· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Sumqayıtda istedadlı şagirdlər üçün yeni lisey

Respublikamızda müstəqillik əldə edildikdən sonra digər sahələrdə olduğu kimi, özəl ali və orta ixtisas məktəblərinin, kolleclərin və liseylərin yaradılaraq inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu da elmin, təhsilin inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edir. Belə təhsil ocaqlarından birinin Sumqayıt şəhərində olduğunu və qısa müddətdə Avropa standartlarına tam cavab verən səviyyədə işlədiyini, bir sıra iş prinsipləri ilə başqa özəl liseylərdən fərqləndiyini eşitmişdik. Vəziyyətlə yerində tanış olmaq üçün həmin liseyə getməyi qərara aldıq. Məktəbin tədris işləri üzrə direktor müavini Sevda Butayeva ilə iş başında görüşüb gəlişimizin məqsədini ona bildirdik. öyrəndik ki, adıgedən bağça, məktəb-liseyin təsisçisi pedaqoji elmlər namizədi, dosent Mönsüm Alışovdur. Mönsüm müəllim 8 monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən yuxarı elmi-publisist əsərlərin müəllifidir. 34 ildən yuxarı pedaqoji stajı vardır.

Yeri gəlmişkən qeyd edək ki, Sevda Butayevanı da yaxşı təhsil işçisi kimi çoxdan tanıyırıq. O, 1989-cu ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş, həmin il Sumqayıtda 29 nömrəli orta məktəbdə müəllim kimi ilk əmək fəaliyyətinə başlamış, sonralar Azərbaycanda məşhur olan Sumqayıt şəhər N.Gəncəvi adına TTE liseyində müəllim, tədris işləri üzrə direktor müavini işləmiş, bacarıq və qabiliyyətinə görə digər müəllimlərdən fərqlənmişdir. Bu məktəbə işə qəbulu müsabiqə zamanı göstərdiyi yüksək nəticələri səbəb olmuşdur. O, bizə məlumat verərək aşağıdakıları bildirdi.

"İdrak" məktəb-liseyi 2008-ci il sentyabrın 15-dən özəl təhsil ocağı kimi fəaliyyətə başlamışdır.

Təhsil Nazirliyi tərəfindən 2008-ci il iyunun 17-də verilmiş lisenziya əsasında fəaliyyətə başlamış bu təhsil ocağı Ədliyyə Nazirliyində qeydiyyata alınmış, geniş maddi-texniki bazaya malik olan Sumqayıt özəl orta ixtisas kollecinin nəzdində yaradılmışdır.

Məktəb-liseyin əsas vəzifəsi fərdin təbii imkanlarını inkişaf etdirmək, ona müasir elmin əsaslarını dünya standartları səviyyəsində öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyil, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxs kimi yetişdirmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycanın inkişafı naminə fədakarcasına çalışan vətəndaşlar tərbiyə etməkdən ibarətdir.

Lisey respublikanın təhsil qanunvericiliyində nəzərdə tutulmuş prinsiplər əsasında fəaliyyət göstərir. Burada təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin əqli, mənəvi, fiziki, estetik inkişafını, onun bacarıq, qabiliyyət və istedadının formalaşmasına xidmət edir.

Yuxarıdakıları nəzərə alaraq liseyə körpələr, şagirdlər və müəllimlər müsahibə və imtahan yolu ilə qəbul edilirlər. Belə ki, liseydə işləmək üçün Sumqayıt şəhər məktəblərindən I turda ixtisasları üzrə imtahan verən, II turda isə 80-dən yuxarı bal toplayan müəllimlər və təsisçinin dəvəti ilə öz ixtisasını yüksək peşəkarlıqla tədris edən ictimaiyyət içində "yaxşı müəllim" adını qazanmış müəllimlər işə qəbul olunublar. Beləliklə, birinci mərhələnin seçimində iştirak edən 168 müəllimin 15 nəfəri adıgedən məktəbdə işləmək hüququ qazanmışdır. Gələcək turlarda da müəllimlərin seçiminə xüsusi diqqət yetiriləcək, yüksək bilik və intellekt nümayiş etdirənlərə üstünlük veriləcəkdir. Seçilən kurator müəllimlər (sinif rəhbərləri) magistraturanı əla qiymətlərlə bitirmiş qızlardan ibarətdir. Dərsdən sonra kuratorlar şagirdlərin ev tapşırıqlarının yerinə yetirilməsində onlara yardımçı olur, istiqamətləndirir, valideynlərlə əlaqə yaradır və səhərki dərslərə tam hazırlayırlar.

