· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Məqsəd ixtisasartırmada distant təhsilin tətbiqidir

Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "Pedaqoji kadrların ixtisasartırma problemlərinə müasir yanaşmalar" mövzusunda "dəyirmi masa" keçirildi. Qonaqları salamlayan 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Əkbər Qocayev rəhbərlik etdiyi təhsil müəssisəsində görülən işlər barədə qısa məlumat verdi.

Sonra tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov çıxış etdi. öncə BPKİYİ-nin fəaliyyəti haqqında iştirakçılara bilgi verən A.Zamanov ali təhsil ocağında aparılan uğurlu islahatlardan danışdı. Qeyd etdi ki, təhsil nazirinin müvafiq sərəncamına əsasən institutun 70-illik yubileyi ilə əlaqədar tədbirlər planı təsdiq edilib. Yubileylə bağlı növbəti tədbir bu təhsil ocağında keçirilir. İxtisasartırma sahəsində xeyli işlər görülsə də, yeni şəraitdə daha çevik islahatlar həyata keçirilir. ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını önə çəkən rektor bildirdi ki, təhsilin məzmununun zənginləşdirilməsi işi məhz təhsil işçilərinin üzərinə düşür. İxtisasartırma sisteminin yenidən qurulması, dövrün tələblərinə uyğun distant təhsilin formalaşmasında uğurlu layihələr reallaşır və inanırıq ki,  yaxın vaxtlarda ixtisasartırmanın distant yolu ilə həyata keçirilməsinə nail olacağıq.

Sonra "dəyirmi masa"da  "İxtisasartırmada müasir yanaşma", "İxtisasartırma sisteminin müasirləşdirilməsilə əlaqədar mülahizələr" və digər mövzularda məruzələr dinlənildi. Beynəlxalq təhsil kompleksinin direktoru Sara Xanlarova, 46 nömrəli məktəbin direktoru Sevinc Budaqova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Sitarə Məmmədova və digərləri mövzu ətrafında geniş fikir mübadiləsi etdilər, təkliflər səsləndirdilər.

Sonda 20 nömrəli məktəb-liseyin direktoru Əkbər Qocayev keçirilən "dəyirmi masa"nın əhəmiyyətindən danışdı. Kadrların ixtisasartırma problemlərinə müasir yanaşmalarda birgə işləməyin vacibliyinə toxundu. Təhsil müəssisələrinə psixoloji xidmətin daha da inkişaf etdirilməsini xüsusi vurğulayan Ə.Qocayev maraqlı və məzmunlu tədbir üçün institutun rəhbərliyinə minnətdarlığını bildirdi.

***

ölkəmizdə təhsilin dünya təhsil sisteminə inteqrasiya olunması prosesinin çox əhəmiyyətli dəyərlərindən biri də pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə birbaşa xidmət edən ixtisasartırma və yenidənhazırlanma təhsilidir.

Bununla əlaqədar Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu aprelin 15-də Binəqədi rayonundakı 276 nömrəli məktəbdə "Təhsil islahatı şəraitində ixtisasartırma sisteminin inkişaf istiqamətləri" mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Konfransı giriş sözü ilə BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq Azərbaycan təhsil sistemində həyata keçirilən məqsədyönlü islahatların bu təhsil pilləsinə yönəldilməsindən, dünyanın qabaqcıl ölkələrində bu sahəyə xüsusi əhəmiyyət verilməsindən, təhsilin məzmununun müasir tələblər səviyyəsində beynəlxalq təcrübə əsasında qurulmasından, tədris proqramlarının və tədris metodikasının yeniləşdirilməsindən söz açdı. O qeyd etdi ki, ixtisasartırma sisteminin müasirləşdirilməsi institutun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Təhsil müəssisəsinin inkişaf tələbatına, pedaqoji kadrların professional kompetentliyinə, ümumiyyətlə, təhsilin keyfiyyətinin yüksəlməsinə cavab verən rəqabətli mühitin yaradılması bu sistemin əsas vəzifəsidir. İxtisasartırma və yenidənhazırlanma təhsilinin aktual məsələləri, tədrisin keyfiyyətli qurulması istiqamətində görülən işlər, ixtisasartırma və yenidənhazırlanmanın əhəmiyyəti rektor tərəfindən xüsusilə vurğulandı.

Konfransda institutun pedaqogika kafedrasının müdiri dosent Fikrət Əliyev "Müasir ixtisasartırmada sistemləşdirmə və professionallaşdırmanın zəruriliyi", İncəsənət və əmək təlimi kafedrasının müdiri, sənətşünaslıq namizədi Aytən Abbasova "İxtisasartırma təhsili və müəllimin pedaqoji fəaliyyətinin istiqamətləndirilməsinin bəzi xüsusiyyətləri", Xarici dillər kafedrasının müdiri Rəfiqə Əliyeva "Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ixtisasartırma təhsilinin rolu" mövzularında çıxışlar etdilər.

Bakı şəhəri 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev təhsilimizin daha da təkmilləşməsindən, onun dünya təhsilinə inteqrasiyasının sürətlənməsindən danışdı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçiləri Sitarə Məmmədova ixtisasartırmanın müasirləşdirilməsi istiqamətlərindən, Həvva Əsgərova müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsindən söz açdılar.

Bakı şəhəri 177 nömrəli orta məktəbin direktoru Həqiqə Məmmədova ixtisasartırmanın keyfiyyətinin artırılmasında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğuladı, institutun beynəlxalq əməkdaşlıq sahəsində son bir ildəki uğurlarından söz açdı. Təhsil ocağının 70-illik yubileyi ilə əlaqədar institut rəhbərliyini, əməkdaşları təbrik etdi.

İnstitutun rektoru, professor Asəf Zamanov elmi-praktik konfransın işinə yekun vurdu.

 Fazil İDRİSOĞLU