Görkəmli elm xadimi, böyük filoloq alim Yusif
Mir Əhməd oğlu Seyidov filologiya elmləri
doktoru, professordur, BDU-nun Azərbaycan dili
və ədəbiyyatının tədrisi metodikası kafedrasının
müdiridir. Dövlət mükafatı laureatı, əməkdar elm
xadimidir, Prezident təqaüdçüsüdür. 60 ilə
yaxındır ki, pedaqoji və elmi-tədqiqat işi ilə
ardıcıl məşğul olur. Y.Seyidov dilçiliyin
nəzəri və tətbiqi problemlərinə həsr edilmiş
200-dən çox elmi əsərin, o cümlədən 30- dan çox
kitabın (monoqrafiya, dərslik və dərs
vəsaitlərinin) müəllifidir. Görkəmli alim
Azərbaycan dilçiliyinə dair sanballı, möhtəşəm
elmi salnamə yaratmağa müvəffəq olmuşdur.
Y.Seyidovun elmi yaradıcılığı çoxcəhətlidir.
Ancaq qrammatika problemlərinin tədqiqi onun
fəaliyyətində əsas yer tutur. O,ölkəmizdə bu
sahədə ən görkəmli mütəxəssislərdən
-Azərbaycanşünas türkoloqlardan hesab olunur.
Onun hələ 1950- ci illərdə yazdığı ilk
əsərlərində birinci dəfə olaraq feli tərkiblərin
qrammatik mahiyyəti açılmış, tərkiblərlə budaq
cümlələrin eyniləşdirilməsinin obyektiv və
subyektiv səbəbləri, fəlsəfi əsasları elmi
şəkildə müəyyən edilmiş və bu, nəticə etibarilə
cümlə ilə fikri, dil ilə təfəkkürü, forma ilə
məzmunu eyniləşdirmək kimi qiymətləndirilmişdir.
Professor Yusif Seyidov türkologiyada tərkib və
budaq cümlə məsələsində üç mövqeyin olduğunu
müəyyənləşdirmiş və bu bölgü sonralar mürəkkəb
cümlə və tərkiblər haqqında yazılan əsərlərin,
demək olar ki, hamısında qeyd-şərtsiz təkrar
edilmişdir.
Azərbaycan dilçiliyində sintaktik əlaqələrin
elmi əsaslarla geniş tədqiqi professor Yusif
Seyidovun adı ilə bağlıdır. O,türkologiyada
hamıdan əvvəl tabesizlik və tabelilik
əlaqələrinin bütün sintaktik vahidlər üzrə (söz
birləşmələrindən mürəkkəb cümləyə qədər) təzahür
hallarını müəyyən etmiş, bu sahədə bir sıra yeni
elmi fikirlər irəli sürmüşdür. Məsələn, "Yeni
dünya quran bizik" tipli cümlələrdə mübtəda ilə
xəbər arasında uzlaşma əlaqəsinin olmaması və
bunun səbəbi; qoşmaların idarə əlaqəsində
tabeedici söz ola bilməməsi; yanaşma əlaqəsinin
tam və tam olmayan formaları; "mən gələndə",
"sən gələndə" tipli birləşmələrdə tərəflər
arasındakı əlaqənin məlum sintaktik əlaqə
növlərindən heç birinə uyğun gəlməməsi barədəki
nəzəri qənaətləri dilçiliyimiz üçün tamamilə
yeni idi. Bu qəbildən olan ciddi elmi- nəzəri
qənaətlər, ilk növbədə, Azərbaycan dilçilik
elmini və ümumən türkologiyanı yeni elmi
müddəalarla zənginləşdirmişdir.
Professor Yusif Seyidov Azərbaycan dilçilik
elmi üçün sintaktik əlaqələrlə bağlı bir sıra
başqa ciddi və mühüm məsələləri də
müəyyənləşdirmişdir. Məsələn, Azərbaycan
dilçiliyində ənənəvi olaraq ikinci və üçüncü növ
təyini söz birləşmələrinin tərəfləri birlikdə
bir mürəkkəb cümlə üzvü kimi təhlil edilir. Bu,
dilçilərimizin həssas dilçilik intuisiyasının
nəticəsi idi. Lakin həmin birləşmələrin cümlə
üzvü kimi parçalana bilməməsinin elmi qrammatik
əsasları ilk dəfə professor Yusif Seyidov
tərəfindən müəyyənləşdirilmişdir. Yusif Seyidov
sintaktik əlaqələr əsasında cümlənin şəxsə görə
növlərinin formalaşma sistemini vermişdir.
