Ölkəmizin ilk orta ixtisas məktəblərindən
birinin, Azərbaycan üçün elm, sənət, mədəniyyət
xadimlərinin, istedadlı pedaqoqlar nəslinin
hazırlanmasında böyük rolu, özünəməxsus tarixi
ənənələri olan Azərbaycan Dövlət Pedaqoji
Kollecinin 90 yaşı tamam olur. Bu zəka və
ülviyyət məbədinin əsrə yaxın bir dövr ərzində
xalqımız, onun təhsili qarşısındakı xidmətlərini
çox vaxt haqlı olaraq Qori Müəllimlər
Seminariyasının fəaliyyəti ilə müqayisə edir,
seminariyanın 1920-ci ilə qədər təhsil
tariximizdə, xalqımızın milli mənəvi
tərəqqisində oynadığı rolu onun süqutundan sonra
məhz Azərbaycan Dövlət Pedaqoji Kollecinin davam
etdirdiyini söyləyirlər. Kollecin 90 illik
şərəfli tarixinə nəzər salanda, onun çoxsaylı
məzunlarının doğma Azərbaycanımızın elm, təhsil
və mədəniyyətinin inkişafına verdiyi töhfələri
göz önündə canlandıranda bu müqayisənin nə qədər
uğurlu olduğunu qeyd etməmək olmur.
Şərəfli tarixinin ən çətin zamanlarında belə öz
böyük amalından dönməyən, öhdəsinə düşən
vəzifəni həmişə məsuliyyətlə yerinə yetirən
yubilyar təhsil ocağının təhsil tariximizdəki
rolunu yüksək qiymətləndirən ümummilli liderimiz
Heydər Əliyev 10 il bundan öncə kollecin
kollektivinə ünvanladığı təbrik məktubunda
deyirdi: "Bakı Pedaqoji Texnikumu respublikanın
maarif ocaqlarını yüksək səviyyəli pedaqoji
kadrlarla təmin etmək sahəsindəki uzunillik
fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında
misilsiz xidmətlər göstərmişdir".
Bir neçə gün öncə 90 illiyini qeyd etdiyimiz
Bakı Dövlət Universiteti kimi Azərbaycan Dövlət
Pedaqoji Kolleci də Azərbaycan Demokratik
Cümhuriyyətinin yadigarı kimi həyatın
sınaqlarından çıxaraq inkişaf etmiş, zəkalarda,
qəlblərdə, ideyalarda saxlanan əmanət kimi
qorunaraq qurduğumuz müstəqil Azərbaycan
Respublikası dövlətinə, Azərbaycan xalqına,
təhsil sisteminə ərməğan edilmişdir.
Seminariyadan kollecədək
Məlum olduğu kimi, ötən əsrin əvvəllərində
cəmiyyətdə meydana gələn milli oyanış, ölkənin
yaşadığı çətin durumdan çıxış yolunun təhsildə
olmasının dərk edilməsi təhsilə tələbatı
artırmış, təhsil hərəkatı güclənmişdi. Yeni-yeni
məktəblər açılır, mövcud təhsil ocaqları
getdikcə daha sürətlə tərəqqi edirdi.
1918-ci il mayın 28-də özünün müstəqilliyini
elan etmiş Azərbaycanda təhsili milli zəmində,
yeni əsasda qurmaq və inkişaf etdirmək önəmli
bir vəzifə kimi qarşıda dururdu. Təhsilin
inkişafı pedaqoji kadrlara da tələbatı
artırırdı. Kollecın də bünövrəsi məhz o zaman -
1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə qoyulmuşdur. Həmin il 1916-cı ildə
açılan, lakin fəaliyyəti qənaətbəxş olmayan Bakı
Qızlar Seminariyasının əvəzinə hökumətin qərarı
ilə Bakı Kişi Müəllimlər Seminariyası
yaradılmışdı. Seminariyanın kiçik və böyük
hazırlıq qrupları və I sinifləri fəaliyyət
göstərirdi. O vaxt seminariya darülmüəllimin
adlanırdı. Tədris ocağına məşhur pedaqoq Rəşid
bəy Əfəndiyev rəhbərlik edirdi. Seminariyanın
ilk buraxılışı 1922-1923-cü tədris ilində olmuş,
həmin il onu 9 nəfər azərbaycanlı gənc
bitirmişdir.
