· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

"Açıq dərs" müəllim fəaliyyətinin nümayişidir

Təlim prosesində məzmunla yanaşı, forma da mühüm rol oynayır. Forma məzmunun daha optimal və səmərəli şəkildə çatdırılmasına xidmət edir. Bu baxımdan dərsin optimal təşkili, təlimdə ənənəvi formalarla yanaşı, qeyri-ənənəvi formalardan da istifadə edilməsi öyrənmə prosesinin səmərəliliyi, gözlənilən nəticənin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin.

 Buna isə dərsdə ancaq fəal, interaktiv metodlardan yerində və bacarıqla istifadə etmək nəticəsində nail olmaq mümkündür. İnteraktiv metodların geniş tətbiqi, nəzərdə tutulan dərslər öz quruluşu ilə ənənəvi dərslərdən xeyli fərqlənir. Müasir təlim metodlarından istifadə əsasında qurulan fəal dərs əsasən aşağıdakı mərhələlərdən ibarət olur: motivasiya, tədqiqat işi, məlumat mübadiləsi, məlumatların müzakirəsi və təşkili, ümumiləşdirmə və nəticə, qiymətləndirmə, yaradıcı tətbiqetmə.

Müəllimin hazırlığından və məharətindən, şagirdlərin səviyyəsindən, işin həcmindən asılı olaraq bu mərhələlərə 2-3 dəqiqədən 10-12 dəqiqəyədək vaxt ayrılır. Bu mərhələlərlə qurulan, fəal təlim metodları ilə keçilən dərslər şagirdlərdə düşünmə qabiliyyətini artırır, onlarda şəxsilikdən ictimailiyə, asılılıqdan müstəqilliyə, intuisiyadan məntiqə, tək fikirlilikdən alternativliyə doğru inkişaf gedir.

Dərsin səmərəli nəticə verməsi üçün onun planlaşdırılması da mühüm əhəmiyyətə malikdir. Mövcud metodik ədəbiyyatdan istifadə edərək bu prosesi mən üç mərhələdə aparıram:

1) Dərsə qədər

2) Dərsin özü

3) Dərsdən sonra

Dərsə qədər planlaşdırmada dərsin məzmununa keçməzdən əvvəl mövzunun əhəmiyyəti, məqsəd və vəzifələri haqqında şagirdlərə verəcəyim sualları müəyyənləşdirirəm.

Dərsin özünü də mərhələlərlə planlaşdırıram. Bu mərhələlərin birincisi olan düşünməyə yönəltmədə şagirdlərə mövzu barədə əvvəlcədən bildiklərini xatırlatmaq, dərsə maraq yaratmaq üçün suallar, habelə nəticəni əvvəlcədən bilmək üçün yönəldici suallar hazırlayıram. İkinci, dərketmə mərhələsində mövzuya uyğun fəal üsullar seçirəm. Mətn üzərində işə aid vəsaitlər, cədvəllər hazırlayıram.

Düşünmə mərhələsi adlanan sonuncu mərhələdə şagirdləri yaradıcı axtarışlara, düşünməyə, nəticə çıxarmağa sövq edən, fəal müzakirəyə səbəb olan suallar tərtib edirəm. Adətən "BLİM taksonemiyası" üsulu ilə qurulmuş suallardan istifadə edirəm.

- Sizə mənim mühazirəmdə nə tanış idi?

- Hansı yeni məlumat aldınız? və s. Eyni zamanda mövzudan çıxış edərək hafizəni yoxlayan, analiz, sintez, müqayisə aparmağa yönəlmiş suallar verirəm. Bu suallar ətrafında müzakirələrdən sonra şagirdlərin bilikləri dərsdə alınan yeni məlumatlarla tamamlanır. Qiymətləndirmə  və ev tapşırıqlarının verilməsi mərhələlərini də fəal dərsin tələblərinə uyğun təşkil edirəm.

Dediklərimi işlədiyim 4-cü sinifdə bu yaxınlarda verdiyim bir "açıq dərs"in nümunəsində əyaniləşdirməyi məqsədəuyğun hesab edirəm. "Açıq dərs"imin  mövzusu IV sinfin proqram və dərsliyində yer almış "üzeyir Hacıbəyovla bir görüş" mətni idi. Dərsin məqsədi milli sərvətlərimiz haqqında şagirdləri məlumatlandırmaq, musiqimizin gözəlliyi, əzəmətini onlara çatdırmaq idi. Dərsin təchizatı üçün kompüteri, müxtəlif əyani vəsaitlər, musiqi parçaları hazırlamışdım. Dərsi fəal təlim metodunun BİBö ("bilirəm, istəyirəm biləm, öyrəndim"), ziq-zaq üsullarından istifadə etdim. Dərsi başlayıb 10 dəqiqə ərzində nağılvari şərhlə motivasiya yaratdım. Bu yolla şagirdlərə üzeyir Hacıbəyovun anadan olduğu yer, ailəsi haqqında məlumat verdim.