Keçən əsrin əllinci illərinin ortalarından
başlayaraq, Yusif Seyidov qrammatik cəhətdən
cümlə üzvləri ilə əlaqədar olmayan sözlərin
tədqiqi kimi xüsusi tədqiqata ehtiyacı olan elmi
problemlərlə məşğul olur. Onun bu dövrdə çap
etdirdiyi əsərlərdə xitabın formaca üçüncü
şəxsə, məzmunca ikinci şəxsə aid olması; xitabın
əvəzliklə ("sən", "siz" əvəzlikləri ilə) ifadə
olunması; xitab vasitəsilə münasibət ifadə etmək
və bu məqsədlə istifadə olunan leksik və
qrammatik vasitələr; xitabın üslubi mövqeyi; ara
sözlərin ismi və feli növləri, köməkçi sözlərlə
işlənmə imkanları və s. cəhətləri yüksək nəzəri
səviyyədə həll edilir. Professor Yusif Seyidov
türkologiyada ilk dəfə olaraq belə bir
elmi-nəzəri müddəa ilə çıxış edir ki, hər bir
cümlə üzvü müxtəlif nitq hissələrinə aid
sözlərlə ifadə olunduğu kimi, ara sözlər də
ayrı-ayrı nitq hissələrinə aid sözlərlə ifadə
oluna bilər. Lakin çox təəssüf ki, indiyə kimi
ara söz rolunda çıxış edən sözlər, hətta söz
birləşmələri, eləcə də bu rolda olan cümlələr
modal söz kimi təqdim edilmiş və bu əsasda bir
nitq hissəsi olaraq, modal sözlərin lüğəti bu
söz qrupuna aid olmayan söz və birləşmələrlə
doldurulmuşdur. Ciddi dilçi alim olan Yusif
Seyidovun "Azərbaycan ədəbi dilində əlavə söz və
əlavə cümlələr" monoqrafiyasına qədər Azərbaycan
dilçiliyində həmin məsələlər haqqında adi
anlayış belə olmamışdır. Yusif Seyidov ilk dəfə
təkcə Azərbaycan dilçiliyinə deyil, ümumən
türkologiyaya əlavə söz və əlavə cümlə anlayışı
gətirmiş, bu sintaktik kateqoriyaların nəzəri
əsaslarını müəyyən etmiş və konkret şəkildə
Azərbaycan dilində onların təzahür formalarını
müəyyənləşdirmişdir. Həmçinin Yusif Seyidov
morfologiyanın bir sıra nəzəri problemlərinə
aydınlıq gətirmiş və onları elmi- nəzəri
istiqamətdə işləmişdir: "Sözün kökü və əsası
məsələsi", "Morfologiya və söz yaradıcılığı",
"Nitq hissələri və cümlə üzvü problemi", "Nitq
hissələri nitq yox, dil kateqoriyalarıdır", "Söz
leksik vahid kimi, söz nitq hissəsi kimi", "Eyni
sözün yalnız bir və ya iki (daha artıq) nitq
hissəsinə aid ola bilib-bilməməsi məsələsi",
"Qrammatik (morfoloji) kateqoriya" anlayışı,
"ümumi qrammatik (morfoloji) kateqoriyalar",
"Nitq hissələrinin təsnifi prinsipləri" və bir
sıra başqa problemlər bu qəbildəndir. Qeyd
etmək lazımdır ki, hər hansı dilçi alim üçün bu
əsərlərdən bir - ikisi özünü böyük elmdə təsdiq
etmək üçün kifayət edə bilərdi. Professor Yusif
Seyidov isə son yarım əsr ərzində Azərbaycan
dilçilik elmini, geniş mənada türkologiyanı
böyük bir silsilə təşkil edən yeni elmi- nəzəri
müddəalarla, kəşf xarakterli qənaətlərlə
dərinləşdirmiş və inkişaf etdirmişdir. Belə
ciddi elmi tədqiqatlardan bir çoxunun,
ümumiyyətlə, dilçilik elmi üçün yeni və
əhəmiyyətli olduğunu nəzərə alsaq, onda
Azərbaycan aliminin ümumən dünya miqyasında
qrammatikaşünaslığa ciddi, sanballı töhfələr
verən görkəmli dilşünas olduğunu etiraf etmək
lazım gələr. Biz bu fikirdəyik ki, professor
Yusif Seyidovun bir çox əsərləri dünya dillərinə
mükəmməl tərcümə olunarsa, Qərbin və Şərqin
tanınmış dilçilərini kölgədə qoyar,Azərbaycan
dilçilik elminə beynəlxalq miqyasda böyük şöhrət
gətirə bilər.