1920-ci ildə Bakıda Köhnə Marinskaya qız
gimnaziyasının binasında ilk darülmüəllimat -
qızlar üçün seminariya yaradılmışdır. Onun
müdiri Azərbaycan xalqının fədakar qızlarından
Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif
Komissarlığının sərəncamı ilə hər iki seminariya
birləşdirilərək Bakı Müttəhid (birləşmiş)
Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə
başlamış və tezliklə respublikanın tədris
ocaqları arasında özünəməxsus yer tutmuşdur.
Birləşmiş məktəbin direktoru Pənah Qasımov,
tədris işləri üzrə direktor müavini Cəmo
Cəbrayılbəyli idi. O illərdə texnikum təkcə
Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan
respublikaları üçün də pedaqoji kadrlar
hazırlayırdı.
1930-1931-ci dərs ilində məktəbdə rus və erməni
şöbələri də açılmış və bununla əlaqədar o,
Beynəlmiləl Pedaqoji Texnikum adlandırılmışdır.
1936-cı ildə tədris ocağına böyük satirik şair
və maarifçi-demokrat Mirzə Ələkbər Sabirin adı
verilmişdir.
1938-ci ildən 1967-ci ilədək tədris müəssisəsi
M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi adını
daşımış, 1968-cı ildən isə M.Ə.Sabir adına Bakı
Pedaqoji Məktəbi kimi fəaliyyətini davam
etdirmişdir. 1991-1999-cu illərdə M.Ə.Sabir
adına Bakı Pedaqoji Texnikumu kimi fəaliyyət
göstərən tədris ocağına həmin il keçirilən 80
illiyi ərəfəsində kollec statusu verilmiş və o
Azərbaycan Dövlət Pedaqoji Kolleci
adlandırılmağa başlanmışdır.
Müqəddəs amallı, zəka qüdrətli müəllimlər
Bu təhsil ocağını yaradan, onun addımlarını
möhkəmləndirən, onu bilik və mənəviyyat ocağına
çevirən insanlar xalq üçün, ölkə üçün ürəyini
şam edən müqəddəs amallı, zəka qüdrətli,
yaradıcılıq ehtiraslı insanlar olmuşlar. üzeyir
Hacıbəyov, Hüseyn Cavid kimi görkəmli mədəniyyət
xadimləri olan sənət fədailəri, Müslüm
Maqomayev, Abdulla Şaiq, Sultan Məcid Qənizadə
kimi məşhur müəllim və sənətkarlar, Səməd bəy
Acalov, Şəfiqə xanım Əfəndizadə, Cəmo bəy
Cəbrayılbəyli, Badsəba xanım Köçərli, Kövsər
xanım Yusibova, Nurməmməd Şahsuvarov, Cabbar
Əfəndizadə, Atabala Musaxanlı, Sara xanım
Xuramoviç, Qafur Rəşad, Sultanmurad Əliyev,
sonralar görkəmli psixoloq və filosof kimi
tanınmış Əhməd Kərədi, həkim və hüquqşünas Azad
bəy Əmirov, məktəbin ilk direktorlarından -
dövlət xadimi, tanınmış təhsil təşkilatçısı
Pənah Qasımov və digər görkəmli maarif xadimləri
seminariya adı ilə fəaliyyətə başlayan bu
kollecin məşhurlaşmasında, tədris-metodiki
bazanın yaradılmasında, dərin bilikli, yüksək
peşə hazırlıqlı və vətənpərvər ruhlu müəllim
kadrlarının hazırlanmasında müstəsna rol
oynamışlar.
