· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil işçilərinin 2008-ci il sentyabr konfranslarının keçirilməsi barədə

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də məqsədyönlü islahatlar aparılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulamış dövlət başçısının diqqəti və qayğısı sayəsində təhsilin problemləri ardıcıl olaraq öz həllini tapır, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir.

Demokratik, hüquqi dövlət quruculuğu yolunda uğurla addımlayan müstəqil Azərbaycan cəmiyyəti siyasi, iqtisadi və mədəni sahələrdə ciddi islahatlar aparmaqla sivil dünyaya inteqrasiya olunur, iqtisadiyyatının dinamik inkişafına görə dövlətimiz lider ölkələrdən birinə çevrilir.

Məhz dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun inkişafına ayrılan büdcə 2008-ci ildə 47,1 faiz, investisiya xərcləri isə 2 dəfə çox artmışdır.

Son illərdə həyata keçirilən proqramların nəticəsində yeni məktəb binaları, əlavə tədris korpusları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, maddi-tədris bazası yaxşılaşdırılır, İKT avadanlığı ilə təchiz edilir, yeni dərsliklər hazırlanır.

ölkədə 2007-ci ildə 200 məktəb tikilib istifadəyə verilib, 66 məktəb əsaslı təmir olunub, 250 məktəbin istilik sistemi yenidən qurulub, 158 məktəb müasir avadanlıqla təchiz edilib. Cari ildə 161 məktəb tikintisi, 129 məktəbin əsaslı təmiri, 150 məktəbin isə avadanlıqla təchizi həyata keçiriləcək.

Məktəbəqədər təhsilin inkişafı istiqamətində ölkə Prezidenti tərəfindən təsdiq edilmiş proqram çərçivəsində Bakı şəhərində müasir tələblərə cavab verən 11 uşaq bağçası tikilib istifadəyə verilmiş, cari ildə isə 21 məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmiri başa çatdırılacaq, həmin müəssisələr lazımi avadanlıqla təchiz olunacaq.

2007-2008-ci dərs ilində müasir tələblərə cavab verən 155 adda 5 milyon nüsxədən artıq dərslik hazırlanmış və bütün şagirdlərə pulsuz paylanmışdır. Cari ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti çap olunur və məktəblərə çatdırılacaqdır. 

İlk dəfə olaraq ölkənin bütün ümumtəhsil məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiqinə başlanacaq, kurrikulumun tələblərinə uyğun I siniflər üçün yeni dərsliklər hazırlanır və şagirdlərin istifadəsinə veriləcək.

ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, cari ildə ali məktəblərə qəbul imtahanlarında məzunların göstəriciləri ötən ilə nisbətən xeyli yüksəlmişdir.

Azərbaycanda təhsil sahəsində dövlət siyasətinin, məqsədyönlü islahatların, genişmiqyaslı layihələrin və proqramların həyata keçirilməsi vəziyyətinin və qarşımızda duran vəzifələrin müzakirə olunub əməli təkliflərin hazırlanması məqsədilə

ƏMR EDİRƏM:

1. 2008-ci il 1-11 sentyabr tarixlərində təhsil işçilərinin "2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil konfransları keçirilsin.

2. Təhsil konfranslarında aşağıdakı məsələlər müzakirə edilsin:

2.1. 2007-2008-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr.

2.2. Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndələrin seçilməsi.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

3.1. Bütün fənlər üzrə metodbirləşmə rəhbərlərinin, həmçinin hər biri ayrılıqda olmaqla ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri rəhbərlərinin, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavinlərinin, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, məktəb psixoloqları, kitabxanaçılar və uşaq birliyi rəhbərlərinin metodik bölmə iclaslarının təşkilini təmin etsinlər.

3.2. Bölmə iclaslarında ölkədə təhsil sahəsində aparılan islahatyönümlü işlərlə əlaqədar əldə olunmuş nailiyyətlər, o cümlədən fənn kurrikulumlarının tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmlərin sınaqdan keçirilməsi, məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yaxşılaşdırılması, istedadlı şagirdlərlə səmərəli iş sisteminin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş və de-institutlaşdırma, tədris proqramları və dərsliklər, metodik xidmətin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların ixtisasının artırılması, idarəetmənin təkmilləşdirilməsi kimi məsələləri müzakirə edərək əməli təkliflər hazırlasınlar.

