· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Amerikalı musiqiçi ilə görüş

Martın 19-da Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecində Amerika Birləşmiş Ştatlarının musiqiçisi Cefri Verbakın kollecin tələbələri ilə görüşü keçirilmişdir. Konsertdən öncə qonaq Musiqi Kollecinin otaqlarını gəzdi, korifey sənətkarların şəkilləri ilə tanış oldu, tələbələrlə söhbət etdi. Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov təhsil müəssisəsi adından qonağı salamladı. Bildirdi ki, Cefri Verbak 3-cü dəfə Musiqi Kollecində konsert verir. Hər konserti bizim üçün çox maraqlı keçir.

Beynəlxalq Muğam festivalının iştirakçısı olan Cefri Verbak Musiqi Kollecinin səhnəsində növbə ilə tar və kamançada "Dilkəş", "Zabul", "Şur", "Segah" və "çahargah" muğamlarını yüksək peşəkarlıqla ifa etdi. Maraqla qarşılanan konsertdə qonaq Azərbaycan dilində muğamın sirlərindən də danışdı.

Məlumat üçün qeyd edək ki, Cefri Verbak Amerika vətəndaşıdır. Yəhudi millətindən olan qonağın əsl peşəsi arxitektor-dizaynerdır. Tar və kamana marağı ilk dəfə 1972-ci ildə yaranıb. Amerikada olan muğam sənətkarlarının konsertində iştirak etdikdən sonra həmin alətləri çalmağa başlayıb. İlk dəfə 1989-cu ildə Bakıda olanda kamança ustası Ədalət Vəzirov və tarçalan Zamiq Əliyevlə tanış olub və tədricən peşəkar səviyyədə alətləri ifa etməyə çalışıb. Azərbaycanlıların qonaqpərvərliyinə heyran olan Cefri Verbak dilimizi də mükəmməl öyrənib. O, Azərbaycan xalçalarını çox sevir. Qonaq bildirdi ki, Amerika və Avropanın müxtəlif tədris müəssisələri və muzeylərində möhtəşəm konsert proqramları ilə çıxış edir, musiqimizi təbliğ edir. çalışır ki, muğamın müsbət emosiyalarını insanlara çatdırsın. Cefri Verbak konsert zamanı sakitliyi qorumağı xüsusilə sevir. "Mənim əsas məqsədim Azərbaycanın adını məşhurlaşdırmaqdır", deyir.

Qonağa yeni yaradıcılıq uğurları arzulayırıq.

Fazil İDRİSOĞLU