|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Qızıl medala aparan yolda beş təmiz qələbə Cüdoçu Elnur Məmmədli Pekin olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandırdı 73
kiloqram çəkidə yarışan cüdoçu Elnur
Məmmədli avqustun 11-də Pekin olimpiadasında
Azərbaycana ilk qızıl medalı qazandırmışdır.
İdmançımız finala qədər keçirdiyi dörd görüşün
hamısını vaxtından əvvəl təmiz
qələbə (ippon) ilə başa çatdırmışdır.
Onun final görüşü isə Ginnesin rekordlar
kitabına daxil edilməyə layiqdir. 20 yaşlı
Azərbaycan idmançısı dünya çempionatının finalında
uduzduğu cənubi koreyalı Ki çu Vonqu cəmi 13
saniyə ərzində ippon fəndi ilə məğlub
etmişdir. Heç şübhəsiz ki, bu, Olimpiya oyunlarının
final görüşləri tarixinə düşəcək bir
qələbədir. Xatırladaq ki, Elnur Məmmədli bu
qələbəsi ilə 2008-ci il olimpiadasında MDB ölkələri
arasında ilk qızıl medalı Azərbaycana qazandırmışdır.
Yarışları izləyən dövlət
başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev 73 kiloqram çəki
dərəcəsində cüdoçulara medalların təqdim
olunması mərasimində iştirak etmişdir. Pekin olimpiadasının üçüncü günü
Azərbaycan idmançısının qələbəsi
şərəfinə ölkəmizin Dövlət himni
səslənmişdir. Həmin gün olimpiya çempionunun ailəsini
təbrikə gedən AzərTAc-ın müxbiri idmançının
yaxınları, jurnalistlər, Bakı Şəhər Baş
İdman və Gənclər İdarəsinin
rəhbəri Rafiq Abbasovla birlikdə final döyüşünü
izləmişdir. Elnurun anası Gülnarə xanım göz yaşlarını
gizlətmədən deyirdi ki, bu qələbə
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyevin ölkəmizdə idmanın inkişafına
və gənclərimizin sağlam böyüməsinə
diqqət və qayğısı sayəsində mümkün
olmuşdur. çox sevinirəm ki, oğlum bu etimadı doğrultdu.
O, bu qələbəni Azərbaycana, dövlət başçısına
həsr etmişdir. Həmin gün ölkəmizin birinci xanımı
Mehriban Əliyeva Pekindən telefonla Elnur Məmmədlinin
anasına zəng edərək, oğlunun parlaq
qələbəsi münasibətilə səmimi
təbriklərini çatdırmışdır. Xatırladaq ki, XXIX Yay Olimpiya oyunlarının
çempionu idmanla 9 yaşından Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman
Məktəbində məşğul olur, hazırda
"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin üzvüdür.
AzərTAc Medallarımızın sayı artır Pekin
olimpiadasında Azərbaycana ilk qızıl medalı
qazandıran Elnur Məmmədlinin böyük
qələbəsindən sonra olimpiadanın dördüncü günü
də idmançılarımız üçün uğurlu olmuşdur.
Yunan-Roma güləş növü üzrə
yarışan Rövşən Bayramov (55 kq) və Vitali
Rəhimov (60 kq) komandamıza
iki gümüş medal qazandırmışlar. Dövlət başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva da Pekində bu yarışları
izləmişlər. Rövşən Bayramov və Vitali
Rəhimov çıxışa uğurla başlamışlar.
Rövşən əvvəlcə misirli Mustafa
Məhəmmədə və kubalı Yaqner Ernandesə
qalib gəldikdən sonra köhnə rəqibi Roman Amoyanı
da məğlub edərək finala çıxmışdır.
Lakin finalda Rövşən
Bayramov rusiyalı Nazir Mankiyev ilə görüşdə qızıl
medalı əldən vermişdir. Vitali Rəhimovun
çinli Yanq Şenqlə və rumın Eusebio Daçianu ilə
qarşılaşması idmançımızın
qələbəsi ilə başa çatmışdır. Rövşən
Bayramov kimi Vitalini də olimpiya medalına aparan yolda
erməni idmançı ilə görüş gözləyirdi.
O, bolqarıstanlı erməni əsilli Armen Nazaryana aşkar
üstünlüklə qalib gəlmişdir. V.Rəhimov növbəti rəqibi, qazaxıstanlı
Nurbakit Tenqizbayevi asanlıqla məğlub etsə də,
finalda rusiyalı İslambek
Albiyevə uduzaraq gümüş medal qazanmışdır. Yarışlar davam edir. İdmançılarımıza
növbəti yarışlarda yeni-yeni qələbələr
arzulayırıq. Şakir CƏFƏROV P.S. Qəzet çapa gedərkən Pekindən daha bir şad xəbər eşitdik. Cüdoçumuz Mövlud Mirəliyev (100 kq) Polşa idmançısına qalib gələrək bürünc medala layiq görülmüşdür. Hələlik idmançılarımız bir qızıl, iki gümüş və bir bürünc medal qazanmışlar.
