· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Kurrikulum sadəcə tədris proqramı deyil, bütöv bir təhsil prosesidir

Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizin inkişafının yeni dövründə dövlətin təhsil siyasətinin əsas istiqamətləri müəyyən olunmuş və bu istiqamətlər "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nda təsbit edilmişdir. Proqramın təsdiq edilməsindən keçən dövr ərzində ölkə təhsilinin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər planı həyata keçirilmişdir.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası" (Milli Kurrikulumu), ibtidai təhsil pilləsi üçün fənn kurrikulumlarının hazırlanıb təsdiq olunması və onların əsasında I siniflər üçün hər bir fənn üzrə təlim kompleksinin (şagirdlər üçün dərslik və iş dəftəri, müəllimlər üçün metodik vəsait) yaradılması və nəhayət, bu il I siniflərdə dərs deyən müəllimlərin hazırlıq kurslarından keçməsi, onların elmi-metodik və psixoloji hazırlığının təmin olunması istiqamətində görülən səmərəli işlər məhz bu inkişafın göstəriciləridir.

Milli Kurrikulumda şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan təlim şəraitinin yaradılması əsas məsələ qoyulur. Şagirdin formalaşmasına yönəlmiş təlim proqramının prinsiplərindən biri təlim prosesinin fərdiləşdirilməsidir. Təlim prosesinin fərdiləşdirilməsi şagirddə intellektual, emosional, yaradıcı sferaları harmonik inkişaf etdirməyə imkan yaradır.

Milli Kurrikulumda ibtidai təhsil pilləsi qarşısında qoyulan əsas məqsədlərdən biri şagirdlərdə məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etməkdir.

Kurrikulum sadəcə tədris proqramı deyil, o, bütöv bir təhsil prosesidir. Onun əhatə etdiyi pesurslar çoxdur. Bu resurslardan biri də dərsliklərdir.

2008-2009-cu dərs ilindən ibtidai siniflərin I siniflərində yeni kurrikulumlar əsasında hazırlanmış dərsliklər ilə işləməyə başlamışıq. Bu iş prosesi biz müəllimlərdən yeni bilik, bacarıq, yeni iş tərzi tələb edir, müəllimlərə yaradıcı, həssas olmağı tövsiyə edir.

Bəs yeni dərsliklər əvvəlki dərsliklərimizdən nə ilə fərqlənir? Əvvəlki dərsliklərimizdə mümkün qədər çox məlumatların yadda saxlanılmasına üstünlük verilirdi. Mövzuların əksəriyyətində uşaqların təfəkkür və düşüncə tərzi, qabiliyyətini inkişaf etdirən məzmun yox idi. Yeni dərsliklər şagirdlərin müstəqil tədqiqat aparmasına, düşünməsinə zəmin yaradır. Bu dərsliklərin məzmunu şagirdləri fəaliyyətə sövq edir, düşündürücü, yönəldici tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirir. Necə deyərlər, "Hafizə məktəbi" - "Təfəkkür məktəbi"nə çevrilir.

Bu komplektlərə daxil olan iş dəftərləri istər "Ana dili", "Riyaziyyat", istərsə də "Həyat bilgisi" dərsliklərindəki materialları tamamlayır. İş dəftərlərində həmin materiallara aid müxtəlif suallar, çalışmalar, sxem və testlər, tapşırıqlar şagirdlərin praktik fəaliyyətini təmin edir. çalışma və tapşırıqlarda olan istiqamətləndirici suallar həm anlayışların mənimsənilməsinə xidmət göstərməklə yanaşı, həm də şagirdlərdə məntiqi təfəkkürün, yaradıcı təfəkkürün yaradılmasına imkan yaradır, qazandıqları bacarıqları möhkəmləndirir. İş dəftərlərindəki şəkillər, sxemlər, cədvəllər məzmunu tam əhatə edir, nəzəri materiallar təsviri materiallarla, praktik materiallarla tamamlanır. Müəllim üçün vəsaitlər istiqamətləndirici rol oynayır. Mövzuların tədrisi texnologiyasını əhatə edir. Bu vəsaitlərdə çoxlu yardımçı materiallar, sxem və cədvəllər, inteqrasiyaya aid tövsiyələr var. Müəllim üçün metodik vəsaitlərdə həmçinin fəal təlim metodları ilə təşkil olunmuş dərs nümunələri də verilmişdir.

Fəal təlim müasir tədrisin başlıca vəzifələrindən biri olan öyrənməyi öyrətmək prinsipinə yönələrək bilikləri müstəqil əldə etməyə imkan yaradır. Fəal təlimin nəticəsində biliklər şagirdlər tərəfindən daha müstəqil, sərbəst qavranılır və mənimsənilir. Onlarda məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi, nəzəri və praktik məsələlərin əlaqəli qavrayışı üzrə vərdişlər, elmi-tədqiqat vərdişləri və geniş dünyagörüşü formalaşdırılır, qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

Fəal təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi metodların istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn,  müəllim bacarıq və vərdişlərin formalaşması məqsədini qoyursa, o, daha çox reproduktiv (təkrarlama) metodunu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni anlayış və məlumatları bilməyi tələb edirsə, bu zaman ənənəvi metod (izahedici) daha çox səmərə verə bilər.

Lakin dünya təcrübəsi göstərir ki, fəal təlim metodu dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. Fəal təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradaraq "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nda göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir.

2008-2009-cu tədris ili Azərbaycan təhsilinin tarixində ölkəmizdəki müsbət təcrübəni və eləcə də dünyanın inkişaf etmiş ölkələrindəki mütərəqqi təhsil təcrübələrini, yanaşmaları özündə əks etdirən yeni kurrikulumlarla tədrisn başlanması ili kimi qalacaqdır. Biz inanırıq ki, nəticələr sevindirici olacaqdır.

 

Nigar HƏSƏNOVA,

Mehriban QOCAYEVA,

Bakıdakı M.Müşfiq adına

18 nömrəli məktəbin

ibtidai sinif müəllimləri