|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Texniki peşə təhsilinin inkişafı ilə bağlı layihənin təqdimatı olub Aprelin
7-də "Excelsior" otelində Avropa İttifaqı
tərəfindən maliyyələşdirilən "Peşə
təhsili və təlimi sahəsində islahatlar
strategiyası və Azərbaycanın seçilmiş regionunda
pilot icrası" layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə bu layihə və onun
Azərbaycanda texniki peşə təhsilinin inkişafında
müstəsna əhəmiyyəti haqqında ətraflı
məlumat verildi. Qeyd olundu ki, Azərbaycan hökumətinə
mövcud texniki peşə təhsili sistemində islahatlar
aparılması üçün strategiyanın hazırlanmasında
dəstək göstərəcək layihənin əsas
məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət
qabiliyyətinin yüksəldilməsi və məzunlar üçün
iş imkanlarının artırılmasından
ibarətdir. Avropa İttifaqı tərəfindən 2,5
milyon avro dəyərində büdcə ilə təmin
edilmiş layihə texniki peşə təhsili
sahəsində islahatları əmək bazarının
ehtiyaclarına uyğunlaşdırmaqda yardımçı
olmaqla ölkəmizdə işəgötürənlər və
peşə təhsili müəssisələri arasında
əlaqələrin qurulması, inkişaf etdirilməsi
istiqamətində fəaliyyət göstərəcəkdir.
Əmək bazarının tələblərinə uyğun
məzunlar hazırlamaq qabiliyyətinə malik texniki peşə
təhsili sisteminə fəal şəkildə
dəstək olacaq effektiv əməkdaşlığın
təmin edilməsi üçün layihə dövlət və özəl
sektor arasında dialoqu inkişaf etdirəcəkdir. Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov qonaqları salamlayaraq dəvəti
qəbul etdikləri üçün onlara öz təşəkkürünü
bildirdi. Texniki peşə təhsili üzrə böyük inkişaf
yolu keçmiş dünya ölkələrinin qabaqcıl təcrübəsindən
söz açan təhsil naziri bizdən fərqli olaraq həmin ölkələrdə
peşə təhsili müəssisələrinin
ictimaiyyət arasında böyük nüfuza malik olduğunu vurğuladı. Artıq ölkədə aparılan
sosial-iqtisadi islahatların peşə təhsili sisteminin
də yeniləşməsi zərurətini yaratdığını
deyən Misir Mərdanov son zamanlar bu sahəyə
diqqətin artırıldığını, onun dövrün
tələblərinə uyğun təkmilləşdirilməsi
istiqamətində müvafiq addımların atıldığını
qeyd edərək "Azərbaycan Respublikasında texniki
peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)" çərçivəsində
görülən işlərdən danışdı. Təhsil
naziri texniki peşə təhsili sistemində aparılan
islahatların, o cümlədən "Peşə təhsili
və təlimi sahəsində islahatlar strategiyası
və Azərbaycanın seçilmiş regionunda pilot icrası"
layihəsinin bu sahədə gözəçarpan irəliləyişlərə
səbəb olacağına əminliyini ifadə
edərək bu işdə iştirak edən bütün
beynəlxalq təşkilatlar və yerli qurumlara
minnətdarlığını bildirdi. Avropa Komissiyasının Azərbaycandakı
nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və
"British Council" təşkilatının ölkə üzrə
direktoru xanım Nikol lə Os de Lalüvye öz çıxışlarında
bu layihəni Azərbaycanla əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsində ən
önəmli nümunə kimi dəyərləndirdilər. Təhsil Nazirliyinin Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov
"Peşə təhsili və təlimin perspektivləri
və Azərbaycanın təhsil sistemi sahəsində
islahatlarla əlaqəsi" və layihə rəhbəri
Nils H. Kristensen "Peşə təhsili təliminin müasirləşdirilməsi
layihəsi: məqsədlər, layihənin icrası
və gözlənilən nəticələr" adlı
təqdimat-məruzələrlə çıxış
etdilər. Layihənin icrası haqqında danışan
Namiq Məmmədov və Nils H.Kristensen bu
məqsədlə seçilmiş İsmayıllı rayonunda
tikilən texniki peşə təhsili kompleksi ilə bağlı
ətraflı məlumat verdilər. Tədbir iştirakçılarının
diqqətinə çatdırıldı ki, İsmayıllı
Peşə Məktəbi tədris binası, laboratoriya,
kompüter otaqları, emalatxana, yeməkxana, yataqxana, kitabxana,
konfrans zalı və oteldən ibarət olacaq, şagirdlərin
kompleksi tərk etmədən nəzəri
biliklərlə yanaşı, təcrübi biliklərə
də yiyələnmək imkanı olacaqdır.
Azərbaycan hökuməti tərəfindən hazırda
tikilməkdə olan İsmayıllı Peşə
Məktəbində praktik təlimin həyata keçirilməsi
üçün avadanlığın alınmasına 0,5 milyon avro
məbləğində əlavə maliyyə vəsaiti
ayrılmışdır. Daha sonra Mədəniyyət və Turizm
Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar
Əliyev "Turizmdə təhsilin aktuallığı",
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Biznesin inkişafı şöbəsinin
müdiri İlqar Əsədov "Sosial əməkdaşlıq,
özəl sektordan gözləntilər" və İnsan
Resursları Departamentinin Təlim və tədris şöbəsinin
rəhbəri Sanar Məmmədov "Azərsun
Holdinq"in təhsilyönümlü uğurlu təcrübəsi"
mövzusunda məruzə etdilər. Mərasimdə səslənən bütün çıxışlarda
bu layihənin Azərbaycanda texniki peşə təhsili
sahəsinin inkişafına böyük təkan verəcəyi
vurğulandı və uğurla icra olunması arzulandı. Hicran ƏKBƏROVA |