4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrinin rəhbərləri:

4.1.Konfransların plenar və bölmə iclaslarının keçiriləcəyi günlər barədə avqustun 25-dək nazirliyə yazılı məlumat versinlər.

4.2.Konfranslarda və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib müvafiq əməli təkliflər hazırlanması üçün sentyabrın 30-dək Təhsil Problemləri İnstitutuna göndərsinlər.

5. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) bölmə iclaslarının səmərəli və məzmunlu keçirilməsi məqsədilə müvafiq tövsiyələr hazırlayıb pedaqoji mətbuatda nəşr etdirsinlər.

6. Aparatın rəhbəri (İ.Pirməmmədov) 15 gün müddətinə təhsil işçilərinin rayon (şəhər) konfranslarında Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə əlaqədar təklifləri təqdim etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və konfransların gedişinin mətbuatda geniş işıqlandırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

11 avqust 2008-ci il

 

 

 

 

 

 Fənn kurrikulumları ilə iş üzrə müəllim hazırlığı tədbirlərinin yekunları haqqında

Təhsil Sektorunun İnkişafı Layihəsinə (TSİL) uyğun olaraq "Kurrikulum islahatı" alt-komponenti çərçivəsində hazırlanmış ibtidai siniflər üçün fənn kurrikulumlarının tətbiqinə 2008-2009-cu dərs ilindən etibarən I siniflərdən başlanacağını nəzərə alaraq, həmin kurrikulumlarla iş üzrə müəllimlərin praktik hazırlığını və peşəkarlıq səviyyəsini artırmaq məqsədilə son illər bir sıra əməli tədbirlər həyata keçirilmişdir.

İlk növbədə Naxçıvan MR, Bakı şəhəri, digər rayon və şəhərlər üzrə 2008-2009-cu dərs ilində təlim Azərbaycan və rus dillərində aparılan məktəblərin I siniflərində işləyəcək müəllimlərin siyahısı müəyyənləşdirilərək təhlil edilmiş, həmin siniflərə ən səriştəli və təcrübəli müəllimlərin cəlb olunması barədə təhsil orqanlarının rəhbərlərinə ciddi tapşırıq verilmişdir.

Müəllimlərlə müntəzəm iş aparmaları, fənn kurrikulumlarının mahiyyətinin izahı və təbliği sahəsində öyrədici xarakterli tədbirlərin həyata keçirilməsini təmin etmələri üçün 2007-ci il yanvarın 29-dan Azərbaycan Müəllimlər İnstitutunun bazasında rayon (şəhər) metodkabinetlərinin ana dili və riyaziyyat fənləri üzrə 146 nəfər metodisti üçün 1 həftəlik təlim kursu təşkil olunmuş və müvafiq sertifikat verilməklə gələcək fəaliyyətlərinin istiqamətləri onlara ətraflı izah edilmişdir.

Dünya Bankının proseduruna görə, 2008-2009-cu dərs ilində I siniflərdə işləyəcək müəllimlərin yeni fənn kurrikulumlarının tələbləri əsasında hazırlığının "öyrədənləri öyrədən" üsulu ilə aparılması nəzərdə tutulduğundan məşqçilər hazırlamaq üçün hər bir rayon və şəhərdən təcrübəli ibtidai sinif müəllimləri seçilərək kurrikulumların tətbiqi üzrə zəruri bilik və bacarıqlar aşılanması məqsədilə onlara xüsusi proqram əsasında təlim kursu keçilmişdir. Təlim kursları nazirliyin 2007-ci il 17 avqust tarixli 975 nömrəli əmri ilə avqustun 27-dən 1 həftəlik olmaqla Naxçıvan MR-də, 2007-ci il 25 sentyabr tarixli 1011 nömrəli əmrilə isə oktyabrın 1-dən başlanmaqla 10 gün müddətində Bakı şəhərində keçilmişdir. Bu kursları ümumilikdə 400 (Azərbaycan bölməsi-320, rus bölməsi-80 nəfər) müəllim bitirərək müvafiq sertifikat almışdır.