90 ildə 65 min məzun
Vaxtilə mədəni inqilabın həyata keçirilməsində,
savadsızlığın ləğv edilməsində, xalqımızın
savadlanması və maariflənməsi yolunda böyük
xidmətlər göstərmiş, bu gün ölkəmizdə
gündən-günə inkişaf edən, dəyişən, yeniləşən,
dünyaya inteqrasiya olunan təhsilimizə öz
töhfələrini verməkdə davam edən, öz tarixi
missiyasını uğurla həyata keçirərək ibtidai
təhsil pilləsi üçün müasir təhsil
texnologiyalarına yiyələnmiş müəllimlər
hazırlayan kollec mövcud olduğu 90 il ərzində 65
mindən çox mütəxəssis yetişdirmişdir. Bu təhsil
ocağını bitirənlərin bir çoxu Azərbaycan elmi və
mədəniyyətinin, təhsili və digər təsərrüfat
sahəsinin görkəmli xadimlərinə, nümayəndələrinə
çevrilmişlər. Onlara misal olaraq XX əsr
Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətinin
görkəmli nümayəndələri Mehdi Hüseyni, Mikayıl
Müşfiqi, Mirvarid Dilbazini, Sabit Rəhmanı, Səid
Rüstəmovu, Əfrasiyab Bədəlbəylini, maestro
Niyazini, Salam Salamzadəni, Məmmədhüseyn
Təhmasibi, Əlisöhbət Sumbatzadəni, Əkrəm Cəfəri,
Mərdan Muradxanovu, Fatma Süleymanovanı, Əli
Sultanlını, Cabir Novruzu, Əzizə Cəfərzadəni və
başqalarını göstərmək olar.
Onların bir çoxu sonralar məzunu olduqları
kolleci yüksək qiymətləndirmiş, onu xoş sözlərlə
xatırlamışlar. Xalq şairi Mirvarid Dilbazi
yazırdı: "Mənim oxuduğum pedaqoji məktəb - həya,
ismət, qeyrət, vətənpərvərlik məktəbi idi".
Cabir Novruz isə oxuduğu pedməktəbə həsr etdiyi
"Xatirələrim" adlı şeirində təhsil ocağını ən
ülvi hisslərlə tərənnüm etmişdir.
Kollecin nüfuzu həmişə Azərbaycan ictimaiyyəti
arasında yüksək olmuş, bir çox tanınmış simalar,
ictimai və dövlət xadimləri, ədib və
mütəfəkkirlər onun haqqında, 20 ildən bəri ona
bacarıqla rəhbərlik edən filologiya elmləri
doktoru, professor, əməkdar müəllim Nurlana
Əliyeva barədə dəyərli sözlər söyləmişlər.
Aşağıda həmin fikirlərdən bəzilərini oxuculara
da təqdim edirik.
"Kollec respublikamızın ən öndə gedən təhsil
ocaqları ilə yarışa bilən bir səviyyədədir. Onun
rəhbəri Nurlana xanım da öz zəkası, səviyyəsi
ilə fərqlənə bilir, bu tarixi, məşhur tədris
ocağını lazımi səviyyədə irəli apara, ona düzgün
istiqamət verə bilir".
Kamal TALIBZADƏ,
akademik
"Köhnə ənənəvi dərs formasından kənara çıxaraq
yeni axtarışlar aparmaq, yaradıcı yanaşmaq, yeni
forma və üsullar tətbiq etmək və beləliklə,
pedaqoji axtarışlar aparmaq bu məktəbdə artıq
ənənə şəklini almışdır və təqdirəlayiqdir".
Hüseyn ƏHMƏDOV,
akademik
"Nurlana xanım Əliyeva çox təcrübəli bir
müəllim, təhsilimizin təşkilatçılarından
biridir".
Bəkir NƏBİYEV,
akademik
"Nurlana xanım bizim ictimai mühitimizdə,
elmi-ədəbi mühitimizdə, pedaqoji mühitimizdə
tanınan bir xanımdır. Onun artıq kifayət qədər
zəngin bir yaradıcılıq yolu var. Onun
müəllimliyi də çox gözəldir və xüsusilə də,
müəllimlikdə təşkilatçılıq imkanları da çox
genişdir".
Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
millət vəkili
"...Texnikumda işləyən müəllimlərin bir çoxu
sadəcə tədrisçi, peşəsinin vurğunu deyil,
sənətin, sənətkarın, elmin, mədəniyyətin,
təbiətin vurğunudur. Ona görə də onların
dərslərində sözün, fikrin məzmun siqləti
ehtirasla, duyğuyla, emosional təsirlə vəhdət
təşkil edir və gənc ürəkləri ehtizaza gətirir,
beyinləri aydınlaşdırır, intellekt mədəniyyəti
aşılayır".
