· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

 

Azərbaycan ilə Türkiyənin ali məktəbləri arasında əlaqələr daha da genişləndiriləcək

Noyabrın 13-də Bakı Dövlət Universitetində Türkiyənin Yüksək öyrətim Kurulu - Ali Təhsil Şurasının rəhbəri Yusuf Ziya özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizin ali məktəbləri rektorlarının görüşü olmuşdur.

 

Görüşdə təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək, Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrindən danışmış, bu sahədə mövcud olan bəzi problemləri diqqətə çatdırmış, onların həllinin vacibliyini qeyd etmişlər.

Türkiyənin Yüksək öyrətim Kurulu-Ali Təhsil Şurasının rəhbəri Yusuf Ziya özcan qardaş ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı və başqaları təhsil əlaqələrimizlə bağlı fikir və mülahizələrini açıqlamışlar.

Tədbirdə tələbə mübadiləsi, universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər də ətraflı müzakirə olunmuşdur.

 

AzərTAc

 

 

 

Məktəbəqədər təhsil kurrikulumunun hazırlanmasına həsr olunmuş tədbir

Noyabrın 19-da Bakıdakı 183 nömrəli bağçada məktəbəqədər təhsil kurrikulumunun hazırlanması ilə bağlı keçirilən yığıncaqda Təhsil Nazirliyinin, YUNİSEF-in, Təhsil Problemləri İnstitutunun nümayəndələri, Bakı şəhəri üzrə  məktəbəqədər tərbiyə ocaqlarının rəhbərləri iştirak edirdilər.

Yığıncağı Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov açaraq bildirdi ki, məktəbəqədər təhsil sahəsində standartlaşma necə olmalıdır və bu sahədə hansı normativ sənədlər var və bunlar nə dərəcədə özünü doğruldur.

Sonra yığıncaq tədbir iştirakçılarının fəallığı nəticəsində maraqlı diskussiya şəraitində davam etdi.

Tədbirdə Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurrikulum Mərkəzinin direktoru Ənvər Abbasov, YUNİSEF-in eksperti Lalə Həsənova və bağça müdirləri təkliflərini bildirdilər.                                                                                                      

 

 

 

 BSU-da yeni layihə 

Bu ilin noyabr ayının əvvəlindən Bakı Slavyan Universitetində yeni layihə həyata keçirilməyə başlanmışdır. Layihə Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi ilə ABŞ-ın Kanzas Universitetinin politologiya kafedrası arasında həyata keçirilir.

 

Layihənin əsas məqsədi "İnternet- Skype" sistemi vasitəsilə Kanzas Universitetinin  politologiya kafedrası professorlarının Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələrinə mühazirələr oxumasını təşkil etməkdir.

Qeyd etmək lazımdır ki, "İnternet - Skype" sistemi vasitəsilə belə mühazirələrin aparılması İnternet vasitəsinin təkmilləşdirilməsinin, həmçinin kompüter texnologiyasının inkişafının yeni mərhələsidir. Bunun əsas üstünlüyü video və audio ələqənin yüksək keyfiyyətdə olmasıdır.

"İnternet - Skype" sistemi müxtəlif ölkələrin ali məktəbləri arasında elm,  təhsil sahəsində əlaqələrin yaradılması və o cümlədən inkişafı üçün çox faydalıdır.

 

Şakir CƏFƏROV

 

 

 

  

 

 Səfir Naxçıvan Dövlət Universitetində

Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetlə tanış olan səfir buradakı maddi-texniki bazadan, tədrisin və təhsilin səviyyəsindən razı qaldığını bildirmişdir. Səfir vurğulamışdır ki, Azərbaycanın öncül ali təhsil ocaqlarından olan bu universitet dünya təhsil ocağına məharətlə inteqrasiya və dünyanın tanınmış universitetləri ilə sıx əməkdaşlıq etməkdədir. İncəsənət fakültəsində keçirilən dərslərdə iştirak edən və tələbələrin ifasından məmnun qalan səfir Azərbaycanın zəngin milli mədəniyyətə malik olduğunu qeyd etmişdir.

Universitet televiziyasında olan səfir müsahibəsində Pakistan və Azərbaycan xalqlarının dostluq tellərindən, hər iki dövlətin elm, təhsil tərəfdaşlığına xüsusi əhəmiyyət verməsindən danışmışdır.

Sonra Əbdül Həmid Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ilə görüşündə Azərbaycan və Pakistan dövlətlərinin üst-üstə düşən milli maraqlarından, siyasi-iqtisadi əlaqələrindən, universitetlərarası əməkdaşlıqlardan və gələcək planlardan söhbət açılmışdır. 

Rektor, akademik İsa Həbibbəyli ərəb və ingilis dillərində çap olunmuş yeni Azərbaycan nəşrlərini səfirə hədiyyə etmişdir.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin

mətbuat xidmətinin rəhbəri