elə həmin gecə bizim bu
məktəbin məzunları da qaniçən rus
əsgərləri tərəfindən qəddarcasına
öldürülmüşdü... O vaxt 54 nömrəli məktəbin kollektivi
20 Yanvar faciəsinə etiraz əlaməti olaraq dərs keçmədi.
özü də ordu şəhərdən çıxarılsın,
hadisələrə siyasi qiymət verilsin tələbi
ilə. Məktəbin müəllimlərindən bir çoxu bu
qanlı qırğına yol vermiş M.Qorbaçovun simasında
Kommunist Partiyasına nifrət əlaməti olaraq
partbiletlərini atdılar... Az sonra isə məktəbin
müəllim və şagirdlərinin səyi ilə gördüyünüz
bu şəhidlər guşəsi yaradıldı. Şəhidlərimizin
ildönümündə məktəb şagirdlərinin hər
səhər sıraya düzüldükləri geniş
həyətdə orijinal formalı bu abidə ucaldıldı.
Dərddən və qeyrətdən ikiyə bölünmüş
ürək üzərində şəhidlərimizin adı
həkk olundu. İndi bu abidə bizim hamımızın
and yerimizdir... O gün Anzor müəllimdən ayrılıb
yenidən 20 Yanvar metro stansiyasına gəldim. Əyləşdiyim
qatar məni bu stansiyadan uzaqlaşdırsa da,
qəlbimdə faciəni
törədənlərə - qorbaçovlara, yazovlara,
bakatinlərə qarşı nifrətim, qəzəbim
ovunmurdu. çünki bu faciə bütün Azərbaycan xalqının
faciəsidir. O qırğından 19 il keçsə də, ulu
tariximizin yaddaşında "Qanlı Yanvar"
faciəsi kimi qalmış
soyqırımı xalqımız heç bir zaman
unutmayacaq. Ədalət DAŞDƏMİRLİ Vətənpərvərlik tərbiyəsi üçün əbədi örnək Xalqımıza qarşı 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş
faciə nəticəsində yüzlərlə insan - azadlıq
fədaisi qətlə yetirilmiş və şikəst
edilmiş, kütləvi dağıntılar olmuşdur. Qanlı
olaydan 19 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş
gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə
öz dərin nifrətini bildirir. 20 yanvarda vətənimizin azadlığını,
şərəf və ləyaqətini hər şeydən
uca tutaraq təpədən-dırnağadək silahlanmış
düşmənin qarşısına əliyalın çıxıb
şəhid olmuş vətən oğullarının
qəhrəmanlıq timsalı böyüməkdə olan
nəsillərin vətənpərvərlik
tərbiyəsi üçün əsl örnəkdir. Bu örnəkdən
təlim-tərbiyə prosesində səmərəli
istifadə olunması, 20 Yanvar faciəsinin miqyası
və mahiyyətinin uşaq və gənclərə çatdırılması,
bununla da xalqımızın
qan yaddaşında həmişəlik yaşamasının
təmin edilməsi aktual məsələ olub biz müəllimlərin
qarşısında mühüm vəzifə kimi durur. Bu iş
ibtidai siniflərdən aparılmalıdır. Bunu
nəzərə alaraq mən dərs dediyim ibtidai
siniflərdə şagirdlərə 20 Yanvar
hadisələri haqqında məlumatların
verilməsinə, onlara 20 Yanvar şəhidlərinin
həyat və qəhrəmanlıqları nümunəsində
vətənpərvərlik hissinin aşılanmasına xüsusi
diqqət yetirir, bu istiqamətdə geniş iş aparıram. İstər dərslərdə,
istərsə də sinifdənxaric tədbirlərdə
bunun üçün geniş imkanlar var. Hazırda dərs dediyim IV sinfin
"Oxu" dərsliyində xalqımızın başına
gətirilmiş bu faciə, digər soyqırımı
hadisələri ilə bağlı xeyli mətn, şeir nümunələri
verilmişdir. Dərslikdə yer almış "Şəhidlərin
şahidiyəm", "Şəhid nəğmələri",
"Yanvarın qurbanı Yanvar", "Bütün
millətlərə", "Anda sadiq qalan ülvi"
və s. başlıqlı mətn və şeirlər
şagirdlərdə 20 Yanvar faciəsinin necə baş
verməsi, onu kimlərin törətməsi, faciənin xalqımızda
yaratdığı dərin kədər, eyni zamanda onun
əsl qəhrəmanlıq nümunəsi olması haqqında
xeyli təsəvvür yaradır. Mətn və şeir nümunələrinin
tədrisi zamanı şagirdlərin müstəqil işlərinə
xüsusi fikir verirəm. Bu məqsədlə onlara 20 Yanvar
faciəsinin iştirakçısı olmuş yaxınlarından
xatirələri toplamağı, 20 Yanvar
hadisələrinə həsr olunmuş kitablardan müəyyən
məsələləri öyrənmələrini tapşırır
və növbəti dərsdə tapşırığı
yoxlayıram. Hər il yanvarın 19-da qanlı yanvar
faciəsinə həsr edilmiş xüsusi dərs keçirəm.
