· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil naziri Şüvəlanda istedadlı uşaqlar üçün açılmış düşərgədə olub

Xəbər verdiyimiz kimi, avqustun 4-də Təhsil Nazirliyinin müvafiq əmri ilə paytaxtın Şüvəlan qəsəbəsində yerləşən 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün yay təlim-istirahət düşərgəsi fəaliyyətə başlayıb. Düşərgəyə 40-dan çox istedadlı uşaq cəlb olunub. Onların bir qismi paytaxtın və Sumqayıtın ümumtəhsil məktəblərini, bəziləri birbaşa Təhsil Nazirliyinə tabe olan liseyləri, bir qismi isə bölgələrdəki təhsil ocaqlarını təmsil edir.

 

Avqustun 12-də təhsil naziri Misir Mərdanov 16 nömrəli internat məktəbdə olmuş, onun bazasında açılmış düşərgədə dincələn istedadlı şagirdlərlə görüşmüşdür. Görüşdə  təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd rayonları üzrə ümumi təhsil müəssisələri və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya fənləri üzrə münsiflər heyətlərinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov şagirdləri salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin sərvəti hesab olunan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, ölkə  başçısının xüsusi sərəncamı ilə iki il bundan əvvəl "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" təsdiq olunub. Təhsil Nazirliyi proqramın icrası istiqamətində sistemli tədbirlər həyata keçirir. Dövlət Proqramının icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar və respublika fənn olimpiadalarının bir neçə  qalibi cəlb olunub.

Sonra nazirlə şagirdlər arasında səmimi söhbət oldu. Misir Mərdanov uşaqların istirahətlərinin necə keçməsi ilə maraqlandı. Günlərinin xoş, istirahətlərinin mənalı keçdiyini deyən şagirdlər onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirdilər, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə ölkə başçısının ünvanına minnətdarlıq ifadə etdilər.

Söhbətə qoşulan 16 nömrəli internat məktəbin direktoru Allahverdi Vəliyev nazirə məlumat verərək bildirdi ki, istirahətlərini səmərəli keçirmələri üçün şagirdlərə hər cür şərait yaradılıb. İlk gündən arzu və istəkləri öyrənilib, onlar üçün zəngin gün rejimi tərtib olunub. Belə ki, şagirdlər hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. Bir sıra idman növləri üzrə yarışlar keçirilib.

İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır.

Uşaqların düşərgədə olduqları müddətdən maksimum faydalanmaları üçün nazir təşkilatçılara bəzi məsləhət və tapşırıqlar verdi, şagirdlərin paytaxtın tarixi-mədəni obyektlərinə, muzeylərə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə etdi.

Təhsil naziri istedadlı şagirdlərin arzu və istəkləri ilə də maraqlandı. Şagirdlərdən bir neçəsi təhsillərini daha nümunəvi, hər cür şəraiti olan məktəblərdə davam etdirmək istədiklərini, bəziləri oxuduqları məktəblərdə kimya, fizika, biologiya laboratoriyalarının avadanlıqlarla zənginləşdirilməsini, bir qismi isə beynəlxalq olimpiadalara hazırlaşmaq istədiklərini bildirdilər. Nazir onların arzu və istəklərinin nəzərə alınacağını və gerçəkləşdirilməsinə kömək göstəriləcəyini bildirdi, bununla əlaqədar nazirliyin müvafiq şöbəsinə tapşırıqlar verdi. Görüşdə istedadlı şagirdlərin tanışlıq üçün Təhsil Nazirliyinin tabeliyindəki kimya və biologiya, fizika-riyaziyyat və informatika təmayüllü liseylərə aparılması da tövsiyə olundu. Görüş zamanı nazir istedadlı şagirdlərin xaricdə təhsil, seçimdə iştirak edən şagirdlərə hansısa bir sənədin verilib-verilməyəcəyi və s. məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırdı. Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirdi.

Sonra təhsil naziri internat məktəbi gəzərək buradakı şəraitlə tanış oldu. Yay təlim-istirahət düşərgəsində uşaqların səmərəli və mənalı istirahəti üçün yaradılmış şəraitdən razı qaldığını bildirən Misir Mərdanov onun təşkilində əməyi olanlara,  uşaqlara xidmət edən müəllim və tərbiyəçilərə, istedadlı şagirdlərlə tez-tez görüşərək onlara dəyərli məsləhətlər verən alimlərə təşəkkür etdi.

Görüşdə görkəmli alim, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov da iştirak edirdi. Tez-tez istedadlı şagirdlərin qonağı olan Vaqif müəllim görüşün sonunda özü ilə gətirdiyi "Nanokimyaya giriş", "ömür ağacı", "ünsiyyətdən başlanan ucalmaq yolu" kitablarını avtoqrafla istedadlı şagirdlərə hədiyyə etdi.

Görüşdən sonra istedadlı uşaqların bir neçəsinə müraciət edərək onların seçim prosesinə münasibəti, istirahətlərinin necə keçməsi, gələcəkdə hansı ixtisasları seçmək istəmələri ilə maraqlandıq.

Qədir Məmmədov (Cəlilabad rayonundakı Alar kənd 1 nömrəli məktəbin X sinif şagirdi):

- Mən biologiya fənnini çox sevirəm və onu dərindən öyrənməyə çalışıram. Rayonda biologiya üzrə olimpiadada I yeri tutmuşam. Sonra gəlib respublika turunda iştirak etmişəm və IV yerə çıxmışam. Seçimdə isə 69 bal toplayaraq biologiya üzrə I nəticə göstərmişəm. Burada şərait çox yaxşıdır. Arzum dünya olimpiadalarında iştirak etmək, gələcəkdə isə həkim olmaqdır. Arzumu reallaşdırmaq üçün Almaniyada təhsil almaq istərdim.

Nurlan Bəylərov (Sumqayıt şəhəri təbiət elmləri təmayüllü liseyin IX sinif şagirdi, 86 bal):

- İlk növbədə, Prezidentimizə, onun imzaladığı Dövlət Proqramının yerinə yetirilməsində  iştirak edənlərə minnətdarlığımızı bildiririk ki, istedadlı şagirdlərin qayğısına qalırlar.

İstirahətimiz yaxşı gedir. Müəllimlərimiz çox sağ olsunlar ki, bizim ehtiyaclarımızla, istək və arzularımızla müntəzəm maraqlanır və  onları ödəmək üçün çalışırlar. Burada hər şey ürəyimizcədir. Gəzintilər mənə xüsusilə çox xoş təsir bağışlayır, dünyagörüşümü, paytaxtımız haqqında məlumatımı artırır.

Ən böyük arzum beynəlxalq olimpiadada iştirak etmək və boynumda medal görməkdir.

Mətin Hadızadə (Yardımlı rayonundakı Bozayran kənd orta məktəbi, IX sinif):

- Biologiyadan olimpiadanın məktəb və rayon turlarında yaxşı iştirak edib I yeri tutmuşam. Respublika turunda yaxşı yer tutmasam da seçimdə yüksək nəticə göstərmişəm.

Buradakı istirahətimizə görə Təhsil Nazirliyinə və internat məktəbin kollektivinə təşəkkür edirəm. Günlərimiz çox maraqlı keçir. Hər gün idmanla məşğul oluruq, yarışlar keçiririk. Müəllimlərimiz bizə çox yaxşı qayğı göstərirlər. çalışacağıq ki, dərs ili başlayandan sonra daha yaxşı oxumaqla bu etimadı doğruldaq.

Gələcəkdə kimyaçı olmaq fikrindəyəm.

 

Yusif ƏLİYEV