Liseydə fəaliyyət göstərən "Fidan" uşaq bağçasına (hazırlıq qrupları) müsahibə yolu ilə qəbul edilən körpələrin əqli və fiziki sağlamlığına diqqət yetirilir. Tədris korpusunun 1-ci mərtəbəsində, ayrıca guşədə yerləşdirilmiş uşaq bağçası yüksək maddi-texniki bazası ilə diqqəti cəlb edir. Buradakı təzə mebellər, yataq dəstləri, yataq və məşğələ otaqlarının təmizliyi, səliqə-sahman göz oxşayır. Dəhlizə və otaqların döşəmələrinə salınmış xalılar, fidanların məşğul olmaları üçün oyuncaqlar, təsviri sənət əşyaları, musiqi alətləri gigiyenik baxımdan müasir standartlara tam cavab verir, körpələrlə aparılan məşğələlərin keçilməsinə əlverişli şərait yaradır.

Hazırda burada fəaliyyət göstərən iki qrupda 24 uşaq tərbiyə alır ki, onlar səhər saat 8.00-dan axşam saat 18.00-a kimi bağçada olur. Uşaqların sayının artması ilə gələcəkdə qrupların çoxalacağı nəzərdə tutulmuşdur. Gün ərzində körpələrə onlar üçün ayrılmış xüsusi yeməkxanada həkimin nəzarəti ilə 3 dəfə yemək verilir, istirahətlərinə diqqət yetirilir. Körpələrin tərbiyə aldıqları Azərbaycan qrupunda ingilis və rus dillərində, rus qrupunda isə ingilis dilində məşğələlər aparılır. Bundan başqa, onlara musiqi, təsviri incəsənət, rəqs və digər bölmələr üzrə məşğələlər keçilərək vərdişlər aşılanır. Onların fiziki tərbiyəsinə də xüsusi fikir verilir.

Hazırda "Addım-addım" proqramı ilə fəaliyyət göstərən bu körpələr evində məşğələlər uşaqlarla tam fərdi qaydada aparılır. Burada uşaqların tərbiyəsi ilə "Addım-addım" proqramının sertifikatını qazanmış, treninqdən keçmiş Sevil Bağırova məşğul olur. Bağçada işləyən digər tərbiyəçi-müəllimlər işlərinin öhdəsindən layiqincə gəlsələr də, onlara daim rəhbərlik tərəfindən nəzarət edilir və lazımi tövsiyələr verilir. Bir sözlə, burada körpələr liseyin 1-ci sinfinə hazırlanır.

Körpələri səhər saat 8.00-da yaşadıqları evlərdən, blokların qarşısında ailə üzvlərindən təhvil alan tərbiyəçi-müəllim onlar üçün xususi ayrılmış liseyin avtobusu ilə bağçaya gətirir və axşam saat 18.00-da isə həmin qayda ilə onları bir-bir evlərinə aparıb ailəyə təhvil verir. Bu hal təkcə körpələrə deyil, liseyin bütün şagirdlərinə şamil edilmişdir. Buna görə də bütün şagirdlərin ev telefonları tərbiyəçi-müəllimə verilir və onlar uşaqların məktəbə gətirilməsi və məktəbdən aparılması haqqında qabaqcadan telefon əlaqəsi yaradaraq valideynləri xəbərdar edir.

Bağça, məktəb-lisey özəl olsa da, körpələrin və şagirdlərin bura qəbulu zamanı valideynlərin maddi durumu nəzərə alınır, onlara müəyyən güzəştlər edilir.