Bununla yanaşı, növbəti dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün təlim kursları təşkil olunana qədər qabaqlayıcı maarifləndirmə tədbirlərinə ehtiyac duyulduğundan nazirliyin 2008-ci il 01 fevral tarixli 144 nömrəli əmrinə əsasən hər bir rayon və şəhərdə mütəxəssislərin rəhbərliyi ilə təşkil olunan öyrədici treninqlərdə fənn kurrikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurrikulumlarla işləməyin metodikası, yeni kurrikulumlar əsasında yazılan dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılmış və onlarla müvafiq praktik məşğələlər keçilmişdir. İbtidai sinif müəllimlərinin və ictimaiyyətin böyük marağına səbəb olmuş bu tədbirlər 2008-ci ilin iyun ayınadək davam etmişdir. O da qeyd olunmalıdır ki, həmin treninqlər "öyrədənləri öyrədən" üsulu ilə təşkil edilmiş təlim kurslarını bitirən məşqçi müəllimlər üçün əlavə bilik və bacarıqlar qazanılması baxımından da mühüm əhəmiyyət kəsb etmişdir.

2008-2009-cu dərs ilində təlim Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimləri üçün rəsmi təlim kursları nazirliyin 2008-ci il 02 iyun tarixli 696 nömrəli əmrinə əsasən 17-21 iyun tarixlərində Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, 23-28 iyun tarixlərində isə kənd rayonlarında keçilmişdir. Kurslar başlananadək müəllimlərin tərkibinə bir daha baxılmış, kursların səmərəliliyini təmin etmək məqsədilə yerlərdə lazımi təşkilati tədbirlər görülmüşdür. Eyni zamanda təlim kurslarının tədris planı və proqramı, nümunəvi məşğələ cədvəli, müəllimlərin fərdi istifadəsi üçün müvafiq materiallar toplusu əvvəlcədən hazırlanaraq yerlərə göndərilmişdir.

Kurs məşğələləri "öyrədənləri öyrədən" kursunu bitirmiş məşqçi müəllimlər tərəfindən aparılmışdır. Bununla belə, həmin kursların təşkili, keçilməsi və yekunlaşdırılmasında yerli təhsil orqanlarına və məşqçi müəllimlərə əməli kömək göstərmək üçün mütəxəssislər qrupu nazirliyin 2008-ci il 09 iyun tarixli 11/270, 11/271 nömrəli əmrləri ilə Naxçıvan MR-ə, digər rayon və şəhərlərə ezam olunmuşdur. Təlim kursunun nəticəsinə görə, 8222 (Azərbaycan bölməsi-7821, rus bölməsi-401 nəfər) müəllim müvafiq sertifikat almışdır.

2007-ci ilin yanvarından başlanıb 2008-ci ilin iyun ayında yekunlaşdırılan bütün öyrədici təlim kurslarının mütəşəkkil keçilməsi və nəticə etibarı ilə səmərəliliyinin təmin olunmasında Təhsil Nazirliyinin, Layihəni Əlaqələndirmə Qrupunun, TPİ-nin, Azərbaycan Müəllimlər İnstitutunun, xüsusilə də TPİ-nin Kurrikulum Mərkəzinin mütəxəssisləri böyük əmək sərf etmişlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və onun metodkabinetinin rəhbərliyi, digər yerli təhsil orqanları təlim kurslarının təşkilinə məsuliyyətlə yanaşmış, kurs tədbirlərinin tələb edilən səviyyədə həyata keçirilməsinə hərtərəfli kömək göstərmişlər. Təlim kurslarının bütün maliyyə xərcləri Dünya Bankının vəsaiti hesabına ödənilmişdir.

