· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyində

Noyabrın 18-də Təhsil Nazirliyində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Məhəmməd Bendriss Alami ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra nazir ölkəmizdə öz missiyasını uğurla yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb.

Misir Mərdanov həyata keçirilən layihələrin hər biri haqqında ətraflı məlumat verərək, YUNİSEF-lə əməkdaşlığın perspektivlərindən də söz açıb. Nazir erkən yaş dövründə uşaqların inkişafı sahəsində əməkdaşlığın, ilkin müəllim hazırlığı üzrə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, ümumi orta təhsil sistemində kurrikulumun tətbiqi, müəllimlərin ixtisasartırma sistemi ilə bağlı yeni mexanizmlərin yaradılması və digər istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Cənab Məhəmməd Bendriss Alami səmimi qəbul, eləcə də YUNİSEF-lə əməkdaşlığın istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdiyi  üçün nazirə təşəkkür edib. Qonaq birgə əlaqələrin inkişafı üzrə səmərəli əməkdaşlığın təşkili, gələcəkdə reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

 

 

Nazir Ankara Şəhər Təhsil İdarəsinin müdiri ilə görüşüb

Noyabrın 17-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Bakıda səfərdə olan Türkiyə Respublikasının Ankara Şəhər Təhsil İdarəsinin müdiri cənab Kamil Aydoğanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qonaqları salamlayan və Təhsil Nazirliyində görməsindən məmnunluq duyduğunu bildirən Misir Mərdanov son illər Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın xeyli inkişaf etdiyini, təhsil işçilərinin qarşılıqlı səfərlərinin artdığını qeyd etdi. Lakin ikitərəfli əlaqələrdə ali təhsilin payının ümumi təhsilə nisbətən çox olduğunu, hazırda 4 mindən çox azərbaycanlı gəncin Türkiyənin müxtəlif universitetlərində, xeyli türkiyəli tələbənin də ölkəmizin ali məktəblərində oxuduğunu diqqətə çatdıran nazir ümumtəhsil sahəsində də əməkdaşlığı genişləndirməyin vacibliyini, bu baxımdan nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Qonaqların Azərbaycanın ümumi təhsil sistemi barədə məlumatlarının azlığını nəzərə alan nazir onlara ölkəmizdə ümumi təhsilin strukturu, ümumtəhsil proqramlarının reallaşdırıldığı təhsil müəssisələri haqqında məlumat verdi, bir neçə təhsil müəssisəsinə baş çəkmələrini tövsiyə etdi. Misir Mərdanov bildirdi ki, Türkiyədə ilk öyrətim adlanan ibtidai təhsil dünyanın əksər ölkələrində 5-6 illik olsa da, Azərbaycanda 4 illikdir. I-IV siniflərdə bütün fənləri bir müəllim öyrədir. V sinfə keçəndən sonra isə fənlər ixtisaslı müəllimlər tərəfindən tədris olunur.

İbtidai siniflərdə bir və ya bir neçə müəllimin dərs aparması məsələsinin hazırda dünyada müzakirə mövzusu olduğunu diqqətə çatdıran nazir Azərbaycanda da vaxtı ilə həmin problem ətrafında müzakirələr aparıldığını söylədi və bildirdi ki, bəziləri ibtidai siniflərdə bir neçə müəllimin dərs deməsini məqbul saysa da, hazırda 90 faiz məktəblərdə bu pillədə bir müəllim dərs aparır.

Nazir ümumtəhsil məktəblərinin tipləri haqqında da qonaqlara məlumat verərək qeyd etdi ki, Azərbaycanda ibtidai və orta məktəblər ayrılıqda deyil, bir yerdə fəaliyyət göstərirlər. ümumi təhsilin bütün pillələri üzrə tədris bir binada aparılır, şagirdlər I sinifdən XI sinfədək bir yerdə oxuyurlar.

4 illik ibtidai təhsildən sonra V, VI, VII, VIII, IX sinifləri əhatə edən 5 illik əsas təhsil gəlir. Bu pilləni başa vuranlara "şəhadətnamə" adlanan sənəd verilir. IX sinifdən sonra uşaqların bir qismi peşə məktəblərinə, bir qismi isə texnikum və kolleclərə gedir, qalanları orta məktəblərdə təhsillərini davam etdirirlər.

Nazir, eyni zamanda ölkəmizdə müstəqil orta məktəblərin yaradılması istiqamətində ilk addımların atıldığını, nümunə olaraq bu il görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açıldığını, buraya 8-ci sinfi bitirən şagirdlərin qəbul olunduğunu və onların 3 il (IX, X, XI siniflərdə) təhsil alacaqlarını bildirdi.