Bu təhsil ocağında məktəbə I-VII siniflərdən, liseyə isə VIII-XI siniflərdən şagirdlər müsahibə yolu ilə qəbul edilirlər. Sevda müəllim məlumat verərək bildirdi ki, burada I siniflərə dərs deyən müəllim Akifə Sarıyeva Sumqayıt Şəhər Təhsil Şöbəsində öyrədici treninqlərdən keçərək sertifikat almış və hazırda işini günün tələbləri səviyyəsində quraraq istəyinə nail ola bilir. Həmçinin I siniflərdə ingilis dilindən dərs keçən Albina Soltanova və Sədaqət İsmayılova tədrisi müəllimlər komandası - bir sinifdə iki müəllimin eyni zamanda dərs deməsi metodu ilə aparırlar. Onu da qeyd edək ki, Sədaqət müəllim keçən il öz ixtisası üzrə  ölkə başçısının sərəncamı ilə 2007-2008-ci dərs ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

I sinif şagirdləri sinifdə və dərsdənkənar saatlarda ingilis dilində danışırlar ki, bu da onlarda bu dildə danışmaq vərdişinin yaranmasına səbəb olur.

Bağça uşaqları və yuxarı sinif şagirdləri kimi ibtidai sinif şagirdləri də məktəbin inzibati binasında yerləşən yeməkxanada təhsil ocağının hesabına gündə üç dəfə yeməklə təmin edilirlər. Onlar üçün ayrılmış yeməkxanalar yaş qrupuna uyğun təşkil edilmişdir. İbtidai sinif şagirdləri nahar yeməyindən sonra bir qayda olaraq saat yarım yatmaq üçün onlar üçün ayrılmış xüsusi yataq otağından istifadə edirlər. Bu otaqlarda yaradılmış şərait Avropa standartlarına uyğun şəkildə təşkil edilmişdir.

Yuxarı siniflərdə tədrisin aparılması metodlarından söz açan direktor müavini Sevda Butayeva dedi:

- Bizim liseydə tədris üç istiqamətdə - təbiət, humanitar və texniki fənlər üzrə dərinləşdirilmiş proqramla aparılır. Dərslər Azərbaycan dilində keçilir və gələcəkdə rus və ingilis dillərində də tədris ediləcəkdir. Hazırda valideyn və şagirdlərin arzusu nəzərə alınaraq VIII sinifdən başlayaraq şagirdlər seçdiyi fənlər üzrə təmayüllü siniflərdə təhsil alırlar. Bu gün məktəbimizdə texniki və humanitar fənlər üzrə təmayül siniflər mövcuddur.

Təhsil Nazirliyinin proqramı saxlanılmaqla başqa liseylərdən fərqli olaraq təhsil ocağında texniki fənlərin tədrisinə daha çox saat ayrılmışdır. Gələcəkdə ingilis dilində ayrıca sinif təşkil edilməsi nəzərdə tutulmuşdur. Məktəb-liseyə gələcəkdə də şagirdlər imtahan yolu ilə qəbul ediləcəklər.

Başqa liseylərdən fərqli olaraq məktəbdə şagirdlərin arzusu ilə hər gün saat 16.00-dan 18.00-a kimi informatikadan və ingilis dilindən əlavə kurslar təşkil edilmişdir. İdmana maraq göstərən şagirdlər üçün isə cüdo və brekdans məşqləri keçilir. Bu məşqlər təcrübəli idman ustaları tərəfindən aparılır. Gələcəkdə liseydə şahmat, üzgüçülük və valideynlərin arzusuna əsasən başqa dərnəklərin də açılması nəzərdə tutulmuşdur.

Liseyin şagirdləri üçün xüsusi geyim forması vardır. Həmin geyimlər qış və yay fəsilləri üçün nəzərdə tutularaq sifarişlə tikdirilmişdir. Buraya xüsusi idman formaları da daxildir. ümumiyyətlə, liseydə şagirdlərin fiziki hazırlığına da xüsusi fikir verilir. Belə ki, mütəmadi olaraq müxtəlif idman oyunları və yarışları təşkil edilir. Həmin yarışlarda fərqlənən şagirdlərə həvəsləndirici mükafatlar verilir, onlarda idmana maraq oyadılır.