Yeni nəşrlərlə bağlı məsələlər müzakirə olundu Naxçıvan Dövlət Universitetinin
Azərbaycan MEA-nın Naxçıvan bölməsi ilə
birgə nəşrə hazırlayacağı H.Cavid
ensiklopediyasının tərtibi məsələləri
və qarşıda duran vəzifələr müzakirə
olundu. Universitetin rektoru, akademik İsa
Həbibbəyli çıxış edərək muxtar
respublika rəhbərliyinin bu nəşrin hazırlanmasına
xüsusi qayğı və tələbkarlıqla yanaşdığını,
Naxçıvan MR Nazirlər Kabinetinin maliyyə vəsaiti ayırdığını
qeyd etdi. Akademik İ.Həbibbəyli H.Cavid ensiklopediyasının
nəşri işinə şairin Bakıdakı ev
muzeyinin əməkdaşlarının - Kamran Əliyev, Gülbəniz
Babaxanlı kimi cavidşünasların cəlb olunduğunu
bildirdi. Universitetin tədris işləri üzrə
prorektoru, əməkdar elm xadimi, filologiya elmləri
namizədi Hüseyn Həşimli, universitetin dilçilik kafedrasının
müdiri, filologiya elmləri doktoru Sevindik Vəliyev,
jurnalistika və dünya ədəbiyyatı kafedrasının
müdiri Seyid Surə, beynəlxalq münasibətlər və
xarici dillər fakültəsinin dekanı, dosent Qurban Qurbanlı,
coğrafiya elmləri namizədi Nazim Bababəyli, mühəndis-memarlıq
fakültəsinin müəllimi Cavid İsmayılov ensiklopediyanın
nəşri ilə bağlı təklif və mülahizələrini
bildirdilər. *** Universitetin hazırlamaqda olduğu
kəhrizlərlə bağlı dərsliyin də nəşri
məsələlərinə toxunuldu. Rektor, akademik İsa
Həbibbəyli Naxçıvan MR-də fəaliyyət göstərən
Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə hazırlanmaqda
olan dərsliyin memarlıq, coğrafiya, iqtisadiyyat ixtisası
tələbələri üçün nəzərdə tutulduğunu
qeyd etdi. Rektor bu kollektiv nəşrin müəlliflərinin,
prinsiplərinin müəyyənləşdirildiyini, planın
tərtib olunduğunu bildirdi. AMEA-nın Naxçıvan bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix
elmləri doktoru Fəxrəddin Səfərli nəşrin
işçi qrupunun fəaliyyətindən danışdı.
Digər çıxış edənlər dərsliyin nəşrinin
əhəmiyyətindən və tərtibi
məsələlərindən söz açdılar. Mehriban SULTAN, NDU-nun mətbuat xidmətinin rəhbəri
NDU-da təqdimat mərasimi Naxçıvan Dövlət Universitetində bu günlərdə
Amerika Beynəlxalq Təhsil Şurasının həyata
keçirdiyi JFDP (Juniour Facultu Development Proqram) Proqramı çərçivəsində
təqdimat mərasimi keçirildi. Tədbiri Naxçıvan Dövlət
Universitetinin elmi işlər üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü
Vəli Hüseynov açdı. Sonra söz Azərbaycan Texniki Universitetinin
dosenti Yaşar Hacıyevə və Bakı Dövlət
Universitetinin sosial idarəetmə və psixologiya kafedrasının
müdiri İradə Məmmədovaya verildi. Qonaqlar qeyd etdilər ki, yüzlərlə ölkənin
qatıldığı JFDP Proqramına Azərbaycandan
2007-2008-ci dərs ilində 46 nəfər qoşulmuşdu
ki, onlardan yalnız 6-sı ABŞ-ın müxtəlif ali
təhsil məktəblərində 6 ay müddətində
təhsillərini davam etdirmək şansı qazandı.
Məhz ali təhsil məktəblərinin müəllimləri
üçün nəzərdə tutulan bu proqram dördmərhələlidir. JFDP Proqramının əsas məqsədi
tələbələrdə pedaqoji təcrübənin
formalaşdırılması və inkişaf
etdirilməsi, habelə seçdikləri fənlərin ABŞ-ın
ali təhsil məktəblərində tədrisi metodikasının
öyrənilməsi və onların Azərbaycan ali
məktəblərində, həmçinin Naxçıvan Dövlət
Universitetində uğurlu tətbiqindən ibarətdir. NDU-nun elmi işlər üzrə prorektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov
tədbirə yekun vuraraq Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə, JFDP Proqramı nümayəndələrinə
belə imkan yaratdıqları, qonaqlara isə zəngin
təcrübələrini bölüşdükləri üçün
minnətdarlığını bildirdi. Nərmin CƏFƏROVA, NDU-nun mətbuat xidmətinin əməkdaşı
|