|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dövlət Proqramının icrasına həsr olunmuş konfrans Noyabrın 19-da "Palace"
otelində "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların
ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində
"2009-cu ildə qarşıda duran
vəzifələr" mövzusunda konfrans keçirildi. Konfransı təhsil naziri Misir Mərdanov açaraq
ilk öncə hamını salamladı. Keçirilən
tədbirin hamı üçün mühüm əhəmiyyət kəsb
etdiyini deyən nazir ölkə başçısı cənab
İlham Əliyevin 29 mart 2006-cı il tarixli
sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı"
(2006-2015-ci illər)"ndan irəli gələn əsas
vəzifələrdən söz açdı. Nazir bununla bağlı
ötən müddət ərzində görülmüş işlər,
nəzərdə tutulan tədbirlər haqqında konfrans
iştirakçılarına məlumat verərək bildirdi
ki, Nazirlər Kabinetinin qərarı ilə adıçəkilən
Dövlət Proqramının həyata keçirilməsi və
idarəolunması üzrə Təhsil Nazirliyində 5
nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
2006-cı ilin oktyabr və noyabrında Təhsil,
Maliyyə, Səhiyyə, Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı
ilə dövlət uşaq müəssisələrində
monitorinq aparılmışdır. Monitorinqin
nəticələri Təhsil Nazirliyində 31 oktyabr 2007-ci
il tarixində keçirilmiş kollegiya iclasında geniş
təhlil və müzakirə olunmuşdur. Dövlət Proqramı
çərçivəsində 2007-ci il sentyabrın 24-də Açıq
Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü
Təşkilatı ilə Təhsil Nazirliyi arasında Qarşılıqlı
Anlaşma Memorandumu imzalanmışdır. 2008-2012-ci
illəri əhatə edən bu layihəyə
əsasən 1 pilot müəssisə seçilmiş və orada
icma əsaslı xidmət modelinin yaradılması
nəzərdə tutulur. Hazırda Suraxanı rayonunda pilot
seçilmiş 7 nömrəli xüsusi internat məktəbində
layihə həyata keçirilir. 2007-ci ildə Dövlət Proqramı
çərçivəsində 1 nömrəli respublika yardımçı
internat məktəbinin nəzdində Uşaq İnkişaf
Mərkəzi yaradılmasına vəsait ayrılmış
və orada gedən təmir işləri başa çatmaqdadır. 2008-ci ildə bu işlər davamlı
olaraq davam etdirilib. Belə ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri
ilə birgə dövlət uşaq müəssisələrində
qiymətləndirmə keçirilib.
Qiymətləndirmədə uşaq müəssisələrində
yaşayan uşaqlar, işçi heyəti, müəssisənin
yerləşdiyi ərazinin imkanları və s.
barədə məlumatlar toplanıb. Həmin məlumatlar
nazirlikdə yaradılan məlumat bazasına daxil edilib.
Hazırda məlumat bazasına daxil olmuş yekun
nəticələr təhlil edilərək hesabat və müəssisələrin
transformasiya planı hazırlanıb. Nazir qiymətləndirmənin
nəticələri ilə bağlı bir sıra statistik
rəqəmləri də konfrans iştirakçılarının
diqqətinə çatdırdı.
Verilən məlumatdan aydın oldu ki, 55 dövlət uşaq
müəssisəsində 14389 uşaq təlim-tərbiyə
alır. Onlardan 10334-ü internat məktəblərində
yalnız təhsil alır, gün ərzində qidalanır
və asudə vaxtını keçirərək gecəni
ailəsi ilə birlikdə olur. Yalnız 4055 nəfər
uşaq müəssisədə gecələyir. 2434
nəfər hər iki valideyni, 1142-si bir valideyni olan, 399-u
atılmış və valideyn himayəsindən
məhrum olmuş, 80-i isə hər iki valideynini itirmiş
uşaqlardır. Daimi müəssisədə yaşayan uşaqlardan
yalnız 696-sı tam kimsəsizdir. Bunlardan 290
nəfəri xüsusi qayğıya ehtiyacı olan uşaqlardır.