Burada tədbirlərin keçirilməsi adət halını almışdır. Belə ki, yeni dərs ilində "Müəllimlər günü", "Yeni il şənliyi", "Xocalı soyqırımı", "8 Mart Beynəlxalq Qadınlar Günü" və Novruz bayramı ilə bağlı tədbirlər keçirilmişdir. Bu tədbirlərdə VII sinif şagirdi Amin Məmiyev xüsusi fərqlənmişdir.

Novruz bayramı ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi yaradılmışdır.

Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, məktəbdə bir sıra nailiyyətlər əldə edilmişdir. Belə ki, şagirdlər Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən keçirilən "Gənc informatiklər" müsabiqəsində uğurla iştirak ediblər. Beynəlxalq ətraf mühitin mühafizəsi layihəsi üzrə keçirilən İNEPO - Avrasiya olimpiadasında məktəbin VII sinif şagirdləri Amin Məmiyev və Nazim Ağazadə iştirak etmişlər. Həmin şagirdlərin bu olimpiadaya hazırlanmasında fənn müəllimi Lətafət Yusiflinin və kurator Gülər Paşayevanın əməyi  böyük olmuşdur.

Təhsil ocağında hər ay və hər rübün sonu fənlər üzrə yoxlama sınaq yazı işləri aparılır. Məqsəd şagirdlərin biliyini artırmaq, ali məktəblərə qəbul olmaq üçün repetitorların yanına getməsinin qarşısını almaqdır. Bir sözlə, təhsil ocağı şagirdlərin ali məktəblərə daxil olması üçün repetitorların yanına getməyə ehtiyac olmayacağına tam zəmanət verir. Burada hər sinifdə 10-12 şagird təhsil alır ki, onların da hər biri ayrı-ayrılıqda öyrədiləcək və ali məktəblərə qəbul olunmaları üçün liseydən tam hazırlıqlı buraxılacaqlar.

Məktəb-liseyin inzibati və tədris korpuslarında bir neçə otağa baş çəkdik. Burada fəaliyyət göstərən zəngin fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları günün tələbləri səviyyəsində qurulmuşdur. Fəaliyyət göstərən bütün kompüterlər İnternetə qoşulmuşdur. Gün ərzində açıq olan informatika otaqları şagirdlərin və müəllimlərin ixtiyarına verilmişdir. Liseydə fəaliyyət göstərən kitabxana, tibb məntəqəsi, akt və idman zalları Avropa standartlarına tam cavab verir. Burada zəngin dərsliklər və ədəbiyyatla təchiz edilmiş kitabxana, geniş oxu zalı vardır. Tibb məntəqəsində həkim vaxtaşırı şagirdlərin və körpələrin sağlamlığı ilə maraqlanır, gün ərzində onlara veriləcək yeməklərin sanitar-gigiyenik qaydada hazırlanmasına nəzarət edir. Tibb məntəqəsi ilk yardım zamanı lazım olacaq bütün dərmanlarla təmin edilmişdir.

Liseyin tədris korpusunun zirzəmisində şagirdlər üçün üzgüçülük hovuzu inşa edilir.

Məktəbin müasir standartlara cavab verən qazanxanası ilboyu işlədiyi üçün burada bütün otaqlar qızdırılır, tədris və inzibati korpuslar daim isti və soyuq su ilə təmin edilir. Bir sözlə, məktəb-liseyin mənsub olduğu maddi-texniki bazası burada daha geniş işlərin həyata keçiriləcəyindən və uğurlar qazanacağından xəbər verir.

Bu yaxınlarda məktəbin 1 yaşı tamam olacaq. Biz də, öz növbəmizdə, bu münasibətlə liseyin müəllim və şagird  kollektivinə  yeni  uğurlar  arzulayırıq.

Nizami MİRZƏ,

Malik NOVRUZOV