Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıdakı
şahmat məktəbində olmuşdur.
Məktəbin fəaliyyəti ilə tanış olan dövlətimizin
başçısına məlumat verilmişdir ki, 1986-cı ildə
tikilmiş məktəbdə ötən müddətdə təmir və bərpa
işləri aparılmamışdı. Məktəbin yenidən
qurulmasına Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə bu ilin mayında başlanmışdır. Artıq
əsaslı bərpa işləri başa çatdırılmışdır.
İkimərtəbəli binanın ümumi sahəsi 2116
kvadratmetrdir. Burada 7 şahmat otağı, yarış
zalı və digər yardımçı otaqlar vardır. Şahmat
məktəbi yenidənqurmadan sonra müasir inventar və
avadanlıqla, kompüter dəstləri ilə təchiz
olunmuşdur.
Dövlətimizin başçısı uşaqların məşq prosesini
izlədi.
Şahmatçı uşaq: Hörmətli cənab Prezident,
gözəl Şamaxımıza xoş gəlmisiniz. Bizim üçün belə
şərait yaratdığınıza görə Sizə dərin
minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
çalışacağıq ki, Sizin etimadınızı doğruldaq, bu
qayğıya layiq olduğumuzu sübut edək. Səsimizin
Avropa və dünya birinciliklərindən gələcəyinə
daim səy göstərəcəyik. Bunu şahmatçı dostlarım
adından əminliklə söyləyirəm.
Prezident İlham ƏLİYEV: Artıq 10 yaşında
iki medalın vardır - biri gümüş, biri bürünc. On
bir yaşında gərək birini də əlavə edəsən - qızıl.
Artıq ənənə bərpa olundu. Vaxtilə ulu öndər
tərəfindən bütün rayonlarda şahmat məktəbləri
tikildi. O, Azərbaycandan gedəndən sonra onların
bəziləri bağlandı, bəziləri satıldı,
özəlləşdirildi, dağıdıldı. İndi biz bunların
hamısını bərpa edirik. Nəticəni də görürük,
Azərbaycan şahmatçıları Avropada birinci oldu.
Bu, tarixi qələbədir. Siz də gərək bu yolu
gedəsiniz.
Şahmatçı qız respublika çempionatında birinci
yer qazandığını bildirərək medalını göstərdi.
Prezident İlham ƏLİYEV: Səndə artıq
birinci yer vardır.
Avropa çempionu adını qazanan uşaqların hamısı
gəncdir. Onların hamısı müstəqillik dövründə
böyüyüblər. çoxları müstəqillik dövründə anadan
olub, böyüyüb. Yəni, bu onu göstərir ki,
Azərbaycan belə gözəl övladlar yetişdirir.
Şərait də vardır. Bir də ki, intellektual
potensial çox yüksək səviyyədədir. Əgər belə
olmasaydı, - lap sən ən gözəl şəraiti yarat, -
əgər intellektual potensial, güclü məktəb olmasa,
nəticə mümkün deyildir. Avropa qitəsində birinci
olmaq zarafat deyildir. İndi dünya şahmatı
Avropada cəmləşib. Bütün komandaları geridə
qoyduq və bu, artıq bir zirvədir. Uşaqlar da
əlbəttə, çalışmalıdırlar ki, o zirvəyə
yaxınlaşsınlar. Ancaq bununla bərabər, əsas odur
ki, onlar şahmatla məşğul olmaqla öz
intellektual potensiallarını artırır,
genişləndirirlər. Müəllimlərin, məşqçilərin də
burada böyük rolu vardır. Ona görə biz sizdən
yaxşı nəticələr gözləyəcəyik.
Məşqçi: Cənab Prezident, Siz Şamaxıya
bayram ərəfəsində qədəm qoymusunuz. Bayramımızı
bir gün də artırmısınız. Ona görə məktəbimizin
kollektivi adından, bax bu istedadlı şahmatçılar
adından Sizin bayramınızı təbrik edirəm. Arzu
edirik ki, Siz uzun ömür yaşayıb Azərbaycanda bu
xarüqələrin davam etdirilməsinə on illərlə
rəhbərlik edə biləsiniz. Xoş gəlmisiniz. Allah
Sizə yar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi
bir daha bayram münasibətilə təbrik edirəm.
AzərTAct |