· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində mətbuat konfransı

Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu.

Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi, səfirliyin ictimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayaraq Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib.

Sonra nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin iyununda Azərbaycan Respublikasının hökuməti ilə ABŞ hökuməti arasında saziş imzalanıb. Nazir əlavə edib ki, bu sazişin 4-cü maddəsində tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt Tələbə Proqramının genişləndirilməsi qeyd olunub.

Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqənin məhz həmin saziş əsasında aparıldığını diqqətə çatdıran Misir Mərdanov müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslərin iştirak edə biləcəyi barədə məlumat verib.

Xanım Enn Dersi çıxış edərək dövlət başçımızın təsdiq etdiyi müvafiq proqramı alqışlayıb və bu proqramın azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində oxumaq üçün faydalı imkan yaratdığını vurğulayıb. Səfir, eyni zamanda bildirib ki, ABŞ hökuməti 1993-cü ildən Fulbrayt Tələbə Proqramı çərçivəsində hər iki ölkənin alimlərinin qarşılıqlı səfərlərini təşkil edir və bu proqramın iştirakçıları professor-müəllim heyəti, tədqiqatçılardır.

Xanım Dersi onu da əlavə edib ki, bu proqram çərçivəsində seçilənlər ABŞ-da iki il magistr proqramı üzərində çalışacaqlar.

Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov və ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dersi media nümayəndələrinin Fulbrayt Tələbə Proqramı ilə bağlı suallarını cavablandırıblar.

 

 

 

 

Fransa səfiri ilə görüş

Avqustun 11-də nazir Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri cənab Qabriel Kelleri qəbul edib. Qonağı salamlayan nazir iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrdən danışıb, son vaxtlar bu əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, ikitərəfli əlaqələri daha da genişləndirmək üçün çoxcəhətli iş aparılır. Əsas istiqamətlərdən biri azərbaycanlı gənclərin Fransada təhsili ilə bağlıdır. Nazir qeyd edib ki, 2007-ci ildə Fransanın QNUS təşkilatı ilə Təhsil Nazirliyi arasında saziş imzalanıb. Həmin sazişə əsasən 13 tələbə Fransada təhsil almağa göndərilib. Onların 12-si hazırlıq, 1-i isə magistratura pilləsində təhsil alır. Nazir vurğulayıb ki, hazırda Fransada təhsil almaq üçün 45 azərbaycanlı gənc nazirliyə müraciət edib. Onlardan 28-i bakalavr, 15-i isə magistr pilləsində təhsil almaq istəyir.

Təhsil naziri Misir Mərdanov Azərbaycanın ali məktəblərində fransız dilinin tədrisini də ikitərəfli əlaqələrə müsbət təsir edən amil kimi qiymətləndirib, əvvəlki illərlə müqayisədə fransız dilinə marağın xeyli artdığını deyib. Qeyd edib ki, artıq Bakı, Naxçıvan, Lənkəran Dövlət universitetlərində və digər ali məktəblərdə fransız dili yüksək səviyyədə tədris olunur. Nazir fransız dilinin tədrisi səviyyəsinin yüksəldilməsi sahəsində aparılan işlərə Fransa səfirliyinin bundan sonra da yaxından kömək edəcəyinə  inandığını  bildirib.

Səfir Qabriel Keller öz növbəsində onu və nümayəndə heyətini səmimi qəbul etdiyi üçün təhsil naziri Misir Mərdanova öz təşəkkürünü bildirib. Qeyd edib ki, Fransa səfirliyinin Təhsil Nazirliyi ilə sıx əməkdaşlığı iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Səfir Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün Fransa tərəfinin əlindən gələni etməyə hazır olduğunu bildirib. Qabriel Keller ölkə başçısı cənab İlham Əliyev ilə görüşündə də bu proqram haqda ətraflı söhbət etdiklərini söyləyib. Təqaüd proqramının ötən il çox uğurlu olduğunu deyən Fransa elçisi onun bu il də uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.

 

R.ZİYADOV

 

 

Təhsil naziri MƏR-in ölkəmizdəki səfirini qəbul edib

Avqustun 14-də təhsil naziri Misir Mərdanov ölkəmizdə missiyası başa çatan Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd Əl Şarkavini qəbul edib. Qonağı səmimi salamlayan Misir Mərdanov ölkəmizdəki 4 illik fəaliyyətini müvəffəqiyyətlə başa çatdırıb yeni vəzifəyə təyinat alması münasibəti ilə cənab Yusif Əhməd Əl Şarkavini təbrik edərək ölkələrimiz arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini diqqətə çatdırıb. İki ölkənin təhsil sahəsində də səmərəli əməkdaşlıq etdiyini söyləyən nazir məhz bu əlaqələrin nəticəsi olaraq Azərbaycanla Misir arasında tələbə və müəllim  mübadiləsinin uğurla reallaşdığını, hazırda xeyli azərbaycanlı tələbənin MƏR-də, misirli gəncin isə ölkəmizin ali məktəblərində təhsil aldığını qeyd edib.Cənab səfirin dövründə Azərbaycanla MƏR arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran təhsil naziri iki ölkə arasında təhsil əlaqələrinin daha da inkişaf etməsində səfir Yusif Əhməd Əl Şarkavinin xidmətlərini yüksək qiymətləndirib, yeni vəzifəsində ona uğurlar arzulayıb.

Cənab Yusif  Əhməd Əl Şarkavi səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək onun rəhbərliyi altında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin 2005-ci ilin aprelində Misirə səfərini xatırladıb. Həmin səfər zamanı imzalanmış sənədlərin təhsil sahəsində ikitərəfli  əlaqələrin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Hazırda 20-yə yaxın misirli gəncin ölkəmizin ali məktəblərində doktorantura və magistratura pillələrində təhsil aldığını deyən səfir, təhsil nazirinin yaxından köməyi sayəsində həmin tələbələrin indiyədək heç bir problemlə üzləşmədiyini vurğulayıb. Azərbaycandan xoş hisslərlə ayrıldığını söyləyən cənab Yusif Əhməd Əl Şarkavi ölkəmizdə yaşadığı müddətdə Azərbaycan təhsilinin uğurlarını daim təbliğ etməyə çalışdığı kimi bu şərəfli missiyanı bundan sonra da imkan düşdükcə davam etdirəcəyini bildirib.

 

Y.ƏLİYEV