Əjdər AĞAYEV,
professor
Ənənələr yaşadılır
Kollecdə illərlə yaranmış, cilalanmış, hər vaxt
inkişafı təmin edən mütərəqqi ənənələr bu gün də
yaşadılır, zənginləşdirilir.
Bu gün doğma Azərbaycanımızı inkişaf etdirmək,
qüdrətini artırmaq, dünya dövlətləri sırasında
layiqli yerini tutmasını təmin etmək üçün
həyatın bütün sahələrində böyük işlər görülür,
iri layihələr həyata keçirilir. İndi
cəmiyyətimizin, təhsilimizin qarşısında maddi
sərvətləri insan kapitalına çevirmək, ölkənin
gələcək inkişafını təmin edən yüksəkixtisaslı,
vətənpərvər insanlar yetişdirmək kimi böyük
vəzifələr durur. ölkədə bu vəzifələrin yerinə
yetirilməsini hədəfə alan təhsil islahatları
aparılır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin qayğısı ilə mədəni
dəyərlərin qorunmasına, elmin və təhsilin
inkişafına yardım göstərilir.
Belə bir dövrdə kollecin qarşısında təhsilimizin
bünövrəsini, təməlini qoyan yüksək səviyyəli
ibtidai sinif müəllimləri yetişdirmək kimi
şərəfli vəzifə durur. Bu vəzifənin yerinə
yetirilməsi üçün kollecdə lazımi təhsil mühiti,
yüksək hazırlıqlı müəllimlər, kollektivin
yaradıcı fəaliyyət əzmi vardır.
Hazırda 3100 nəfərdən çox tələbəsi olan kollecdə
ibtidai təhsil, sosial pedaqogika, əmək
hazırlığı və texnologiya, xarici dil, fiziki
tərbiyə və gənclərin çağırışaqədər hazırlığı,
ailə və ev tərbiyəsi, təsviri incəsənət və
rəsmxətt ixtisasları üzrə mütəxəssis hazırlığı
aparılır. Bu il 500-ədək məzun kollecdə aldığı
yüksək nəzəri və praktik hazırlıqla həyata
atılıb.
Həmişə olduğu kimi, indi də kollecin məzunları
öz yüksək hazırlıqları ilə fərqlənirlər. Ən
tələbkar təhsil müəssisələri müəllim seçimində
məhz pedaqoji kollecin məzunlarına üstünlük
verirlər. Məzunlar arasında neçə-neçə məktəb
direktoru, əməkdar müəllim vardır.
Hazırlanan mütəxəssislərin keyfiyyəti, onların
öz ixtisas və peşələrinin kamil bilicisi,
peşəkarı kimi yetişməsi 90 illik tarixi boyu
kollec üçün həmişə ən önəmli məsələ olub və o bu
gün də aktuallıq kəsb edir. Bu vəzifəni həyata
keçirmək üçün kollecin mükəmməl maddi-texniki
bazası vardır.
Keyfiyyət üçün əsas şərt: əlverişli təlim
mühiti
Dövlətimizin qayğısı sayəsində bir neçə il öncə
kollec üçün yeni tədris korpusu tikilərək
istifadəyə verilib. ötən il isə kollecin əsas
binası təmir olunaraq auditoriyalar,
laboratoriyalar, kitabxana, digər yardımçı
otaqlar ən müasir standartlara cavab verən
səviyyəyə çatdırılıb. Yeni tikilən tədris
korpusu müasir avadanlıqlarla təmin olunub,
mövcüd avadanlıqların böyük bir qismi yeniləri,
daha müasir və rahatları ilə əvəzlənib.
Fənn kabinetləri, laboratoriyalar, tədris
emalatxanası üçün yeni əyani vəsaitlər, texniki
avadanlıqlar və cihazlar alınıb.
Artıq on ilə yaxındır ki, qədəm qoyduğumuz XXI
əsr elm və texnikanın, texnologiyaların sürətli
inkişafı, elmi biliklərin durmadan artması və
yeniləşməsi əsridir. Məhz bu vüsətli inkişaf,
elmi biliklərin texnoloji proseslərin sürətlə
yeniləşməsi şəraitində bu gün böyüməkdə olan
nəslə nəyin və hansı həcmdə öyrədilməsi
təhsilimizin bütün pillələrində aparılan məzmun
islahatlarını zəruri etmişdir.