Onu da qeyd edək ki, 696 uşağın
əksəriyyəti məktəbyaşlıdır. Təhsil naziri Misir Mərdanov belə uşaqların
ailə mühitində yaşaması üçün ölkəmizdə
alternativ qayğı növlərinin inkişaf
etdirilməsinin vacibliyini vurğuladı. Nazir qeyd etdi ki,
yerlərdə yaradılacaq xidmətlər bölgələr
üzrə məlumatların hərtərəfli təhlili
əsasında təşkil ediləcəkdir. Uşaqların bioloji ailələrinə
qaytarılması, yaxud alternativ qayğı ilə
əhatə edilməsi barədə qərar verilməsi
hər bir uşağın fərdi ehtiyaclarının
təhlili əsasında olmalıdır.
Təhsil naziri gələcəkdə
Azərbaycanda uşaq müdafiə sisteminin yaradılmasının
nəzərdə tutulduğunu da bildirdi. Nazir qeyd etdi ki,
Təhsil Nazirliyi bu strategiyanın işlənməsinə
2 ekspert cəlb etmişdir. YUNİSEF tərəfindən
cəlb olunan beynəlxalq ekspertlərlə birgə işçi
qrupu dövlət uşaq müəssisələrinin ümumi transformasiya planının layihəsini hazırlayıb. Qiymətləndirmənin
nəticələri beynəlxalq meyarlara əsasən
təhlil edilmiş və
hər bir müəssisə barədə təkliflər dövlət
uşaq müəssisələrinin transformasiyası üzrə
Baş Planda qeyd olunmuşdur. Baş Plan 5 ili əhatə
edəcək. İlkin layihəyə əsasən növbəti
1 il ərzində 12 müəssisənin orta ümumtəhsil
məktəbinə, lisey və ya gimnaziyaya çevrilməsi
planlaşdırılır. Növbəti 3 il ərzində
20, 5 ilə isə 23 müəssisədə transformasiya planının
həyata keçirilməsi nəzərdə tutulur. Həmin müəssisələr
yerli ehtiyaclar və imkanlardan asılı olaraq təhsil müəssisəsinə,
yaxud günərzi qayğı mərkəzinə çevriləcək. Təhsil naziri Dövlət Proqramı ilə
bağlı görülən işlərin müsbət
nəticələri ilə yanaşı, onun həyata keçirilməsində
qarşıya çıxan bir sıra problemlərdən
və çətinliklərdən də söz açdı. Həmin
çətinliklərin obyektiv və subyektiv
səbəblərini açıqladı, bununla bağlı
bir sıra təkliflərlə çıxış etdi. Görülən
işlər, həyata keçirilməsi nəzərdə
tutulan tədbirlər və digər
məsələlər haqqında konfrans iştirakçılarına geniş məlumat verən təhsil naziri Dövlət
Proqramının uğurla həyata keçirilməsində müvafiq
nazirliklərin, dövlət qurumlarının, beynəlxalq
və qeyri-hökumət
təşkilatlarının Təhsil Nazirliyi ilə
birgə işbirliyinin
vacibliyini önə çəkdi.
Onlarla birlikdə aparılan işləri müsbət
qiymətləndirdi. YUNİSEF-lə birgə
fəaliyyətdən razı qaldığını
deyən nazir Misir Mərdanov bundan sonra da əməkdaşlığın davam
etdiriləcəyini söylədi. çıxış
üçün söz alan Milli Məclisin Sosial siyasət daimi komissiyasının
sədri Hadi Rəcəbli ölkə başçısı
cənab İlham Əliyev tərəfindən təsdiq
olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların
ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nın əhəmiyyətinə
toxundu. Proqramın həyata keçirilməsində Təhsil
Nazirliyinin bir sıra vacib məqamlara xüsusi diqqət
və həssaslıqla yanaşdığını
deyən komissiya sədri bunu təqdirəlayiq hesab etdi. ölkəmizdə
islahatçı ,eyni zamanda beynəlxalq təşkilatlarla uğurlu
əməkdaşlıq edən dövlət qurumlarından
birinin də məhz Təhsil Nazirliyi olduğunu deyən
çıxışçı görülən işləri yüksək
dəyərləndirdi. Proqramın həyata keçirilməsində
Təhsil Nazirliyi ilə bərabər digər müvafiq
nazirlik, dövlət qurumları, beynəlxalq və qeyri-hökumət
təşkilatlarının birgə
fəaliyyət göstərməsinin zəruriliyindən söz
açdı. Rəhbərlik etdiyi komissiyanın da bu işdə
əməkdaşlıq etməyə, uşaqların
sosial müdafiəsi, problemlərinin
həlli ilə bağlı təklifləri
dinləməyə, verilən layihələrlə tanış
olmağa hər zaman hazır olduqlarını dedi. Nazirlər Kabinetinin Elm,
mədəniyyət, təhsil və sosial problemlər
şöbəsinin müdir müavini Qurban Əmirov çıxışında
ölkə başçısı cənab İlham Əliyevin uşaqlara
göstərdiyi diqqət və qayğıdan söz açdı.
O, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın Dövlət Proqramını
dəstəklədiyini dedi. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Məhəmməd Bendriss Alami Dövlət
Proqramının Azərbaycan üçün önəmli olduğunu
bildirdi. O qeyd etdi ki, məhz bunu nəzərə alan YUNİSEF
proqramın həyata keçirilməsində yaxından iştirak
edir. Dövlət Proqramının
icrası ilə əlaqədar
fikirlərini bildirən cənab Məhəmməd
Bendriss Alami təmsil etdiyi təşkilatla Təhsil
Nazirliyi arasındakı mövcud əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyini söylədi. çıxışlardan
sonra işçi qrupunun üzvü Həbib Kərimovun dövlət uşaq
müəssisələrində keçirilmiş
qiymətləndirilmənin yekun hesabatına dair
təqdimatı oldu. YUNİSEF-in beynəlxalq eksperti İrina
Malançuk dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş Planın təqdimatını
etdi. Dövlət Proqramı
üzrə 2009-cu il üçün Fəaliyyət Planının
təqdimatı Dövlət Proqramının həyata keçirilməsi
və idarəolunması üzrə
işçi qrupunun rəhbəri Məlahət Hacıyeva
tərəfindən oldu. "Azərbaycanda uşaq müdafiəsi
sisteminin inkişafı: uşaqların ailələrə
verilməsi və alternativ qayğıya cəlb
edilməsi mexanizmləri" mövzusunda sonuncu təqdimatla
uşaq müdafiəsi məsələləri üzrə milli
mütəxəssis Nabil Seyidov çıxış etdi. 4
təqdimatın hər biri özünün yüksək hazırlanma
səviyyəsinə, əhatəliliyinə və mükəmməlliyinə
görə konfrans iştirakçıları
tərəfindən böyük maraqla qarşılandı. Sonra
təqdimatlarla bağlı müzakirələr aparıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri
üzrə Baş Səhiyyə İdarəsinin müdiri Leyla
Seyidbəyova, "Uşaqların xilası" təşkilatının
direktoru Cef Cakomini, Bakı şəhəri Mərkəzi
Kliniki Psixiatriya Xəstəxanasının baş
həkimi Şaiq Sultanov, Gəncə şəhərindəki
P.Hüseynov adına 1 nömrəli internat məktəbinin
direktoru Ələddin Bağırov və digərləri
çıxış edərək müəyyən
məsələlərlə əlaqədar
öz fikir və təkliflərini söylədilər. Konfransı təhsil
naziri Misir Mərdanov yekunlaşdıraraq belə
tədbirlərin vaxtaşırı keçirilməsinin
zəruri olduğunu söylədi. Nazir "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)"nın həyata keçirilməsi
ilə bağlı görülən işlər,
nəzərdə tutulan tədbirlər haqqında
mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasının
vacibliyini diqqətə çatdırdı. Hazırlanmış
təqdimatlara münasibət bildirən nazir Misir Mərdanov
orada uşaqların mövcud
vəziyyəti, onların problemləri ilə yanaşı,
təhsil aldıqları müəssisələr haqqında
məlumatların, eləcə də digər
məsələlərin tam dolğunluğu ilə öz
əksini tapdığını söylədi. Təhsil
naziri bununla bağlı
bəzi məqamlara da aydınlıq gətirdi. Konfrans iştirakçıları
tərəfindən irəli sürülən təkliflərin
diqqətlə dinlənildiyini və onların
nəzərə alınacağını dedi. Sonda nazir
Misir Mərdanov Dövlət
Proqramının həyata
keçirilməsində onlarla birlikdə əməkdaşlıq
edən müvafiq nazirliklərə, dövlət qurumlarına,
beynəlxalq və qeyri-hökumət təşkilatlarına
təşəkkürünü bildirdi. Samirə KƏRİMOVA
|