Ankara Şəhər Təhsil İdarəsinin peşə təhsilini də əhatə etdiyini nəzərə alan nazir ölkəmizdə peşə təhsilinin mövcud durumu, onun inkişafı yönümündə görülən işlər barədə də qonaqlara məlumat verdi. Qeyd olundu ki, şagirdlərin həm IX, həm də XI sinifləri bitirdikdən sonra getdikləri peşə məktəbləri Azərbaycanda təhsilin digər pillələri ilə müqayisədə bir qədər çətin vəziyyətdədir. Sovet dövründə inkişaf edərək sayı 185-ə çatan peşə təhsili müəssisələri onların inkişafını şərtləndirən fabrik və zavodlar, kolxoz və sovxozlar sonralar ləğv olunduğundan çətin vəziyyətə düşmüş, sayı azalaraq 110 olmuşdur.

Son illər Cənubi Koreya, Türkiyə, Almaniya kimi ölkələrin məhz peşə təhsilinə böyük önəm vermələri sayəsində inkişaf etdiklərini deyən nazir ölkəmizdə də bu sistemi inkişaf etdirmək üçün müxtəlif imkanlardan istifadə olunduğunu, xidmət sahəsi üçün kadrlar hazırlayan peşə təhsili müəssisələrinə daha çox ehtiyac duyulduğunu və bu ehtiyacı ödəmək üçün son illər müəyyən addımlar atıldığını, qardaş Türkiyənin bu sahədəki təcrübəsini öyrənmək üçün hazırda 10 nəfər peşə təhsili mütəxəssisinin orada səfərdə olduğunu diqqətə çatdırdı. Ankara ilə Bakı arasında ümumi təhsil və peşə təhsili sahəsində seçilmiş bir neçə istiqamətdə əməkdaşlıq əlaqələrinin yaradılması üçün addımlar atmağın vacib olduğunu vurğulayan Misir Mərdanov bununla bağlı bəzi təkliflərini də irəli sürdü. Bildirdi ki, hazırda Bakıdakı "Ankara məktəbi" məktəb-liseyi ilə Ankaranın bir ilk öyrətim okulunun sıx əlaqələri var. "Qardaşlaşmış məktəblər" çərçivəsində qurulmuş bu əlaqələri daha da genişləndirmək, Bakıda fəaliyyət göstərən müxtəlif istiqamətli bir neçə ümumtəhsil və peşə məktəbini seçib həmin layihəyə qoşmaq və Ankara məktəbləri ilə qardaşlıq əlaqələri qurmalarına nail olmaq yaxşı olar. Nazir "qardaşlaşmış məktəblər" arasında müəllim mübadiləsini, ümumtəhsil məktəbi üçün dərsliklərin qarşılıqlı göndərilməsini, müvafiq proqramların yaxınlaşdırılmasını da arzuolunan işlər sırasında qeyd etdi.

Təhsil naziri habelə xeyli ortaq dəyərlərə malik ölkələrimizin tarixi, coğrafiyası, ədəbiyyatına dair ortaq dərsliklərin yaradılması, orta məktəblərin VII, VIII və ya IX siniflərində heç olmasa 30 saat həcmində müştərək türk tarixinin öyrədilməsini də məqsədəuyğun saydı.

Ankara Şəhər Təhsil İdarəsinin müdiri cənab Kamil Aydoğan səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib, ölkəmizə səfərdən zəngin təəssürat aldığını bildirdi. Nazirin fikirlərini bölüşdüyünü, təklifləri ilə razılaşdığını söyləyən qonaq Türkiyənin ümumi təhsil və texniki peşə təhsili sistemləri, son illər hər iki sistemin qarşısında duran vəzifələr, onların inkişaf etməsi üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.

Görüşün sonunda K.Aydoğan təhsil naziri Misir Mərdanova xatirə hədiyyələri təqdim etdi.

 

Y.ƏLİYEV

 

 

Təhsil sahəsindəki əlaqələrə böyük önəm verilir

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yermoloyeviç Paskeviçlə görüşüb.

Görüşdə tərəflər Azərbaycanla Belarus arasında təhsil əlaqələri, işgüzar əməkdaşlığın qurulması ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Misir Mərdanov səfiri səmimi salamlayaraq ölkələrimiz arasında münasibətlərin son illər inkişafı istiqamətində atılan addımlardan danışıb. Təhsil sahəsindəki əlaqələrə böyük önəm verdiyini açıqlayan nazir qonağa hazırda bu istiqamətdə aparılan işlər haqqında məlumat verib.

Cənab Paskeviç öz ölkəsinin təhsil sistemi, peşə təhsili müəssisələrinin vəziyyəti,  ali məktəblərdə Boloniya prosesinə keçid üzrə iş aparılması barədə ətraflı məlumat verib.

Səfir 2009-cu ilin mayında Belarusda YUNESKO-nun dəstəyi ilə  "Texniki peşə təhsilinin modernləşdirilməsi və inkişafı" mövzusunda  beynəlxalq konfrans keciriləcəyini bildirib, ölkəmizin də bu tədbirdə iştirakının məqsədəuyğunluğunu və dəvət olunduğunu qeyd edib.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı üçün işçi qrup yaradılması, tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə təhsili müəssisələrində kadr hazırlığı, eləcə də digər məsələlər müzakirə olunub.