Dövrün tələblərinə uyğun orta ixtisas təhsilinin
məzmununda, o cümlədən pedaqoji kadrlar
hazırlığı aparılan texnikum və kolleclərin
tədris plan və proqramlarında da dəyişikliklər
aparılır.
Məzmun islahatı yönündə aparılan bütün işlərdə
kollec yaxından iştirak edir. Orta ixtisas
məktəbləri arasında baza məktəbi olduğundan
kollecdə bütün fənlər üzrə yeni proqramlar
hazırlanaraq çap olunmuşdur. Kollecin 25 nəfər
müəllimi kurikulumlarla bağlı seminar-treninqdə
iştirak etmişdir.
Artıq ikinci ildir ki, bir neçə pedaqoji ali və
orta ixtisas təhsili müəssisəsi ilə yanaşı,
Azərbaycan Dövlət Pedaqoji Kollecində də yeni
kurikulumlar tətbiq olunur.
Yeni texnologiyalar beşiyi
Yubilyar təhsil ocağının məzunlarının hər yerdə
hörmətlə qarşılanmasının, adının uzun illər orta
ixtisas məktəblərinin ön sırasında çəkilməsinin,
əldə olunmuş bütün digər uğurların əsas
səbəblərdən biri də kollecdə düzgün qurulmuş
metodik sistem, yaradıcılıq mühitinin,
təşəbbüskarlıq ab-havasının olması,
innovasiyaların minimum vaxt ərzində ideyadan
əməli işə çevrilməsidir.
Müasir inkişafın doğurduğu bilik və məlumat
bolluğu, habelə çağdaş dünyamızda gənclərin
təfəkkürünün və idrak fəaliyyətinin yüksək
sürətlə inkişaf bilikləri necə, hansı yollarla
çatdırmaq məsələsini də aktuallaşdırır və yeni
təlim metodlarının, üsul və vasitələrinin, dərs
formalarının axtarışını zəruri edir. Məhz bu
zərurət nəzərə alınaraq kollecdə neçə illərdir
ki, həmin istiqamətdə yaradıcı iş aparılır.
Cəsarətlə söyləmək olar ki, son illər
təhsilimizdə təlimin forma və metodları ilə
bağlı tətbiq olunan bir çox yeniliklərin beşiyi
məhz bu pedaqoji kollec olmuşdur. ölkədə bu
sahədə hərəkat ötən əsrin sonları - yeni əsrin
əvvəllərində başlamışdırsa, kollecdə
müstəqilliyimizin ilk illərindən bu istiqamətdə
geniş yaradıcılıq axtarışları getmiş, maraqlı
nəticələr əldə olunmuş və tətbiqinə
başlanmışdır. Müxtəlif fənlər arasında
inteqrasiya edilmiş dərslər olan qeyri-ənənəvi
dərsi isə tam əsasla kollecin təhsilimizə
töhfəsi saymaq olar.
Vaxtilə burada ilk tətbiqini tapan belə
dərslərdən indi digər təhsil müəssisələrində də
geniş istifadə olunur. Belə dərslər hazırda yeni
kurikulum əsasında aparılan təlimin də özəyini
təşkil etməkdədir.
Müasir təlim metodları, yeni texnologiyalar,
qeyri-ənənəvi dərs növləri sahəsindəki
axtarışlar hazırda da yeni məzmun və istiqamətdə
davam etdirilir. Yaradıcı axtarışların
mərkəzində informasiya-kommunikasiya
texnologiyalarından tədrisdə, idarəetmədə,
ünsiyyətdə daha səmərəli istifadə durur.
XX və XXI əsrlərin qovuşuğunun ən böyük möcüzəsi
olan kompüterin bütövlükdə, İKT-nin tədrisə
tətbiqi təhsilin keyfiyyətinin yüksəlməsinə
birbaşa təsir etdiyindən kompüterlərlə iş və
tədris-təlim prosesinə İKT-nin daxil edilməsi
indi pedaqoji kollektivin fəaliyyətində aparıcı
istiqamət təşkil edir.
Kollec müasir kompüterlərlə təmin olunmuş,
burada kompüter sinfi yaradılmışdır. Tədris
ocağı İnternetə qoşulmuş, burada öz saytını
yaratmışdır. Kollecdə artıq bir neçə ildir ki,
bir çox orta ixtisas məktəbi üçün hələlik arzu
olaraq qalan resurs mərkəzi fəaliyyət göstərir.