Qeyd olunanları nəzərə alaraq

ƏMR EDİRƏM:

1. 2008-2009-cu dərs ilində I siniflərdə yeni fənn kurrikulumları ilə tədrisə başlayacaq müəllimlərin öyrədici təlim kurslarından keçirilməsi sahəsində nəzərdə tutulmuş zəruri tədbirlərin yerinə yetirildiyi qeyd olunsun.

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

2.1. 2008-ci il sentyabrın əvvəlindən dərs ili başlanana kimi təlim kurslarında qazanılmış bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə I siniflərdə işləyəcək müəllimlərlə müvafiq təlimati seminarların, praktik məşğələlərin keçilməsini təmin etsinlər.

2.2. Təhsil işçilərinin sentyabr konfranslarında I sinif müəllimləri üçün ayrıca bölmə iclası təşkil etsinlər, 2007-ci ilin əvvəlində Bakı şəhərində xüsusi təlim kursunu bitirmiş fənn metodistləri tərəfindən onlara lazımi izahatlar, təlimati və metodik tövsiyələr verilməsinə nail olsunlar.

3. "Kurrikulum islahatı" üzrə alt-komponent koordinatoru A.Əhmədov, Dərslik və nəşriyyat şöbəsinin müdiri F.Şahbazlı, İqtisadiyyat şöbəsinin müdiri H.Zeynalov, Kurrikulum Mərkəzinin direktoru Ə.Abbasov 1 ay müddətinə yeni dərslik, müəllimlər üçün dərs vəsaiti və şagird dəftərləri ilə iş metodikasına dair tövsiyələrin hazırlanmasını və nəşr olunub yerlərə göndərilməsini təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət TSİL-in Milli Əlaqələndiricisi, nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

24 iyul 2008-ci il

 

 

 

 

 

 "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi barədə

Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn kurrikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü, inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət edir.

Təhsil Nazirliyi məzmun islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirir. Belə layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal Fond tərəfindən YUNİSEF-in iştirakı ilə həyata keçirilən "Azərbaycanda İİV/QİçS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində ümumtəhsil məktəblərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi də nəzərdə tutulur.

Məzmununa görə inteqrativ olan bu kursun məqsədi şagirdlərə sağlam həyat tərzi və yaşamaq bacarıqlarının aşılanması, bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv davranış strategiyalarının formalaşdırılmasıdır.

Kursun məzmununa sağlamlığın qorunması ilə yanaşı, insan hüquqları, vətəndaşlıq və digər qlobal sosial problemlər də daxil edilmişdir. Kursun tədrisində təlimin fəal interaktiv üsullarından istifadə edilməklə şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və vərdişləri həyatda tətbiq edə bilmələri əsas məqsəd kimi müəyyənləşdirilmişdir.

Layihə çərçivəsində Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən, metodistlərdən, alimlərdən ibarət işçi qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən "Həyati Bacarıqlara Əsaslanan Təhsil üzrə Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli, 366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV, V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun proqramları hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı il tarixli, 571 nömrəli əmri ilə təsdiq edilmişdir), ibtidai, əsas və orta təhsil pillələri üzrə müəllimlər üçün "Həyati bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti hazırlanmışdır. Tədris vəsaitinin üstünlüyü ondan ibarətdir ki, burada hər bir mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə mexanizmi və təlim materialının məzmunu barədə məlumatlar öz əksini tapmışdır.

Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən "təlimçilərin təlimi" üzrə treninqlər keçirilmiş, sonrakı mərhələdə isə respublikanın 1987 məktəbində "Həyati bacarıqlara əsaslanan təhsil" kursunu tədris edəcək 5142 nəfər müəllim treninqdən keçirilmiş, il ərzində treninqlərin keçirilməsi davam etdiriləcəkdir.

Qeyd olunanları nəzərə alaraq

ƏMR EDİRƏM:

1. 2008-2009-cu tədris ilindən respublikanın ümumtəhsil məktəblərinin I-XI siniflərində "Həyati bacarıqlara əsaslanan təhsil" fakültativ kursunun tədrisi həftədə 1 saat ayrılmaqla davam etdirilsin.

