· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təlim keyfiyyətinin təmin olunmasında əyanilik mühüm şərtdir

"Kosmos əsri", "Kompüter əsri", "İntellekt əsri", "Təhsil əsri" kimi ifadələrlə səciyyələndirilən əsrimizin, əslində ən başlıca səciyyəvi cəhəti problemlərin, ayrı-ayrı ölkələrdə mövcud olan çətinliklərin qloballıq kəsb etməsidir. Belə məsələlərdən biri bu gün həyati bacarıqlara əsaslanan təhsildir. Bu, son iyirmi ildə dünyanın aparıcı ölkələrində daha qabarıq şəkildə özünü göstərmişdir. Odur ki, həmin sivil ölkələrdə ictimaiyyətin dəstəyi ilə müəllim və şagirdlər belə bir təhsilin təşkilinə böyük maraq göstərirlər.

Respublika Təhsil və Səhiyyə nazirlikləri arasında Qlobal fondun "Azərbaycanda NİV/QİçS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanmış, elmi ədəbiyyatda preventiv təhsil proqramı kimi dəyərləndirilən, uşaq və gənclərə güclü təsir gücünə malik maarifləndirici, profilaktik xarakter daşıyan həyati bacarıqlara əsaslanan təhsil fənninin tədrisi məqsəd və vəzifələri aktual və vacibdir: biliklər inkişafın davamlılığını təmin etməlidir; təhsil məqsəd deyil, biliklərin, dəyərlərin, davranışın və həyat tərzinin dəyişdirilməsi mexanizmidir.

"Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisində başlıca məqsəd məktəblilərdə sağlam həyat tərzi və yaşamaq bacarıqlarını aşılamaq, onlara müvafiq bilik və məlumat verməkdir. Uşaqlara təbiətlə harmoniyada yaşamağı, həyat keyfiyyətini yaxşılaşdırmağı öyrətməyə, insanı, ekoloji mühiti dəyərləndirməyə yönəldilən kurs şagirdlərə həm də öz həyatı üçün məsuliyyət hissi formalaşdırmalı, düşünülmüş şəkildə sağlam həyat tərzi seçməyi, mühitin neqativ təsirinə müqavimət göstərməyi... başa salmalı, mənimsətməli, öyrətməlidir.

***

Alimlər tədrisin müvəffəqiyyətini bir sıra şərtlərlə əlaqələndirirlər. Buraya müəllimin ümumi elmi, pedaqoji hazırlığı, öz ixtisasını sevməsi; tədris proqramının elmi-metodik tutumu; dərslik və dərs vəsaitlərinin müvafiqliyi, tədris məkanının münasibliyi və s. daxil edilir.

Dünya miqyaslı tədqiqatlar göstərir ki, insan oxuduğunun 10, eşitdiyinin 20, gördüyünün 30, eyni vaxtda gördüyü və eşitdiyi informasiyanın 50 faizini yadda saxlayır.

Əyani təsəvvürlərin yaranması üçün tədris zamanı gözlə qavranılan əyani vəsaitə, texniki vasitələrlə göstərilən vəsaitlərə ehtiyac həmişə duyulur.

Xarici duyğulara təsir göstərmək yolu ilə təşkil edilən əyani təlim həyati bacarıqlara əsaslanan təhsil fənninin tədrisində daha önəmli rol oynayır. Bu baxımdan fənn kabineti çox effektlidir.

Fənn kabineti bir neçə məqsədə xidmət edir:

* Burada əyaniliyin təmin olunmasına, proqram materiallarının yaxşı mənimsənilməsinə, dərslərin canlı, maraqlı təşkilinə imkan verən vəsaitlər toplanır.

* Kabinet sinfi əvəz edir, yəni dərslər burada keçilir.

* Kabinet sinifdənxaric tədbirlərə hazırlıq görülən yerdir, məktəbdənkənar işlər burada planlaşdırılır, nəticələr burada ümumiləşdirilib yekunlaşdırılır.

Fənnin proqramı və müəllim üçün tədris vəsaitini öyrəndikdən sonra müvafiq kabinet yaratmaq üçün əyani vəsaitləri aşağıdakı şəkildə qruplaşdırdım:

1. Rəsm əsərləri. Buraya görkəmli dövlət adamlarının, tarixi şəxsiyyət və yazıçıların portretləri, təbiət, şəhər, kənd həyatı mövzularında illüstrasiyalar, kino və ya teatr tamaşalarından kadrlar, uşaq mətbuatı nümunələrinə çəkilmiş şəkillər və s. daxildir.

2. Heykəltəraşlıq əsərləri (büstlər, heykəllərin şəkilləri).

3. Ayrı-ayrı məşhur memarlıq abidələrinin reproduksiyaları.

4. Xəritələr.

5. Müxtəlif təbiət təsvirləri olan şəkillər və s.

6. Ayrı-ayrı musiqi əsərləri yazılmış maqnitofon lent yazıları, videomateriallar.

Kabineti təşkil edərkən sənədli və bədii mətnlərin olmasını da nəzərdə tutmuşdum. Buraya Dövlət himninin mətni, uşaq hüquqları ilə bağlı sənədləri dövlət başçısının uşaq və gənclərin istedadına diqqət və qayğısının ifadəsi olan sərəncam və fərmanlar daxil idi.

Əyani vəsait olaraq təbiət mənzərələrini əks etdirən peyzajlar, müxtəlif illüstrasiyalar, portretlər, fotoalbomlar, plakatlar və s. nəzərdə tutuldu.

Kabinetdə fənlə bağlı tədris proqramı, müvafiq tədris vəsaiti, uşaq hüquqları ilə bağlı sənədlər, fəal təlim üsullarının şərhi verilən qəzet, jurnal yazıları, kitablar da olmalı idi.

Gərgin axtarış və səmərəli iş nəticəsində həyatımın 20 ildən çoxunu sinif otaqlarında, yaşadığım tədris ocağında - Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "Həyati bacarıqlara əsaslanan təhsil" kabineti yaradıldı.

Kabinetdəki materiallar aşağıdakı bölmələr üzrə qruplaşdırılıb:

Sağlam həyat tərzi və yaşamaq bacarığı.

Sağlamlığın qorunması.

Yoluxucu xəstəliklərdən necə qorunmalı?

İnsan hüquqları.

Uşaq hüquqları Konvensiyası.

Sülh.

Vətəndaşlıq.

Dünyanı necə görürük?

Doğma diyarım - Azərbaycan.

Məktəb də ailədir.

İdman və gözəllik.

Təbiəti qoruyaq.

Güc birlikdədir.

Oxu materialları, qlobus, bayraqlar, hər qrup üçün küçə hərəkəti qaydalarına aid işlər.

"Həyati bacarıqlara əsaslanan təhsil" stendi.

"Təhsil islahatının əsas prinsipləri" adlı stend.

Dövlət atributlarına həsr olunmuş stend.

"Odlar yurdu - Azərbaycan" adlı stend.

Necə sağlam olmalı? QİçS-ə yox!

Əl işləri. "Əmək bacarıqlı əlləri sevir" adlı stend.

Televizor, kompüter, radiomaqnitofon.

Bir sinif otağına - fənn kabinetinə toplanmış bu əyani vəsaitlər, texniki vasitələr hər dərsin uşaq aləminə güclü və faydalı təsirlə başa çatmasını təmin edir.

 

Mehparə HƏBİBLİ,

Bakıdakı A.Hüseynzadə adına

20 nömrəli məktəb-liseyin müəllimi