Dərsdə öncə şəhidlərin ruhunu bir
dəqiqəlik sükutla yad edir, hadisənin mahiyyəti, başvermə
səbəbləri haqqında şagirdlərə danışıram.
20 Yanvar hadisələrinin ildönümü
ərəfəsində sinifdə həmin
hadisələrdən bəhs edən şəhidlərə
həsr olunmuş kitabça və kitablardan, şəkillərdən
ibarət guşə təşkil edirəm. 20 Yanvar
hadisələrinə həsr olunmuş mətn və
şeirlər öyrənildikdən sonra faciə
barədə şagirdlərdə nə
səviyyədə təsəvvür yarandığını
müəyyənləşdirmək üçün "20 Yanvar
faciəsi haqqında nə bilirik", "20 Yanvar - şəhidliyə
gedən yolun başlanğıcı" və s. mövzularda
kiçik inşa yazılar yazdırıram. Uşaqlarda 20 Yanvar hadisələri haqqında
məlumat və təsəvvürlərin genişlənməsində,
şəhidlərin qəhrəmanlığı nümunəsində
vətənpərvərlik tərbiyəsində keçirdiyim
sinifdənxaric və məktəbdənkənar
tədbirlərin də böyük təsiri vardır. Belə
tədbirlərə hər il 20 Yanvar
ərəfəsində uşaqların Şəhidlər
xiyabanına ziyarətinin, şəhidlərin ailə üzvləri
ilə görüşlərin təşkili, hər il keçirdiyimiz
"Şəhidlərimizin ruhu bizi mübarizəyə
səsləyir" adlı musiqili-ədəbi kompozisiyanı
misal gətirə bilərəm. Bütün bunlar şagirdlərə
daha emosional təsir göstərir, onlarda faciəni törədənlərə
nifrət hissini artırır.
Əsrin ən dəhşətli olayı
olan Xocalı faciəsinə, 31 Mart azərbaycanlıların
soyqırımı gününə, respublika, dirçəliş, müstəqillik
günlərinə həsr olunan dərslərdə,
dərsdənkənar tədbirlərdə də yeri
gəldikcə, 20 Yanvar hadisələrindən söz açır,
qazandığımız müstəqillikdə həmin
hadisələrin mühüm rol oynadığını
diqqətə çatdırır, şagirdləri
vətənimizin azadlığı yolunda şəhid olmuş
qəhrəman oğul və qızlarımızı
unutmamağa, onlar kimi olmağa, həyat və
fəaliyyətlərində daim onlardan nümunə götürməyə
səsləyirəm. Xuraman ŞABANİ, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət
Gimnaziyasının ibtidai sinif müəllimi Dağlarda talam qaldı Nə yaman üzü sərt gəldi o qış.
ömrünün on üçüncü baharına
qovuşmağa qoymadı səni. O gecə bir neçə yaşıdınla
bərabər sənin də ürəyinin döyüntüsü dayandı. Kim bilir, xəyalından nələr
keçirdi o anlar?! Atan Fərmanla yanaşı oturmuşdun
avtobusda. Onunla şirin-şirin söhbət edirdin. Hətta
arabir ərköyünlüyündən də əl çəkmirdin. Atanı
ərklə, zarafatla danlayıb deyirdin ki, nəyə görə
axşamlar o, səni şəhərə
gəzməyə aparmır. Sən
Bakının axşamına
daha çox vurğun idin. Atan gülümsəyib saçlarını
sığallaya-sığallaya söz verirdi ki, bundan sonra
tez-tez səni axşamlar özü
ilə kinoya, teatra aparacaq, şəhərə
gəzməyə çıxaracaqdır. Söhbətinizin lap
şirin yerində, siz deyib-gülən vaxt oturduğunuz
avtobus Leytenant Şmidt adına Maşınqayırma
Zavodunun yanında cülləbarana
tuş gəldi. Hər ikiniz
al qana boyandınız. Sənin dilindən son nida bax
belə onda, o an səsləndi: - Ata! Bu sözləri ürəkağrısı
ilə danışan atanın dediyinə görə, sən
heç son dəfə ata sözünü də tam deyə
bilməmisən. ürəyində hansı hisslər yaşayırdı
o vaxt, qızcığaz! Odlu güllə dəyən
ürəyində. Hər il 20 Yanvar günü Larisa
Məmmədovanın təhsil aldığı 134
nömrəli məktəbin şagirdləri o müdhiş
gecəni xatırlayır, sənin ağır itkini yaşayırlar.
Bir vaxtlar çanta qoyduğun və əyləşdiyin parta
arxasına sənin yoxluğunu ağlayan qərənfil
dəstələri əvəz edir. Şəhidlər xiyabanındayam. Məzarın
önündə xeyli dayandım. ürəyimdən qara qanlar axdı.
Elimin igid oğullarının, ər qızlarının
əhatəsində idin burada da. Qanlı gecənin
qurbanları olan şəhidlərin
əhatəsində. Ana təbiətin laylası necə
şirin olubsa, hamınız əbədi yuxuya
getmisiniz. Bax elə buradaca
ürək göynədən bir
xalq bayatısı dilimdə titrəyir: - Dağlarda talam qaldı, Biçmədim,lalam qaldı. Araya dava düşdü , Orda bir balam qaldı. Sifai SƏFƏROVA
|