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə:

2.1.Tədris planında  fakültativ, fərdi və qrup məşğələləri üçün ayrılmış saatlar hesabına "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisini təşkil etsinlər və cari dərs ilinin birinci və ikinci yarımilinin sonunda Təhsil Nazirliyinə yazılı hesabat təqdim etsinlər.

2.2.Fakültativ, fərdi və qrup məşğələləri üçün nəzərdə tutulmuş saatlardan kursun tədrisinə ayrılması mümkün olmayan hallarda dərnək məşğələlərində, həmçinin fənlər üzrə müvafiq mövzuların tədrisində nəzərdə tutulmuş vəsaitdən istifadə olunmasını təmin etsinlər.

2.3.Kursun müvafiq treninqdən keçmiş müəllimlər tərəfindən tədris edilməsini nəzərdə tutsunlar.

3. Layihənin milli əlaqələndiricisi (F.Qədirov) "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun ümumtəhsil məktəblərində tədrisi və nəticələr barədə tədris ilinin sonunda hesabat təqdim etsin və müvafiq təkliflər hazırlasın.

4. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin.

5. Təhsil Nazirliyinin ümumi şöbəsi (İ.Mirzəyev) əmrin çoxaldılaraq bütün (rayon) şəhər təhsil şöbələrinə çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

8 avqust 2008-ci il

 

 

 

 

 

 ümumtəhsil məktəblərində azsaylı xalqların  uşaqlarından ibarət hazırlıq sinifləri üçün tədris planının təsdiqi barədə

Azərbaycan Respublikası Təhsil Qanununun 6-cı maddəsini, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinin  19-cu bəndini əsas tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən  hazırlıq siniflərinin 2008-2009-cu dərs ili üçün tədris planı və ona dair qeydlər təsdiq edilsin.

2. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) tədris planının yerlərə çatdırılmasını və tətbiqinə nəzarəti təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. ümumtəhsil məktəblərinin hazırlıq sinifləri üçün tədris planının təsdiqi barədə 930 nömrəli, 31.07.2008-ci il tarixli əmr qüvvədən düşmüş hesab edilsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

14 avqust 2008-ci il

 

 

 

Azərbaycan Respublikası ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq sinifləri üçün 2008-2009-cu dərs ilinə aid tədris planı

(təlim Azərbaycan, rus və gürcü dillərində)

 

 

 

 

Qeydlər:

1. Hazırlıq siniflərinə cari ilin sentyabrında 5 yaşı tamam olan uşaqlar qəbul olunurlar.

2. Hazırlıq siniflərində məşğələnin davamiyyət müddəti 45 dəqiqədir. Lakin bu, hər bir məşğələ arasında 5 dəqiqəlik tənəffüs olan iki dövrdən ibarətdir. üçüncü məşğələdən sonra dinamik məşğələ təşkil edilir (açıq havada oyunlar, ritmika və fiziki tərbiyə ilə məşğul olmaq, ətraf  aləmlə tanışlıq zamanı gəzintilər və ekskursiyalar), dördüncü məşğələ yüngülləşdirilmiş qaydada aparılır (rəsm, yapma və s.). Evə tapşırıq verilmir.

3. Hazırlıq siniflərində uşaqların sayı 25-dən artıq olmamalıdır.

4. Müəllim tədris-tərbiyə işlərinin uçotunu sinif jurnalında aparır, orada məşğələlərin mövzusunu və davamiyyəti qeyd edir. Bal sistemi ilə qiymətləndirməyə icazə verilmir. Rəğbətləndirmənin şifahi forması tətbiq edilir və öyrənilən materialın mənimsənilməsindəki çatışmazlıqlar göstərilir.

Pedaqoji kadr olmadıqda xarici dilə ayrılan vaxtın 1 (bir) saatı təlim  dilinə, 1 (bir) saatı isə riyaziyyatın öyrənilməsinə verilir.

5. Hazırlıq siniflərində məşğələlərin aparılması ibtidai sinif müəllimlərinə tapşırılır.