Ənənəvi təqdimatdan fərqli olaraq, Yusif Seyidov
müəyyənləşdirmişdir ki, Azərbaycan dilində əsas
nitq hissələrindən sayın, əvəzliyin, felin,
eləcə də köməkçi nitq hissələrinin quruluşça
mürəkkəbi yoxdur, ayrıca leksik vahid halında
kəsr sayı və inkar əvəzlikləri mövcüd deyil.
Yusif Seyidov müəyyən etmişdir ki, bu sahələrdə
olan ənənəvi səhvlər dillə nitqi, dil vahidləri
ilə nitq vahidlərini fərqləndirə bilməməkdən
irəli gəlmişdir.
Yusif Seyidovun cümlə probleminə aid
tədqiqlərində cümlənin ənənəvi tərifi açıqlanır,
ən mənalı nitq vahidi olmaq etibarilə onun
mahiyyəti, əsas əlamətləri aydınlaşdırılır. O,
indiyə qədərki dilçilik qənaətindən fərqli
olaraq, ilk dəfə müəyyən etmişdir ki, türk
dillərində adlıq cümlələr mübtəda əsasında
formalaşdığı kimi, xəbərin kütləsi əsasında da
formalaşa bilir.
Məlum olduğu kimi, Azərbaycan dilçiliyində
cümlənin qrammatik təhlili məsələsində, xüsusən
sintaktik təhlilində anlaşılmaz cəhətlər
çoxdur. Professor Yusif Seyidov həm morfoloji,
həm də sintaktik təhlilə dilçiliyin ümumi nəzəri
müddəaları baxımından yanaşaraq öz yeni sözünü
deyir. O belə hesab edir ki, bir yerdə bir cümlə
üzvü kimi götürülməsindən asılı olmayaraq, nitq
hissəsi olmaqla hər söz ayrılıqda qeydə
alınmalıdır. Məsələn: "Dərsə qulaq asıram"
cümləsində dərs - isim, qulaq- isim, asıram-
fel; "Heç kim danışmır" cümləsində heç- ədat,
kim- əvəzlik, danışmır- feldir. Dilçilər etiraf
edə bilərlər ki, bunlar sadə məsələlər deyildir,
mütəxəssisləri uzun illər düşündürən
problemlərdir.
Y.Seyidov cümlənin sintaktik təhlilində belə
məsələlər qoyur:
1) Mümkün qədər hər söz ayrıca cümlə üzvü kimi
təhlil edilməlidir. Ancaq bəzən bu mümkün olmur,
bəzən iki və daha artıq sözü də bir yerdə bir
cümlə üzvü kimi götürmək lazım gəlir. Y.Seyidov
bunun da səbəblərini və elmi əsaslarını
müəyyənləşdirmiş və göstərmişdir ki, iki halda
bu mümkün olur:
a) Sözlərin məna əlaqələrinə görə. Məsələn, "qol
çəkmək," "qulaq asmaq", "bu vaxt" kimi
birləşmələr.
b) Qrammatik cəhətdən formalaşmasına görə.
Məsələn, "mənim kitabım", "kağız qovluğu" kimi
birləşmələr.
2) İkinci dərəcəli üzvlər baş üzvlərə aid
olduqları kimi, özləri də bir-birlərinə aid ola
bilər. Yəni tamamlığın, zərfliyin mütləq xəbərə
aid olması vacib deyil. Tamamlıq xəbərə aid
olduğu kimi, təyinə, zərfliyə, başqa bir
tamamlığa da aid ola bilər, zərflik də onun
kimi.
Bu nəzəri yanaşma bir yanlış ənənənin düzgün
həllini də həyata keçirməyə imkan yaradır. 1950-
ci illərdə qeyri-elmi səbəblər əsasında belə bir
fikir ortaya atılmışdı ki, neçə sözdən ibarət
olmasından asılı olmayaraq, feli tərkiblər bir
cümlə üzvü kimi təhlil edilsin. Y.Seyidov cümlə
üzvü haqqında nəzəri fikrə əsaslanaraq, bu
tərkiblərin "tərkibidir"- deyə bütöv halda bir
cümlə üzvü kimi götürülməsinin yalnış olduğunu
müəyyənləşdirdi.
Yusif Seyidovun sintaktik yaradıcılığının
zirvəsini onun söz birləşmələrinə aid tədqiqləri
təşkil edir. Görkəmli alimin bu sahədəki
axtarışlarının nəticələri ayrı- ayrı məqalə və
kitabçalar şəklində, bütöv halda isə "Azərbaycan
ədəbi dilində söz birləşmələri" monoqrafiyasında
əks olunmuşdur. Bu əsərdə qədim hind, yunan
dilçiliklərindən başlamış ötən əsrin 60-cı
illərinə qədər söz birləşmələri haqqında elmi
fikir və mülahizələrin ardıcıl və yığcam elmi
xülasəsi verilmişdir. Müəllif yunan
filosoflarının sözlərin əlaqələnməsi- söz
birləşmələri barədə ibtidai baxışlarında işıqlı
cəhətləri açıb göstərmiş, müasir filosofların bu
problemlə əlaqədar fikirlərini təhlildən
keçirmişdir. Əsərdə söz birləşmələrinin dil
sistemindəki yeri müəyyənləşdirilmiş, onların
digər dil və nitq vahidləri ilə (söz, mürəkkəb
söz, qoşa sözlər, sintaqm, cümlə ilə) oxşar və
fərqli cəhətləri izah olunmuşdur.
"Azərbaycan ədəbi dilində söz birləşmələri"
kitabında müəllif yenidən sintaktik əlaqələr
məsələsinə qayıdır və onlara yeni aspektdən -
söz birləşməsi mövqeyindən nəzər salır; söz
birləşmələrinin, bir qayda olaraq, tabelilik
əlaqəsi əsasında yarandığını təsdiq etməklə
bərabər, tabesizlik əlaqəsi ilə də təşəkkül
tapdığını qeydə alıb əsaslandırır. Müəllif söz
birləşmələrinin mövcud təsnifatını nəzərdən
keçirir, söz birləşmələri haqqında sintaktik
təlimin hüdudlarını müəyyən edir; Azərbaycan
dilçiliyində söz birləşmələrinin ənənəvi
izahından xeyli kənara çıxaraq, ilk dəfə olaraq
ismi birləşmələrin təyini söz birləşmələrindən
ayrılan bir sıra yeni növlərini tapır; "feli
birləşmələr" adı altında "feli tərkiblər"dən
fərqlənən təlimin əsasını qoyur və istiqamətini
müəyyən edir, bu birləşmələrin ilk və müfəssəl
sistemli, nəzəri təhlilini verir. Həm də bütün
bunlar ümumi türkoloji əsasda verilir, ümumi
dilçiliyin nəzəri əsasları işığında, dialektik
inkişaf qanunauyğunluqları fonunda təqdim
olunur.Etiraf etmək lazımdır ki, bu tədqiqatlar
Azərbaycan dilçiliyinin nadir nümunələrindəndir.
İdeoloji sistemin dəyişməsinə baxmayaraq,
dəyişməyən, qətiyyən köhnəlməyən, əksinə,
aktuallığını və elmi mənasını saxlayan belə
əsərlər dilçilik elmimizdə azdır.
Y.Seyidovun dilin konkret problemlərinə həsr
edilmiş əsərlərində nəzəri əhəmiyyətli
ümumiləşmələr aparılır.O, eyni zamanda sırf
nəzəri əsərlərin də müəllifidir. "Dilin daxili
inkişaf qanunları", "çto takoe sintaqma, çem ona
otliçaetsya ot slovosoçetaniye", "Dil sistemində
söz birləşmələrinin yeri", "Sözün kökü və əsası
məsələsinə dair","Dilçilikdə nitq hissələri
problemi" və s. ümumiyyətlə, dilçilik üçün yeni
və əhəmiyyətli olan bu tip tədqiqatlarında Yusif
Seyidov həqiqi bir dünya dilçisi kimi yüksək
professionallıq nümayiş etdirir.
Böyük dilçi alim Yusif Seyidov Azərbaycan dili
tarixinə dair də səmərəli tədqiqatlar aparıb:
"Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin
tarixi abidəsi kimi", "Dastani- Əhməd Hərami"
haqqında bəzi qeydlər", "Kitabi- Dədə Qorqud"un
dilində sadə cümlə (inkişaf səviyyəsi)",
"Kitabi- Dədə Qorqud" dastanlarının dilində
tərkib və budaq cümlə paralelizmi","Dövrün(XII-
XIX əsrlər) şeir dilinə ümumi bir nəzər", "Ədəbi
şəxsiyyət və dil" və s. məqalələri,habelə
"Nəsiminin dili" monoqrafiyası ciddi müşahidə
və axtarışların məhsuludur.
Professor Yusif Seyidov "Yazıçı və dil" problemi
ilə də müntəzəm məşğul olur. Onun bu sahədəki
tədqiqləri iki istiqamətdədir: ədəbi- bədii dil,
onun inkişaf meyilləri və yolları; yazıçıların
söz, dil, bədii dil haqqında fikir və
mülahizələri. Yusif Seyidov bir sıra
məqalələrində, "Klassik Azərbaycan şairləri söz
haqqında"(1977), "Yazıçı və dil"(1979),"Sözün
şöhrəti"(1981), "Sözün qüdrəti"(1988), "Sözün
hikməti"(1989) və s. kimi sanballı
monoqrafiyalarında XI əsrdən başlayaraq
müstəqillik dövrünə qədərki, təxminən min ilə
qədər, Azərbaycan yazıçılarının söz və sənət
haqqında, dil və onun insan həyatında,
cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini
toplayıb sistemə salmış, ədəbi-tarixi
ardıcıllıqla təsvir və təhlil etmiş, xalqın
dilçilik, qismən də ədəbiyyatşünaslıq və estetik
görüşlərinin yığcam salnaməsini yaratmışdır.
Bir dilçi-filoloq kimi Yusif Seyidovu
səciyyələndirən əsas xüsusiyyətlərdən biri də
onun ədəbi prosesi ardıcıl izləməsi, xalis
ədəbiyyat xarakterli tədqiqlərə meyilli
olmasıdır. O, tələbəlik illərindən başlayaraq
sırf dilçilik tədqiqləri ilə müvazi, ədəbi-
tənqidi əsərlərini də çap etdirir ki, bunların
bir qismi "Ədəbi tənqid və bədii dil" (1986) "Ey
ulu dünya"(2003) kitablarında və onlarca
məqalələrində öz əksini tapmışdır. O, Azərbaycan
filologiyasına vahid elmi yaradıcılıq sahəsi
kimi baxır və belə hesab edir ki, yazıçının
dilinə nəzər yetirmədən, onun ustalığını, onun
yaradıcılığının əsl mahiyyətini açmaq olmaz.
Qeyd etmək lazımdır ki, həm "Yazıçı və dil"
silsiləsinə aid olan qiymətli
monoqrafiyalarında, həm də sırf
ədəbiyyatşünaslıq xarakterli əsərlərində Yusif
Seyidov dilçilikdə nümayiş etdirdiyi qədər
professionaldır. Onun sosioloji yanaşmalardan
uzaq sırf elmi- nəzəri xarakter daşıyan
ədəbiyyatşünaslıq əsərlərinə əsl
ədəbiyyatşünaslar qibtə edə bilərlər. Yusif
Seyidov Azərbaycan dilçiliyi ilə yanaşı, milli
ədəbiyyatşünaslıq elmini də zənginləşdirən və
inkişaf etdirən qiymətli əsərlərin müəllifidir.
Bu əsərlər ədəbiyyatşünaslar üçün ciddi elmi
mənbə və bələdçidir.
Yusif Seyidov elmi məzmununa, metodiki
mükəmməlliyinə görə qiymətli dərs vəsaitləri və
dərsliklərin- "Müasir Azərbaycan dili"- (I
h.-1959, II h - 1963); "Müasir Azərbaycan dili.
IV hissə. Sintaksis"(1972, 1985, 2009)
dərsliklərinin əsas müəlliflərindən biri, bir
neçə dəfə nəşr edilmiş "Azərbaycan dili" və
"Azərbaycan dilinin qrammatikası. Morfologiya"
kimi ali məktəb dərsliklərinin müəllifidir.
Bütün bu əsərlər müasir filologiyanın nəzəri
prinsiplərini zəngin elmi-pedaqoji təcrübə və
hazırlıqla, gərgin metodiki zəhmətlə birləşdirə
bilmək bacarığının səmərəli nəticələridir,
onları sadə və aydın dildə, aksiomatik tərzdə
çatdırmağın nümunəsidir.
Professor Yusif Seyidovun müəllifi olduğu
"Müasir Azərbaycan dili" silsiləli dərsliklər
dövlətimiz tərəfindən Dövlət mükafatına layiq
görülmüşdür.Ali məktəb tədrisinin ümumi
məsələlərinə, ali və orta məktəb dərsliklərinə,
nəhayət, Azərbaycan dilinin tədrisinə dair çap
etdirdiyi onlarca jurnal və qəzet məqalələri,
resenziyaları tədris işinin yaxşılaşmasında,
dərsliklərin mükəmməlləşməsində az rol
oynamamışdır. O, VI-VII və VIII-IX siniflərə aid
"Azərbaycan dili" dərsliklərinin müəllifidir. Bu
dərsliklər dilçiliyin müasir nəzəri tələbləri
işığında yazılmaqla, ənənə halında təkrar edilən
səhv fikirlərdən azad yeni dərsliklər kimi
meydana çıxmışdır. Azərbaycan məktəblərinin V-XI
sinifləri üçün "Azərbaycan dili proqramı", təlim
rus dilində olan Azərbaycan məktəbləri üçün
"Azərbaycan dili" proqramı onun rəhbərliyi ilə
hazırlanmış, onun redaktorluğu ilə nəşr
edilmişdir.
Görkəmli alimin bir sıra məqalələri monoqrafik
dilçilik əsərlərinin təhlilinə, görkəmli dilçi
alimlərin yaradıcılığına, dilçilik tarixinə həsr
edilmişdir.
Professor Yusif Seyidovun əsərlərinin 15
cildliyi çapa hazırlanmışdır. Artıq bunlardan
hər biri 600 səhifə həcmində olan səkkiz cildi
nəşr olunmuşdur. Bu, həm Azərbaycan dilçiləri,
həm də ədəbiyyatşünaslar mühitində meydana çıxan
birinci onbeşcildlik külliyyatdır. Elmi
ictimaiyyətə təqdim edilən 8 cild və çap
prosesində olan əsərlərindən görünür ki, Yusif
Seyidovun külliyyatında asan yolla yazılmış heç
bir əsər yoxdur. Bunlar Yusif Seyidovun 80 illik
ömrünün layiqli hesabatı olmaqla yanaşı, geniş
mənada böyük elmə bəxş edilən qiymətli
töhfələrdir.
Respublikanın digər ali məktəblərində və
akademik qurumlarında çalışan dilçi alimlər
nəslinin müəllimi, elmi rəhbəri, opponenti olan
Yusif Seyidovun milli dilçi kadrların
hazırlanmasında müstəsna xidmətləri vardır. O,
bu gün Bakı Dövlət Universiteti ilə yanaşı,
Naxçıvan Dövlət Universitetinin də müdafiə
şurasının üzvü kimi, kadr hazırlığına geniş
mənada xidmət edir.
Y.Seyidov onlarca monoqrafiyanın redaktoru
olmuş, əsərləri haqqında məqalələr çap
olunmuşdur.
Y.Seyidov aspirantlıq illərindən başlayaraq 60
ilə yaxındır ki, BDU-da mühazirələr oxuyur. O,
Azərbaycan dili və ədəbiyyatının tədrisi
metodikası kafedrasının yarandığı vaxtdan (1965)
onun müdiri olmaqla, özünü bacarıqlı elm və
tədris təşkilatçısı kimi göstərmişdir. Sonradan
universitetin başqa kafedralarında çalışan bir
sıra elmlər doktorları və elmlər namizədləri,
dosentlər və professorlar ilk elmi-pedaqoji
fəaliyyətlərini bu kafedrada başlamış və burada
işləmişlər. Başqa ali məktəblərdə və elmi
müəssisələrdə işləyən bir çox elmlər doktoru və
elmlər namizədlərinin dissertasiyaları bu
kafedrada müzakirə edilmiş və müdafiəyə
buraxılmışdır. Yusif müəllim tədrisdə və kadr
hazırlığında uğurlarına görə Təhsil
Nazirliyinin, rektorluğun Fəxri fərmanları ilə
təltif olunmuşdur.
Y.Seyidov indi də gənclik həvəsi ilə fəaliyyət
göstərir. 2008- 2009- cu illərdə onun iki ali
məktəb dərsliyi, iki monoqrafiyası çap olunmuş,
Rəsul Rza adına beynəlxalq mükafata layiq
görülmüş, elmi uğurlarına görə BDU- da "İlin
alimi" adı almışdır.
İsa HƏBİBBƏYLİ,
akademik, Naxçıvan Dövlət
Universitetinin rektoru
|