· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Tarix dərslərində fənlərarası əlaqə yaradılanda

Qloballaşma əsrində sosial, iqtisadi və milli ictimai problemlərin həlli, təbii ki, ayrı-ayrı ölkələrin dövlət və hökumət adamlarının siyasi, tarixi, ekoloji, bədii və dünyəvi mədəniyyətindən, dünyagörüşündən birbaşa asılıdır. Bütün bunların hamısını özündə birləşdirən intellektual səviyyənin əsası məktəbdə qoyulur, inkişafı və dərinləşdirilib formalaşdırılması fasiləsizlik başlıca tələbinə çevrilən təhsilin vəzifəsidir. Deməli, dünya təhsilinə inteqrasiya olunan Azərbaycan təhsilinin məqsəd və vəzifələri geniş və əhatəlidir: məktəblilərdə təfəkkür və təxəyyül inkişafı təmin olunmalıdır; şagirdlər hadisə və faktları müqayisə yolu ilə dəyərləndirib müstəqil fikir söyləməyi bacarmalı, mübahisə və debat zamanı fikir və ideyalarını məntiqi əsaslarla sübut etməyi öyrənməli, təkcə akademik biliklərə yiyələnməklə kifayətlənməməli, ümummilli və dünyəvi əhəmiyyət daşıyan tarixi-iqtisadi, sosial-mədəni faktlar barədə bilik və məlumata yiyələnməlidirlər... Təhsil islahatı sənədlərində, təhsilin bu və ya digər sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramlarında, Azərbaycan müəllimlərinin XIII qurultayı materiallarında ümumiləşdirilib konkretləşdirilən bu pedaqoji vəzifələri həyata keçirməklə biz müəllimlər Azərbaycanın gələcəyi üçün kamil insanlar, erudisiyalı, intellektuallığı ilə seçilən, milli bəşəri dəyərləri, humanizm zəminində beynəlxalq münasibətləri qiymətləndirib yoluna qoymağı bacaran vətənpərvərlər, dünya vətəndaşları tərbiyə edib həyata hazırlamalıyıq.

Bu baxımdan ayrı-ayrı fənlərin tədrisi kimi, tarixin öyrədilməsi də geniş imkanlar açır. Həmin imkanları nəzərə alarkən bir tərəfi nəzərə alıram: informasiya bolluğu şəraitində yaşayan, təhsil alan şagirdlər orta  təhsil çərçivəsində bilik, bacarıq və qabiliyyətlərə yiyələnməklə yanaşı, özləri üçün meyarlar seçirlər, gələcəklə bağlı  müəyyən fikirlər irəli sürürlər. Odur ki, dərslərdə diskussiyalar, debatlar, qruplarla iş, kütləvi informasiya vasitələri üzərində iş və s. forma, metod və vasitələrdən istifadə pedaqoji-psixoloji tələbat və zərurətə çevrilir. Bunları təmin etməklə yanaşı, tarix dərslərini iqtisadiyyatın əsasları, fiziki və iqtisadi coğrafiya, biologiya (daha çox ekologiya məsələləri) ilə əlaqələndirir, təlimin keyfiyyətinin yüksəldilməsində mühüm vasitə sayılan fənlərarası əlaqə imkanlarını nəzərə alıram. Bu baxımdan tarix dərslərində keçilən mövzunu ictimai həyatda baş vermiş və ya cərəyan edən iqtisadi, siyasi, ictimai və mədəni hadisələrlə əlaqələndirmək siyasi mədəniyyət formalaşdırmaq baxımından effektli və asan olur. Azərbaycan tarixində respublika iqtisadiyyatının mühüm sahəsi olan neft strategiyası, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, İpək Yolu və s. mövzuların tədrisi milli dəyərlərə yiyələnmədə, tarixi-iqtisadi bilikləri mənimsəmə prosesində vətəndaşlıq tərbiyəsində çox əhəmiyyətlidir.

Qafqaz regionunda, Asiya və Avropa dövlətlərinin beynəlxalq münasibətlərində bir çox siyasi düyünlərdə neft mövzusu bir faktor, bir vasitə-amil kimi ortaya çıxır. Müəllim şərhi zamanı sabahın vətəndaşları - iqtisadçı və mühəndisləri, neftçi və ya dövlət-hökumət adamları olacaq şagirdlərə "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin regionun iqtisadi inkişafında, milli iqtisadiyyatda rolu barədə məlumat vermək əhəmiyyətli olur. Təlim prosesinə yaradıcı yanaşaraq bir neçə metoddan istifadə etmək mümkündür. "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracının milli iqtisadiyyatın formalaşmasında rolu nədən ibarət ola bilər?" adlı problemi motivasiya etdikdə yeni dərs forması ortaya çıxır. Fənlərarası əlaqə yaradıb, interaktiv metodları tətbiq edərək diskussiya-dərs, debat - dərs, müəllim izahı kimi təlim formaları vasitəsilə problemi şagirdlərə çatdırmaq daha effektli nəticələr verir. Bu dərsi keçmək üçün təkcə dərslik materialı ilə kifayətlənmək olmaz. Geniş məlumatları yazılı şəkildə şagirdlərə təqdim etmək olur. Bu, şagirdlərin işini asanlaşdırır. Hazırda dünyanın neçə ölkəsinin iri neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda neft çıxarılması məqsədilə imzalanmış neft müqavilələrinə əsasən ölkəmizdə 30 il müddətində 3 milyard ton neft və 2 trilyon kub metr qaz hasil olunması nəzərdə tutulub ki, bu da iqtisadiyyatımızın davamlı inkişafında böyük rol oynayacaqdır.

"Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan faktiki olaraq neft strategiyasının əsasını qoydu və bu tarix ölkəmiz üçün yeni neft erasının başlanğıcı oldu. Bütün Xəzər regionu ölkələri üçün də çox böyük əhəmiyyət kəsb edəcək bu kəmərin reallaşmasına siyasi qərar 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Türkiyə, Gürcüstan və ABŞ-ın dövlət başçıları tərəfindən saziş imzalanmaqla verilmişdir. Şagirdlər öyrənirlər ki, ixracın strukturunda neft məhsulları mühüm yer tutur. "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac kəməri ölkəmizi etnik-siyasi münaqişələr burulğanından xilas edəcək, dövlət müstəqilliyini möhkəmləndirəcək, xalqımızın maddi rifah halını xeyli yaxşılaşdıracaq bir vasitə olacaqdır.

Respublikamız 30 il ərzində 3 yataqdan - Azəri, Günəşli, çıraq yataqlarından neft istehsal edəcək. Bu boru xəttinin Qazaxıstan, özbəkistan və Türkmənistanın neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılmasında müstəsna rol oynayacağına şübhə yoxdur. "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft kəməri bu layihədə iştirak edən bütün xalqların qardaşlaşması, qarşılıqlı surətdə zənginləşməsi yolunda mühüm rol oynayacaq. Hətta bioloji və ekoloji tədqiqatların aparılması boru kəmərinin keçdiyi ərazidəki bitki və heyvanlar aləminə, atmosferə, yeraltı və yerüstü sulara və s. təsirini öyrənməyə imkan verir. Milli iqtisadi mənfəət əsas götürülərək, neft sektorunun əhəmiyyətinin dinamik qiymətləndirilməsi aşağıdakı kimi aparılır:

Layihələrdə mümkün qədər daha az kapitaldan istifadə etmək;  ölkədəki işsizliyin azaldılması; ölkədaxili və xarici rəqabətin artırılması; layihədə nəzərdə tutulacaq müəssisənin güclü  sənaye sektoruna çevrilməsi;  ölkə büdcəsinə xarici valyutanın daxil olması; digər sənaye və xidmət sektorları üzərində müsbət təsirlərin təmini.

Şagirdlər öyrənirlər:

- Respublikamızda 90-cı illərin ikinci yarısında neftin hasilatı və onun dünya bazarlarına ixracı günün əsas iqtisadi və siyasi tələblərindən birinə çevrildi.

"Əsrin müqaviləsi" adlandırılan neft kontraktı Azərbaycanın və dünyanın inkişaf etmiş dövlətləri ilə imzalanan vaxtdan bu prosesə yeni təkan verdi.

 - "Əsrin müqaviləsi"nin  həyata keçirilməsi bir daha göstərdi ki, ulu öndərimiz Heydər Əliyevin apardığı neft strategiyası düzgün yoldadır.

Bu gün Azərbaycan büdcəsinin böyük hissəsini neftdən gələn gəlirlər təşkil edir. Respublikamızın Prezidenti İlham Əliyevin səyləri nəticəsində Qafqazın gələcək qarantı olan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ölkəmizə gəlir gətirir və digər nəzərdə tutulmuş nailiyyətlər öz yerini tutur. Həm ekoloji, həm bioloji, həm tarixi, həm coğrafi və s. aspektləri nəzərə alaraq bu məsələnin tarix dərsində öyrədilməsi:

- şagirdlərdə siyasi mədəniyyət formalaşdırır;

- onlar ölkə iqtisadiyyatının başlıca sahələrindən biri barədə statistik və faktik məlumatlar əldə edirlər;

- onlar neft müqavilələrinin bağlanmasında ulu öndər Heydər Əliyevin tarixi və əbədi xidməti haqqında bilik qazanırlar;

- məktəblilər tarixi-iqtisadi bilik almaqla yanaşı, Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri barədə informasiyaya yiyələnirlər.

Beləliklə, fənlərarası əlaqə ümumi inkişaf üçün real təlimi imkanlar açır.

 

Leyla HüSEYNOVA,

Heydər Əliyev adına

Müasir Təhsil Kompleksi

Tarix kafedrasının müəllimi