Mərkəz yeni təlim texnologiyalarının öyrənilməsi
və tədris prosesində tətbiqi məsələləri ilə
məşğul olur. Mərkəzin hər cümə günü keçirilən
məşğələlərində edilən məruzələrdən dinləyicilər
- gənc müəllimlər, yuxarı kurs tələbələri, hətta
digər təhsil müəssisələrindən gələn pedaqoqlar
da faydalana bilirlər.
Kollecdə yaradılmış məlumat bankından bu təhsil
müəssisəsinin fəaliyyəti ilə bağlı istənilən
informasiyanı almaq mümkündür.
Yaradıcı işdən soraq verən tədbirlər
Son illər kollecdə keçirilən "Dövrümüz,
təhsilimiz, problemlərimiz" mövzusunda konfrans,
"XXI əsrin məktəbi: müasir dərs" mövzusunda
nəzəri-praktik seminar, "İbtidai riyaziyyatın
təkmilləşdirilməsində kompüter texnologiyasının
tətbiqi", "Müasir təlim metodları və
texnologiyalarının səmərəli tətbiqi aspektləri",
"Təhsilin keyfiyyətinin təmin edilməsində
pedaqoji prosesin iştirakçılarının rolu" və s.
mövzularda "dəyirmi masa"lar, diskussiyalar
mövcüd yenilikçilik, axtarıcılıq,
öyrənmək-tətbiq etmək ənənələrinin daha da
inkişaf etdirilməsi və zənginləşdirilməsinə
səbəb olmuşdur.
ötən ilin mayında keçirilən və ulu öndər Heydər
Əliyevin ildönümünə, bir növ onun zəngin,
nəsillərə örnək həyati və irsinin öyrənilməsinə,
təbliğinə həsr olunmuş elmi-praktik konfransın
da son illər müəllim və tələbələrin yaradıcı
fəaliyyətinə dəlalət edən ən mühüm elmi-metodik
tədbir kimi dəyərləndirmək mümkündür.
Konfranslarda deyilənlərin təkcə yaddaşlarda
deyil, müəllimin, bu təcrübədən öz fəaliyyətində
istifadə etmək istəyən hər kəsin gözünün önündə,
necə deyərlər, əlinin altında olması üçün
konfransın materialları "Zəmanəmizin ən böyük
azərbaycanlısı" adlı toplu şəklində çap
olunmuşdur.
Sələflərinin adına layiq
Kollecin dövrün tələblərinə uyğun fəaliyyətində,
təhsilin və mütəxəssis hazırlığının
keyfiyyətinin təmin olunmasında əsas ağırlıq,
şübhəsiz, pedaqoji kollektivin üzərinə düşür.
Həmişə təhsildə mühüm rol oynamış müəllim bu
gün də öyrənmə və öyrətmə prosesində əsas
simadır.
Hazırda kollecdə peşəkarlğın, bütövlüyün,
paklığın, humanizmin, ədalətin təmsilçisi olan
müəllimlər tərbiyə etməyi fəaliyyətlərinin
hədəfi sayan pedaqoqlar çalışır. Onlar
sələflərinin adına layiq olan, onların yolu ilə
gedən, müəllim adının müqəddəsliyini qoruyan, bu
gün cəmiyyətin müəllimdən nə tələb etdiyini
gözəl dərk edən və tələbatı ödəmək üçün
məsuliyyətlə, daxili borc hissi ilə çalışan
mütəxəssislərdir.
Pedaqoji kollektivi təşkil edən 262 müəllimin
elmi-nəzəri və peşəkarlıq səviyyəsi kifayət
qədər yüksəkdir.
Onlardan 1-i elmlər doktoru, 8-i elmlər
namizədi, 11-i baş müəllimdir. Dissertant kimi
elmi araşdırmalar aparanlar da çoxdur.
Azərbaycan Dövlət Pedaqoji Kollecinə 20 ilə
yaxındır ki, ölkədə ustad müəllim, mahir
pedaqoq, istedadlı alim, müdrik ictimai xadim
kimi tanınan bacarıqlı təhsil təşkilatçısı,
filologiya elmləri doktoru, professor,
Azərbaycan Respublikasının əməkdar müəllim,
"Şöhrət" ordenli Nurlana xanım Əliyeva
rəhbərlik edir. Onun rəhbərliyi altında kollec
son illər xeyli inkişaf edərək pedaqoji profilli
orta ixtisas məktəbləri arasında lider mövqeyinə
çıxmış, idarəçilik sahəsindəki demokratikliyi
ilə, tədris prosesində tətbiq olunan metodların
müasirliyi ilə, qeyri-ənənəvi dərs formalarının
axtarışı və tətbiqi sahəsində topladığı zəngin
təcrübə ilə ölkənin demək olar ki, bütün orta
ixtisas təhsili müəssisələrinə örnək olmuşdur.
Kollec indi də bu öncüllüyü, nümunə rolunu
qoruyub saxlayır.
Kollecdə mövcud olan sağlam psixoloji iqlim və
pedaqoji kollektivin milli dəyərlərimizə
ehtiram, böyüyə dərin hörmət, kiçiyə məhəbbət,
xeyirxahlıq, qarşılıqlı gərəklilik prinsipləri
əsasında fəaliyyəti, həyata keçirilən olduqca
çeşidli və dərin məzmunlu tədbirlərin
mahiyyətinə əsl pedaqoji, tərbiyəvi ab-hava
gətirir. Kollecdə Ağsaqqallar Şurası, Tələbə
özünüidarəetmə Şurası, Gənc müəllim klubu,
özfəaliyyət klub və dərnəkləri fəaliyyət
göstərir. İstedadlı tələbələrin öz məharətlərini
nümayiş etdirmələri üçün münasib şərait var.
Tələbələr demək olar ki, bütün tədbirlərin
hazırlanması və aparılmasında fəal iştirak
edirlər. Bir çox tədbirlərin təşəbbüsçüləri də
çox vaxt onların özləri olurlar.
Tələbə kollektivinin böyük əksəriyyətini qızlar
təşkil etdiyindən kollecdə onların gələcək
analar kimi tərbiyəsinə də xüsusi qayğı
göstərilir. Bu zaman belə bir məlum həqiqət əsas
götürülür ki, nəsillərin necə böyüməsi, öz
vətəninin, elinin, obasının ləyaqətini necə
qoruması müəllimdən çox analardan asılıdır.
Yalnız bilikli, savadlı, vətənpərvər, ailənin
ləyaqətini, namusunu yüksək tutan analar bu
keyfiyyətləri daşıyan övladlar tərbiyə edə
bilərlər.
Böyük Sabirin çin olmuş arzusu
Kollecin uzun illər adını daşıdığı böyük
şairimiz Mirzə Ələkbər Sabir ötən əsrin
əvvəllərində bir arzu ilə yaşayırdı:
millətimizin imzasını imzalar içində görmək.
Əslində bu, bütün Azərbaycan ziyalılarının,
xalqımızın arzusu idi. Bu gün, yeni əsrin
əvvəllərində bu arzu, istək, nəhayət, çin
olmuşdur. Müstəqillik qazanmış, öz inkişaf
sürəti ilə qısa dövr ərzində böyük tərəqqi yolu
keçmiş ölkəmizin adı bu gün dünyanın ən aparıcı
dövlətləri ilə bir sırada çəkilir.
Bu inkişafa xalqımız təhsil vasitəsi ilə,
məktəbin, müəllimin köməyi ilə nail olmuşdur və
burada 90 illik yubileyi qeyd edilən Azərbaycan
Dövlət Pedaqoji Kollecinin də payı vardır.
Yubilyar təhsil ocağı haqqında yazımızı böyük
öndərimiz Heydər Əliyevin 10 il öncə kollecin
kollektivinə ünvanladığı təbrik məktubundan
götürdüyümüz və o vaxtdan kollektivin fəaliyyət
devizinə çevrilmiş aşağıdakı sözlərlə bitiririk:
"Əminəm ki, siz texnikumunuzun uzun illər
toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə
daha da artıracaq və respublikada müasir
tələblərə cavab verən müəllimlər hazırlanması
işinə bundan sonra da var qüvvənizi sərf
edəcəksiniz".
Buna biz də əminik.
Yusif ƏLİYEV |