Dahi, mahir, görkəmli, gözəl, böyük, istedadlı, humanist, müdrik, ustad kimi təyinləri və bəstəkar, publisist, alim, dramaturq, tədqiqatçı, sənətkar, yazıçı, pedaqoq, dirijor, jurnalist, insan, şəxsiyyət kimi isimləri yazılmış sözlər kompüterdə görünür. Bu sözlərin hamısının bir adama, şəxsə aid olduğunu və onu tapmağı tapşırdım. Şagirdlər tanıdıqları şəxsiyyətləri, o cümlədən haqqında yenicə məlumat aldıqları üzeyir Hacıbəyovu fikirlərində müqayisə edərək müxtəlif cavablar verdilər. Cavablar ümumiləşdirildi və həmin şəxsiyyətin ü.Hacıbəyov olduğu aşkara çıxdı. Bu araşdırma həm də ü.Hacıbəyovun fəaliyyət istiqamətləri barədə şagirdlərə məlumat vermiş oldu.

Dərsdə problemi aşağıdakı suallarla qoydum: Kim bu sözlərdən söz birləşmələri düzəldər? Nə üçün deyirlər ki, ü.Hacıbəyov dahi bəstəkardır? Haradan bilirik ki, ü.Hacıbəyov mahir publisistdir? "Gözəl pedaqoq" söz birləşməsini necə başa düşürsünüz?

Sonra şərti olaraq "Arşın mal alan", "Leyli və Məcnun", "O olmasın, bu olsun" və "Koroğlu" adlandırılan qruplara tədqiqat aparmaları üçün tapşırıqlar verdim. Hər qrupa adlarına uyğun əsərlərdən bir hissəni oxumağı, həmin mövzularda çəkilmiş filmlər, operalardan, musiqili komediyadan parçalar söyləməyi tapşırdım.

Qruplarda hər bir şagird mövzu ilə bağlı öz fikirlərini qeyd etdilər, müzakirələr aparıldı. Təyin olunmuş liderlər qruplar adından BİBö cədvəlini birinci "bilirəm" qrafasını doldurdular. Orta qrafanı doldurmaq üçün şagirdlərə "Daha nələri bilmək istərdiniz" sualı ilə müraciət etdim. Şagirdlər üzeyir bəyin neçə dil bilməsi, hansı ölkələrdə olması, neçə yaşından bəstəkarlığa başlaması haqqında məlumat almaq istədiklərini qeyd etdilər.

Sonra qruplar arasında beş dəqiqəlik fikir mübadiləsi aparıldı, şagirdlər mətnlə tanış oldular və BİBö cədvəlinin orta qrafası da dolduruldu. Sonra qruplara "Mətndən yeni nə öyrəndiniz" sualı ilə müraciət etdim. Qruplar sual ətrafında tədqiqatlar aparıb cədvəlin üçüncü "öyrəndim" qrafasını da doldurdular. Qrupların təlim fəallığını müvafiq kriteriyalarla qiymətləndirdim.

Daha sonra dərsin məlumatın təşkili və nəticənin çıxarılması mərhələsində 10 dəqiqə ərzində iş apardım. Sinfə suallarla müraciət edib hansı mövzu üzrə tədqiqat apardıqlarını, nəyi öyrəndiklərini bir daha şagirdlərin diqqətinə çatdırdım. Tətbiqetmə üçün mətndə cavab tapa bilmədikləri suallara digər mənbələrdən (ensiklopediya, əlavə ədəbiyyat) öyrənmələrini tapşırdım.

Fəal keçən dərsdə qarşıya qoyulan məqsədlərə tam nail olundu. Maraqlı alınan dərs onda iştirak edən həmkarlarım, gimnaziyanın rəhbərliyi tərəfindən də təqdir olundu.

ümumiyyətlə, belə "açıq dərs"lərin təşkili müasir dərs, ona verilən tələblərin gözlənilməsi, dərsdə fəal təlim üsullarından istifadə təcrübəsi ilə tanışlıq baxımından çox əhəmiyyətlidir. Məhz bunu nəzərə alaraq gimnaziyamızda, xüsusən aşağı siniflərdə "açıq dərs"lər tez-tez təşkil olunur.

 

Xuraman ŞABANİ,

Azərbaycan Milli Konservatoriyasının tərkibində

İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi