|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyevə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilib Xəbər
verdiyimiz kimi, noyabrın 28-də Məxdumqulu adına Türkmənistan
Dövlət Universitetində Azərbaycan Prezidenti İlham
Əliyevə bu ali məktəbin Fəxri professoru adı
verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.
Türkmənistanın
təhsil naziri Məhəmmədgəldi Annaamanov,
universitetin rektoru çaryad Tugiyev Azərbaycan Prezidentini
səmimiyyətlə qarşıladılar. Dövlətimizin
başçısına gül dəstəsi təqdim edildi. Prezident İlham Əliyev
əvvəlcə universitetin foyesində açılmış,
Türkmənistanın tarixini və bugünkü həyatını
əks etdirən fotosərgi ilə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, 1931-ci
ildə pedaqoji institut kimi yaradılmış bu universitet
hazırda Türkmənistanın ən nüfuzlu ali
məktəbidir. Onun bazasında bir sıra ali
məktəblər yaradılmışdır. İndiyə
qədər burada 55 mindən artıq mütəxəssis hazırlanmışdır.
Universitetin kitabxanasında 600 min nüsxədən
çox kitab vardır. Universitetin akt salonunda keçirilən
mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham
Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Universitetin rektoru çARYAD TUGİYEV
mərasimi açaraq dedi: -Cənab Prezident! Hörmətli İlham
Heydər oğlu! Azərbaycan hökumət nümayəndə
heyətinin hörmətli üzvləri! Əziz həmkarlar! Ali qonağımızı - Azərbaycan
Respublikasının Prezidentini Məxdumqulu adına Türkmənistan
Dövlət Universitetində salamlamaq bizim üçün böyük şərəfdir.
Bugünkü gün ali məktəbin tarixinə çox
mühüm bir hadisə kimi daxil olacaqdır. Bu hadisə
ikitərəfli münasibətlərin yüksələn
xətlə inkişafının rəmzidir, cari ilin may ayında
bizim çox hörmətli Prezidentimiz Qurbanqulu
Berdiməhəmmədovun Azərbaycan Respublikasına
rəsmi səfərinin gedişində bu münasibətlərə
yeni təkan verilmişdir. Bakıda yüksək səviyyəli Türkmənistan-Azərbaycan
danışıqları xalqlarımızın tarixi
dostluq və qardaşlıq ənənələrinə
sadiqliyini, hər iki ölkənin səmərəli dialoq
qurmağa hazır olmasını təsdiq etdi. çox hörmətli
Prezidentimiz Qurbanqulu Məlikquliyeviç
Berdiməhəmmədovun fəxri doktoru olduğu Bakı
Dövlət Universitetində həmkarlarımızla
səmimi görüş də yadımızdadır. Bu gün isə Aşqabad azərbaycanlı yüksək
qonaqları qəbul edir. Yüksək səviyyədə danışıqlar
indicə uğurla başa çatmışdır və dövlət
başçıları arasında əldə edilmiş razılaşmalar
Türkmənistan-Azərbaycan əməkdaşlığının
hər iki ölkənin potensialına və xalqlarımızın
mehriban qonşuluq münasibətlərini inkişaf
etdirmək istəklərinə cavab verən yeni
səviyyəsindən xəbər verir. Humanitar
sahədə, ilk növbədə, Türkmənistanın dövlət
siyasətinin strateji prioritetlərindən biri olan
təhsil və elm sahəsində əlaqələr Türkmənistanla
Azərbaycanın əməkdaşlığının mühüm
tərkib hissəsidir. çox hörmətli Prezidentimiz Qurbanqulu
Məlikquliyeviç Berdiməhəmmədov bu siyasəti
belə ifadə etmişdir: Dövlət insan üçündür. Bizim ali məktəbdə keçirilən
indiki görüş də bunu sübut edir. Məxdumqulu adına Türkmənistan
Dövlət Universiteti ölkəmizin ən qocaman və ən
nüfuzlu ali məktəblərindən biridir. Burada seçdikləri
sahənin əsl ustaları olan onlarca elmlər doktoru
və elmlər namizədi çalışır. Hazırda
bizim ali məktəb özünün ikinci həyatını yaşayır.
çox hörmətli Prezident Qurbanqulu Berdiməhəmmədov
məhz burada, bu divarlar arasında ölkəmizin elm və
təhsil sahəsində əsaslı dəyişikliklərin
təməlini qoymuş ən mühüm sənədləri
elan etmiş və imzalamışdır. Dövlətimizin başçısının
rəhbərliyi altında böyük dirçəliş dövründə
millətin intellektual potensialını maksimum reallaşdırmaq
üçün bütün zəruri şərait yaradılır. Bu gün
Türkmənistan Dövlət Universiteti millətimizin liderinin
təşəbbüsü ilə başlanmış elm və
təhsil sahəsində islahatın uğurla həyata keçirilməsinə
ən parlaq nümunələrdən biridir. Təkcə son iki ildə bizdə
təhsil alan tələbələrin sayı xeyli artmışdır.
Yeni vəzifələrə müvafiq olaraq, tədris
proqramları və planlarına təzədən baxılmış,
yeni ixtisaslar açılmışdır, elmi kadrların,
aspirantların və doktorantların hazırlanması
sahəsində fəal iş gedir. Ali məktəbdə
qabaqcıl texnologiyaların tətbiqi
məsələlərinə xüsusi diqqət yetirilir.
Məsələn, universitetin fizika-riyaziyyat
mərkəzində fundamental və tətbiqi xarakterli elmi
tədqiqat işləri aparılır. Mərkəzin
alimləri ultrabənövşəyi və görünən
diapazonda şüalanma spektrinin yüksək effektivliyə malik
fotoqəbuledicilər yaradırlar. Onların əsasında
kənd təsərrüfatı, ekologiya və təbabət
sahəsində qarşıya çıxan
məsələlərin həlli üçün uğurla tətbiq
edilən ölçmə cihazları hazırlanmışdır.
Burada Elmi Tədqiqat Neft və Qaz İnstitutu
ilə birlikdə layların neft və qaz verməsinin artırılması
probleminə dair aktual araşdırmalar aparılır.
Cari tədris ilinin əvvəlində Türkmənistan Dövlət
Universitetinin fizika-riyaziyyat fakültəsinin yeni korpusu açılmışdır.
Elmin və texnikanın son nailiyyətləri
səviyyəsində təchiz olunmuş bu korpus müəllimlərin
və tələbələrin çox mürəkkəb
tədqiqatlar, elmi təcrübələr və
eksperimentlər aparmasına imkan verir. Fakültənin güclü
teleskopla təchiz olunmuş rəsədxanası isə
səma cisimlərini dərindən və ciddi şəkildə
öyrənməyə şərait yaradır. Bizim ali məktəbin fəaliyyətinin
ən mühüm istiqamətlərindən biri beynəlxalq
əməkdaşlığı genişləndirmək, dünyanın
aparıcı elm və təhsil mərkəzləri
ilə, başqa ölkələrdən olan həmkarlarımızla
təcrübə mübadiləsi aparmaqdır. Avropa İttifaqı
ölkələri ilə müştərək proqramların
həyata keçirilməsi təhsil sahəsində uğurla
həyata keçirilən beynəlxalq əməkdaşlığa
misaldır. Bu proqramlardan biri - "Avropa təcrübəsi,
ali təhsilin vəziyyəti və onun keyfiyyətinin artırılması
istiqamətləri" layihəsi Kataloniya Politexnik
Universitetinin, Qrenobldakı Milli Politexnik İnstitutunun
və Türkmənistan Dövlət Universitetinin müəllimlərinin
birgə işinin yekunudur. Hazırda Rusiya və Türkiyə alimləri
ilə əlaqələrimiz səmərəli inkişaf
edir, Amerika Birləşmiş Ştatlarının ali
məktəbləri - Kolumbiya və Texas universitetləri
ilə sıx elmi əlaqələr yaradılmışdır.
Bu işin əsas məqsədi beynəlxalq təcrübəni
dərindən mənimsəmək, ölkəmizin və dünya
elminin son nailiyyətlərini, qabaqcıl informasiya
texnologiyalarını öyrənmək və tədris
prosesinə tətbiq etmək, öz milli metodikamızı dünyada
tanıtmaqdır. Hörmətli İlham Heydər oğlu! Türkmənistan Prezidenti yanında Elm və
Texnika üzrə Ali Şura Sizin Türkmənistan-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə, müasir
elmin və təhsilin inkişafına böyük töhfənizi
nəzərə alaraq, Məxdumqulu adına Türkmənistan
Dövlət Universiteti Elmi Şurasının təqdimatına
əsasən, sülhün və siyasi sabitliyin möhkəmlənməsinə,
Türkmənistanla Azərbaycan arasında dostluq, qardaşlıq
münasibətlərinin inkişafına, Türkmənistanla
Azərbaycan Respublikası arasında humanitar
sahədə, təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə
böyük şəxsi töhfənizə görə Sizə
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin
Fəxri professoru adı verilməsini qərara almışdır.
Hörmətli İlham Heydər oğlu,
icazə verin, Sizə yüksək elmi ad - Məxdumqulu adına
Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı
verilməsi haqqında diplomu təqdim edim. *** Rektor Azərbaycan Prezidenti İlham Əliyevə
universitetin Fəxri professoru diplomunu və milli türkmən
geyimini təqdim etdi. Prezident İlham Əliyev universitetin professor-müəllim kollektivi qarşısında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi -Əziz dostlar! Mən, ilk növbədə, əməyimi yüksək
qiymətləndirdiyinə, mənə bu universitetin
Fəxri professoru kimi yüksək ad verilməsinə görə
Məxdumqulu adına Türkmənistan Dövlət
Universitetinə dərin minnətdarlığımı
bildirmək istərdim. Sizi əmin etmək istəyirəm ki,
mən bundan sonra da öz fəaliyyətimdə iki qardaş
xalq - türkmən və Azərbaycan xalqları arasında
əlaqələrin möhkəmlənməsinə, ölkələrimizin
münasibətlərinin bugünkü kimi dinamik inkişaf
etməsinə çalışacağam. Qonaqpərvər Türkmənistan torpağında
olmağıma çox şadam. Bu gün mənim rəsmi
səfərim başlanmışdır. Bu səfərin
ilk dəqiqəsindən etibarən mən səmimi,
mehriban qonaqpərvərliyi hiss edirəm. Bu gün biz çox hörmətli
Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç
Berdiməhəmmədovla ölkələrimiz arasında
ikitərəfli münasibətlərin geniş spektrini müzakirə
etdik. Biz həmçinin regional məsələləri, öz
həllini tələb edən məsələləri müzakirə
etdik və əlaqələrimizin inkişafından ümumi
razılığımızı bildirdik. Bizim münasibətlərimizin inkişafı
üçün çox möhkəm təməl mövcuddur. Bu təməl
bizim ortaq tariximiz, bizim mədəniyyətimizdir. Türkmən
və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq,
dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar.
Biz iki müstəqil dövlət arasında münasibətləri
bu möhkəm tarixi təməl üzərində qururuq. ölkələrimizin müstəqil dövlətlər
kimi təşəkkülü dövrü çox uğurlu olmuşdur. Bu
gün sözün tam mənasında deyə bilərik ki, həm Türkmənistan,
həm də Azərbaycan özlərinin müstəqil dövlətlər
kimi təşəkkülü yolunda əsas
məsələləri həll etmişdir. Bu gün ölkələrimizdə
ictimai-siyasi sabitlik, xalqla iqtidar arasında birlik, çox möhkəm
iqtisadi zəmin mövcuddur. Biz özümüzü təmin edən ölkələrik
və bizi birləşdirən daha bir amil müstəqil
siyasət, müstəqil xətt yeritməyə qadir olmağımız,
bunun üçün iradəmizin olmasıdır. Bizim münasibətlərimizin
möhkəmlənməsində çox böyük rol oynayan əsas
prinsiplər bunlardır. Bu gün biz həm siyasi, həm iqtisadi
əlaqələri, humanitar sahədə, nəqliyyat
və energetika sahələrində əlaqələri,
bizi birləşdirən çoxsaylı başqa mövzuları
müzakirə etdik. Əməkdaşlığımızla
bağlı çox məsələlərin həllinə
yanaşmalarımız tamamilə eynidir. Əmtəə
dövriyyəsi artır, son dövrdə o, bir neçə
dəfə artmışdır. çox qısa müddətdə
iqtisadi xarakterli bir sıra məsələlər həll
olunmuşdur. Biz beynəlxalq təşkilatlarda fəal
əməkdaşlıq edirik. Energetika sahəsində
əməkdaşlıq üçün də yaxşı potensial mövcuddur.
ölkələrimiz özlərinin enerji təhlükəsizliyini
tam təmin etmişdir və başqa dövlətlərin
enerji təhlükəsizliyinin təmin olunmasında iştirak
edir. Bu amillər ölkələrimiz arasında münasibətlərdə
mühüm rol oynamaqla bərabər, həm də bizim regionda -
Mərkəzi Asiya, Qafqaz, Xəzər hövzəsi regionunda
proseslərə müsbət təsir göstərir. Buna görə
də mən dərin məmnunluq hissi ilə qeyd edirəm
ki, son bir neçə ayda Türkmənistan və Azərbaycan
rəhbərliyi arasında siyasi təmaslar tamamilə yeni
səviyyəyə çıxmışdır. Bu gün mən
artıq bu barədə demişəm və bir daha
demək istəyirəm ki, bu ilin mayında Türkmənistan
Prezidentinin ölkəmizə rəsmi səfəri, aparılmış
danışıqlar, imzalanmış sənədlər bu
əlaqələrə güclü təkan vermişdir. Ən
başlıcası isə odur ki, imzalanmış
sənədlər artıq reallaşdırılır
və bu gün biz nəzərdə tutduğumuz, qərara
aldığımız məsələlərin praktik
şəkildə gerçəkləşməsini görürük. Bunlar bir daha göstərir ki, münasibətlərimizin
möhkəmlənməsi üçün çox güclü siyasi iradə vardır.
Bir daha vurğulamaq istəyirəm ki, bunun üçün çox möhkəm,
güclü tarixi təməl mövcuddur. İndi ölkələrimizin
sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra
məsələlərin uğurla həll edildiyi bir vaxtda
biz gələcəyə baxırıq ki, ölkələrimizi
daha da yaxınlaşdırmaq, iqtisadi inteqrasiyanı, siyasi
dialoqu daha da möhkəmlətmək üçün, ölkələrimizin
vətəndaşlarının bir-birini daha yaxşı
tanımaları üçün daha nə etmək lazımdır. Bu məqsədlə
gələcəkdə insanlarımızın bir-birini
daha yaxşı tanıması, dostlaşması üçün bu
gün müxtəlif mədəni tədbirlər, mədəni
mübadilələr, ölkələrimizin mədəniyyət
xadimlərindən ibarət nümayəndə
heyətlərinin mübadiləsini təşkil etmək
qərara alınmışdır. Mən xalqlarımızın
dillərində oxşar cəhətlərin lap çox olmasını
qeyd etmək istəyirəm. Əlbəttə, mən bunu
bilirdim, təbii ki, bu barədə eşitmişdim və
bu gün buna şəxsən əmin oldum. Aşqabadda
obyektlərin, binaların üzərindəki yazıları
oxuyanda tərcüməçi lazım deyil. Bu gün, biz bu salona
daxil olandan əvvəl universitetin gənc
tələbələri mənə kompüter proqramlarını
göstərdilər. Orada türkmən dilində yazılmış
mətni başa düşmək üçün də mənə
tərcüməçi lazım deyildi, hər şeyi başa düşürdüm.
Bu, çox böyük sərvət, çox böyük dəyərdir. Bu,
bizim xalqlarımızın bir-birinə nə qədər
yaxın olmasını, ünsiyyət saxlamağımızın
nə qədər asan olmasını göstərir. Ona görə
də biz bu münasibətləri öz
əməllərimizlə, konkret addımlarımızla,
təşəbbüslərimizlə möhkəmlətmək
üçün hər şeyi etməliyik. Bir daha demək
istəyirəm, bu münasibətlər bizim xalqlarımız
üçün, tariximiz üçün vacibdir, bu, həm də əsrlər
boyu dost və qardaş kimi birgə yaşamış
əcdadlarımızın ruhuna ehtiram əlaməti
olacaqdır. Bu, həm də regional əməkdaşlıq
üçün yaxşı amil olacaqdır. Regionda müsbət proseslər də gedir, müəyyən
narahatlıq ocaqları da var. Qafqaz regionunda hələ tam
sabitlik bərqərar olmamışdır. Regionumuzda etimad
tədbirlərini möhkəmlətmək üçün hələ
çox iş görülməlidir. Bizim yerləşdiyimiz region son
vaxtlar get-gedə dünya üçün daha böyük maraq doğurur.
Mərkəzi Asiya, Qafqaz, Xəzər hövzəsi zonası
bu gün həm geosiyasi, həm iqtisadi, həm də enerji baxımından,
enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsinin,
enerji müstəqilliyinin və enerji təhlükəsizliyinin
təmin edilməsi baxımından böyük maraq doğurur. İndiki halda Türkmənistanın və
Azərbaycanın zəngin təbii ehtiyatları, ölkələrimizin
öz enerji potensialını müstəqil şəkildə
reallaşdıra bilməsi, əlbəttə, ölkələrimiz
qarşısında yeni perspektivlər açır, habelə
əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi
üçün, həm regionda, həm də dünyada mövqelərimizin
möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Əminəm
ki, gələcəkdə bizim regionda, həm də
təkcə burada yox, onun hüdudlarından kənarda da
inteqrasiya, energetika, nəqliyyat layihələri, başqa
layihələr və proseslər xeyli
dərəcədə Türkmənistan ilə Azərbaycan
arasında münasibətlərin səviyyəsindən asılı
olacaqdır. Bizim münasibətlərimizdə olan müsbət
ovqat, birgə işləmək, birgə təşəbbüsləri
həyata keçirmək, əməkdaşlıq etmək
arzumuz və ən başlıcası, bu əməkdaşlığın
konkret nəticələri nikbinlik doğurur. Mən
əminəm ki, Türkmənistanla Azərbaycan arasındakı
qardaşlıq, dostluq münasibətləri
gələcəkdə daha da möhkəmlənəcək,
xalqlarımız bir-birinə daha yaxın olacaq, bu isə
həm ölkələrimizin inkişafına, həm də
regional əməkdaşlığa kömək
edəcəkdir. Mən bu gün bu ali məktəbdə ölkələrimizin
gələcəyi üçün təhsilin əhəmiyyəti
barədə də bir neçə söz demək istərdim. Bu
gün Türkmənistanda sizin ölkənin rəhbərliyinin
və şəxsən Prezidentin təhsillə bağlı
məsələlərə qayğı göstərməsini
görmək mənim üçün çox xoş oldu. Təhsil
gələcək deməkdir, təhsil intellektdir,
təhsil inkişafdır. Dünyanın heç bir ölkəsi öz
intellektual potensialını reallaşdırmadan uğurla
inkişaf edə bilməz. Əgər biz dünyanın inkişaf etmiş
ölkələrinin tarixinə və təşəkkül
yoluna nəzər salsaq görərik ki, inkişaf üçün
əsas təkan məhz intellektual potensial, təhsilin inkişaf
səviyyəsi, müasir texnologiyaların inkişaf
səviyyəsi olmuşdur. Bu gün Türkmənistanda
təhsil məsələlərinə çox böyük
əhəmiyyət verildiyini görmək mənə çox xoşdur.
Bizim ölkədə də eyni hadisələr baş verir.
Bizdə də bu məsələ prioritet
məsələdir, çalışırıq ki,
Azərbaycanın bütün vətəndaşlarının,
gənclərin keyfiyyətli təhsil almaq, yaxşı mütəxəssis
kimi yetişmək imkanı olsun, onlar öz əməli işləri
ilə ölkəmizin inkişafına töhfə versinlər. Biz məktəb tikintisi ilə
əlaqədar çox böyük bir proqram həyata keçiririk. Son beş
ildə Azərbaycanın müxtəlif bölgələrində
ən müasir avadanlıqla təchiz edilmiş 1600 müasir
məktəb tikilmişdir. İslahatlara və təhsil
prosesinin keyfiyyətinə xüsusi diqqət yetiririk ki, bu
proses müasir tələblərə tam uyğun olsun, eyni
zamanda xalqımızın ənənələrinə
əsaslansın. Biz böyüməkdə olan nəslin
vətənpərvərlik ruhunda, milli mənəvi
dəyərlərimiz ruhunda tərbiyə edilməsinə
çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın
əsası, hər bir xalqın inkişafının
əsasıdır. ölkələrimiz son 17 ildə müstəqildir.
O vaxta qədər, əsrlər boyu bizim öz taleyimizi müstəqil
şəkildə müəyyən etmək imkanımız
olmamışdır. Lakin biz öz milli ləyaqətimizi,
milli identikliyimizi və milli ruhumuzu qoruyub saxlamışıq.
Bu, çox cəhətdən bizim tariximiz,
mədəniyyətimiz, ədəbiyyatımız, bizim
dilimiz, bizim böyük alim və mütəfəkkirlərimiz
sayəsində mümkün olmuşdur. Bu, çox böyük, heç bir
şeylə müqayisə edilə bilməyəcək
sərvətdir. Mən qəti əminəm ki, hər bir ölkənin
gələcəyi daha çox təhsilin keyfiyyətindən
asılıdır. Ona görə də bu gün bu yüksək mükafatı
- Türkmənistan Dövlət Universitetinin Fəxri professoru
diplomunu almaq mənə çox xoşdur və əməyimi
bu cür qiymətləndirdiyinizə görə sizin hamınıza
bir daha dərin təşəkkürümü bildirmək
istəyirəm. Mən bizi dəvətə görə,
səmimi qəbula görə Türkmənistan Prezidentinə,
bizə göstərilən qonaqpərvərliyə görə
qardaş Türkmənistanın bütün vətəndaşlarına
təşəkkür etmək istəyirəm. Əminəm
ki, ölkələrimizin gələcəyi də bugünkü günümüz
kimi gözəl və xoşbəxt olacaqdır. öz
tərəfimdən sizin hamınızı bir daha əmin
etmək istəyirəm ki, mən öz
fəaliyyətimdə Türkmənistanın və
Azərbaycanın qardaş xalqlarının bundan sonra da
dostluq, həmrəylik şəraitində yaşaması,
əlbir işləməsi, ölkələrimizin və
xalqlarımızın inkişafı üçün yeni şərait
yaratması naminə əlimdən gələni
edəcəyəm. Diqqətinizə görə təşəkkür
edirəm. *** çARYAD TUGİYEV: Hörmətli İlham
Heydər oğlu! İcazə verin, bu yüksək ada layiq görülməyiniz
münasibətilə Sizi Məxdumqulu adına Türkmənistan
Dövlət Universitetinin professor-müəllim heyəti,
aspirantları və tələbələri adından, Türkmənistanın
bütün elmi ictimaiyyəti adından səmimi-qəlbdən
təbrik edim, Sizə möhkəm cansağlığı
və iki dost dövlətin daha da yaxınlaşması işində
böyük uğurlar arzulayım. Qoy Türkmənistan-Azərbaycan
dostluğu möhkəmlənsin! AzərTAc
|