· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Xalq kompüteri" layihəsinə start verildi

Aprelin 10-da "Park İNN-Azərbaycan" otelində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və Microsoft şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Xalq kompüteri" layihəsinin icrasına başlanmasına həsr olunmuş təntənəli mərasim keçirildi.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin aztəminatlı sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə Azərbaycan hökumətinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə icra ediləcəkdir. Bu müddət ərzində müəllimlər layihə çərçivəsində güzəştli şərtlərlə ilk ayda 500, növbəti 3 ayda isə 3 min kompüter əldə edə biləcəklər. Gələcəkdə layihənin təkmilləşdirilərək digər sosial qruplar üçün də (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) həyata keçirilməsi nəzərdə tutulur.

Mərasimdə öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov tədbir iştirakçılarına layihənin əhəmiyyəti, həyata keçirilməsi istiqamətində görülmüş işlər, icra mexanizmi və s. haqqında ətraflı məlumat verdi.

Layihə çərçivəsində müəllimlərə 4 növ kompüter təklif edən HP şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Hacıəlibəyov və avadanlıqları lisenziyalı proqramlarla təmin etmiş Microsoft şirkətinin ölkə üzrə nümayəndəsi Teymur Axundov bu texnologiyaların imkanları haqqında təqdimatla çıxış etdilər.

Sonra "Xalq kompüteri" layihəsinin icrasına başlanmasına dair dördtərəfli niyyət protokolu imzalandı.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bu layihənin insanların informasiya və kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edərək həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etməkdə böyük rol oynayacağına əmin olduğunu bildirdi. O qeyd etdi ki, təhsil sahəsində İKT-nin tətbiqi üzrə yeridilən dövlət siyasətinin davamı olan bu layihə "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın əsas hissəsini təşkil edir. Hazırda ölkədə 170 minə yaxın müəllim olduğunu deyən təhsil naziri ilkin mərhələdə - pilot layihədə məhz müəllimlərə iştirak etmək hüququ verilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi.

Misir Mərdanov artıq 3 mindən artıq müəllimin kompüter almaq üçün müraciət etməsini onların yeni texnologiyalara marağının, digər tərəfdən, maddi imkanlarının artması ilə izah etdi və bu amillərin yaxın gələcəkdə ölkənin təhsil sistemində İKT savadlılığının inkişafına səbəb olacağına inandığını vurğuladı.

çıxışının sonunda təhsil naziri layihənin Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərən və bu vacib addımın atılmasında xidmətləri olan qurumlara, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə və şirkətlərin nümayəndələrinə ölkənin təhsil ictimaiyyəti adından təşəkkürünü bildirdi.

Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər həyata keçirilən təhsil islahatları sırasında informasiyalaşdırmanın xüsusi yer tutmasından bəhs edərək bu layihənin uğurla icra olunmasını arzuladı və bütün iştirakçıları ilk mərhələnin başlanması münasibətilə təbrik etdi.

 

Hicran ƏKBƏROVA